10 ildən çoxdur evliyik. Çox yaxın qohum deyilik, amma övladımız olmur. Müalicə olunmadığımız yer qalmayıb. Dəfələrlə ayrılmaq istəmişik, olmayıb, çünki bir-birimizi çox sevirik. İki il əvvəl qərar verdik ki, qaynımın uşağını götürüb saxlayaq. Amma uşaq dünyaya gələndən sonra uşağı istəmədik, başqasının uşağına analıq edə bilməyəcəyimi anladım. Biz də son çarə kimi süni mayalanma etməyə qərar verdik, axı ikimiz də sağlamıq, niyə bizim öz uşağımız olmasın.
Müsahibimiz Nüşabə xanım deyir ki, yaxınları bu üsulu qəbul etməsə də, süni mayalanmadan başqa yollarının olmadığına qərar veriblər. Bir dəfə xaricdə süni mayalanma əməliyyatı olsa da, istəklərinə çata bilməyiblər. Amma yenidən bu üsulla övlad sahibi olmaq istəyirlər. Bunun üçün lazım olan pulu toplayan kimi edəcəklərini deyir. Bu dəfə isə ölkədə etmək istəyir.
Dünyanın ən ciddi problemlərindən birinə çevrilən sonsuzluq, ölkəmizdə də geniş yayılıb. İlk baxışda qulağa xoş gəlməyən bu ifadə günümüzün reallığıdır. Amma bu dərd dərmansız deyil. “Qafqazinfo” xəbər verir ki, dərmanın qiymətini, prosesin risklərini Publika.Az araşdırıb: 2009-cu ildə - boşanan 7784 ailədən 4634-nün, 2010-cu ildə boşanan 9061 ailədən 5527-nin, 2011-ci ildə boşanan 10747 ailənin isə 7368-nin övladı olmayıb.
Bunlar 9 milyonluq əhalisi olan ölkə üçün xeyli ciddi rəqəmlərdir. Bu rəqəmlərin içində olmaq istəməyən 3 mindən çox ailə isə süni mayalanma ilə övlad sahibi ola bilib. Onların bir qismi xaricdə, bir çoxları isə ölkəmizdə bu əməliyyatı etdirib.
Ölkəmizdə süni mayalanmaya olan münasibət birmənalı deyil. Bir kəsim bunu normal qəbul etsə də, başqa bir qrup buna qarşı çıxır, qarşı çıxmalarının səbəbini isə islam dini ilə əlaqələndirilər.
Dində isə süni mayalanma yox, kənar bir şəxsin donor olması qəbul edilmir. Çünki uşağın atası ilə anası arasında mütləq nikah olmalıdır. Uşağın ata və anasını tanıması mütləqdir, əks halda bu proses gələcəkdə eyni ata və anadan olan uşaqların ailə qurması ilə nəticələnə bilər.
Məsələyə bu cür fərqli yanaşmalar “Reproduktiv sağlamlıq haqqında”qanunun gecikməsinə səbəb olub. Bəlkə də, bu cür münasibətlərə görə, insanlar bu işi gizli edir, ya da xarici ölkələrdə etdirir. Bu seçimlər isə özü ilə yeni problemlər gətirir.
Yerli və xarici qiymətlər Süni mayalanmanın xarici ölkələrdə aparılması problemli işdir. Xüsusən də, donor başqası olarsa. Qadının və ya kişinin sağlamlığı buna imkan vermədikdə, donordan istifadə edilir. Həmin donorun genetik xəstəlikləri, şəxsi keyfiyyətləri və s. məqamlar sual yaradır. Xarici ölkə vətəndaşının genindən dünyaya gəlmiş uşağın Azərbaycan genefondu üçün nə qədər problemli ola biləcəyi düşündürücüdür. Bundan başqa, süni mayalanmanın yüz faiz müsbət nəticə verəcəyi dəqiq deyil.
Düzdür, bir çox ölkələrdə artıq bu əməliyyatların qiyməti çox yüksək deyil. Məsələn, Türkiyədə bəzi klinikalarda bu rəqəm 800-1000 manat arasında dəyişir, bəzilərində isə bu 4-5 min lirəyə yəni, təxminən 1500-2000 manata başa gəlir. Amma bura gediş-gəliş xərcləri də əlavə etsək, ciddi rəqəmlər alınır. Bizimkilər nə deyir?
Ölkəmizdə isə bu qiymətlər heç də ucuz deyil. Məsələni araşdırmadan əvvəl Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bildirdilər ki, ölkədə bu cür əməliyyatlar aparılmır. Çünki “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul olunmadan bu işin həyata keçirilməsi mümkün deyil. Nazirlik mümkün olmadığını desə də, özəl klinikaların bir çoxunda bu cür əməliyyatlar aparılır. Pasiyent kimi əlaqə saxladığımız klinikalardan süni mayalanma prosesinə hazırlıq üçün müalicə etdiklərini, deyən də oldu, qiymətləri sadalayanda. Məsələn, “Laçın” klinikasında süni mayalanmadan əvvəlki müalicələr aparılır, bundan sonra isə həkim məsləhətinə uyğun olaraq digər klinikalara göndərilir. Klinikadan bizi inandırmağa çalışdılar ki, müalicə ilə müsbət nəticə əldə edilir. Bu işi xarici ölkədə etmək istədiyimizi dedikdə isə, buna ehtiyac olmadığını, artıq ölkəmizdə də bu işin yüksək səviyyədə həyata keçirildiyini dedilər.
Mərkəzi Klinikada isə normal cütlüklər üçün bu əməliyyatlar 3500-4000 manata başa gəlir. Donora ehtiyacınız varsa, qadın donor üçün 5000, kişi donor üçün isə 350 manat ödəniş etməlisiz. Ailə Planlaşdırılması Mərkəzindən isə bildirdilər ki, artıq bu işlə məşğul olmurlar.
Qanundakı boşluqların yaratdığı problem Tibbi ekspert Adil Qeybullanın sözlərinə görə, süni mayalanmanın aparılması ilə bağlı məhdudiyyətlərin olması normaldır. Amma nəzarətin olmaması bəzi özəl klinikaların qanunsuz fəaliyyətinə yol aça bilər: “Çünki bu işin respublikadan kənar, qeyri-leqal şəkildə aparılması variantları var. Bu da süni mayalanma, demoqrafik duruma nəzarəti çətinləşdirir. Süni mayalanma zamanı yeni cinsin hansı etnosdan olması, ölkənin milli təhlükəsizlik sisteminə olan təhlükədir.
Hansısa özəl sektorda bu iş həyata keçirilirsə, bu prosesin protokol üzrə aparılıb-aparılmaması nəzarətdə olmalıdır. Qanunsuz formada aparılarsa, bu kriminal məsələlərə yol aça bilər.
“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbul edilənə qədər bu işin qanuni əsasları təmin edilməmiş sayılır. Bu qanun milli təhlükəsizlik konsepsiyasına daxil olan məsələdir”.
Ekspertin sözlərinə görə, süni mayalanma barədə dəqiq məlumatın olmaması, demoqrafik duruma nəzarət problemini yaradır. Məsələnin bu cür həyata keçirilməsi qanunda olan boşluqdan sui-istifadədir. Qiymət məsələsinə toxunan ekspert bildirdi ki, bizim qiymətlər dünya qiymətlərindən fərqlənmir. Lakin bu məsələnin dövlət proqramı əsasında həyata keçirilməsi daha məqsədəuyğundur. Bu zaman xərclərin 50%-i dövlət hesabına, müxtəlif güzəştlərlə edilə bilər. A.Qeybulla qiymət məsələsində güzəşt edilməsinin xaricə axının qarşısını alacağını bildirdi:
“Başqa bir etnosun millət geninə qarışması müəyyən problemlər yarada bilər. Ona görə də, xaricə gedənlərin də qeydiyyatı aparılmalıdır ki, gələcəkdə genlə bağlı hər hansı problem meydana çıxanda bunun səbəbləri müəyyən edilə bilsin.
Ailələr gen seçərkən sağlam insanların geninə üstünlük verməli, onun hansı genetik xəstəliklərini olduğunu müəyyən etməlidirlər”.
Kişi sonsuzluğu artıb Genekoloq Ramin Salahovun sözlərinə görə, sonsuzluqdan əziyyət çəkənlərə tətbiq edilən bu əməliyyat üçün müraciət edənlərin sayı artıb. Onlar arasında kişi sonsuzluğu daha çoxdur. “Əhalinin 15%-ində, yəni, təxminən hər 6 ailədən birində sonsuzluq problemi var. Bu diaqnoz bir il ərzində düzənli cinsi həyatı olan, lakin övlad sahibi ola bilməyənlərə qoyulur. Qadının yaşı 35-dən çox olan fərdlərdə bir ili gözləməyə ehtiyac yoxdur, 6 ay övlad sahibi olmamaları yetərlidir. Çünki 37 yaşdan sonra qadınlarda ciddi yumurta pozğunluqları meydana çıxır. Yaşı 40-dan çox olan qadınlarda isə hamilə qalma ehtimalı 3%-dən az olur. Qadınlar üçün yaş faktoru çox önəmlidir”.
Genekoloqun sözlərinə görə, süni mayalanmada ən ciddi məsələ vaxtında müraciətdir: “Bizə müraciət edən xəstələr arasında 10 ildir müxtəlif müalicələr alanlar olub. Sperma sıfır olan xəstəyə söz verilib ki, müalicə ilə uşaq sahibi olacaqsız, lakin nəticə müsbət olmayıb. Əvəzində vaxt itirilib, qadının yaşı keçib, bu isə əlavə problemlər yaradır. Ona görə məsləhət görərdik ki, xəstələr vaxtında müraciət etsinlər. Əlbəttə, süni mayalanma hər kəsdə tətbiq edilə bilməz, bunun üçün müayinə və müalicələrdən keçmək lazımdır. Üstəlik, bu zaman uşağın olma ehtimalı 50%-dir. Amma yenə də vaxtında müraciət ən düzgün seçimdir”.
Həkim süni mayalanmadan dünyaya gələn uşaqların sonrakı problemlərinə də toxundu: “Süni və təbii mayalanmadan dünyaya gələn uşaqlar arasında ciddi fərq olmur. Əlbəttə, problem olma ehtimalı həmişə var. Təbii mayalanma zamanı belə dünyaya gələn hər 100 uşaqdan 3-ü qüsurlu ola bilər. Süni mayalanmada isə bu 5%-dir”.
Göründüyü kimi, qanundakı boşluqlar, qanunun qəbulunun gecikməsi, daha ciddi problemlər yaradır. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, bu məsələnin öz əksini tapdığı "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin Milli Məclisin payız sessiyasında yenidən müzakirəyə çıxarılması təklif edilib. Layihədə reproduktiv texnologiyanın tətbiqi ilə ekstrokorporal mayalanmanın dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi təklif edilir. Bu əməliyyatın olduqca bahalı olduğunu deyən M.Quliyev deyib ki, bu işin dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi çox vacibdir. Ancaq ekstrokorporal mayalanma dövlət büdcəsi hesabına sosial cəhətdən zəif müdafiə olunan əhali qrupuna tətbiq edilməlidir. Digər tərəfdən, icbari tibbi sığorta sistemi tətbiqi edilərsə, onda ekstrokorporal mayalanma icbari tibbi xidmətlər paketinə də daxil edilə bilər.
M.Quliyev deyib ki, Maliyyə Nazirliyi icbarı tibbi sığorta sistemi tətbiq edildikdən sonra dövlət vəsaiti hesabına ekstrokorporal mayalanmanın həyata keçirilməsini istəyir: "Biz isə deyirik ki, qanun qəbul olunsa, ekstrokorporal mayalanmanın dövlət vəsaiti hesabına həyata keçirilməsi mexanizmi tam işə düşsün. Bu, heç olmasa, sosial cəhətdən müdafiəyə ehtiyacı olan şəxslər üçün tətbiq olunsun. Qalan şəxslər üçün isə bu xidmət icbari tibbi sığorta paketində təklif edilsin. Hazırda bununla bağlı müzakirələr aparılır".
Layihədə razılaşdırılmayan məqamların olduğunu nəzərə çatdıran M.Quliyevin sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi layihədəki donorluq məsələsindən narazı qaldığı üçün yaz sessiyası dövründə komitəyə etiraz məktubu göndərib. "Bu layihə yaz sessiyasının gündəliyində olsa da, bu səbəbdən gündəlikdən çıxarılıb".
Komitənin sədr müavininin sözlərinə görə, 1998-ci ildə qəbul olunmuş "Əhalinin sağlamlığının qorunması haqqında" qanun layihəsində donorluq məsələsi bir müddəa kimi öz əksini tapıb: "İndi layihədən donorluğu çıxartmaq geriyə addım olacaq. Biz bu məsələni layihədən çıxarsaq, bu, dünya tərəfindən anlaşılmayacaq. Onlar fikirləşəcəklər ki, Azərbaycan dini dövlətmi olur? Komitənin sədr müavini qeyd edib ki, "Ailə planlaşdırılması və reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində ən gərəkli və təxirəsalınmaz məsələ selektiv abortların qadağan olunmasıdır.
Onun sözlərinə görə, hamiləliyin 12-ci həftəsindən sonra abortların yalnız konsiliumun qərarı ilə həyata keçirilməsi, uşaqların cinsinə görə ultrasəs müayinəsinin aparılması təklif olunur. Ancaq bu məsələ ilə bağlı bir istisna var. Bu istisna isə ondan ibarətdir ki, uşaqda irsi genetik xəstəlik olduqda cinsə görə müayinənin aparılmasına icazə verilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?