Mandat alverinin vasitəçisi yeni müdhiş olayların da üstünün açılmamasına görə gizlədilib
gundemxeber.az Sabiq deputat Gülər Əhmədovanın rəfiqəsi, Elşad Abdullayevin yaydığı “rüşvət videosu”ndan da tanıdığımız vasitəçi qadın Sevinc Babayeva barədə redaksiyamıza ilginc məlumatlar daxil olub. Xatırladaq ki, Sevinc Babayeva Sabir adına kitabxanın direktoru vəzifəsində çalışıb. “Rüşvət videosu”ndan sonra işini itirən Sevinc Babayevanın Azərbaycandan kənarda olduğu və axtarışa verilməsi barədə məlumat yayılıb. Məlumatı hakimiyyətin nəzarətində olan KIV-lərdən biri verib və indiyə qədər məlumat təkzib edilməyib. Redaksiyamıza daxil olan məlumatlarda isə bildirilir ki, Sevinc Babayevanın harada olması barədə heç ailəsi də məlumatlı deyil və onun taleyindən çox narahatdır. Bu məlumat Sevinc Babayevanın taleyilə bağlı bir sıra şübhələrə yol açır. Əgər o doğrudan da ölkəni tərk edibsə, deməli, bu qaçış yüksək səviyyədə təşkil olunub və hətta ailəsindən belə gizlədilib ki, bu əməliyyatla hər hansı məlumat kənara sızmasın. Sonradan isə görüntü yaratmaq üçün onun axtarışa verildiyi barədə mətbuata məlumat ötürülüb. Lakin Sevinc Babayevanın Azərbaycanda olduğu istisna deyil. Onun barəsində daha dəhşətli məlumat öldürülməsi barədədir. Iddialara görə, rüşvət videosundan sonra Sevinc Babayeva aradan götürülüb. Bu məlumatın nə qədər əsaslı olduğunu deyə bilmərik. Lakin redaksiyamıza daxil olan xəbərlərdən görünür ki, Sevinc Babayeva elə Gülər Əhmədova qədər əhəmiyyətli fiqurdur. Həmin xəbərlərdə bildirilir ki, Sevinc Babayevanın hakimiyyətin yuxarı eşelonu ilə ciddi əlaqələri olub və o, “vəzifə dəllalı” kimi tanınıb. Elşad Abdullayevin yaydığı son videolardakı bir məqam bu məlumatın əsassız olmadığına inamı artırır. Söhbət Sevinc Babayevanın Elşad Abdullayevə “Gəl qardaşlarından birini Binəqədiyə başçı qoyaq” təklifindən gedir. Başqa bir məlumata görə isə o, Gülər Əhmədova ilə birgə başqa bir deputatlığa namizədin mandat məsələsini həll etməyə girişib. Rəfiqələrin həmin şəxsdən 600 min dollar pul aldığı bildirilir. Gülər Əhmədovanın Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən video görüntülərində Rəfael Cəbrayılovu özünün deputat seçdirdiyi barədə fikirləri var. Elşad Abdullayevə mandat vəd edən Gülər Əhmədova bildirib ki, onun gücü kifayət qədərdir: "Rəfael qalmışdı kənarda, bilmirdi nə etsin. Alı Qocayevlə şərikli bina tikirdi. Alı da ona kömək edə bilmədi. Mənim üstümə gəldi. Mən də Ramiz Mehdiyevlə danışıb onun işini həll elədim. Rəfael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olundu...." Deyilənlərlə bağlı Rəfail Cəbrayılov Elşad Abdullayev mövzusunda danışmaq istəmədiyini bildirib. Millət vəkilinin sözlərinə görə, hazırda Respublika Prokurorluğunda E.Abdullayevlə bağlı istintaq gedir və bütün məsələlər bu istintaqdan sonra aydınlaşacaq: “Mən o adamın mənim haqqımda səsləndirdiyi fikirlərə şərh vermək istəmirəm. İndiki məqamda buna heç bir lüzum görmürəm. Bildiyiniz kimi, bu gün Respublika Prokurorluğunda E.Abdullayevlə bağlı istintaq gedir. İstintaq E.Abdullayevin ictimaiyyələşdirdiyi bütün məsələlərə aydınlıq gətirəcək. Buna görə də hesab edirik ki, istintaqın nəticəsini gözləməliyik. Yalnız bundan sonra hansısa fikirlərə münasibət bildirmək olar”. Göründüyü kimi, R.Cəbrayılov özü lə bağlı mandat alverinin olmasını qəti olaraq təkzib etmir. Güman ki, bu fakt da öz təsdiqini tapacaq. Bütün bunları nəzərə alaraq o qənaətə gəlmək olar ki, Sevinc Babayevanın ortada olması başqa müdhiş olayların da üstünün açılmasına səbəb ola bilər. Ona görə də hakimiyyət bundan ehtiyat edərək onu “itirmək” qərarına gəlib Etibarlılığına əmin olduğumuz mənbədən əldə etdiyimiz məlumata görə, Sevinc Babayevanın hazırda Milli Məclisin mandatını daşıyan bir neçə deputatla da gizli işbirliyi olub. Belə ki, S.Babayeva hələlik adını açıqlamaq istəmədiyimiz bir deputatdan onun övladını dövlət orqanında yüksək vəzifəyə işə düzəltmək üçün böyük məbləğdə pul alıbmış. Amma çoxlarını aldatmağa müvəffəq olan bu xanım millət vəkilinə də loru dillə desək, “atıb” və işi həll edə bilməyib, eyni zamanda deputatın pulunu da qaytarmayıb. Digər məlumata görə, Sevinc Babayeva daha iki hazırki deputatı da aldadıb. O, həmin deputatların Rusiyanın ali məktəb filiallarında tələbə olan övladlarının Azərbaycanın ali məktəblərinə köçürülməsini təşkil edə biləcəyinə dair vədlər verərək, onlardan yüksək məbləğlərdə pul alıb. Təbii ki, bu vədlər də gerçəkləşməyib. Məlumata görə, Sevinc Babayevanın “tələsinə” düşmüş deputatlar da hüquq-mühafizə orqanlarının axtarışa verdiyi xanımın izini arayırlar ki, hansısa yollarla pullarını geri alsınlar. Qeyd edək ki, S.Babayeva əvəllər “Xeyir və Şər” qəzetinin parlament müxbiri kimi Milli Məclisə gedib-gəlirmiş və həmin müddətdə bir çox deputatla əlaqələr qurmağa müvəffəq olub. Deyilənə görə, o, hətta bəzi jurnalistlərə bir sıra deputatlarla əlaqə yaratmaqda vasitəçilik də təklif edibmiş... Jurnalistlər deyirlər ki, millət vəkillərindən bəziləri onu sadəcə “Seva” deyə çağırırmışlar. Qəzetimizə daxil olan məlumatlar sırasında Sevinc Babayevanın bəzi vəzifəli şəxslərə köməyinin dəydiyi də qeyd olunur. Bildirilir ki, müxtəlif dövlət orqanlarında yüksək postlar tutan məmurlarla sıcaq əlaqələri olan bu xanım bəzi vəzifəli şəxslərin Rusiyanın ali məktəblərində tələbə adı qazanmış övladlarını Azərbaycandakı universitetlərə köçürtməyə nail olub. Hazırda bir sıra ali məktəblərdə məhz Sevinc Babayevanın himayəsilə köçürülmüş belə “tələbələrin” təhsil aldığı vurğulanır. Heyran
Sorğu
Yeni dizaynımız necədir?