gundemxeber.az Azad Azərbaycan Televiziyasının (ATV) İbrahimov qardaşlarından alınmasının səbəbləri və bundan sonra İbrahimov qardaşları ilə bağlı atılacaq addımlar barədə müxtəlif mülahizələr irəli sürülür. Ancaq bir fakt dəqiqdir ki, televiziyalar birbaşa siyasi hakimiyyətin nəzarətində olduğundan qərar ən yüksək səviyyədə verilib. Bu isə siyasi hakimiyyətin İbrahimov qardaşlarına etimadını itirməsindən xəbər verir. Nazim İbrahimovla bağlı hansı qərarın və nə vaxt veriləcəyini söyləmək çətin olsa da, İbrahimov qardaşlarının ölkə rəhbərliyi yanında etimadı itdirdiyi dəqiqdir. Bu isə onların biznes sektorlarından da sıxışdırılacağını ehtimal etməyə əsas verir. Hər halda açıq görünür ki, artıq İbrahimovlar hakimiyyətdə mövqelərini itiriblər. Bu isə o deməkdir ki, ATV-nin alınmasından sonra onların nəzarətində olan biznes sahələrinə də əl qoyulacaq. Yeri gəlmişkən qeyd edək ki, Nazim İbrahimov Komitə sədri keçdikdən sonra bəlli sərhədlər daxilində özünün və qardaşlarının biznesini genişləndirməyə nail olur. Qeyd edək ki, İbrahimov qardaşlarının biznesinin əsas qolu tikinti sektorudur. Onlar da bu sahəyə bir çox məmurlar kimi son illərdə girişiblər. Nazim İbrahimov qardaşları ilə birlikdə paytaxtın bir çox yerlərində hündürmərtəbəli binaların inşası ilə məşğul olub. Belə ki, Nizami metrosunun həndəvərində inşa edilən bir neçə hündürmərtəbəli binanın, Badamdar qəsəbəsində inşa edilərək, istifadəyə verilən iki binanın Nazim İbrahimova məxsus olduğu bildirilir. Ümumiyyətlə İbrahimov qardaşlarının Bakıda 20-dən çox «göydələn» inşa etdirərək, başa çatdırdıqları bildirilir. Məlumatlara görə, Nazim İbrahimovun tikinti biznesini onun əmisi oğlu Novruzəli İbrahimov idarə edir. Nazim İbrahimovun qardaşı Hacı İbrahimin isə ölkənin ən iri biznes qurumlarından olan «Avesta» konserninə rəhbərlik etdiyi bildirilir. Bu konsernin tərkibinə çoxlu sayda tikinti şirkətləri, ticarət və xidmət müəssisələri daxildir. Məsələn, konsernin nəzdində fəaliyyət göstərən «Azər-Ross» MTK Rusiyadan Azərbaycana elektrik, neft sənayesi üçün lazım olan avadanlıqlarını gətirməklə məşğuldur. «Günel LTD» MMC, «Həsən -96» MTK, «Həsən-96» MMC, «İlkan»MMC, «Azər-Ross» MMC, «Hüseyn -94» kiçik müəssisəsi tikinti sektorunda fəaliyyət göstərir. «SHİG İNVESTMENT LTD» Naxçıvan MR Ordubad rayonunun Ağdərə və Paraqaçay mədən yataqlarında mineralların kəşfiyyatı, istismarı,ixracatı və satışı, kommersiya fəaliyyəti, təmir - tikinti işlərinin aparılması işləri ilə məşğuldur. Nazim İbrahimov və qardaşları yalnız şəhərin mərkəzində hündürmərtəbəli binaların tikintisi ilə məşğul olmurlar. Paytaxtın kənar rayonlarında və Bakı ətrafı qəsəbələrdə də, onlar iri torpaqlar götürərək, istirahət mərkəzləri, villalar tikdirirlər. Məsələn, Bayıl yamacında tikilən çoxsaylı villalar məhz Nazim İbrahimov və qardaşları tərəfindən tikilərək satılıb. Həmin villaların hər birinin qiymətinin 100 minlərlə, bəlkə də milyonlarla manatla ölçüldüyünü nəzərə alsaq, Nazim İbrahimov və qardaşlarının böyük bizneslə məşğul olduğu haqda deyilənləri qəbul edərik. Bundan əlavə, Qaradağ rayonu istiqamətində yolu düşənlər, yəqin Bakının çıxacağından-düz Şıx çimərliyinə, Səngəçaladək dənizin çəpərləndiyinin şahidi olublar. Çəpərin hündürlüyü 5 metr. Bəs dəniz kənarını çəpərləyənlər kimlərdir? Səngəçalda kimdən soruşsan Nazim İbrahimovun qardaşı Hacı İbrahimin adını çəkər. İbrahimov qardaşları Qaradağ rayonu ərazisində «Qaradağ postu» kimi tanınan DYP postundan Ələt qəsəbəsinə doğru kilometrlərlə uzunluğunda dəniz sahilini ələ keçirib. Zəbt edilən dəniz sahillərini hasara alan İbrahimov qardaşlarının oranı hissələrə bölərək, villalar və şəxsi limanlar inşa etdirdiyi bildirilir. 40-a yaxın şəxsi limanın inşa edilib başa çatdırıldığı bildirilir. Qeyd edək ki, tanıyanlar Nazim İbrahimovun xüsusi biznes duyumuna malik olduğunu bildirirlər. O, bazarda nəyə tələbat olduğunu və hardan daha yüksək qazanc əldə etməyin yollarını gözəl bilir. Bunu Türkiyənin «Fox» TV kanalının bir müddət əvvəl yaydığı məlumat da təsdiqləyir. Məlumatda qeyd olunurdu ki, Türkiyəli iş adamı Huseyn Kurtoğulları «VİP tekne» («VİP yaxta») dizayn edib. İş adamı ilə görüşən Nazim İbrahimov isə Kurtoğullarını Bakıya dəvət edib. Daha sonra komitə sədrinin Türkiyədən nə az, nə də çox, düz 400 yaxta sifariş etdiyi bildirilir. Qeyd etdiklərimiz, N.İbrahimovun biznesini tam əhatə etmir. Onun xaricdə, xüsusilə Ukrayna, Türkiyə və İsraildə də geniş biznes şəbəkəsinin, otel, restoran və daşınmaz əmlakının olması haqda məlumatlar var. Komitə sədrinin Ukraynada da tikinti biznesilə məşğul olduğu haqda məlumatlar var. Onun Diaspor üzrə Dövlət Komitəsinin sədri kimi xaricdə milli diasporun formalaşdırılmasından daha çox biznes fəaliyyətilə məşğul olduğu bildirilir. Təsadüfi deyil ki, bir çox ekspertlərin fikrincə, bu komitə onun üçün, Azərbaycan -Avropa ticarət palatasından basqa bir sey deyil. Bütün bunlar isə N.İbrahimovun narahatlığının əbəs olmadığını göstərir. Etimad itirilibsə hər şey bir gündə itirilə bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?