Və ya iki ayrı qurumun eyni işi laborant və katibələrin üzərinə yıxması biabırçılığı
gundemxeber.az Məlum olduğu kimi, orta məktəblərdə informatika laborantları və katibələrin üzərində ağır bir yük qoyulub. İnformatika laborantı və katibəsi vəzifəsi 2008-ci ildə təsis edilib. Eyni vaxtda, Təhsil Nazirliyi tərəfindən bu vəzifənin sahiblərinə TİMS proqramını işləyib, hazırlamaq tapşırığı verilib. Proqramın mahiyyəti ondan ibarətdir ki, laborant və ya katibələr TİMS proqramının bazasında işlədikləri məktəb barədə məlumat yerləşdirməlidirlər. Həmin məlumatlar isə məktəb, onun müəllimləri və şagirdlər haqqında bütün bilgiləri əhatə etməlidir. Bu yerləşdirmə prosesi isə ildə iki dəfə aparılmalıdır. Lakin bu ilin noyabrında yeni bir hoqqa ortaya çıxıb. Qəzetimizin əldə etdiyi məlumata görə, Təhsil Nazirliyi ilə müqavilə bağlayan «Mədəd» MMC adlı QHT birlikdə yenidən laborant və katibələrin üzərinə yükləniblər. Onlar MTBM (Milli Təhsil Məlumat Bazası) adlı yeni proqramın həyata keçirilməsinə start veriblər. Məlumatda deyilir ki, bu təlimat da təhsil sistemi haqqında məlumatların toplanılmasını ehtiva edir. Yəni, bu proqramın da tərkibində təhsil müəssisəsinin statistikası, bütün heyət və şagirdlər haqqında bilgilər əksini tapmalıdır. Üstəlik, bu təlimat da yenə informatika laborantları və katibələrinə həvalə edilib. Bildirilir ki, bu sistem yuxarıda adı çəkilən TİMS-in daha genişləndirilmiş və mürəkkəb formasıdır. İndi də növbəti sürprizi qeyd edək. Bizə daxil olan məlumata görə, bu dəfə analoji addımı TQDK həyata keçirməyə başlayıb. Belə ki, komissiyanın internet səhifəsində Şagird-Məzun sistemini yanvarın ortalarınadək yenə də informatika laborantları və ya katibələri doldurmalıdır. Bu zaman isə buraxılış imtahanlarına qatılacaq olan 9-11-ci sinflərdə oxuyan şagirdlər haqqında məlumat bazası işlənilib hazırlanmalıdır. Bildirək ki, bunca proseslərin informatika laborantları və katibələrinin üzərinə yüklənməsi sözün həqiqi mənasında çox qəribə haldır. Çünki aylıq maaşı heç 110 manat olmayan bu vəzifənin sahibləri eyni vaxtda 3 işi birdən görməlidir. Bir nəfərin 3 işi görə bilməsi isə heç bir halda mümkün deyil. Hətta mümkün olsa belə, keyfiyyətsiz bir şey ortaya çıxacaq. Təhsil Nazirliyi və TQDK arasında gedən «qırğının» bariz nümunələrindən biri kimi diqqəti çəkən bu prosesin cəza çəkənləri sırasında qeyd olunan kontingentin varlığı da başadüşülən deyil. Burada iki əsas nəticə var. Birincisi, hər iki tərəf «rəqabət» içindədirlər və bir birlərini tutuquşu kimi təkrarlamağa başlayıblar. Bu da adıçəkilən vəzifə sahiblərinin «yüklənməsi»nə zəmin yaradıb. İkincisi isə bu addımın adı «ucuz işçi qüvvəsi» və ya «qul əməyi»ndən başqa bir şey deyil.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?