ABU rektorundan təhdidlə pul tələb edənlər onun adına olan mülklərə qarşı pirat hücumuna keçib
gundemxeber.az Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru, professor Elşad Abdullayevin hakimiyyətdəki bəzi qruplaşmaların təzyiq və təqibinə məruz qaldığı, sabiq rektorun bu insanlardan bir çoxunun ismini öz açıqlamalarında dilə gətirdiyi ölkə gündəminin əsas mövzularındandır. Açıqlanan faktlar bir daha onu təsdiqləyir ki, ABU rektoruna qarşı həyata keçirilən təzyiq kampaniyası E.Abdullayevin sərvətini əlindən almaq, maddi gücünə son vermək məqsədi daşıyıb.
ABU-nun Novxanıdakı sağlamlıq mərkəzi
Bu günlərdə məlum problemlə bağlı redaksiyamıza müraciət edən özəl mənbə E.Abdullayevin Novxanıda inşa etdirdiyi ABU sağlamlıq mərkəzinin də bir qrup şəxs tərəfindən yağmalanması ilə bağlı maraqlı informasiyalar səsləndirib. Mənbənin sözlərinə görə, ABU rektorunun məşhur »Aquapark» istirahət mərkəzinin yaxınlığında yerləşən sağlamlıq mərkəzi E.Abdullayevin xaricə mühacirət etməsindən qısa müddət sonra sözün həqiqi mənasında yağmalanmağa başlayıb. Onu da bildirək ki, sözügedən məkan ABU-nun balansında olub və burda universitetin tələbə, müəllim kontingentinin istirahəti üçün hər cür imkan yaradılıb. Həmçinin universitetin turizm və digər fakültələrinin tələbələri də bu məkanda təcrübə keçirmiş. Mənbə yağmalanma prosesində E.Abdullayevin bəzi tanış və “dostlarının” da iştirak etdiyini bildirib: “E.Abdullayevin rektoru olduğu universitetə məxsus sağlamlıq mərkəzi ətrafdakı obyektlərdən bəzi özəlliyinə görə diqqət çəkirdi. Birincisi, məlum sağlamlıq mərkəzinin dənizə bilavasitə panoraması var idi və bu obyektdən dənizə cəmi 10 dəqiqə ərzində piyada getmək mümkün idi. İkincisi, sağlamlıq mərkəzi dəniz səviyyəsindən bir neçə yüz metr yüksəklikdə yerləşir ki, bu da onun yayın ən isti günlərində belə sərin mehlə təmininə şərait yaradırdı. Bundan başqa, universitetə məxsus məkan digər məşhur simaların da bağ massivinin yerləşdiyi sırada, dənizə doğru inşa edilən sonuncu obyekt idi və bundan o tərəfə uçurum olduğu üçün kimsənin sağlamlıq mərkəzinin qarşısında hansısa tikili inşa edərək onun panoramasınına xələl gətirməsi mümkün deyildi. ABU sağlamlıq mərkəzinin həm Sumqayıt, həm də Bakıya yaxınlığı da onun E.Abdullayevə avantajlı tərəflərindən biri hesab olunurdu. Lakin ABU rektoruna qarşı məlum kampaniya start götürəndən sonra rektor ölkəni tərk etməyə məcbur oldu. E.Abdullayevə qarşı aparılan kampaniyanın miqyası o dərəcədə qorxunc idi ki, hətta rektorun ən yaxın qohumları belə rektorun güc orqanlarındakı bəzi yetkililər tərəfindən təftiş edilən obyekt və evlərinə sahiblənmək, onların taleyi ilə maraqlanmaq cəsarəti göstərə bilmədi. Nəticədə, rektorun Novxanıdakı obyekti qarət edildi. Bu qarətə bələdçilik edənlər isə rektorun sabiq “dost” və tanışları oldu”.
Yağmalanma əməliyyatı
Mənbənin bildirdiyinə görə, E.Abdullayev məlum olaylardan öncə bütün yay mövsümünü həmin sağlamlıq mərkəzində keçirməyə üstünlük verib: “Yay mövsümündə ABU rektoru tez-tez Novxanıdakı məkana gələr, bəzən həftələrlə burada qalardı. ABU-nun müəllim kontingentinə daxil olan bəzi şəxslərin də ayrı-ayrı vaxtlarda bu bağ evində istirahət etdiyi məlumdur”. Mənbənin qənaətincə, E.Avdullayevlə bağlı təqib kampaniyası başlayandan sonra rektorun qohumları onun mülklərindən imtina etdi ki, bu da vaxtilə ABU rəhbərinin bağ evinə tez-tez gələn sabiq “dostlarına” gözəl fürsət yaratmış oldu: “Maraqlı qüvvələr rektorun daha çox şəhərdəki obyektləri, xüsusilə də sahibi olduğu universitetlə maraqlandığı üçün E.Abdullayevin Novxanıdakı obyekt şəhərətrafı bəzi mülkləri kimi diqqətdən kənarda qaldı. Rektoru ölkədən didərgin salan qüvvələr ta başından bəri daha iri məqsədə oynadıqları üçün onlar E.Abdullayevin Novxanıdakı sevimli məkanına diqqət yetirmədilər. Lakin vaxtilə E.Abdullayevin səxavətindən bəhrələnən və ona yarınmaq üçün yollar axtaran bəzi “dostlar” yaranmış fürsətdən istifadə edərək bahalı avadanlıqlarla zəngin olan mərkəzi qarət etməyə qərar verdi. Onlar bu məsələdə özlərini sığortalamaq və E.Abdullayevin qohumlarını proseslərdən kənarda saxlamaq üçün rektorun yaxınlarına güc orqanlarının Novxanıdakı obyektə gəlib-getdikləri ilə bağlı yanlış məlumatlar verməyə başladılar. “Dostlar” rektorun qohumlarını inandırdılar ki, guya E.Abdullayevin məlum villasında hüquq-mühafizə orqanının əməkdaşları hakimiyyətin ali pilləsində təmsil olunan bəzi şəxslər əleyhinə ciddi faktlar tapıblar və heç şübhəsiz bu məsələdə rektorla yanaşı onun qohumları da məsuliyyətə cəlb olunacaq. Təbii ki, ailə dostları tərəfindən verilən bu cür informasiyalar onsuz da yetərincə təlaş keçirən rektor qohumlarını daha da qorxuya salırdı. “Dostlar” isə məsləhət görürdü ki, indiki məqamda ən doğru addım bir müddət gözdən uzaq olmaq, E.Abdullayevə məxsus olan bütün mülklərə, o cümlədən rektorun Novxanıdakı sağlamlıq mərkəzinə də gedib-gəlməməkdir”. E.Abdullayevin qohumlarını neytrallaşdırdıqdan sonra dostların ABU sağlamlıq mərkəzini qarət etdiyini bildirən mənbə, burdakı bütün dəyərli əşyaların aparıldığını vurğuladı: “Rektor yaxınlarını neytrallaşdıran və onları bağ evindən uzaq salan “dostlar” cəmi bir neçə reysə E.Abdullayevə məxsus nəhəng obyekti təmamilə boşaltmağa nail oldu. Aparılan əşyalar arasında qiyməti 10-50 min manat arasında dəyişən əl işi olan xalçalar, Avropadan gətirilən və villadakı böyük hovuzların suyunu isitmək, onları qısa müddətdə doldurmaq və boşaltmaq üçün istifadə edilən aqreqat-motorlar və s. var idi. Aparılan əşyalar içərisində dəyərli incəsənət nümunələri də olub ki, bu gün həmin nümunələr müxtəlif şəxslərin evini bəzəməkdədir”.
Oğrular yox, gözətçi həbs olunur
ABU sağlamlıq mərkəzinin talanması ilə bağlı əldə etdiyimiz məlumatlarda başqa bir məqam da diqqəti çəkir. Belə ki, bu məkanda məskunlaşmış ailə illərdi burda həm mühafizəçilik edir, həm də özünün yaşayış yeri kimi burdan istifadə edirmiş. Qarətdən xəbər tutan kimi də hüquq-mühafizə orqanlarına məhz həmin şəxslər müraciət edib. Ancaq nə qədər qəribə olsa da polis qarəti araşdırmaq əvəzinə həmin qaçqın ailəsinin iki üzvünü-ata və oğulu şübhəli şəxs kimi saxlayıb. Ailə başçısı Hüseynov Əhməd Feyruz oğlu baş verənlər haqda bunları danışır: “2011-ci ilin dekabrında Elşad müəllim tərəfindən mənə tapşırılmış bağ evini yoxlayarkən oğlum Niyaməddin burdan xeyli miqdarda ev əşyalarının oğurlandığının şahidi olub. Dərhal 102 xidmətinə zəng etdik, amma polislər cinayətkarları axtarmaq əvəzinə məni və oğlumu həbs etdilər. Binəqədi rayon polis şöbəsinin 4 saylı polis bölməsində oğlumu döydülər, məndən isə azadlğımız müqabilində 5 min dollar pul istədilər. Tələb olunan pulu borc alaraq topladım və yalnız bu pulu verdikdən sonra azadlığa çıxa bildik. Polis bölməsində bizə təzyiq edənlər bölmə rəisi Natiq, Bayram adlı polis əməkdaşı və digərləri idi. Bizə göstərilən təzyiq bununla yekunlaşmadı. Elşad Abdullayev Avropa məhkəməsinə müraciət etdikdən sonra digər oğlum Nizaməddin də Daxili İşlər Nazirliyinin mühafizə xidmətində tutduğu vəzifədən azad edildi. İndi də həyatımız üçün təhlükənin bitmədiyini düşünürük. Çünki, Elşad Abdullayev bizdən daha tanınmış və güclü adam idi, onu ölkədən didərgin saldılarsa, biz kimik ki?..” Onu da bildirək ki, qarət və onun istintaqı, həmçinin saxlanan günahsız vətəndaşlar haqda araşdırmalarımız davam edir. Növbəti saylarımızda konkret şahidlər və sənədlər əsasında bu mövzunu davam etdirəcəyik.
Bütün əmlaka doğru hücum
E.Abdullayevin əmlakının qarət olunması ilə bağlı bizi məlumatlandıran mənbə ABU sağlamlıq mərkəzinin qarşısındakı ərazinin də zəbt edildiyini vurğuladı: “Sözügedən obyektin qarşısında, yolun digər üzündə ABU rektorunun maşın dayanacağı kimi istifadə etdiyi yer vardı ki, həmin ərazi də yaxındakı bağ evlərindən biri tərəfindən zəbt edilib. Vaxtilə universitetə aid obyektə gəlib-gedən bütün maşınların dayanacaq kimi istifadə etdiyi bu ərazi hazırda hasara alınıb və ərazidə hətta bircə avtomobilin belə dayanması üçün şərait yoxdur.” Sabiq rektorun əmlakına qarşı olan pirat hücumunun pik nöqtəsi isə onun Yasamal rayonunda AzTV yağınlığındakı şəhər evi ilə bağlı yaşanıb. Rayon icra hakimiyyətinin və polis idarəsinin əməkdaşları evə gələrək, buranın boşaldılmasını tələb edib və səbəb kimi binanın altında zəlzələ ocağının yerləşdiyini göstərib. Sonradan mənzilə başqa şəxslər sahiblənib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?