Fəhmin Hacıyev: “İndiki məqamda Azərbaycan diplomatiyasını doğru və uğurlu hesab edirəm”
Suallarımıza AXC hakimiyyəti zamanı Daxili Qoşunların komandanı vəzifəsini tutan Fəhmin Hacıyev cavab verib. Məlumat üçün qeyd edək ki, sabiq siyasi məhbus Fəhmin Hacıyev hazırda Ukraynada yaşayır. Müsahibimiz əsasən Ukraynada baş verən proseslərlə bağlı suallarımıza cavab verib, eləcə də Azərbaycanın bu proseslərdə rolu, münaqişəyə cəlb olunma imkanlarını qiymətləndirib. Müsahibəni təqdim edirik. - Fəhmin bəy, hazırda Ukraynada son durum nədən ibarətdir, insanların sabaha ümidi varmı, yoxsa biz kütləvi depressiya halından danışa bilərik? - Ukraynanın gələcəyi baxımından ümumi durumu müsbət qiymətləndirmək olar. Deyərdim ki, hüquqi və demokratik dövlət qruculuğuna artıq başlanılıb. İqtisadi və siyasi böhrandan çıxış qanunu qəbul olunub. Hakimlərin seçkisi və vəzifəli şəsxlərin təyinin şəffaflığını təmin edən, korrupsiyanın məhv edilməsi, maliyyə sisteminin şəffaflaşdırılma və bu kimi digər əhəmiyyətli qanunlar qəbul olunub, hazırda bu qanunların tətbiqinə də başlanılıb. Bundan başqa, bələdiyyələrin statusunun genişləndirilməsi və yeni konstitusiya qanununun hazırlanmasına start verilib. Ukraynanın demokratik inkişafı Rusiya hakimiyyətini narahat etməkdədir və müsbət dəyişiklilərə baxmayaraq , Rusiyanın müdaxiləsi ilə əsasən Donetsk, Luqansk vilayətlərində və Xarkovda vəziyyət çox təhlükəlidir. Rusiya Krımı işğal etdikdən sonra bunu Ukrayna xalqına məcburən həzm etdirmək üçün bütün vasitələrdən istifadə edir. Rusiya Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən Baş Kəşfiyyat İdarəsinin sovetlər döründən qalmış və son illər prosesə cəlb olunmuş əksər agentləri fəallaşdırılıb və xüsusi direktiv əsasında hərbi xarakterli iğtişaşlar törədilir. Vilayətlərin strateji rayonlarının yerli idarəetmə orqanları, təhlükəsizlik idarələri ələ keçirilir. Bu mənzərə Azərbaycana çox tanışdır. 1993-cü ildə Surət Hüseynovun Gəncəni quberniya elan etmək cəhdi, Əlikram Hümbətovun “Talış Muğan Respublikası” elan etməsi və hətta “respublikanın” sərhədlərini, “idarəetmə orqanlarını” elan etməsi, sadvalçıların fəallaşması və s. separat həkələrlə Ukraynanın şərqində gedən indiki proseslər arasında çox uyğunluqlar vardır. Yəni Putinin məqsədi odur ki, Ukraynanın Rusiyanın təsir dairəsindən çıxmasına imkan verməsin, necə ki, 1993-cü ildə Azərbaycana bu imkan verilmədi. Ancaq zaman və məkan başqadır. Ukrayna ABŞ-nın və Avropa dövlətlərinin tam strateji müttəfiqi olmaq ərəfəsindədir. Tam əminliklə demək olar ki, Ukrayna çox əhəmiyyətli tarixi mərhələdən keçir və bu keçid uğurla sonuçlanacaq. Ukraynada baş verən hadisələrin tarixi əhəmiyyəti o qədər çox böyükdür ki, bu Rusiyanın bir imperiya kimi çöküşünün başlanğıcı, MDB ölkələrinin Rusiya boyunduruğundan qurtulması, MDB məkanında olan münaqişələrin ədalətli həlli deməkdir. Başqa sözlə, burada baş verən proseslərin istənilən MDB ölkəsinə təsiri vardır. Azərbaycanın maraqlarına demokratik, hüquqi, sivil və güclü Ukrayna tam cavab verir. - Ukraynada baş verənləri Rusiya-Amerika qarşıdurması kimi qiymətləndirmək lazımdır, yoxsa bu ukraynalıların demokratik və hüquqi dövlət qurmaq uğrunda başlatdığı mübarizədir? - Geopolitik mənada Ukrayna hadisələri Rusiya ilə demokratik dünyanın qarşıdurmasıdır. Amma Ukrayna xalqının demokratiya davası olmasaydı, hadisələr tam başqa cür cərəyan edərdi. Ukrayna xalqı istəyir ki, onu idarə edənlər rüşvətxor, korrupsioner olmasın, məhkəmlər müstəqil və ədalətli olsun. Yəni Ukrayna xalqı ədalətli və açıq cəmiyyətdə yaşamaq istəyir və inadlı mübarizəsi ilə bütün dünyanı onların seçiminə hörmət etməyə nail oldu. Hazırda bu istiqamətdə proseslər davam edir. - Rusiya Ukraynada baş verənlərdən sanki qalib kimi görünür. Məhz Krım uğurundan sonra Moskvada SSRİ-nin bərpa olunması məsələsi gündəmə gətirilib, bu haqda ciddi müzakirələr aparılır. Sizcə, Kremlin SSRİ-ni bərpa etməsi mümkündürmü? - Hesab edirəm ki, indiki Rusiyanın SSRİ-ni bərpa etməyə gücü, potensialı və resursu yoxdur. Ən önəmlisi isə müstəqillik əldə edərək milli dövlətlərini yaradan xalqlar öz suverenliyini qorumaq uğurunda vuruşaçaqlar. - Rusiyanın addımları göz önündədir. Rusiya hakimiyyəti slavyan xalqları içərisində özünə ən yaxın olan Ukraynaya qoşun yeritdi, faktiki Krımı özünə ilhaq etdi. Sizcə, prezident Putinin gerçək məqsədləri nədən ibarətdir? - Putinin məqsədi hakimiyyətini qorumaq, iqtisadi tənəzzülü başqalarının boynuna atmaq, Rusiyanın diplomatiyada uduzduğu beynəlxalq mövqeləri güc vasitəsi ilə bərpa etməyə çalışmaqdır. Bundan başqa, Putin başa düşür ki, Ukraynanın Avropaya inteqrasiyası Gömrük İttifaqının ölü doğulması deməkdir. Rusiya öz ətrafında iqtisadi blok yarada bilməsə, Rusiyanın çöküşü sürətlənəcəkdir. Bu amillər Putin Rusiyasını məcbur edir ki, indiki addımları atsın. - Rusiyadan Qazaxıstana qarşı da ərazi iddiaları irəli sürülür və sanki bu adət halını alır. Bunu necə anlamaq olar? - Məncə, bu cür iddialar Qazaxıstana və MDB ölkələrinə hədə gəlməkdən ibarətdir. Rusiya digər MDB ölkələrini bu yolla hədələyir. - Gəlin etiraf edək ki, prezident Putinin Ukrayna ilə bağlı izlədiyi siyasi taktika əksər MDB ölkələrinin canına bir vəlvələ salıb. Bu ölkələr Ukraynanın acı taleyindən sonra könül xoşluğu ilə Rusiyanın nəzarətinə daxil ola bilərmi? - Xeyr. Mən bunu real hesab etmirəm. - Azərbaycan bu geopolitik oyunlarda necə davranmalıdır? - İndiki məqamda Azərbaycan diplomatiyasını doğru və uğurlu hesab edirəm. - Hazırda Rusiyadan Bakıya təzyiq elementləri varmı, əgər varsa bu özünü nədə göstərir? - Rusiyadan Azərbaycana pressinqlər hər zaman olub və bundan sonra da olacaq. Bu təzyiqlər müxtəlif formalarda ola bilər. Atəşkəs rejiminin pozulması hallarının intensivləşməsi, Jirinovskinin sərsəm bəyanatları, miqrantlar haqqında qanunun sərtləşdirilməsi təzyiqlərin görünən tərflərindir. Yəni bunun üçün Rusiyanın əlində imkanlar mövcuddur. - Fəhmin bəy, Ukrayna hadisələri Azərbaycanda təkrarlana bilərmi? - Xalqımız nə zaman azad və ədalətli cəmiyyətdə yaşamağa qərar versə və bu ideya uğurunda ümummilli mübarizəyə başlasa, Ukrayna kimi biz də hüquqi və demokratik dövlət quruculuğuna başlamağa nail olacağıq. Yuxarıda qeyd etdiyim kimi, ukraynalılar azad və demokratik, həm də korrupsiyasız bir cəmiyyətdə yaşamaq naminə bu prosesi başladıblar. - Amerikanın və Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar niyə nəticə vermir və Moskva nədən bu sanksiyaların nəticəsini hiss edib aqressiyasından imtina etmir? - Sovet İttifaqının sürətlə dağılmasına qərb hazır olmadığı üçün, ittifaqın dağılğlmasından sonra bu coğrafiyada gedən proseslərə adekvat cavab verə bilmədi. 1993-cü ildə Azərbaycanda Rusiyanın müdaxiləsi ilə dövlət çevrilişi baş verəndə, habelə qonşu Gürcüstanda Qamsaxurdiyanın devrilməsi zamanı qərb bu hadisələri yalnız müşahidə etdi. Çünki, qərbin formalaşmış strategiyası yox idi və məncə bu gün də bəzi tərəddüdlər mövcuddur. ABŞ-ın sabiq dövlət katibi xanım Kondaliza Raysın yeni təyinatdan sonra Rusiya ilə bağlı jurnalistin sualına cavab verərkən bildirmişdi ki, Rusiya nəhəng nüvə dövlətidir, biz dünya təhlükəsizliyi naminə Rusiyanın çökməsinə maraqlı deyilik və Rusiyaya yardım etməkdə qərarlıyıq. Gürcüstan işğal olunanda belə qərb indiki kimi qəti mövqe sərgiləmirdi. Amma, Ukrayna hadisələrindən sonra xanım Rays tamam başqa fikirlər səsləndirdi. Fikirimcə, qərb zamanında buraxdığı səhvləri indi anlamağa başlayıb. Məsələnin mürəkkəbliyi ondadır ki, böhran yaşamış qərb iqtisadiyyatı Rusiya xammalından çox asılı vəziyyətdədir. Təkcə Almaniya vətəndaşlarının 300.000 (üç yüz min) nəfərdən çoxu Rusiya ilə müştərək müəsissələrdə çalışırlar. Bundan başqa, qərbin Rusiyadan karbohidrogen asılılığı vardır. Bütün bunlara baxmayaraq, Ukrayna hadisləri sözün əsl mənasında qərbi və dünyanı ayıltdı. Tətbiq olunan sanksiyalar daha çox siyasi xarakterlidir. Amma, buna baxmayaraq bəzi ekspertlər hesab edir ki, artıq Rusiya iqtisadiyyatı 150 milyard dollar zərər görüb. Fikirimcə bu, rəqəm Rusiyanı durdurmaq üçün çox kiçikdir və sanksiyalar daha da sərtləşdirilməlidir. Bundan başqa, iqtisadi sanksiyalarla yanaşı ciddi siyasi addımlar atılmalıdır. Məsələn, Rusiya müstəmləkəsində yaşayan xalqların müstəqillik mübarizlərinin dəstəklənəcəyi açıq elan edilməlidir. Şimali Qafqaz xalqlarının Rusiyadan ayrılmaq təşəbbüsləri alqışlanmalıdır və.s. - Azərbaycan hazırda bu proseslərə cəlb edilibmi, yoxsa münaqişənin çərçivəsi böyüdükcə, biz özümüzdən asılı olmayaraq bu prosesə daxil olacağıq? - Azərbaycan geostrateji məkanda yerləşir və dünyada gedən proseslərdən kənarda qala bilməz. Azərbaycan regionda gedən istənilən proseslərə bu və ya digər formada cəlb olunur. - Azərbaycan müxalifətinin düşdüyü vəziyyəti, öz aralarında münasibətlərin bərbad durumda olması göz önündədir. Siz konkret bir partiyada təmsil olunmasanız da müxalif fikirli insansınız. Bəs müxalifətin bu durumunu necə qiymətləndirirsiniz? - Müxalifət barədə başqa bir yazıda geniş açıqlama verəcəyəm. Hüseyn ABBASOĞLU
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?