Daxili qoşunların sabiq komandanı Fəhmin Hacıyev AXCP üzvlüyündən istefa verib. Bu barədə o, iyulun 14-də sosial şəbəkədəki səhifəsində məlumat verib.
Mesajında F.Hacıyev “Dostlar, bu gündən etibarən AXCP üzvlüyündən və partiya sədrinin müşavirliyindən istefa verirəm” deyə yazıb. Bununla belə F.Hacıyev siyasətdən getmədiyini bildirib: “Müstəqil siyasətçi kimi ölkəmizin demokratik inkişafı üçün çalıçacağam”.
F.Hacıyev yeni partiya yaradılmasını istisna etməyib: “Bəlkə də yeni partiya təsis edilməsi gündəmə gələ bilər. Yeni yaranmış Milli Şuraya sona kimi dəstək verəcəyəm!”
F.Hacıyev istefasının səbəbi barədə isə heç nə yazmayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl F.Hacıyev ad çəkmədən bəzi siyasilərin siyasi riyakarlığından təngə gəldiyini bildirmişdi: “İctimai Palata yarananda palataya üzv olmaq arzum bəzi dostlarımızın çəkişməsi ucbatından alınmadı. Milli Şura yarandı. İndi baxaq görək nə olacaq...”
Xatırladaq ki, Fəhmin Hacıyev 2011-ci ilin iyulunda AXCP sədrinin müşaviri təyin olunmuşdu.
Azərbaycan Xalq Cəbhəsinin öncül şəxslərindən olmuş F.Hacıyev Ayaz Mütəllibovun prezidentliyi dövründə Xalq Cəbhəsinin təqdimatı əsasında bir müddət müdafiə nazirinin müavini işləyib. Əbülfəz Elçibəyin prezidentliyi dövründə isə Daxili Qoşunların komandanı postunu tutub. 1994-2004-cü illərdə həbsdə olub. Həbsdən çıxandan sonra Müsavat Partiyasının üzvü kimi fəaliyyət göstərib. 2011-ci ildə isə AXCP sıralarına üzv olmuşdu.
F.Hacıyevin istefası xəbərinə AXCP-dən heç bir münasibət bildirilmədi. /musavat.com/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?