Natiq Cəfərli: “Biz Rauf Mirqədirovun Azərbaycan əleyhinə fəaliyyət göstərməsinə inanmırıq”
“Gündəm Xəbər”in suallarına Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərli cavab verib. REAL nümayəndəsi əsasən günün aktual mövzuları haqqında danışıb. - Natiq bəy, jurnalist Rauf Mirqədirovun həbsinə münasibətiniz necədir, sizcə, ittiham nə dərəcədə əsaslıdır? - İlk əvvəl biz bu xəbəri eşidəndə şoka düşdük. Siz də bilirsiniz ki, Mirqədirovun həbsi ictimaiyyətdə şok effekt yaradıb. Biz hamımız Rauf Mirqədirovu Azərbaycanın gözəl jurnalisti, analitik məqalələrlə çıxış edən, düşünən və həm də insanları düşündürə bilən, bəzən aşırı olsa belə millətçi insan kimi tanıyırdıq. Onun bu şəkildə, ağır ittihamla suçlanması şübhəsiz ki, şok effekti yaradıb. Mən Rauf Mirqədirovu şəxsən tanımıram, ancaq onun yazılarını illərdir izləyən bir insan kimi deyə bilərəm ki, ona qarşı irəli sürülən ittihamların ciddi əsasa söykəndiyinə inanmıram. Çünki Rauf Mirqədirov həm də millətçi kimliyi ilə önə çıxırdı. Hətta, onun yazılarında bəyənmədiyimiz məqamlardan biri də onun aşırı millətçiliyi idi. Sadəcə indi Rauf Mirqədirovun ağır maddələrlə ittiham edilməsi olduqca düşündürücüdür. Ola bilsin ki, bu həm də yeni mərhələnin başlanğıcıdır. - Nə mənada yeni mərhələnin başlanğıcıdır? - Bu mənim subyektiv düşüncəmdir. Siz də bilirsiniz ki, indiyə qədər tənqidçi jurnalistləri, yazarları, gənc fəalları daha yüngül sanksiya nəzərdə tutan maddələr əsasında qondarma ittihamlarla həbs edirdilər. Amma indi ilk dəfədir ki, belə ağır ittihamla jurnalist həbs olunur. Qeyd edim ki, hazırda biz Mirqədirovun həbsi, ona qarşı irəli sürülən ittihamları çox diqqətlə izləyirik. Mirqədirovun əsas vəkili Fuad Ağayev həm də REAL-ın sədri İlqar Məmmədovun vəkilidir. Biz Fuad Ağayevdən mütəmadi informasiya alacağıq. Düşünürəm ki, bu haqda ictimaiyyəti də məlumatlandırmaq olduqca vacibdir. Hər halda ümid edirəm ki, yaxın zamanlarda bu məsələyə aydınlıq gətiriləcək və Rauf Mirqədirovun günahsız olması sübut olunacaq. Açığını deyim ki, Mirqədirovun Azərbaycan əleyhinə Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsinə heç kim inanmır. Şəxsən mən özüm də buna inanmıram. - Bu zaman ortaya sual çıxır: Mirqədirov kimi tanınmış jurnalist nəyin qurbanı oldu? - Açığını deyim ki, mən Rauf Mirqədirovun həbsinin Türkiyənin baş naziri Ərdoğanın sifarişi əsasında edildiyinə əsla inanmıram. Düzdür, son dövrlər Mirqədirov Ərdoğan hökumətini ciddi tənqid edən məqalələrlə çıxış edirdi. Amma iş ondadır ki, Türkiyənin özünün yerli qəzetlərində və həm də tirajı “Zerkalo” qəzetindən minlərlə dəfə çox olan qəzetlərdə Ərdoğanı daha ciddi tənqid edirlər. Həm də nəzərə almaq lazımdır ki, Mirqədirov Türkiyə hakimiyyətini rus dilində tənqid edirdi. 3-5 min nüsxə ilə yayılan qəzetdə Mirqədirovun tənqidi məqaləsinin Ərdoğan hökumətində ciddi qıcıq yaratması əsaslı görünmür. Ərdoğanın bu məsələdə maraqlı olması inandırıcı deyil. - Ancaq Mirqədirovu ilk dəfə Türkiyənin Milli İstihbarət Təşkilatı həbs edib... - Əslində onu siz dediyiniz xüsusi xidmət orqanı həbs etməyib. Məndə olan informasiyaya görə, Mirqədirovun akkreditasiyasını Türkiyə hökuməti ləğv edib və onu ölkədən çıxarıb. Fikrimcə, bu Azərbaycan tərəfinin tələbi ilə baş verib. Onu da qeyd edim ki, Mirqədirovun son yazıları daha çox Rusiya ilə bağlı idi. Jurnalist Rusiya hakimiyyətini sərt tənqid edir, prezident Putini Adolf Hitlerlə müqayisə edirdi. Ehtimallardan biri kimi mümkündür ki, Mirqədirovun bu tip yazıları Rusiya hökumətinin xoşuna gəlməyə bilər. Amma bu ehtimallardan biridir. Şəxsən mənim üçün də Mirqədirovun həbsinin gerçək səbəblərinin üzə çıxması çox maraqlı olardı. - Bu yeni həbslərin başlanacağı anonsudur, yoxsa sonuncu həbs hadisəsidir? - Bu olduqca çətin sualdır. 2013-cü ilin fevralından bu yana onlarla insan həbs edilib. Azərbaycan tarixində heç vaxt bu sayda siyasi həbslər aparılmayıb. Həm də həbs edilən siyasi məhbuslara qarşı irəli sürülən ittihamlarda ağır cəza sanksiyalarını nəzərdə tutur. Əslində bu üzücü haldır. Əslində may ayında Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi öz üzərinə götürəcək. Yəni Azərbaycan Avropa məkanında böyük institutlarından birinə altı aylıq sədrlik edəcək. Nazirlər Komitəsinə sədrlik edən bir dövlətdə bu qədər məhbusun olması heç də xoşagələn hadisə deyil. Odur ki, bundan sonra da həbslərin aparılıb-aparılmayacağını demək çox çətindir. İnsan bir tərəfdən düşünmək istəyir ki, bu son həbsdir, çünki dediyim kimi may ayından ölkə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edəcək. Bundan sonra Avropa Yay Olimpiya Oyunlarının ilk dəfə olaraq Azərbaycanda keçirilməsinə start veriləcək. 2015-ci il həm də parlament seçkiləri ilidir. İnsan ümid edir ki, bu sondur və hökumətdə özünün imici haqqında düşünərək vicdan məhbuslarının çoxluq təşkil etdiyi ölkə imicindən çıxaraq yeni dönəmə başlayacaq. Çox güman ki, yaxın gələcəkdə bunu görəcəyik. Zənnimcə, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etmək məsələsində Qərb ölkələri ilə danışıqlarda siyasi məhbuslar məsələsi qabardılacaq. Ümid edirik ki, bunun nəticəsində Azərbaycan siyasi məhbus eyibindən qurtulacaq. - Hansı səbəblərdən hakimiyyət həbs etdiyi şəxslərə əvvəlki illərlə müqayisədə daha ağır ittihamlar irəli sürür? - Fikrimcə, bu bir məsələ ilə izah oluna bilər. İş ondadır ki, bu günə qədər siyasi məhbuslar, xüsusilə gənclər - Emin Milli, Adnan Hacızadə və Bəxtiyar Hacıyevlə başlanan məhkəmə prosesində onlara maksimum 3 il müddətində cəza nəzərdə tutulurdu. Əlbəttə ki, bu səhv taktika idi. Çünki ağıllı hökumət gəncləri həbs etmək əvəzinə onlarla işləyər. Amma son həbslər bir qədər fərqlidir. Məsələn İlqar Məmmədovun, Tofiq Yaqublunun, Yadigar Sadıqova ağır cəzalar verilib, hazırda NİDA Vətəndaş Hərəkatının həbs edilən üzvlərinə 8 il müddətində cəza istənilir. Məncə, bütün bunların bir izahı ola bilər. Hökumət dairələri başa düşdülər ki, kiçik sanksiya və cəza nəzərdə tutan maddələrlə insanları siyasi fəaliyyətdən çəkindirmək mümkün olmur. Əksinə, bu əks effekt verdi və gənclər daha çox siyasətə qarışmağa başladı. İndiki halda belə ağır cəzaların verilməsində məqsəd sadəcə olaraq cəmiyyətin gözünü qorxutmaqdır. Amma bu da olduqca səhv yoldur. Çünki Azərbaycan Şimali Koreya deyil. Bizdə insanların mətbuata, internetə, xaricə çıxışı getdikcə çoxalır. Gənc nəsil daha çox internetdən istifadə edir deyə, gənclərin hərəkatı daha geniş vüsət alacaq. Hökumət düşünməlidir. İnsanları qorxutmaqla deyil, cəmiyyətlə dialoq yolu ilə, gənclərin istəklərini həyata keçirməklə ölkədə olan problemləri həll etməyə çalışmalıdır. Nə qədər ki, qorxutma siyasəti aparacaqlarsa, bu əks effekt verəcək, insanlarda qəzəb yaradacaq. Çünki bu insanların ədalətsiz yerə həbs olunduğuna dair ictimaiyyətdə bir fikir var. Bu isə cəmiyyətdə aqressiya yaradır. Hesab edirəm ki, belə hal ölkəmiz üçün yaxşı deyil. Bu aqressiya aradan qalxmalı, dialoq olmalı və hökumətdə artıq bu barədə düşünməlidir. - Sizə elə gəlmir ki, aparılan həbslər gənclərin siyasi proseslərə meyl etməsinə maneə yaradır və beləcə effektini verir? - Müəyyən müddət üçün ola bilsin ki, aparılan həbslər qorxu mühiti yarada, effektiv ola bilər. Amma orta və uzun müddət baxımdan bu cür repressiyalar nəticə verməyib. Əksinə, bu cəmiyyətdə aqressiyanın çoxalması ilə nəticələnib. Bunu isə heç kəs istəmir. Biz Azərbaycanda dinc və sivil formada dəyişikliklər, sistem islahatlarının olmasını istəyirik. İndilikdə aparılan xətt orta və uzun vadi baxımından hökumətin özünə də sərf etmir. Heç bir hökumət normada cəmiyyətdə aqressiyanın və qəzəbin olmasında maraqlı olmamalıdır. Bir daha qeyd edim ki, aparılan həbslər qısa müddətdə effekt və nəticə verə bilər, amma orta və uzun müddət baxımından bu həbslərin effekti olmayacaq. Çünki heç bir repressiv rejim bu yolla özünü sona qədər müdafiə edə bilməyib. Əksinə, belə aqressiya Azərbaycan üçün təhdiddir. - YAP siyasi partiyalarla bağlı komissiya yaradıb, müəyyən iclaslar keçirilib. Sizcə, YAP-ın real siyasi müxalifət partiyaları ilə dialoq aparması nə dərəcədə realdır? - Bu barədə dəfələrlə məlumatlar, açıqlamalar olub. Amma ortada real nəticə olmayıb. Sadəcə dialoqun predmeti olmalıdır. Dialoq dialoq xatirinə, görüntü naminə aparılacaqsa, bunun heç bir effekti olmayacaq. Dialoqun mövzusu olmalı, Azərbaycanın problemləri müzakirə edilməlidir. Televiziyalarda debatlar təşkil olunmalı və bu canlı olmalıdır. Hansı ki, indi Azərbaycan kanallarında canlı proqramlar ancaq şou proqramlardır. Siyasi və ictimai verilişlər ümumiyyətlə yoxdur və ya canlı deyil. Bir sözlə, televiziyalarda siyasi mövzularda canlı debatlar olmasa, dialoq xatirinə dialoq, Qərbə nəsə göstərmək naminə həyata keçiriləcək görüntülər insanlarda gülüş doğurur. Əslində hökumətin gerçək dialoq aparması üçün arzusu olmalıdır. İndilikdə bu arzunun və istəyin olduğu gözə çarpmır. - Azərbaycana Rusiyadan təhlükə varmı? - Əlbəttə, Rusiyanın son aylar apardığı siyasət göstərir ki, belə təhlükə mövcuddur və getdikcə artan xəttlə inkişaf edir. Ukraynada aparılan aqressiv siyasət digər MDB respublikalarına dərs vermək cəhdi idi. Belə görünür ki, Kremli Gömrük İttifaqı, Avrasiya Birliyi modeli yaratmaq istəyindən vaz keçməyib. Və Ukraynaya olan aqressiv münasibətin kökündə də bu durur. Bu birliyin yaradılmasında iki açar dövlət var-Ukrayna və Azərbaycan. Ukraynaya ilə gedən proseslərin sonunda Rusiyanın Azərbaycana qarşı da aqressiv addımlar atması ehtimalı mümkündür. Çünki Kremli öz ideyalarından əl çəkməyib. Verilən son qərarlar, ələlxüsus, rus dilini bilən insanlara sadələşdirilmiş şəkildə Rusiya vətəndaşlığının verilməsi həm də sübutdur ki, Kremli belə pasportlar paylamaqla yaxın gələcəkdə münaqişə ocaqları yaratmağa çalışacaq. Azərbayan diqqətli olmalıdır. Çünki son 200 illik tarix göstərir ki, Azərbaycan üçün təhdidlər şimaldan gəlib və 20 faiz torpaqlarımızın işğalında da Moskvanın birbaşa iştirakı olub. Biz bütün bunları nəzərə almalıyıq. Odur ki, Azərbaycan hökuməti daxilində olan rəqiblərini susdurmaqdansa, cəmiyyətlə dialoq şəkilində gələn təhdidlərə cavab vermək imkanında olan birlik yaratmalıdır. Təəssüf ki, biz bunu da müşahidə etmirik. Hüseyn ABBASOĞLU
Sorğu
Yeni dizaynımız necədir?