Mehriban Vəzir: “İctimai rəy və şüur müstəqilliyin əleyhinədir”
Suallara publisist Mehriban Vəzir cavab verib. Müsahibimiz əsasən Rusiya təhlükəsi, son zamanlar vətəndaş cəmiyyəti qurumlarına olan münasibət və bunun mümkün nəticələri, müxalif düşərgənin durumu və digər mövzuları əhatə edib. - Mehriban xanım, son günlər Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın mənzilində axtarış aparılmasına dair xəbərlər yayılıb. QHT-lərlə bağlı ciddi tənqidlər var və bu Milli Məclisdə də səsləndirilib. Bu duruma münasibətiniz necədir? - Təbii ki, münasibətim pisdir. Vətəndaş cəmiyyətini susdurmaq, boğmaq, danışan dilləri kəsmək, görən gözləri tutmaq kimi proses gedir. Əslində bunun özü təəssüf doğurur. Əlbəttə, qeyri-qanuni nə varsa araşdırılmalıdır. Mənim buna etirazım yoxdur. Amma düşünürəm ki, Mətanət Əzizovanın ofisində axtarış aparmaq əslində hüquq müdafiəçisi Leyla Yunusun başında olan əməliyyatlardır. Çünki Mətanət Əzizovanın rəhbərlik etdiyi QHT Leyla Yunusun ofisində fəaliyyət göstərir, onlar uzun illərdir ki, bir yerdə işləyirlər. Son məlumatlardan mən belə anlayıram ki, həm də Mətanət Əzizovanın təşkilatı Leyla Yunusun maliyyəsini qəbul edib. Çünki Leyla Yunusun rəhbəri olduğu Sülh və Demokratiya İnstitutu dövlət qeydiyyatına alınmayıb. Yəni bunların hamısı Leyla Yunusa olan təzyiqlərin nəticəsidir. Ümumiyyətlə, bu çox pis haldır. Hakimiyyət tək-tək danışanları susdurursa, hər kəs susacaq, heç kim danışa bilməyəndə isə partlayış başqa istiqamətdə olur. Bu zaman artıq xalq etirazları başlayır, dövlət və cəmiyyət böyük krizislər yaşayır. Heç şübhəsiz ki, mən indi yaşananlara görə təəssüflənirəm. - Bu prosesi erməni casusluğu ilə əlaqələndirmirsiniz? - Qətiyyən. Burada erməni casusluğu necə ola bilər? Axı Rauf Mirqədirov, Leyla Yunus və yaxud bir başqası necə casusluq edə bilər? Bu adamlar Daxili İşlər Nazirliyində, Müdafiə Nazirliyində, xüsusi xidmət orqanlarında və ya Prezident Administrasiyasında işləmirlər. Bu adamlar nə bilirlər ki, nə də ötürsünlər? Xarici kəşfiyyata belə insanlar lazım deyil, çünki onlar informasiyalı adamlar deyillər. Xarici kəşfiyyat informasiyalı adamlarla, hakimiyyətin nüvəsində olan şəxslərlə işləyir. Yəni bu çox gülüncdür. Rauf Mirqədirov və ya Leyla Yunus xarici kəşfiyyata hansı məlumatlar ötürə bilər? Bundan başqa, xarici kəşfiyyat üçün bu adamlar nə qədər faydalı ola bilər? Fikrimcə, heç bir anda faydalı ola bilməz. Bu xarici kəşfiyyat, erməniyə işləmək kimi məsələlər çox gülüncdür. Bu sadəcə məsələnin üz qabığıdır. Amma reallıqda belə deyil. Hakimiyyətin öz daxilində nə qədər xarici kəşfiyyata işləyənlər var. Mənə elə gəlir ki, onlarla məşğul olmaq lazımdır. Bunun isə adı başqadır. - Adı nədir? - Danışan dilləri kəsmək, vətəndaş cəmiyyətini sıradan çıxarmaqdır. Bu prosesin mahiyyəti bundan ibarətdir. - Siz aprelin 28-də maraqlı fikirlər işlətmisiniz, Rusiya təhlükəsi haqda danışmısınız. Bu haqda fikirlərinizi açıqlaya bilərsinizmi? - Bilirsinizmi, Rusiya çox güclü və təhlükəli qonşudur. İki əsrə yaxın Azərbaycan Rusiya üçün əsas istismar mənbəyi, yaşam üçün şah damar olub. Azərbaycanın bütün sərvətləri onun cibinə axıb. Son zamanlar isə vəziyyət dəyişib. Əlbəttə, Rusiya güclü və silahlıdır. Həm də pula və sərvətə ehtiyacı var. Təbii ki, bizim üçün bu təhlükə hər zaman var. Belə güclü, qeyri-demokratik və avtoritar dövlətin bizimlə qonşu olması əslində bədbəxtlikdir. Bir millət və dövlət üçün bunun heç başqa adı da yoxdur. Xüsusilə, vurğulayım ki, Rusiya ümumiyyətlə bizim milli təhlükəsizliyimiz üçün və müstəqilliyimiz baxımından təhlükədir. Həm də son 20 ildə Azərbaycanda aparılan siyasət, insanların müstəqillikdən dad almamaları, müstəqilliyin bəhrəsini görməmələri sonda pis nəticələrə gətirib. Eləcə də insanlarımız ağır zülümlərə, işssizliyə, haqsızlığa düçar olub, ölkədən getmək zorunda qalanlar olub. Gənclər iş tapmır, ailə həyatı qura bilmir, mənzil əldə edə bilmir. Mövcud problemlərin sovet dövründəki problemlərdən də qat-qat ağır olması təəssüflər olsun ki, insanlarımızda bir nostalji yaratdı. Yəni müstəqillik insanların gözündə öz cazibədarlığını itirdi. İnsanlar müstəqilliyin nə qədər qiymətli olduğunu və onun indiki güzəranla müqayisəyə gəlməz olduğu haqda düşünmək istərmirlər. İnsanlarımız düşünür ki, biz müstəqillik istəyirdik ki, yaxşı yaşayaq, amma indi yaxşı yaşamırıq. Əksinə, vəziyyət daha pis, idarəçilik rejimi isə daha sərt olub. Ona görə də, ictimai şüuru çox təhlükəli vəziyyətə salıb. Məncə, bu çox qorxuludur. Əslində bu Rusiyadan da, rus ekisponsiyasından da, Dağlıq Qarabağ müharibəsindən də qorxuludur. İctimai rəyin və şüurun bu məqama çatması çox pis haldır. Ona görə də, mən düşünürəm ki, Azərbaycanın müstəqilliyi üçün də maraqlı olan qüvvələr var. Sözsüz ki, hakimiyyət daxilində, cəmiyyətdə belə qüvvələr var. Ümumiyyətlə, mən qeyd etdiyim məsələlər haqqında düşünülməlidir. İnsanlar bir araya gələrək bu təhlükəni təhlil etməlidir. Mən görürəm ki, hər kəs Rusiya təhlükəsindən danışır, amma heç kim ictimai şüurda yaranan təhlükə haqqında danışmır. Hesab edirəm ki, Azərbaycanın azad və tənqidi mediası da bu məsələyə xüsusi diqqət yetirməlidir. Çünki daha ağır və partlayıcı bomba burdadır. - İctimai rəyin bu qədər pis durumda olduğunu qeyd edirsiniz. Bu ancaq Moskva meylli şəxsləri əhatə edir, yoxsa Azərbaycan toplumunun böyük əksəriyyəti bu haqda düşünür? - Mən əslində onu vurğulamaq istəyirəm ki, bizdə ictimai rəy tamamilə müstəqilliyin əleyhinədir. Əlbəttə ki, istinsalar var. Amma geniş xalq kütlələri müstəqilliyin əleyhinədir. Çünki əhalinin çox böyük faizi düşünür ki, Azərbaycan Rusiyanın nəzarətində olanda vəziyyət, yaşayış indikindən dəfələrlə yaxşı idi. Bu olduqca ciddi təhlükədir. Mən təəssüflə deyim ki, indiki rejim öz idarəçiliyi ilə vəziyyəti belə bir təhlükəyə gətirib çıxarıb. - Bəzi politoloqlar bəyan edirlər ki, Rusiyaya ən yaxın olan qüvvə elə indi hakimiyyətdə olan qüvvədir... - Yaxın başqa şeydir. Əlbəttə, yaxındır. Ancaq burada söhbət Rusiyaya hansı siyasi qüvvənin yaxın olmasından getmir. Söhbət ondan gedir ki, ölkədə o qədər ədalətsiz idarəçilik və haqsızlıq oldu, sərvətlər o qədər daşındı ki, insanlar beləcə nostalji yaşatdılar. Bilirsinizmi, insanlar hər zaman keçmişi parlaq görməyi, bəzəməyi və boyamağı xoşlayırlar, deyirlər ki, dədəm belə idi, babam belə idi. Başqa sözlə, keçmişin acılarını unudur, xəyallarını və gözəlliklərini uydurub xəyallarda yaşayırlar. Bu gün Azərbaycanda da vəziyyət təxminən belədir. Azərbaycanda böyük bir əhali faizi Rusiyanı təqdir edir, rusu gözləyirlər. Amma bu insanlar başa düşmürlər ki, milyonlarla insanımız rus ekisponsiyasının qurbanı olub. Azərbaycanın milli və kimlik şüuru, böyük bir intellektual nəslini məhz rus ekisponsiyası dəfn və qətl edib. O ki, qaldı indiki Azərbaycan rejiminin Rusiyaya daha yaxın olmasına, bir daha qeyd edim ki, yaxınlıq başqa, pis idarəetmə isə tam başqa məsələdir. - Bu proseslərə qarşı demokratik qüvvələrin fəaliyyəti varmı və bu nə dərəcədə effektivdir? - Effektivlik və səmərəli ortam yoxdur. Ortam dediyim kimi demokratiyanın və müstəqilliyin əleyhinədir. Amma təbii ki, mən səmərə görməsəm də, demokratik qüvvələr bu vəziyyəti dəyərləndirməli, bir araya gəlməlidirlər. Şübhəsiz ki, demokratik qüvvələrin bir araya gəlməsi ilə ictimai şüura bir o qədər də təsir olmayacaq. Amma yenə də, bir qaranquş meşə yanan zaman dimdiyində bir damcı su apardığı kimi, bu fəaliyyət də olmalıdır. Yəni bunu etməlidirlər, daha geniş şəkildə təşkilatlanma olmalıdır. - Sizin Rusiya təhlükəsi ilə bağlı aprelin 28-də verdiyiniz bəyanata cavab olaraq Yeni Azərbaycan Partiyasının icra katibi Siyavuş Novruzov bildirdi ki, Rusiya “casusları” toplaşaraq bəyanat veriblər... - Hesab edirəm ki, onlar məsuliyyətsiz adamlardır, situasiyanı da başa düşmürlər. O qədər zənginləşiblər, pulları o qədər çoxdur ki, dünyaya dolların üzərindən baxırlar. Onlar cəmiyyəti hiss etmirlər. Onların xəbəri yoxdur və istəsələr də gerçəkliyi hiss edə bilməzlər. Onlar gerçəkliyi dollardan aşağı düşdüyü zaman biləcəklər ki, nələr oldu. İndi onlar həqiqəti bilə bilməzlər. - Müxalif düşərgə sanki apatiya vəziyyətindədir və sanki bundan çıxış yolu da görünmür. Bu haqda siz nələr düşünürsünüz? - Mən bu haqda ciddi düşünmürəm, amma təəssüflər yaşayıram. Hər seçkidən sonra tənəzzül yaşanır. Özü də bu təkcə demokratik qüvvələrin deyil, bütövlükdə cəmiyyətin tənəzzülüdür. Bu həm də iqtidarlı, müxalifətli dövlətin tənəzzülüdür. Baxın, müxalifətdən çox qopmalar var, azlıqda qalıblar və s. Bəs iqtidar nə vəziyyətdədir? Hansı daşın altını qaldırırsansa, bir ölkənin agenti çıxır. Bir ölkədə ki, rüşvət oldu, orda insanlar hər şeyi rüşvət verib ala bilirlər. Məhz bu səbəbdən də deyirlər ki, rüşvət cəmiyyəti çürüdür. Odur ki, böhran ancaq müxalifətdə deyil. Azərbaycan iqtidarında hansı daşı qaldırırsansa birinin altından nurçu, digərindən vəhhabi, başqasından Rusiya tərəfdarı çıxır və s. Əslində müxalifətdə olan böhran dövlətə strateji baxımdan zərər verir, amma praqmatizm baxımından o qədər də zərər vermir. Amma iqtidarda olan böhran dövlətə daha çox zərər verir. - Müxalifət düşərgəsi toparlanıb vəziyyətdən çıxa bilərmi? - Toparlanma, ictimai rəyin dəyişməsi də hər zaman mümkündür. Ancaq bunun üçün xüsusi bir hadisə olsun və nəticədə də insanların ruhu yerindən oynasın. Mən həyatımda bir gecənin içində ictimai rəyin dəyişdiyini görmüşəm. Bu 1990-cı ilin 19 yanvarından 20 yanvara keçən gecə baş verib. Həmin günə qədər əhalinin 70 faizi müstəqilliyi anlamır və istəmirdi. Rusiyadan ayrı yaşamaq təsəvvür belə olunmurdu. Ancaq həmin gecədən sonra hər kəs dedi ki, biz Rusiya ilə bir yerdə ola bilmərik, müstəqil olmalıyıq. Belə sarsıdıcı olaylar olanda ictimai rəy dərhal dəyişir və insanlarda sürətlə toparlanmağa başlayır. Cəmiyyət quyunun daha dərin hissəsinə düşdükcə daha tez toparlanaraq oradan çıxa bilir. Əslində bu qəribə və qeyri-adi haldır. Hüseyn ABBASOĞLU
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?