Musa Tükanov: “Rusiyanın maraqlarını qeyd edən kommunistlər və solçulardır”
Suallara Vahid Azərbaycan Kommunist Partiyasının sədri Musa Tükanov cavab verib. Baş kommunist əsasən sol partiyaların durumundan və gücündən danışıb, Nərimanovun abidəsinin ləğv edilməsi haqda iddialara cavab verib, eləcədə ölkəmizdəki Rusiyameylli qüvvələr barədə deyilənləri şərh edib. - Musa müəllim, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev təklif edib ki, Nəriman Nərimanovun heykəli götürülsün, çünki Nərimanov Leninin komandasında təmsil olunub və əli azərbaycan oğlanlarının qanına batıb... - Mən bu məntiqə və yanaşmaya mənfi münasibətimi ifadə edirəm. Bizim burjaziya bolşevik və kommunistləri xalqı qırmaqda, məhv etməkdə ittiham edir. Faktiki olaraq 1918-1920-ci illərdə sinfi mübarizə gedirdi. Yəni mübarizə nökərlərlə ağalar arasında gedirdi. Deməli min illərlə ağa və bəy sinfi yazıq nökərləri əzir, məhv edirdi. Üstəlikdə istismar ən pis formada özünü göstərirdi. Belə bir ərəfədə Lenin kimi bir kişi ortaya çıxaraq əzilən sinfə dedi ki, sizin hüquqlarınız var, siz də adamsınız. Nəyə görə, hamınız ağalara qulluq etməlisiniz? Bundan sonra hakim zümrəni təşkil edən ağalar, bəylər iqtidarı gerçək sahiblərinə vermək istəmədi. Bununla da real mübarizə başladı. Bu mübarizə “Axırıncı aşırım” filmində çox gözəl formada təqdim edilib. Kərbalayi İsmayıla fikir verirdinizmi? Bu adam ağa idi və hesab edirdi ki, rəiyyətlə istədiyi formada davrana bilər. Digər tərəf isə kəndli-fəhlə sinfi idi. Bu sinifdə ayağa qalxdı, mübarizə apardı və ağa-bəy sinfini məhv etdi. İndi belə çıxır ki, bəy-ağa sinfi on illər ərzində fəhlə-kəndli sinfini öldürə bilər, lakin fəhlə-kəndli sinfi ayağa qalxıb öz hüquqlarını təmin edəndə, istismarçı sinfi aradan qaldıranda belə çıxır ki, kommunistlərin əli azərbaycan xalqının qanına batıb. Bu tamamilə əsassız bir yanaşmadır. Əslində isə ağa-bəy sinfinin daxilində də ağıllı insanlar var idi. Məsələn, Hacı Zeynalabdin Tağıyev, Abasqulu Şadlınski və digərləri. Onlar başa düşürdü ki, artıq zaman dəyişib, insanlar bərabərdir, ağa-nökər siyasəti yerimir və s. İndi Nərimanovu ittiham etmək ki, bu azərbaycan xalqını güllələyib, məncə, çox səhv yanaşmadır. Nəriman Nərimanov burjaziyanı güllələyib, proletarı məhv etmək istəyən zümrənin qarşısında durub. Hansı ki, bu zümrə sadə insanların üzərinə gedirdi. Sözümün mənası odur ki, bizdə sinfi mübarizə gedib, milli mübarizə getməyib. Bu mənada Əli Əliyev gedib tarixi oxusun, Leninzm-Markisizmlə tanış olsun, öyrənsin görsün burada gedən mübarizə xarakterinə görə, hansı mübarizə formasında idi. Bundan sonra danışsın. İndi də Azərbaycanda hakimiyyət burjaziyanın əlindədir. Baxın görün nə qədər kasıb qırılır. Bizdə bu ittihamı qaldıraq ki, siz kapitalist eksprimenti aparırsınız, ölkədə qəbirstanlıqlar ağzına qədər doludur? Doğurdan da indi orta yaş həddi gəlib 45 çatıb. Əli Əliyevə başa salmaq lazımdır ki, kommunistlərin vaxtında orta yaş həddi 70-dən aşağı deyildi. Siz indi bunu 45 yaşa salmısınız. Buna görə kim cavab verəcək? Xalq qırılır. - Siz Nərimanovla bağlı deyilənləri qəbul etmirsiniz? - Hesab edirəm ki, bu tamamilə əsassız təklifdir. Bu təklifə qiymət vermək üçün Əli Əliyev Nəriman Nərimanovun dövründə yaşamalı və proseslərə indiki reallıqlar çərçivəsində baxmamalıdır. Gedib həmin dövrdə yaşasın, görsün ki, ağa-bəyləri hansı səbəblərdən güllələyiblər. Bundan sonra desin, Nəriman Nərimanov düz edib, yoxsa səhv edib. Bir daha qeyd edirəm ki, həmin dövrdə fəhlə-kəndli sinfi ilə istismarçı sinif arasında mübarizə gedib və güclü olan tərəf də qalib gəlib. Sonradan 1990-cı ildə Əli Əliyev kimiləri fəhlə-kəndli hökumətini yıxdılar. Xalqı aldatdılar ki, biz belə yaşayacağıq, insanlarımız kef edəcək və s. Xalqa bunların vədlərinə inanaraq öz hökumətlərini yıxdılar. Beləcə oraq-çəkic hakimiyyəti getdi və yerinə burja hökuməti gəldi. İndi də biz burja hökumətinin bəlasını görürük. Azərbaycan xalqının genefonu məhv olur, ölkə üzrə məzarlıqlar böyüyür, gənclərin gələcəyi, təhsili yoxdur. Bu Əli Əliyevin qurduğu və müdafiə etdiyi hökumətin apardığı işin nəticəsidir. - Nərimanovun abidəsinin yerində Xalq Cümhuriyyətinin abidə kompleksinin qoyulması təklif edilir. Buna münasibətiniz necədir? - Mən bunu ədalətsizlik hesab edirəm. Artıq 26 Bakı Komissarının abidəsi ləğv edilib. Baxın, 28 mayda biz Respublika Gününü qeyd edirik, amma Ermənistan I respublikanın gününü qeyd edir. Yəni 28 mayda I respublika yaranıb, sonra isə II respublika yaranıb. Mən hesab edirəm ki, bizim tariximizi belə tapdalamaq olmaz. Həmin dövrdə bir qrup adam cümhuriyyət qurub. Sonradan bu cümhuriyyət xalqa heç nə verə bilmədi. Zəhmətkeş sinifdə ayağa qalxaraq bu hökuməti yıxdı və yerində özünün iqtidarını qurdu. Beləcə fəhlə-kəndli dövləti quruldu. Yəni tarix baxımından bu respublikaların hər ikisi əhəmiyyətli idi. İndi sən 1918-ci ildə qurulan dövləti qəbul edib, 1920-ci ildə qurulan dövləti qəbul etmirsənsə, bu yanlış haldır. Ermənilər də, bu səbəbdən 28 mayda I republika gününü qeyd edirlər. Mən demək istəyirəm ki, bütün bunlar bizim tariximizdir. Nərimanov kiminsə xoşuna gəlməyə bilər, amma o bizim tariximizdir. İnsan övladı gərək tarixinə hörmətlə yanaşsın. Nəriman Nərimanov bu xalq üçün çox şeylər edib. Bolşeviklər azərbaycan zəhmətkeşləri üçün iş aparıblar. Zəhmətkeşlər isə bu xalqın 90 faizini təşkil edir. Deməli 5 faizi təşkil edənlərin heykəli qoyulmalıdır, xalqın 95 faizini təşkil edənlərin heykəli götürülməlidir. Əslində bu biabırçılıqdır. 26 Bakı Komissarlarının adına SSRİ respublikalarında küçələr, abidələr qoyulub. Ancaq biz öz tariximizi bu günə qoyduq və aparıb bomoj kimi hansısa məzarlığa atdıq. Bunu tarix bizə heç vaxt bağışlamayacaq. Əli Əliyev bilməlidir ki, tarixə bu cür münasibət bəsləmək olmaz. Azərabaycanda sovet hakimiyyətinin qurulduğu tarixi də qeyd edin, imkan verin heykəllər yerində qalsın. Gələcək nəsllər buna qiymət verəcək. Baxıb görəcək Əli Əliyevin hökuməti bu xalqa bir yaxşı şeylər verib, yoxsa mənim müdafiə etdiyim hökumət. Əsl qiymət onda olacaq. - Sağ müxalifət bəyan edir ki, Rusiyaya xidmət edən kommunistlər, solçular, ictimai şəxslər ciddi şəkildə fəallaşıb. Bu haqda nə deyə bilərsiniz? - Mən sizə açıq deyim. Bu saat Azərbaycanda Rusiyanın adamları və ya kəşviyyatı yoxdur. İndiAzərbaycanda amerikapərəst insanlardan ibarət beşinci kalon ciddi şəkildə işləyir. Bu saat Amerika və Avropa meylli qüvvələr at oynadır. Yazıq rusun burada heç bir adamı yoxdur. Rusları ancaq kommunistlər dəstəkləyir. Qalan qüvvələr isə birmənalı olaraq Amerika, Avropa və Türkiyə meylli qüvvələrdir. Bu saat iddia edirlər ki, guya Rusiyanın burada tərəfdarları, dəstəkçiləri var. Bunların hamısı yalandır. İndi informasiya müharibəsi gedir. Əsas informasiya müharibəsi də Rusiyaya qarşı aparılır. Azərbaycan xalqına yalan informasiyalar ötürürlər, deyirlər ki, Ukraynada ruslar filan şeyləri etdilər. Əslində günah Ukraynadadır. Ukrayna gərək faşizmi bərpa etməsin, vətəndaşları arasında ayrıseçkilik qoymasın. İndi bizdə sağ mətbuata baxanda görürük ki, Ukrayna millətçilərini və faşistləri dəstəkləyirlər. Niyə dəstəkləyirlər? Çünki Amerikadan göstəriş gəlib. Amma Rusiyanın maraqlarını qeyd edən kommunistlər və solçulardır. Onların da vəziyyəti sizə məlumdur. Məsələn, mən partiya sədriyəm, amma Ədliyyə Nazirliyi mənim partiyamın möhrünü vermir. Amma ölkədə 45 sağ partiya var və hamısı da qeydiyyatdan keçərək fəaliyyət göstərir. Hələ bir bizim də əleyhimizə piar da aparırlar. - Siz müstəqil Azərbaycanda kommunist partiyasının rəhbərisiniz. Özünüz də deyirsiniz ki, rusları burada kommunistlər və solçular müdafiə edir. Siz bir müstəqil dövlətdə fəaliyyət göstərən partiya sədri olaraq hansı səbəblərdən Rusiyanı müdafiə etməlisiniz, marağınız nədir? - Çünki Rusiya etdiyini biz də etməliyik. Biz yüksək səslə danışırıq. Deyirik ki, Cənubi Azərbaycanı, Qərbi Azərbaycanı özümüzə qataq. Gördünüzmü, Rusiya Krımı necə geri qaytardı. Əgər biz qoçağıqsa gedib torpaqlarımızı geri qaytaraq. - Zəngəzuri elə kommunistlər Ermənistana verib də... - Siz səhv edirsiniz. İrəvanı Milli Şura verib. Bolşeviklər hakimiyyətə gələndə Zəngəzur artıq işğal olunmuşdu. İndi sizin fəxr etdiyiniz cümhuriyyət quruandan sonra hökumət torpaqları saxlaya bilmədi. Bolşeviklər hakimiyyətə gələndə bu ərazi işğal olunmuşdu. - Zəngəzuru ermənilərə kommunistlər verməyib? - Belə bir sənəd yoxdur. Bolşeviklər torpaq verməyib, torpaq alıb. Bizim əldən verdiyimiz torpaqlar burjaziyanın ucbatından gedib. Mən hesab edirəm ki, biz 1990-cı ildə Rusiya ilə gözəl münasibətlər saxlasaydıq indi ərazimizin 20 faizi işğal edilməzdi. Amma biz getdik Türkiyədən yapışdıq. Təsəvvür edin biz türklərdən, ermənilər isə ruslardan yapışdı. Nəticədə nə oldu? Türkiyə bizə kömək edə bilmədi, Ermənistan isə Rusiyanın köməyi ilə 20 faiz ərazimizi aldı. İndi buna görə kim cavab verməlidir. - Sizcə, yenidən SSRİ-yə oxşar bir dövlət yarana bilərmi? - Bunu demək olmaz. Fikrimcə, bu gələcəyin işidir. Bunu xalqlar müəyyən edir. Əgər Azərbaycanda solçular hakimiyyətə gəlsələr xalqdan bu haqda soruşacaq. Xalq bunu istəyəndən sonra biz kimik. Amma 1990-cı ildə burjaziya heç xalqdan soruşmadı. 1990-cı ildə referendum keçirildi, xalqın böyük hissəsi SSRİ-nin saxlanmasına səs verdi. Amma bunlar dövləti dağıtdılar. Bu da onların demokratlığı. - Azərbaycanda nə zamansa solçuların hakimiyyətə gəlmək şansı varmı? - Bu gün kommunist partiyaları yoxdur, hamısı məhv olmuş vəziyyətdədir. Ədliyyə Nazirliyi kommunist partiyalarını məhv edib. Azərbaycanda kommunistlər susub. Bəzi partiyaları iki yerə bölüblər, bizim partiyanın möhürünü vermirlər. Mən də buna görə prezidentə məktub yazmışam, amma qoymurlar ki, məktubum ona çatsın. Odur ki, kommunistlərin vəziyyəti çox ağırdır. Bu gün kommunistlərə heç bir şərait yaradılmayıb, onlar seçkilərə buraxılmır. Hüseyn Abdullayev
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?