Məhkəmə Karlar Cəmiyyətinin həbsdəki sədr müavini Musa Tukanova şərti cəza verib, o, iyunun 7-də azadlığa buraxılıb.
Hökmü Bakı Ağır Cinayətlər Məhkəməsi çıxarıb. Bu barədə Turan agentliyinə onun oğlu Akif Tukanov məlumat verib.
Mayın 16-da keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittihamların məhkəmə istintaqı zamanı təsdiqini tapdığını deyib və məhkəmədən M.Tukanov 10 il həbs istəyib.
Ancaq onun vəkili ittihamın rədd edib vəM.Tukanovun azadlığa buraxılmasını məhkəmədən xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrlik etdiyi məhkəmə kollegiyası M.Tukanovu ittihamlar üzrə qismən təqsirli bilib, ona şərti cəza verilməsinə hökm edib.
M.Tukanov Karlar Cəmiyyətinin sədr müavini, Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) parçalanmadan sonra tərəflərindən birinin rəhbəridir. O, ötən ilin oktyabrında saxlanıb. Binəqədi Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunan M.Tukanov barəsində həbs-qətimkan tədbiri seçib.
Müdafiə tərəfi ittihamla razılaşmırdı.
Azərbaycan Vahid Kommunist Partiyası 1993-cü ildə Səyyad Səyyadovun rəhbərliyi ilə təsis edilib. Sonradan partiya iki yerə parçalanıb. Onlardan birinə M.Tukanov rəhbərlik edib. Ancaq bu partiyanın dövlət qeydiyyatı olmayıb.
Sorğu
Yeni dizaynımız necədir?