Son günlər Avrasiya Birliyi ətrafında cərəyan edən hadisələr media nümayəndələrinin diqqətini çəkməyə başlayıb. Təşkilatın perspektivi, Ermənistanın quruma üzvlüyü və Qazaxıstanın bəzi məsələlərdə ortaya sərt mövqe qoymasına qazax politoloqu Kazbek Beysəbəyovla aydınlıq gətirməyə çalışdıq və ona ilk sualımız Avrasiya Birliyi ideyasının meydana gəlməsinin tarixi ilə bağlı oldu.
- Hələ 1994-cü ildən dövlət başçısı Nursultan Nazarbayev belə bir qurumun yaradılması təklifi ilə çıxış etmişdi ki, bu gün də həmin mövqeyə sadiq qalırıq. Bəzi sosial şəbəkə istifadəçiləri istisna olunmaqla, 20 il ərzində belə bir təşkilatın yaradılmasına qarşı hər hansı mövqe ortaya qoyulmadı.
- Zəif və perspektivsiz iqtisadiyyata malik Ermənistanın Avrasiya Birliyinə üzv seçilməsinə necə baxırsınız?
- Əvvəlcə bir önəmli məqamı diqqətə çatdırmaq istərdim – Rusiya, Qazaxıstan və Belarusun daxili imkanları, resursları və iqtisadi göstəriciləri bir-birinə oxşardır. Bu ölkələrin bir-birindən nəsə alıb satmaq imkanları mövcuddur. Ermənistana gəlincə, bu günlərdə bir daha statistkanı nəzrdən kçirdim - mal dövriyyəsinin həcmi olduqca kiçikdir və ümumi məbləği açıqlasam, gülməli rəqəmlərin şahidi olarsınız. Bir sözlə, Ermənistanın quruma üzvlüyü Qazaxıstana iqtisadi, Rusiya üçün isə siyasi əhəmiyyət kəsb edir. Bundan başqa, xatırlayırsınızsa, prezidentimiz Nursultan Nazarbayev Ermənistanın quruma üzvlüyünü bu ölkənin beynəlxalq qurumların tanıdığı sərhədi çərçivəsində mümkün saymışdı.
- Bu günlərdə Tiflisə səfərində Qazaxıstan Xarici İşlər nazirinin müavini Samat Ordabəyov ölkəsinin rəsmi mövqeyini ortaya qoydu və bildirdi ki, rəsmi Astana Abxaziya və Cənubi Osetiya kimi tanınmamış regionların Avrasiya Birliyinə üzvlüyünə razı deyil. Qazaxıstanın belə mövqe sərgiləməsini nə ilə izah edərdiniz?
- Diqqətinizə çatdırım ki, təkcə bizim prezidentimiz yox, Belarus dövlət başçısı da tanınmamış respublikaların qurumda üzvlüyünü yersiz sayır. Hər iki ölkənin lideri bu istiqamətdə hər hansı müzakirələrin aparılmasını belə əhəmiyyətsiz və təhlükəli görürlər. Qaydalar belədir ki, quruma üzv ölkərdən biri istənilən məsələnin müzakirəsinə veto qoysa, dərhal həmin mövzu arxa plana keçəcək. Başqa bir məqam – Avrasiya Birliyi yaranmaqda olan bir təşkilatdır və onun gələcək fəaliyyəti ilə bağlı hər hansı tələsik addımın atılması, ölçülməmiş qərarların verilməsi, o cümlədən də tanınmamış bölgələrlə bağlı məsələnin gündəmə gətirlməsi müəyyən fəsadlara gətirə bilər. Gözləyək, fəaliyyətə başlasın və yalnız bundan sonra nələrdənsə bəhs edə bilərik. Hazırda hansısa ölkənin üzv qəbul edilməsi məsələsini gündəmə gətirmək qənaətimcə, tələskənlik olardı.
- Kremlin təkidlə tanınmamış bölgələri və Ermənistan kimi problemli ölkəni Avrasiya Birliyinə üzvlüyə gətirmək istəyi Qazaxıstan üçün təhlükə yaratmırmı?
- Bir daha deyirəm – Qazaxıstanın təşkilatla bağlı mövqeyi aydındır və ölkəmiz ilk növbədə iqtisadi əlqələrin qurulub inkişaf etdirilməsində maraqlıdır. Hesab edirəm ki, tələblərə cavab verməyən yeni üzvlər quruma yaxın buraxılmayacaq.
- Başqa bir önəmli məqam – son günlərin xəbər lentlərini nəzərdən keçirsək, önümüzdə belə bir mənzərə yaranar ki, qurumun taleyi və təşkilatın tələblərindən kənar yanaşmalarla mübarizədə Prezident Nursultan Nazarbayev ilk sırada yer alıb. Qətiyyətli və kəskin mövqeyi əksər hallarda dövlət başçısının özünə qarşı çevrilir. Qazaxıstanın dövlətçilik tarixi ilə bağlı səslənən fikirlər də bu qəbildəndir…
- Öncə Rusiya prezidenti Vladimir Putinin Qazaxıstanın dövlətçilik tarixi ilə bağlı səsləndirdiyi fikirlərə toxunmaq istərdim. Gəlin, etiraf edək ki, adətən bu cür suallar öncədən hazırlanır və Putinin cavablandırdığı məsələ də müəyyən maraqların tərkib hissəsidir. Bəli, onun bu çıxışı biz qazaxlara mənfi təsir göstərdi, milli kimliyimizə toxundu və inciklik yaratdı. Hətta Rusiyaya qarşı loyal münasibətdə olan şəxslər belə narazı qaldılar. Nə üçün Pitin bu cür çıxış etdi? Deyə bilmərəm. Sadəcə, bir məqamı xatılatmaq istərdim ki, Rusiya dövlət başçısı Nazarbayevin 2011-ci ildə işlətdiyi fikirləri təkrarladı. Alma-Atıda iki ölkə arasındakı sərhədlərin delimitasiyası və demorkasiyası ilə bağlı məsələlərin hüquqi həlli başa çatan zaman Nazarbayev sevincək şəkildə bu vaxta qədər malik olmadığımız dövlətə qovuşduğumuzu dilə gətirdi. Amma bizim prezidentimizin deməyi qəbul olunsa da, başqa ölkənin, hətta bizə dost olan Rusiyanın dövlət başçısının bu cür yanaşmasını duzgün saymıram. Ukrayna hadisələri fonunda təbii ki, bu bəyanat Rusiyaya qarşı müəyyən qıcıq yaratdı. Doğrudur, Rusiyanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri xüsusi bəyanatla çıxış etdi və Putinin fikirlərinin düzgün anlaşılmadığını xatırlatdı. Lakin deyiləcək sözlər səsləndirilmişdi. Bilirsiniz, bu arada Vladimir Jirinovski də ağzına gələni danışdı. Amma qazaxlar ona fikir vermədilər ki, bu populist çıxışların müəllifi Jirinovskidir. Amma Putinlə bağlı məsələyə tamam başqa reaksiya sərgiləndi.
- Belə fikirlər də səslənir ki, Ukrayna məsələsini həll etdikdən sonra Rusiyanın növbəti hədəfi Qazaxıstan olacaq. Bu arada bəzi rus siyasətçiləri Qazaxıstana qarşı hətta torpaq iddiasına da düşdü. Belə bir təhlükə varmı?
- Etiraf etməliyəm ki, belə fikirlər səslənir, amma sosial şəbəkələr müstəvisində. Mən önəmli məqamları diqqətinizə çatdırmaq istərdim – birincisi, ərazi bütövlüyünə hörmətlə bağlı Qazaxıstanla Rusiya arasında mövcud olan hüquqi sənəd Ukrayna ilə müqayisədə tamam fərqlidir. Sərhədlərimiz tam müəyyənləşib və hüquqi sənədlər Birləşmiş Millətlər Təşkilatının müvafiq strukturuna göndərilib. Şərti desək, sabah Qazaxıstanla Rusiya arasında hər hansı qarşıdurma olarsa, bu, Ukraynadakı kimi, pravoslav inanclı iki qardaş xalqın deyil, türk-slavyan dünyasının və xristyanlıqla islamın üz-üzə gəlməsi olardı. Əlbəttə ki, hadisələrin bu cür inkişafını heç kim arzulamır. Beləliklə də, elə bir əsas yoxdur ki, şimal qonşumuzla hər hansı gərginliyin yaşanacağını dilə gətirək. Ərazi iddiası ilə bağlı səslənən fikirlərlə də razılaşmıram. Qazaxıstanda rusafobiya yoxdur, biz olduqca tolerant bir ölkəyik. Qazaxıstanın 30 faizini ruslar təşkil edir. Bilmirəm təəssüf edim, ya da xoş olay kimi diqqətə çatdırım –qazaxlar nadir xalqlardandır ki, öz dogma dilində pis bilirlər. Ölkə vətəndaşlarının əksəriyyəti rus dilində danışır, ünsiyyət qururlar. Ona gərə də, Rusiya və Qazaxstan əlaqələrinin gərginləşəcəyini düşünmək üçün ortada bircə zəmin belə yoxdur. Əsrlərdir yan-yan yaşayırıq, qazaxlarla ruslar arasında bir dostluq əlaqələri qurulub. Qazaxıstan həmişə Rusiya ilə inteqrasiyanın vacibliyini nümayiş etdirir.
- Ana dili ilə bağlı problem bir xalqın mövcudluğuna təhlükə yaratmırmı?
- Tamamilə haqlısınız, son zamanlar bu istiqamətdə müəyyən narahatlıqlar meydana gəlməkdədir. Əvvəlki suala qayıtmaq istərdim və dediyim kimi, gərginliyə gətirəcək əsas yoxdur. Amma bu o demək deyil ki, Ukrayna hadisələri bizi müəyyən önləyici addımlar atmağa vadar etməyəcək.
- Azərbaycanlılar üçün ağrılı məsələ olan Dağlıq Qarabağ məsələsinə toxunmaq istərdim. Zəhmət olmasa, münaqişənin həllində rəsmi Astananın mövqeyinə və Qazaxıstan cəmiyyətinin bu problem barədə nələri bilmələrinə aydınlıq gətirərdiniz.
- Diqqətinizə bir neçə önəmli məqamı çatdırmaq istərdim və hesab edirəm ki, sadalayacağım məsələlərə sizlərin də nəzər yetirməsi olduqca vacibdir. Qazaxıstan Rusiyanın informasiya məkanına daxildir və əksər hallarda region, o cümlədən də Azərbaycanla bağlı son xəbərləri məhz şimal qonşumuzun kütləvi informasiya vasitələrindən alırıq. Pisdir, yaxşıdır – amma bu faktdır. Bir qədər də səmimi danışsaq, etiraf etməliyəm ki, bizdə Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlar məhduddur və az sayda vətəndaşlarımız problemə bələddir. Çoxları münqişənin mahiyyətini unudublar. Az araşdırmalar var və Qazaxstanda sözügedən münaqişə barədə nadir hallarda bəhs edilir. Təklif edərdim, jurnalistlərin, siyasi şərhçilərin və cəmiyyətimizin digər təbəqələrinin nümayəndələrinin qarşılıqlı səfərlərini təşkil edək. Xəbərləri üçüncü ölkələrdən deyil, birbaşa alaq. Birgə sənədli filmlərin çəkilməsi, iqtisadi əlaqələrə dair davamlı proqramların hazırlanması da sadaladığım məsələlər sırasında olsun.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?