Mehriban Vəzir: “Ölkəni qaranlıqlar aparılmasında, sərvətlərin yağmalanmasına xidmət edənlərin Əkrəm Əylisli haqda danışmağa haqqı yoxdur”
Suallara İctimai Palatanın Koordinasiya Şurasının üzvü, publisist Mehriban Vəzir cavab verib. Mehriban xanım əsasən son günlər səs-küyə səbəb olam “Daş yuxular” romanından və ölkənin siyasi gündəmini dəyişmək üçün edilən cəhdlərdən bəhs edib. - Əkrəm Əylislinin “Daş yuxular” adlı əsərinə münasibət birmənalı deyil. Roman ölkəni bir-birinə qatıb. Siz bir publisist kimi Əkrəm Əylislinin yazdıqları və ona qarşı yazılanlara münasibətiniz necədir? - Əkrəm Əylislinin mövqeyinin romandakı formada ifadə etməsi heç də ürək açan deyil. Amma Əkrəm müəllimin fikri budur, o bu cür düşünür. Biz neyləyə bilərik ki? Yalnız təəssüf edə bilərik, başqa addım ata bilmərik. Əkrəm Əylislinin bir yazıçı olaraq istədiyini yazmaq hüququ var. Lakin Əkrəm müəllimə münasibət də mənim xoşuma gəlmir. Yəni gənclərin bu şəkildə etirazını təşkil etmək yanlış haldır. Bu gənclərin əksəri Əkrəm müəllimin sözügedən əsərini oxumayıb, onun digər əsərləri ilə tanış deyil, bu şəxsin Azərbaycan ədəbiyyatına verdiyi töhvələrdən bixəbərdilər. Və bu adamlar durub yazıçının evinin qarşısında aksiya keçirir. Bu göstərir ki, baş verənlər siyasi sifarişdir. Bu sifariş Prezident Administrasiyasından gəlir. Nəzərə almaq lazımdır ki, piketlərin keçirilməsi üçün müvafiq müraciət edilir, bu razılaşdırılır. Amma siz baxın, nədənsə Müsavat Partiyasının qərargahının önündə, AXCP sədri Əli Kərimlinin evinin önündə və indi də Əkrəm Əylislinin mənzilinin qarşısında aksiya keçirilir. Bu biabırçı haldır. Tutaq ki, Əkrəm müəllim ədəbiyyatda ermənilərin xeyrinə nəsə yazıb. Amma siz baxın görün ki, Azərbaycanda idarəçilikdə olan insanlar arasında nə qədər şəxslər var ki, Ermənistanda biznes qurublar, ticarət əlaqəsi yaradıblar, düşmənə nəfəs imkanları verirlər. Əgər bu aksiyanı təşkil edən gənclər doğurdanda ölkənin milli maraqlarını qoruyurlarsa, onda gedib ermənilərlə biznes əlaqəsinə girən məmurların evi qarşısında da mitinq keçirsinlər. Yəni işin nə o tərəfi, nə də bu tərəfi xoş deyil. Amma mən belə başa düşürəm ki, bu tərslik həmdə Əkrəm Əylislinin xarakteri ilə bağlıdır. Əkrəm müəllim bir neçə ildən bir qəribə fikirlər səsləndirir. Bəzən işğal olunan torpaqlarımız, ölkəmizin ərazi bütövlüyü haqqında yumşaq fikirlər səsləndirir, gah milli azadlıq hərəkatını ələ salır, gah da indiki mövqedə dayanır. Yəni yazıçı belə düşünür və bu da onun mövqeyidir. Mən belə düşünmürəm və buna görə də təəssüf hissi keçirirəm. Əkrəm Əylisli erməniləri yazıq və məzlum kimi göstərir. Mən isə düşünürəm ki, ermənilər hansı ölkədə və dövlətdə yaşamasından asılı olmayaraq fürsətləri olan kimi xəyanətə əl atır, qırğınlar törədir və sonra da özləri qırılmalı olurlar. Tarixçilər də bunu birmənalı qəbul edir. Əkrəm müəllim isə bunun əksini deyir. Məsələn, mənim kimi çox insanlar düşünür və həqiqətdə budur ki, Azərbaycanda böyük milli azadlıq hərəkatı olub. Ancaq Əkrəm Əylisli bu hərəkatda iştirak etməyib. İndi o bu hərəkat haqqında “Daş yuxular” adlı romanında işlətdiyi sözlərdən də ağır sözlər deyir. Bunun mövqeyi belədir də. Biz onu güllələyə bilmərik. Mənim ona hörmətim var. XX əsr Azərbaycan Ədəbiyyatını Əkrəm Əylisli olmadan təsəvvür eləmək mümkün deyil. Belə baxanda ədəbiyyatımızda Əkrəm Əylislidən savayı kim var ki? Bir neçə nəfər var və onunda birincisi Əkrəm müəllimdir. Hər 5-6 ildən bir Əkrəm Əylislinin xarakteri özünün əksinə işləyir. Sanki özündən asılı olmayaraq özünü daş-qalaq etdirir, cəmiyyəti özünə qarşı qaldırır və onu müdafiə etmək istəyənlər də çətin vəziyyətə düşürlər. Bizim kimi adamlar bilir ki, Əkrəm Əylislidən nə vətən xaini çıxa bilər, nə xəyanatkar ola bilər, nə də neqativ deyilənlər ona aid ola bilər. Ancaq onun xarakterində belə ziddiyyətlər və ya qəribəlik var. Hər 5-6 ildən bir cəmiyyət Əkrəm müəllimə hücum edir, çünki o cəmiyyətin dəyərlərinə hücum edir. O da, Bakıdan küsub gedir Əylisdə yaşayır və bir müddət sonra bura qayıdır. Cəmiyyətimiz də onu sevə-sevə qəbul edir, hörmət zirvəsinə qaldırır. Və hacansa yazıçı yenidən dəyərlərə hücum edir. Bu Əylislinin həyat tərzi, xarakteri, yaradıcılığıdır. Çox maraqlı və izah olunmazdır. - Onun vətəndaşlıqdan çıxarılması, ölkədən qovulması, aldığı ödüllərin geri qaytarılması kimi fikirlər səsləni. Özü də, bu məsələlər Milli Məclisdə müzakirə edilir. Bu siyasi kampançiyalıq Əkrəm Əylislinin ölkəni tərk etməsinə və ilk dissident yazıçısı adına sahib çıxmasına gətirib çıxara bilərmi? - Əlbəttə ki, bu mümkündür və həm də dözülməzdir. Əkrəm Əylisli hələ SSRİ zamanı Moskvada tanınan və qəbul edilən şəxs olub. Amma Bakıdan küsəndə doğma Əylis kəndinə çəkilir. Mənə elə gəlir ki, bundan o yana olmaz. Əkrəm müəllimin belə yazmasına baxmayaraq bu torpaqara çox bağlı adamdır. Mənim müşahidələrim budur. Əkrəm Əylisli bu ölkədən getməz. İkincisi də, Əkrəm müəllimin bu ölkədə yaşamağa daha çox haqqı var, nəinki onun ölkədən getməsini və vətəndaşlıqdan çıxarılmasını tələb edən şəxslərin. Əkrəm müəllim şübhəsiz ki, dəyərlərə toxunub. Amma işin o tərəfində, siyasət, ölkənin ictimai siyasi həyatı durur. Bu gün Azərbaycan hər yerində lokal etirazlar var, insanları etirazlar edir. Ölkədə baş verən etirazlar yalnız hakimiyyətə yönəlib. Bu məqamda hakimiyyətin əlinə fürsət düşdü ki, Ziyalılar Forumunun üzvü, yazıçı, ictimai xadim olan Əkrəm Əylisliyə hücum etsin. Bu fürsəti Əkrəm müəllimin özü verdi. Hakimiyyət olayı böyütmək, onun evinin qarşısına gəncləti göndərmək, tabuat hazırlamaqla teatral düzəltdi. Bununla da, cəmiyyətin diqqətini bura yönəldirlər ki, insanlar hakimiyyətin idarəetməsində olan etirazlardan deyil, Əkrəm Əylislinin xatalarından danışsın. Amma bu da çox getməz. Çünki Əkrəm Əylislinin etdiyi hərəkətlər Milli Məclisdə onun haqqında fikir işlədən şəxslərin bu xalqa etdikləri zülmün qarşısında dəryada bir damladır. Bu məsələ tədricən ortadan çıxacaq. Çünki burada söhbət bir romandan gedir. Amma Milli Məclisdə danışanların, Əkrəm Əylisliyə qarşı məzhəkə düzəldənlərin özləri bu vətənə elə yaralar vurublar ki, bu yaralar 50 il sonrada sağalası deyil. Belə söz var: böyük oğrular kiçik oğruları tuturlar. İndi böyük günah sahibləri kiçik günah sahiblərini ittiham edirlər. Milli Məclisin Əkrəm Əylisli haqqında nəsə deməyə ümumiyyətlə haqqı yoxdur. Fkrimcə, mən zümrədə olan insanların Əkrəm müəllimi daha çox tənqid etməyə hazqqı var. Bir sözlə bu kimi məsələlərə etiraz eləmək, qınaqlar səsləndirməkdə mənim kimi insanların daha çox mənəvi haqqı var. Amma Azərbaycanda ən azı saxta seçkilərin nəticəsində gedib Milli Məclisdə oturan və ölkəni qaranlıqlara sürüklənməsinə, gələcəyinin oğurlanmasında, var-dövlətinin, milli sərvətinin yağmalanmasında əməyi olan insanlar Əkrəm Əylislini bir romanına görə ittiham edirlər. Ölkəninin sərvətlərini və gələcəyini oğurlayıb, Azərbaycanı cəhalətə salan insanlar xalq yazıçısına etiraz məzhəkəsi düzəltmək üçün fərman verirlər. Bu gerçəkdən gülməlidir. Doğurdan da, böyük və bağışlanmaz günah sahibləri kiçik günah sahiblərini edam edirlər. Təəssüflər olsun ki, dünya əzəldən belə olub. - Niyə Əli Kərimlinin, Müsavat Partiyasının və Əkrəm Əylislinin evi qarşısına aksiya keçirmək olar, amma hakimiyyətə qarşı aksiya keçirmək olmaz? - Cəmiyyət bu suallara çox sadə cavab verir. Hər kəs deyir ki, bu aksiyanı hakimiyyət təşkil edib. Əldə bunu sübut edən dəlil də var. Əgər bu aksiyaları hakimiyyət təşkil etməyibsə, buyurub onları da polis həbs etsin, inzibati qayda da cəzalandırsın və ya 500-600 manat cərimələsin. Əlbəttə bu ölkədə hər şey siyasi göstərişlərə bağlıdır. O aksiyaya çıxan gənclik müstəqil düşünmək imkanında deyil. Onlara komanda veriləndə hakimiyyətin istədiyi məkanda aksiya keçirib gedirlər. Bu zaman aksiya üçün icazə alınmır, cərimə tətbiq edilmir, polis öz kefində olur. Belə görünür ki, aksiyanın sifarişini hakimiyyət verəndə cərimə tətbiq edilməyəcək, kimsə saxlanılmayacaq. Hakimiyyətdən kənar baş verən aksiyalar zamanı cəzalar, həbslər və cərimələr olacaq. Bunun da, bir adı var. Ölkədə siyasi ədalət və siyasi mədəniyyət yoxdur. Azərbaycanda sosial və siyasi ədalətin tarazlığı illər əvvəldən pozulub. Sosial və siyasi ədalətin omadığı ölkələrdə isə hər şey ola bilər. - Əkrəm Əylisli “Daş yuxular” əsərini 2007-ci ildə, deputat olduğu dövrdə yazıb. Bəs niyə Ramiz Mehdiyevlə bağlı ifşaedici videolar ortaya çıxandan, İsmayıllıda insanlar üsyana qalxandan dərhal sonra bu əsər siyasi gündəmə gətirildi. Bu təbii şəkildə baş verdi, yoxsa bütün bunlar siyasi texnologiyanın nəticəsidir? - Siz dediyiniz kimi Əkrəm müəllim bu romanını 5-6 il əvvəl yazıb, amma əsər bir neçə ay öncə çap edilib. Hakimiyyət sanki yazıçıların əsərlərini, ədəbiyyatı ciddi şəkildə izləyir. Və yaxud ədəbiyyat üzrə müfətişləri var. Məsələn, Rüstəm İbrahimbəyovla bağlı münasibətlər niyə pozuldu? Çünki İbrahimbəyovun bir romanı çap olundu. Bu əsərdə də, Azərbaycanda baş verən cinayət hadisələri, Ziya Bünyadovun ölümü ilə bağlı məsələlər diqqətə gətirilirdi. Bundan sonra İbrahimbəyovun dost olduğu klanla münasibətləri pozuldu və o arzu olunmaz şəxsə çevrildi. Hakimiyyət tanınmış şəxslərə o zaman orden verirlər ki, onu özlərinin adamı hesab edirlər. Əkrəm Əylisli də, əslində bunlara o qədər yad adam olmayıb. Ona orden veriblər, deputat ediblər. İndi Əkrəm Əylisli başqa mövqedə dayanıb. O Ziyalılar Formundadır və bu forumda hakimiyyətə müxalifət mövqedədir. Hakimiyyətdə indi yaranan situasiyadan istifadə edib Əkrəm Əylislini cəzalandırmaq istəyir. Əlbəttə burada siyasi gündəmi dəyişmək məqsədi də var. Ortada Elşad Abdullayevin videoları var və bu videolarda mandat alverçilərindən bəhs edilir, regionlarda üsyanlar baş qaldırır. Belə məqamda böyük oğrular yaddan çıxmaq üçün diqqəti başqa istiqamətə yönəltmək istəyirlər. Bu zaman da “Daş yuxular” romanı əla fürsət rolunda çıxış edir. Amma Azərbaycan insanı üçün bir yazıçının erməniləri müdafiə etməsi xoş deyil. Lakin Azərbaycan vətəndaşı onun srəvətini, var-dövlətini, ədalətli seçkisini oğurlayan zümrəyə nifrət edir. Odur ki, onunla bunu kompensasiya etmək mümkün deyil. İnsanlara son 20 ildə edilən zülmü heç nə ilə əvəzləmək mümkün deyil. Əkrəm Əylislinin əsəri müvəqqəti məsələdir, amma böyük dərdlər və bəlalar ortadadır. - Siz İctimai Palatanın Koordinasiya Şurasının üzvüsünüz. Bu məsələ Koordinasiya Şurasında müzakirə edilibmi, əgər edilibsə ümumi mövqe necədir? - Xeyr. Bizim son toplantımızda bu məsələ müzakirə edilmədi. Çünki onda bu mövzu böyük vüsət almamışdı. Koordinasiya Şurası bu məsələni müzakirə etməyib. Ola bilsin ki, növbəti iclasda bu haqda müzakirələr aparaq.
Sorğu
Yeni dizaynımız necədir?