Elçin Sadıqov: “Gündəm xəbər” qəzeti öz tənqidi yazılarına görə hədəfə çevrilib”
Bəlli olduğu kimi “Gündəm xəbər” qəzetinin heç kimi fərq qoymadan tənqid etməsi, heç bir siyasi və iqtisadi qrupa bağlı olmaması çoxlarına xoş gəlmir. Görünən budur ki, müstəqil mətbuatı sevməyənlər arasında elə mətbuata son dərəcə bağlı olan şəxslərdə var. Misal kimi Mətbuat Şurasını göstərmək olar. Məhz Mətbuat Şurasının qəzetlə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciətindən sonra son iki ildə qəzetin həm yaradıcı, həmdə maliyyə vəziyyətinə ciddi təsir göstərib. Nəticədə Vergilər Nazirliyi əsassız olaraq qəzetin vergidən qaçdığını əsas gətirərək onu 106 min manat cərimələyib, qəzet iki ilə yaxındır ki, təzyiq altında qalıb. Hazırda bu istiamətdə qəzet öz hüquqlarını qorumaq məqsədilə hüquq mübarizəsi aparır. Fevralın 8-də Vergilər Nazirliyinə qarşı iddia ilə bağlı növbəti proses keçiriləcək. Bütün bu mövzularla bağlı suallarımıza Media Hüququ İnstitutunun hüquqşünası, “Gündəm xəbər” qəzetinin vəkili Elçin Sadıqov cavab verib. - Elçin bəy, “Gündəm xəbər” qəzetinin məhkəmə prosesi ilə bağlı son durum nədən ibarətdir? - Hazırda iş 1 Saylı İnzibati-İqtisad Məhkəməsindədir. Bu bizim iddiamız əsasında olan prosesdir. İndiyə qədər məhkəmə prosesi keçirilməyib. Hazırlıq iclası fevralın 8-nə təyin edilib. Qeyd eləmək lazımdır ki, bizim məhkəmədə iddia qaldırmağımız üçün kifayət qədər əsaslar olub. Beləki qəzetdə vergi yoxlaması sifarişli şəkildə həyata keçirilib. Bunun nəticəsində isə sifarişli bir rəy alınıb. Qəzetin bütün sənədlərinin vergi orqanlarına təqdim edilməsinə baxmayaraq vergi orqanı əssasız olaraq “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin tirajını “Gündəm xəbər” qəzetinə hesablayıb. Bunun əsasında da, qəzetin tirajı süni şəkildə, sənədlərdə çox göstərilib, qəzetlərin yüz faiz satıldığı iddia edilib və bunun əsasında da vergi hesablanıb. Bu da adi bir qanunsuzluqdur. Yəni qəzetin real gəliri, satışı və xərcləri nəzərə alınmayıb. Biz bu qanunsuzluq səbəbindən məhkəməyə müraciət etmişik. Hazırda iş Bir Saylı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Elçin Məmmədovun icraatındadır. - Fevralın 8-də məhkəmə prosesi keçiriləcək. Siz məhkəmədən nə gözləyirsiniz? - Öncə deyim ki, biz haqlı tərəfik. Haqlı tərəf olduğumuzdan məhkəmənin səyyar vergi yoxlama aktının ləğv etməsini gözləyirik. Çünki səyyar vergi yoxlaması aktının özü həqiqəti əks etdirmir. Eyni fəaliyyətlə məşğul olan “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin dövriyyələrini “Gündəm xəbər” qəzetinə tətbiq etməyin özü ədalətsilik və qanunsuzluqdur. Ümumiyyətlə Azərbaycanda qəzetlərin heç birinin yüz faizlik satışı yoxdur. Bu mənada “Gündəm xəbər” qəzetinin yüz faizlik satışının iddia olunması da, qanunsuz haldır. Biz gözləyirik ki, məhkəmə qeyd etdiyimiz məqamları nəzərə alaraq iddiamızı təmin edəcək. Bizim iddiamızda tələblərimiz açıq qoyulub. Biz tələb edirik ki, Vergi Auditi Departamentinin səyyar vergi yoxslaması aktı etibarsız hesab olunsun. Həmçinin vergi qanunvericiliyinin pozulmasına görə, məsuliyyətə cəlb olunma haqqında qərar ləğv edilsin. - Bu məsələnin mahiyyəti haqqında ətraflı məlumat verə bilərsinizmi, hansı səbəblərdən qəzetimizin fəaliyyətinə maneçilik törədilir və bu cür addımlarla onun qapadılmasına çalışılır? - Söhbət ondan gedir ki, “Gündəm xəbər” qəzeti öz yazılarına görə hədəfə çevrilib. Birinci problem Mətbuat Şurası ilə qəzet rəhbərliyi arasında münasibətlərdən yaranıb. Bundan sonra qəzetlərin inkişafı üçün əlindən gələni etməli olan Mətbuat Şurası Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi isə qanunvericilikdə əsas olmadan, heç məhkəmə qərarı verilmədən səyyar vergi yoxlaması təyin edib. Səyyar vergisi yoxlaması da, sifariş nəticəsində akt tərtib edib. Həmin akta görə, “Gündəm xəbər” qəzetinin sahibi Şirin Cəfərli guya 70 min manatdan çox maliyyəni vergidən yayındırıb. Bundan başqa, Şirin Cəfərliyə sözü gedən 70 min manatın 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilib. Biz əlbəttə ki, bununla razılaşa bilmərik. Məhz bu səbəbdən də, məhkəmə qarşısında iddia qaldırmışıq. Biz həm səyyar vergi yoxlanılması aktının etibarsız elan hesab edilməsini, həm də, məsuliyyətə cəlb olunması haqqında qərarın ləğvi məsələsini qoymuşuq. - Səyyar vergi yoxlanması aktı hansısa məhkəmə qərarı əsasında həyata keçirilib, yoxsa sırf inzibati qayda da verilən tapşırıq əsasında? - Xeyr. Burada söhbət məhkəmə qərarından getmir. Sadəcə səyyar vergi yoxlaması keçirilib və sonda akt tərtib edilib. Yuxarıda qeyd etdiyim məqamlar da bu aktda göstərilib. - Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu məsələni araşdırıbsa, bəs niyə proseduraya uyğun olaraq bu iş məhkəməyə gəlməyib? - Siz tamamilə haqlı sual qoyursunuz. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əgər indiyə qədər hansısa bir vergidən yayınma faktını aşkar etsəydi, təbii ki, siz dediyiniz addımı ataraq işi məhkəməyə göndərərdi. Amma nəzərə alın ki, bu iş düz iki ilə yaxındır ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsindədir. Ancaq biz görürük ki, bu iş üzrə məsələ iki ildir ortada olsa da, hüquqi istiqamətdə addım atılmayıb. Əvəzində Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu işi araşdırmaqda davam etdirir. - Söhbət ondan gedir ki, qəzetin guya vergidən yaydığı iddia edilib və bu səbəbdəndə redaksiyanın üzərinə 70 min manat qoyulub, üstəlik bu məbləğin 50 faizi miqdarında əlavə maliyyə sanksiyası tətbiq edilib. Sizcə, məhkəmə qərarı olmadan bunu etmək nə dərəcədə qanunidir? - Səyyar vergi yoxlamanın aparılmaının nəticəsində belə qərar verilib. Qərarı Auditor İdarəsi qəbul edib. Bununla bağlı əlbəttə qanunvericilikdə məhkəmənin qərarı nəzərdə tutumur. Qəbul edilən qərar icra olunmaq məqsədilə müvafiq orqanlara göndərilir. Bundan sonra qəzetin hesablarına həbs qoyulur və s. Ancaq səyyar vergi yoxlanması haqqında məhkəməyə müraciət edilibsə, qanunvericiliyə uyğun olaraq məsuliyyəti cəlb etmək haqda qərarın icrası dayandırılır. Ancaq biz məhkəmə prosesində qalib gələcəyimizə ümid edirik. Çünki bu məsələdə haqlı tərəf bizik. - Qanun tələblərinin pozulması əsasında bu cür qərarların qəbul edilməsi qəzetin fəaliyyətinə problem yaradırmı? - Mən daha çox qəzetin hüquqi məsələlərinə baxıram, konkret olaraq söhbət etdiyimiz məsələ ilə məşğul oluram. Sizin sualınız isə daha çox qəzetin redaksiyasına ünvanlanmalıdır. Mən qəzetin gündəlik fəaliyyəti ilə dərindən məlumatlı deyiləm. Amma istənilən sifarişli qərar problem yaradır. - Məhkəmə qərarı ilə qəzetin fəaliyyəti dayandırıla bilərmi? - Biz məhkəmədə iddia qaldırmışıq. Nə qədər ki, tərəflər arasında hüquq davası yekunlaşmayıb qəzetin fəaliyyəti dayandırıla bilməz. Yəni bu müddət ərzində qəzetin üərinə qoyulan 106 min manat maliyyənin ödənilməsi üçün tədbirlərin həyata keçirilməsinə başlanıla bilməz. - Elçin bəy, siz uzun müddətdir ki, qəzetlərin və jurnalistlərin vəkili qismində proseslərdə iştirak edirsiniz. Azərbaycan reallığında müstəqil və heç kimdən asılı olmayan bir qəzetin 70 min manat vergidən qaçması, habelə 106 min cərimə ödəməsi nə dərəcədə mümkündür? - Azərbaycanda 106 min manat cərimə ödəməyə heç bir qəzetin imkanı yoxdur. Təbii ki, mən nisbətən azad və maliyyələşməyən qəzetləri nəzərdə tuturam. Öz satışından özünü maliyyələşdirən qəzetlərin böyük imkanları yoxdur. Mən tam əminəm ki, hakimiyyətin rəsmi və ya qeyri rəsmi maliyyələşdirdiyi qəzetlərdən savayı digər qəzetlər bunu ödəyə bilməz. Bunu hər kəs bilir. - Məhkəməyə müraciət etməzdən öncə Vergilər Nazirliyinin Audit Departamentinə müraciət edərək razılaşmaq mümkün deyildimi ? - Bizim Vergilər Nazirliyinin yanında Vergi Auditi Departamentinə ərizə ilə müraciətimiz olub. Bütün sənədlərimizi də onlara təqdim etmişdik. Təbii ki, vergi yoxlaması sifarişli keçirildiyindən 2011-ci ilin sentyabrında bizim bu quruma verdiyimiz ərizə ləğv edildi. Səbəb də, bu oldu ki, biz əsassız olaraq onlara müraciət etmişik. Bizdə məcbur qalıb məhkəməyə üz tutduq. - Hazırda Korrupsiyaya Qarşı Mübarizə İdarəsində olan bu işin taleyi necədir və bundan sonra nələr ola bilər? - Korrupsiyaya Qarşı Mübarizə İdarəsində olan işdə elə bu işdir. Ümumiyyətlə deyim ki, qanunvericiliyin tələblərinə görə, Vergilər Nazirliyi yanında vergi cinayətlərinin ibtidadi araşdırılması departamentindən başqa heç bir orqan vergi cinayətlərinə dair araşdırma apara bilməz. O cümlədən də Korrupsiyaya Qarşı Mübarizə İdarəsi. Amma istintaqın Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılması və belə yüksək məbləğdə vergilərin hesablanması göstərir ki, bu proses idarə edilir. Bütün hallarda “Gündəm xəbər”-in boğulmasına və fəaliyyətinin dayanmasına yönəlib. - Azərbaycan hüquq-məhkəmə sistemində heç kimin gözləmədiyi hallar baş verə bilir. Bu mənada “Gündəm xəbər”-in təsisçisi və ya baş redaktorunun həbs edilmə ehtimalı nə qədərdir? - Faktiki olaraq ortada vergi qanunvericiliyinin pozulması baş veribsə, bütün hallarda bu ehtimallara əsaslanmamalıdır. Səyyar vergi yoxlaması aktında eyni fəaliyyətlə məşğul olan qəzetlər misal olaraq gətirilir. “Azadlıq” qəzeti nə sayda tirajla nəşr edilir və satılırsa, digər qəzetlərdə bu cürə satılmaya bilər. Amma vergi orqanı ehtimal edir ki, bütün qəzetlərin tirajı eynidir və yüz faiz satılır. Ancaq hər kəsə bəllidir ki, normal və müxalifət yönlü qəzetlər içərisində ən yüksək tirajla satılan mətbuat orqanları “Yeni Müsavat” və “Azadlıq” qəzetidir. Onların fəaliyyətini başqa qəzetlərə aid eləmək düşündürücüdür və bu ehtimaldır. Buna görə, heç kimi həbs edə bilməzlər. - Siz müdafiəni necə qurmusunuz, əlinizdə hansı faktlar və hüquq davasını hansı stansiyaya qədər aparacaqsınız? - Biz öz haqqımızı sona qədər müdafiə edəcəyik. Əgər haqqımız burada təmin edilsə əlavə şikayət verməyəcəyik. Yox, əgər təmin edilməsə, şübhəsiz ki, Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcəyik. Biz məhkəməyə redaksiyada aparılan yoxlama zamanı qəzetlərin hansı tirajla çap edilməsinə dair sənədlər təqdim etmişik. Eyni zamanda qəzetlərin satışından əldə olunan məbləğlə bağlı sənədlər təqdim etmişik. Məhkəmədə də, tam sübut olunub ki, yazılan akt 99 faiz şişirdilib. - Elçin bəy, siz hüquqi sahədə müdafiə işini həyata keçirirsiniz. Bəs ictimai sahədə bir müstəqil qəzetin müdafiəsi üçün atılan addımlar normaldırmı? - Dediyiniz kimi, mən sırf hüquqi müdafiəsi ilə məşğulam, bir vəkil olaraq üzərimə düşən vəzifəni yerinə yetirirəm. Sona qədər də, öz fəaliyyətimi davam etdirəcəyəm. Media Hüququ İnstitunun hüquqşünası olaraq biz söz azadlığını sona qədər müdafiə edəcəyik. - Siz vəkil kimi uzun müddətdir ki, jurnalistlərin və qəzetlərin hüquqlarını müdafiə edirsiniz. Bəs məhkəmələrdə qəzetlərlə bğlı ədalətli qərar verilməsinə nail olmaq olurmu? - Çox nadir hallarda olur. Buna səbəb mediaya qarşı olan təzyiqlər, hökumətin mətbuata olan münasibətdidir. Mənim müşahidələrimə görə, müxalifət yönlü qəzetlərin boğulması xətti görünür. Məhkəmələr əsasən bu xətti müdafiə edirlər. Bizdə müstəqil məhkəmə yoxdur. Ümumiyyətlə məhkəmələr məhkəmə anlayışına cavab vermir. Bu səbəbdən də, biz bəzən ədalətli işlə bağlı ədalətsiz qərarların şahidi oluruq. Hakimlərin təyinatının özündə problem var. Hakimlərdə belə qənaət formalaşıb ki, onları prezident təyin edib və onlarda şəxsən prezidentə tabe olmalıdır. Odur ki, məhkəmələr icra hakimiyyətindən tam asılıdır. Rellıqda da, sözə baxmayan hakimi cəzalandırmaq olur. Belə bir vəziyyətdə müstəqil məhkəmə sistemindən söhbət gedə bilməz. Nemət Orucov
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?