Elçin Behbudov: “Sən korrupsiya ilə məşgulsan və cinayətkarsan
“Gündəm xəbər”-in sullarına İşgəncələrə Qarşı Azərbaycan Milli Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov cavab verib. Hüquq müdafiəçisi ölkədə insan haqlarının vəziyyətindən, prezident İlham Əliyevin keçirdiyi son müşavirə və məmurlara etdiyi xəbərdarlıqdan, harın məmur və deputatların hərəkətlərindən danışıb, vəziyyətdən çıxmaq üçün atılması vacib olan addımlarla bağlı fikirlərini açıqlayıb. - Elçin müəllim, İlham Əliyev son müşavirədə məmurları, eləcədə onların övladlarını ciddi şəkildə danladı, hətta harınlıq etdiklərini bəyan etdi. Bu fakta sizin münasibətiniz necədir? - Mən bir hüquq müdafiəçisi olaraq prezidentin müşavirə zamanı dediklərini və məmurlara etdiyi xəbərdarlığa müsbət yanaşıram. Ümumiyyətlə həmin müşavirədə prezidentin ortaya qoyduğu mövqe çox doğru idi.Mən adlarını hallandırmaq istəmədiyim bəzi dövlət məmurlarının harınlamış övladları ağıllarına gələni edirlər. Cəmiyyətimiz də onları tanıyır və kimlər olduğunu bilir. Bəzi dövlət məmurlarının harınlayan övladları restoranlarda, əyləncə və istirahət mərkəzlərində nəlayiq hərəkətlər edirlər. Və bəzən üzərlərində qanunsuz gəzdirdikləri silahla ictimai yerdə olduqlarını unudaraq atəş də açırlar. Bu harınlar 200-300 min manat qiyməti olan avtomobillərdə gəzir, dəyəri milyon manatdan çox olan villalarda və bağ evlərində yaşayırlar. Soruşan lazımdır ki, bu pulları onlar hardan əldə ediblər. Heç şübhəsiz ki, onlar və məmur olan ataları bu pulu insanların cibinə girməklə əldə ediblər. Dövlət başçısı tutaq ki, bir nəfərə etimad göstərib onu icra başçısı təyin edir. O şəxs icra başçısı təyin olunandan sonra elə bilir ki, rayon ona ata-babasından qalıb, orada istədiyi kimi davrana bilər, haranı istəsə özəlləşdirə, özünə şadlıq evləri, restoranlar, mehmanxanalar aça bilər. Həmin icra başçısının qohum-əqrabaları isə rayonda mütləq at oynatmalıdır. Əlbəttə belə olmamalıdır. Bu cür olanda onun nəticəsi də çox pis olur. Əslində mənim dediklərim bəzi millət vəkillərinə də şamil olunmalıdır. - Nə mənada şamil olunmalıdır? - Çünki bəzi millət vəkilləri korrupsiyanı pisləsələr də, gözləri etdikləri əməlləri görmür və görmək də istəmirlər. Deputatlar hansı pullarla yaşayış binaları, göydələnlər, restoranlar, şadlıq evləri və böyük obyektlər tikdirirlər? Hələ ildə bir dəfə də övladları bahalı avtomobillərini dəyişdirir. Yəni bəzi deputat və məmurların övladları bir avtomobili bir ildən artıq sürmürlər. Biz Bakıda yaşayırıq və şəhərdə daima gəzirik. Bəzən soruşuruq ki, bu göydələni kim tikdirir. Tanıyanlar da deyirlər ki, bunu filan deputat tikdirir. Bir başqasından soruşursan ki, bu şadlıq evi kimə məxsusdur, deyirlər ki, bəs bu obyekt də başqa deputatındır. Adama deyərlər ki, deputat hara şadlıq evi, göydələn tikmək hara? Deputat bu pulu hardan tapıb ki, belə dəyəri milyonlarla ölçülən 20 mərtəbəli binalar tikdirir? Danışanda da, utanıb qızarmadan insan hüquqlarından danışırlar. Ancaq cəmiyyət də onları yaxşı tanıyır. Məmur və onların övladlarının özbaşınalığına son qoyulmalıdır. Çünki bütün bu neqativ hallar çox acınacaqlı sonluqla nəticələnə bilər. Mən əminəm ki, prezidentin bu tənqidi çıxışından sonra bəzi dövlət məmurları və onların harın övladları bundan nəticə çıxaracaq. Hər halda mən buna ümid edirəm. - Deyirsiniz ki, bəzi deputatlar göydələnlər tikdirirlər. Bununla bağlı konkret faktlar varmı? - Fakt deyəndə ki, cəmiyyətin içində yaşayırıq, baş verənləri insanlar görür. Birdə görürsən ki, dəbdəbəli bina və ya şadlıq evi tikirlər. Maraqlananda bəlli olur ki, bu hansısa deputata məxsusdur. Mən anlamıram ki, deputat millət vəkildidir, yoxsa biznesmen. Baxın, Konstitusiya Məhkəməsinin hakimi hara, tibbi klinika hara? Gedirsən klinikaya və maraqlananda bəlli olur ki, Konstitusiya Məhkəməsinin hansısa hakiminə məxsusdur. Prezdentin sərəncamı var. Deputat, dövlət məmuru və hakim kommersiya ilə məşğul ola bilməz. Onda belə çıxır ki, qanun cəmiyyətin bir qisminə aiddir, başqa bir qisminə isə aid deyil? Belə olmaz. Mən bir daha deyirəm ki, var-dövlət heç kimə babasından qalmayıb. Əgər bir dövlət məmuru hansısa binanı tikdirirsə və bunu bir yetimin adına qeydiyyata salırsa, bu o deməkdir ki, məmur korrupsiya ilə məşğuldur. Bunun başqa adı yoxdur. Məsələn, elə məmurlar var ki, mən onların övladlarını tanıyıram. Bu günə qədər onların övladlarının adı nə bir harınlıq məsələsində, nə də kriminal hadisələrdə hallanır. Demək tərbiyyədə əsas məsələlərdən biridir. - Bəs bu vəziyyətdən çıxış yolu nədədir? - Prezident müşavirədə bu haqda danışdı. Əvvəla, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi var. Bu dəqiqə korrupsiya ilə az-çox mübarizə aparılır. Hesab edirəm ki, məmurların məsələsi ciddi şəkildə araşdırılmalı və yoxlanılmalıdır. Ciddi qüsuru olan istənilən şəxs işdən azad edilməlidir.Yəni dövlət məmuru korrupsiya ilə məşğuldursa, oğlu harınlıq edirsə, bu şəxs dövlət qulluğunda qala bilməz. Ancaq əlbəttə ki, idarəçilikdə hamısı harın deyil. Heç şübhəsiz ki, vicdanlı, nizamlı olan, dövlət və xalqını sevən məmurlar da var. Burada mən özləri və övladları harınlayan məmurları nəzərdə tuturam. Prezident də vurğuladı ki, belə məmurlar işdən azad olunmalı, cinayət törədən övladları isə həbs edilməlidir. Necə olur ki, yetimin övladı kiməsə bir şillə vurur və onu dərhal həbs edirlər. Ancaq hansısa məmurun övladı cinayət törədir, amma o həbs edilmir, çalışırlar ki, adı hallanmasın. Ortaya sual çıxır ki, nəyə görə? Cəmiyyət insanlardan ibarətdir. İnsanlarımızda belə şeyləri görür, düşünür. Bu həmdə ciddi narazılıq yaradır. Bu hallar yolverilməzdir və ona qarşı mübarizə aparmaq lazımdır. Heç bir məmur xalqı dövlətdən incik sala bilməz. Əgər salırsa bunun cəzasını ödəməlidir. Millət vəkili Zahid Orucda parlamentdə çıxışı zamanı dedi ki, belə məmurlar işdə qalmamalı və getməlidirlər. - İsmayıllının icra başçısı işdən çıxarıldı. Sizcə onun qardaşı olan əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərovda işdən çıxarılmalıdır? - Açıq danışmaq lazımdır. Əgər rayonun icra başçısı işdən azad edilibsə, icra başçısının yaxın qohumu olan şəxs yüksək vəzifədə qala bilməz. Çünki İsmayıllı hadisələrinə bir səbəb də, elə icra başçısının nazir olan qohumunun oğlunun hərəkətləri olmuşdu. Bu birmanalıdır. Mən hüquq müdafiəçisiyəm. İnsanlar gəlir şikayət edir, danışır, başına gələnlərdən bəhs edir. İnsanlar savadsız olsalarda ayıqdırlar. Odur ki, belə halların qarşısı alınmalı, insanları anlayan məmurlar olmalıdır. Bu cür hallar dövlətə və dövlətçiliyə zərbədir. Qarşıdan prezident seçkiləri gəlir. Təmizilik işləri aparılmalıdır. Ad çəkmək istəmirəm, elə dövlət məmurları var ki, onların övladlarının adlarından heç ölkənin xəbəri yoxdur. Amma elə məmurda var ki, nəinki övladları, hətta qohum-əqrabası az qalır ölkəni dağıtsın. - Sizə edilən müraciətlər və şikayətlər əsasən nə ilə bağlı olur? - Mən adətən öz xəttimlə işləyir və əasən pis rəftar, işgəncə hallarını araşdırırıq. Bildiyiniz kimi İşgəncələrə Qarşı Azərbaycan Komitəsi ölkədə işgəncələrə qarşı mübarizə aparan yeganə ictimai təşkilatdır. Bizə əsas müraciətlər bəzi dövlət məmurlarının özbaşınalığı, müstəntiqlərin fəaliyyəti, istintaq orqanlarının özbaşınalığı haqqında olur. Əlbəttə bunlar yolverilməz haldır. Şah qanun olmamalıdır, qanun şah olmalıdır. Ancaq mən anlamıram ki, Konstitusiya Məhkəməsinin hakimi hara, tibbi klinika açmağı hara. Axı sənin tibb təhsilin yoxdur. Amma di gəl klinika açıb və özü də gəlib oturur orada. - Amma indi biznes və kommersiya ilə məşğul olmayan məmurların sayı çox azdır... - Mən bilmirəm ki, bizneslə məşğul olan məmurların sayı nə qədərdir. Amma bu cür fəaliyyət göstərənlər işdən alınmalıdırlar. Sən vəzifəyə təyin olunanda sadə insan idin. Amma vəzifəyə gələndən sonra qanunsuz pullar əldə edirsən və başlayırsan göydələn tikdirməyə. Bəs başqaları niyə belə göydələnlər tikdirə bilmirlər. Siz jurnalistsiniz, mənsə hüquq müdafiəçisi. Bəs biz niyə şadlıq evi, restoran, villa tikdirə bilmirik və üç mərtəbəli villalarda yaşamırıq? Əksinə, adi bina evində yaşayırıq. Deməli sən korrupsiya ilə məşgulsan və cinayətkarsan. Əks təqdirdə bizim kimi bina tikdirə bilməz və böyük villalarda yaşamazsan. Bu məntiqi nəticədir. Artıq prezidentdə cana gəldi. Normalda buna iki dəfə göz yumarlar. - Ancaq prezidentin çıxışının nəticəsi olmalıdır, konkret addımlar atılmalıdır. Əks təqdirdə bu çıxış elə çıxış olaraq yaddaşlarda qalacaq... - Mütləq addımlar atılmalıdır. Deyilənə görə, bəzi icra başçıları prezidentin keçirdiyi müşavirədən çıxandan sonra ürəkləri tutub, hətta xəstəxanaya düşənlər olub. Bəs ürəkləri tutmalıdır da. Axı insanların qanını işmək olmaz. Dünya əbədi də deyil. Sən tikdirdiyin göydələnləri, şadlıq evlərini belinə yükləyib dünyadan köçməyəcəksən. Adam hər əməlinə görə cavab verəcək. İnsanları qətiyyən incitmək olmaz. Dövlət məmurları yaxın qohumlarını yad etmək məqsədilə qəbrüstünə gedirlərsə, orada bir anlığa susurlar və düşünürlər ki, günün birində özləri də dünyadan köçəcəklər. Çünki hamının mənzili oradır. Özləri də deyirlər ki, bizdə bura gələcəyik, pislik etmək olmaz və s. Digəl, məzarlıqdan çıxan kimi şeytan onların qəlbinə girir və pis əməllərdən əsla əl çəkmirlər. - Əslində məmurun harınlığı ilə insan hüquqları bir-birinə ziddir. Çünki məmur harınlıq edirsə, hökmən insan haqlarını pozur. Bu mənada hazırda siz ölkəmizdə insan hüquq və azadlıqlarının vəziyyətini necə qiymətləndirirsiniz? - Mən insan hüquqlarının vəziyyətini müsbət qiymətləndirmirəm. Bu konkretdir. Əgər insanların hüquqları pozulursa, kimlərsə zorakılığa, qeyri insani rəftara məruz qalırsa, mən insan haqlarının durumunun yaxşı olduğunu deyə bilmərəm. Bizim təşkilat ötən illə bağlı hesabatını açıqlayıb. 2012-ci ildə 141 nəfər qeyri insani rəftara məruz qaldıqları haqqında bizim komitəyə müraciət ediblər. Bunu müsbət qiymətləndirmək mümkündürmü? Şəxsən mən mümkün hesab etmirəm. Nəzərə alın ki, bizə müraciət edənlər özlərində cəsarət tapa bilən insanlardır. Elələri də, var ki, onları qorxuduraq deyirlər ki, şikayət etsən səndən qisas alacağıq. Mən bir vətəndaş olaraq Azərbaycanı sevirəm və istəyədim ki, mənim ölkəm tam müstəqil və demokratik dövlət olsun. Ancaq demokratiyaya belə məmurlarla getmək olmaz. Mən səhiyyə ilə bağlı bir məqamı da qeyd etmək istəyirəm. Nəyə görə, Azərbaycan vətəndaşlarının əksəriyyəti borc yığaraq ürəyini və ya başqa orqanını əməliyyat etdirmək üçün İrana, Türkiyəyə gedir? Bu məsələ haqqında düşünülməlidir. Bəlkə bizdə həkimlərin çoxu savadsızdır və xəstə özünü belə həkimlərin əlinə vermək istəmir. Bəlkə Tibb İniversitetində tələbələrimiz oxumur və problemlərini yoluna qoymaq məqsədilə rüşvət verirlər. Bu haqda düşünməliyik. Ancaq onu da qeyd edim ki, bizdə savadsız həkimlərlə yanaşı çox savadlı və peşəkar həkimlərimiz də var. Biz bir millət olaraq problemlərimiz haqqında ciddi düşünməliyik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?