“Mənə saxlanma şəraiti və vəziyyəti ilə maraqlanmağım üçün müraciət edən məhbuslara işgəncə verilir”.
Bunu AzNews.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bildirib.
Hüquq müdafiəçisi iddia edib ki, bu məsələdə maraqlı şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Mədət Quliyevdir:
“Mədət Quliyev mənə müraciət edən məhbuslara işgəncə verdirir. Artıq üç ilə yaxındır ki, haqlı tənqidimə görə, Mədət Quliyevin göstərişi ilə mənə cəzaçəkmə müəssisələrində monitorinq aparmağa məhdudiyyət qoyulub.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin cəzaçəkmə müəssisələrində monitorinq aparmasına qadağa qoymasına nə ad vermək olar? Onlar cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qarşı işgəncə və qeyri–insani rəfdarı gizlədirlər. Hazırda biz bu cür təzyiqlərə məruz qalan insanlarla görüşə bilmirik. Buna da Mədət Quliyev tərəfindən göstəriş verilib”.
E. Behbudov bildirib ki, göstərişə əsasən onun rəhbərlik etdiyi təşkilata müraciət edən məhbuslar cərimə otaqlarına salınaraq incidilirlər: “Artıq bu faktla bağlı bir neçə məhbusun ailə üzvləri mənə müraciət ediblər”.
Hüquq müdafiəçisi vurğulayıb ki, Penitensiar Xidmətindən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə qarşı qoyulan qadağanın aradan qaldırılması üçün Ədliyyə Nazirliyinə dəfərlərlə müraciət edib. Bu qurumdan da ona qaneedici cavab verilməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?