Gözəl Bayramova: “Sonda müxalifətin böyük koalisiyada birləşməsi alınacaq”
“Gündəm xəbər”in suallarına AXCP sədrinin müavini Gözəl Bayramlı cavab verib. Gözəl xanım, hakimiyyətin atdığı addımlardan, cərimə olunan siyasi fəalların evlərinə məhkəmə icraçılarına gəlməsindən, müxalifətin durumundan, seçki gözləntilərindən danışıb. - Gözəl xanım, cərimlərin ödənməsi ilə bağlı məhkəmə icraçılar sizin evinizə də gəlib. Bu haqda nə deyə bilərsiniz, onlar sizdən nə tələb ediblər? - Mənə kəsilən cərimə sanksiyaları ilə əlaqədar olaraq Nərimanov rayon məhkəməsinin icra məmurları mənim qeydiyyatda olduğum mənzilə gəlmişdilər. Onlar mənə bildiriş təqdim etdilər. Sənəd də qeyd olunurdu ki, məhkəməninin qərarı ilə mən 2 min manat cərimə olunmuşam. Həmçinin bildirişdə cərimənin ödənilməsi tələb edilir, qeyd olunur ki, on gün müddətində cərimə ödənilməlidir. Məndə izahat yazaraq bildirdim ki, 1993-cü ildən bu yana işləmirəm. İkincisi, bu qanun qeyri qanunidir və ölkədə əmək haqqına uyğun gəlməyən cərimə kəsilməsi haqqında qərardır. Ümumiyyətlə qanunun əleyhinəyəm. Eyni zmanda Səbail məhkəməsinin mənim barəmdə çıxardığı cərimə sanksiyası qeyri qanunidir. İzahatda əlavə etdim ki, mənim iki min manat ödəmək imkanım yoxdur və həmdə bunu ödəməkdən imtina edirəm. Bildiyiniz kimi vətəndaş itaətsizliyi aksiyası var. Biz bu aksiyaya qoşulmuşuq və cərimə ödəmək niyyətində deyilik. İcraçılarda qanuna uyğun olaraq mən cəriməni ödəməyəcəyim təqdirdə gəlib qeydiyyatda olduğum ünvanda əşyaları siyahıya almalıdırlar. Ancaq mən izahatımda bəyan etmişəm ki, adıma əmlakım yoxdur. Ümumiyyətlə kitablarımdan və kompüterimdən savayı heç nəyim yoxdur. İndi onlar hansı addım atacağını zaman göstərəcək. Proseduraya əsasən onlar qeydiyyatda olduğum mənzildə əmlakı qeydə almalı və sonrada məhkəməyə təqdim etməlidirlər. Bundan sonra isə məhkəmə qərar verməlidir. Amma mən cəriməni ödəməkdən imtina edirəm. - Cəriməni ödəməməyiniz sizin üçün hansı hüquqi məsuliyyət yarada bilər? - Məhkəmə fərqli qərarlar qəbul edə bilər. Artıq adına heç bir əmlakı olmayan siyasi fəallarla bağlı qanunsuz qərarlar qəbul edirlər. Fikirləşirəm ki, mənə münasibətdə də belə qərar qəbul oluna bilər. Eləcədə hüquqşünasların dediyi kimi cərimə inzibati qaydada azadlıqdan mərhumetmə ilə də əvəz oluna bilər. Həmdə cərimənin ödənmədiyi müddətdə ölkədən xaricə çıxmamaq öhdəliyi qoyulur. - Siz bunu siyasi akt hesab edirsiniz? - Şübhəsiz ki, bu siyasi aksiyadır. Ümumiyyətlə mənimlə bağlı məhkəmədə verdikləri qərarı sübuta yetirməlidirlər. Bunlar aidiyyəti olmayan üç nəfəri məhkəmədə mənim üzümə qoydular. Bu hamının gözü qarşısında oldu. Təsəvvür edin ki, aksiya Sahil bağında olub. Amma məni Fəvvarələr Meydanında həbs ediblər. Həmin vaxt mənim yanımda bir nenə xanım olub. Bunlar guya məni aksiyanın təşkilatçısı hesab ediblər. Bir sözlə başdan-ayağa uydurma, qanunsuz bir addımdır. Həmdə “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu xalq tərəfindən seçilməyən saxta Milli Məclis qəbul edib. Bu qanunu siyasi fəalları repressiyaya məruz qoymaq məqsədilə qəbul ediblər. Odur ki, bütün bunlar siyasi məsələdir. Məndə öz qərarımda qalıram və bu cəriməni ödəmək haqqında düşünmürəm və belə bir fikrim də yoxdur. Əslində buna imkanım da yoxdur. Amma imkanım olsaydı belə, mən bunu ödəməzdim. Bu mənim bir vətəndaş kimi etiraz aktımdır. Həmdə bu yolla diqqəti sözügedən qanuna yönəltmək niyyəti güdürəm. - Ancaq nəzərə alın ki, cərimə ödənməsə bu sizin islah işlərinə cəlb olunmasına gətirib çıxara bilər. Məsələn, vətəndaşlıq itaətsizliyi göstərən insanları Dənizkənarı Parkda hansısa işlərə cəlb oluna bilər. Bu sizi narahat etmirmi? - Məhkəmə hansı qərar qəbul edir özü bilər. Mən bundan sonra məhkəmənin qəbul edəcəyi qərarı qəbul etməyəcəyəm. Çünki bunlar siyasi xarakterlidir. Əgər doğurdan da qanuna müvafiq qərar olsa hamı qanun qarşısında bərabər olardı. Necə olur ki, bu ölkəni qanunsuzluqla idarə edirlər, amma söz müxalifətə gələndə qanunlar tətbiq olunur? Məhkəmə nə qərar qəbul edir özü bilər və bu siyasi qərar olacaq. - Əgər bütün bunlar siyasi qərardırsa, bu zaman ölkəmizdəki siyasi durum necədir? - Azərbaycan hakimiyyətindən hər kəs narazıdır. Xalq hər yerdə hakimiyyətə etiraz edir. Hakimiyyət də bundan ciddi narahatdır. Yeri gəlmişkən, mən həmdə ona görə cərimə edilmişəm ki, hakimiyyətin İsmayıllıda xalqı cəzalandırmaq addımına qarşı dəstək aksiyası keçirirdik. Hakimiyət xalqın narazılığından qorxur. Və bu məqsədlə də repressiyanı gücləndirir, əllidən çox siyasi fəalı fantastik rəqəmlərlə cərimələyir, müxalifətçiləri həbs edir. Hakimiyyət adicə 26 fevral Xocalı faciəsi ilə əlaqədar müxalifətin yürüş keçirilməsinə icazə vermədi. Bunlar hamısı hakimiyyətin narrahatlığı ilə bağlıdır. Onlar xalqın narazı olduğunu, siyasi fəallığın artdığını bilirlər. Ancaq repressiyalarla etirazların, fəallığın qarşısını ala biləcəklərini düşünürlər. Məncə, bu mümkün deyil. Bu mənada hesab edirəm ki, iqtidar siyasi-iqtisadi reformalara getməlidir, xalqın tələblərinə cavab verməlidir. Daha bir neçə icra başçısını çıxarmaqla islahat olmaz. Siyasi partiyaların sədrləri rayonlarda görüşlər keçirə bilmir, məhkəmə icraçıları müxalifət fəallarının evinə basqın edir. Bunlardan əl çəkilməli, dialoq olmalı, ölkədə yumşalma getməlidir. Ancaq biz görürük ki, məmurların ucbatında ölkədə hadisə olur, amma siyasi hakimiyyət buna görə xalqı cəzalandırır. Sonrada prezident müşavir keçirib deyir ki, məmurlar qudurub. Əgər məmurların belə qurubsa bəs niyə buna görə Tofiq Yaqublunu və İlqar Məmmədovu həbs etmisən? Gərgin situasiya var və bu vəziyyətin məsuliyyəti İlham Əliyevin üzərindədir. Belə gərginliklə davam etmək olmaz. İnsanlarında səbr kasası var və səbr daşanda başqa üsullara əl atırlar. Əlbəttə, biz bunları istəmirik və allah eləməsin ki, bizdə elə hallar baş versin. Narazılığın ifadə forması mitinqlər və küçə yürüşləridir. Amma hakimiyyət bunun qarşısını alır. Nə zamansa insanlar öz narazılığını ifadə etmək üçün başqa üsullardan istifadə edəcək. Bu zaman vəziyyətin məsuliyyəti iqtidarın üzərində olacaq. Bunların olmaması üçün hakimiyyət düşünməlidir. - Hakimiyyət niyə islahatlara getmək istəmir? - Hakimiyyət iqtidarını itirməkdən qorxur. Hakimiyyət uzun müddət iqtidarda qalmağı planlaşdırır. Avtoritar təfəkkür var. Diktatorların əksəriyyəti belədir və onlar hesab edirlər ki, uzun illər hakimiyyətdə qalmalıdırlar və ölkəni istədikləri şəkildə idarə etməlidirlər. Bu səbəbdən də, hakimiyyət islahatların onları yola sala biləcəyini bilir və bu səbəbdən də, islahatlara dirəniş göstərir. Burada şəxsi maraqlar əsas rol oynayır. - Siz inqilabın əleyhinə olduğunuzu bəyan etdiniz, amma sosial şəbəkələrdə AXCP fəalları inqilabla bağlı statuslar, rəylər və fikirlər yazır. Partiya daxilində inqilab mövzusunda fərqli fikirlər var? - Mən deməzdim ki, bizim fəallar inqilaba dair fikirlər səsləndirir. Sadəcə olaraq onlar da xalqın etirazlarını ifadə edirlər. Ola bilsin ki, üzvlərimizdən kimlərsə kəskin fikirlər yazırlar. Amma AXCP-nin siyasi kursunda belə bir şey olmayıb. AXCP sədri dəfələrlə bəyan edib ki, Azərbaycanda qanlı-qadalı proseslər istəmir. Bizim siyasi kursumuz ölkədə islahatların aparılmasını vacib sayır. Biz ölkədə qarşıdurmanın yaranmamasını, xalqın hüquqlarının özünə qaytarılmasını, sərbəst toplaşmaq azadlığının işləməsini, normal seçki şəraitinin olmasından yanayq və partiyanın siyasi kursunda inqilab çağırışı olmayıb. Lakin hakimiyyət də düşünməlidir ki, xalqın narazılığı pik nöqtəyə çatıb və sabah bunun qarşısında durmaq çətin olacaq. Biz siyasi hakimiyyətə bu xəbərdarlığı etməklə bir növ ona dəstək olur və xəbərdarlıq edirik. Hakimiyyət də bunu anlayaraq islahatlara getməlidir ki, bu cür proseslər baş verməsin. Hakimiyyət xalqı doğru addım ata, müxalifət düşərgəsinə qarşı apardığı repressiyaları dayandıra, həbsə atdığı müxalifət fəallarını, habelə jurnalistləri azad edə bilər. Bu şəraitdə normal şəkildə prezident seçkilərinə gedilə bilər. Həmdə normal seçki keçirilməlidir ki, məhz xalqın etimad göstərdiyi şəxs prezident seçilsin, bu əldə qayırma parlament buraxılsın. Eləcədə Milli Məclisdə xalqın etimad etdiyi şəxslər seçilər. Biz prosesi bu cür görürük. Hakimiyyət isə bunu başqa cür görürü, özünə təhlükə hesab edir. Ancaq nəzərə almaq lazımdır ki, xalqın səbr kasasının bir həddi var. - Siz 2013-cü il prezident seçkilərindən nələr gözləyirsiniz? - Hələ ki, ölkədə demokratik seçki üçün əsas görmürəm. Hakimiyyətin siyasi fəallara qarşı başladığı repressiyalar, cərimələr, həbslərin aparılması müşahidə olunur. Bunlar göstərir ki, hakimiyyət 2013-cü il seçkiləri öncəsi müxalifətin və xalqın gözünü qorxutmaq, siyasi fəallığın qarşısını almaq və ölkədə saxta bir seçki keçirmək məqsədi güdür. Bütün bunları etməkdə məqsəd hakimiyyətlərini davam etdirməkdir. İndiki siyasi mənzərə bunu göstərir. Belə olacağı halda məsuliyyəti siyasi iqtidar daşıyır. Hakimiyyət heç olmasa iqtidarda olduğu 20 ildə bu ölkədə ilk dəfə demokratik seçki mühiti yaratmalıdır. Bu mənada seçki qanunvericiliyində, habelə sərbəst toplaşmaq azadlığı sahəsində görüləcək çox iş var. Siyasi məhbus problemi var və bütün bunlar həll edilməlidir. Fikrimcə, bunları həll etmədən seçkiyə getmək əslində seçkinin saxtalaşdırılacağına bir işarədir. Biz isə seçkiqabağı mühitin demokratikləşməsi, bərabər rəqabət imkanı yaradılması uğrunda mübarizə aparırıq. Bu məsələdə əsas addım hakimiyyətdən asılıdır. Hakimiyyət buna getməsə ölkədə gərginlik hökm sürəcək. Və Azərbaycan xalqı saxta şəkildə seçiləcək prezidenti tanımayacaq. Biz istəmirik ki, belə olsun. Daha yaxşı olardı ki, 2013-cü ildə demokratik seçkilərin əsası qoyulsun. Bizim xalqımız demokratiyaya hazır xalqdır. Hər zamanda seçkiyə gələrək səs verir. Amma dəstəklədiyi namizədini nə bələdiyyələrdə, nə parlamentdə, nə də prezidentlikdə görür. Müşahidə edilən budur ki, hakimiyyət bu dəfə də islahata getmək istəmir. Sadəcə olaraq bir neçə icra başçısını dəyişməklə vəziyyətdən çıxacağını düşünür. Amma xalqın tələbi tamam başqa şeydir. Xalqın səsinə hörmət olunmalıdır. Açığı, bizim buna ümidimiz azdır. Bu müddətdə xalqın səs verdiyi, layiq bildiyi şəxslər heç vaxt hakimiyyətdə oturmayıb. Bizim xalqımız demokratik prinsiplərə sədaqətlidir. Amma bizi avtoritar bir üsul idarə edir. Ona görə də, xalqın səsinə və özünə hörmət yoxdur. - Sizin seçkilərdə namizədiniz olacağmı? - AXCP sədri dəfələrlə deyib və bizim də mövqeyimiz belədir ki, Azərbaycan müxalifətə seçkidə böyük koalisiya ilə iştirak etməlidir. Bu koalisiyanın içindən isə vahid namizəd çıxmalıdır. Bu vahid namizəd kim olsa biz onu dəstəkləyəcəyik. Yəni qələbəyə hesablanan seçki kampaniyasının aparılmasının tərəfdarıyıq. Çoxlu sayda insanların namizədinin olması qələbəni şərtləndirmir. Biz bilirik ki, qələbəni qaçılmaz edən amil real müxalifətin və demokratik kəsimin bir araya gələrək seçkiyə vahid namizədlə getməsidir. Bizim mövqeyimiz bundan ibarətdir. Sabah vahid namizəd bizim partiyanın sədri və ya başqa namizəd olsa fərq etməz. Təki Azərbaycanda demokratiya, demokratik seçkinin əsası qoyulsun. Bizim məqsədimiz və niyyətimiz bundan ibarətdir. - Bəs nədən müxalifət birləşmək istəmir? - Birlik istiqamətində danışıqlar, fəaliyyət gedir. Bəzi insanların iddiası var və bu iddia müxalifətin bir araya gəlməsinə imkan vermir. Biz çalışıb iddiasından geri çəkilə bilən şəxslərlə bu haqda danışmalıyıq. Bu il elə ildir ki, namizədliklərini irəli sürmək niyyətində olan çoxlu sayda insanlar var. Amma iddialı siyasətçilər başa düşəcəklər ki, əsas amil böyük koalisiyadır və namizədlərin çox olması qələbəni əngəlləyə bilər. Fikrimcə, bunu anlayanlar gəlib koalisiyaya qoşulacaq. Kimsə qoşulmasa sonda xalqın dəstəyini ala bilməyəcək. Mən hesab edirəm ki, sonda müxalifətin böyük koalisiyası alınacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?