Sərdar Cəlaloğlu: “Gülər Əhmədovanın həbsi onun bəzi dairələri ifşa edə biləcəyi ehtimalı ilə bağlıdır”
Son günlər ölkə həyatında bir-birinin ardınca baş verən maraqlı olaylar ölkənin ictimai-siyasi durumuna dinamiklik qazandırmaqla yanaşı, fərqli fikir və mülahizələrə də yol açıb. Əkrəm Əylislinin “Daş yuxular” romanı və bunun fonunda yaşanan gərginlik, bəzi rayonların icra başçısının işdən azad edilməsi, sabiq millət vəkili Gülər Əhmədovanın həbsi və s. ölkə gündəmində bir-birini sürətlə əvəz edən hadisələrdir. Odur ki, bütün bu olaylarla bağlı fikirlərini öyrənmək, proseslərin səbəb-nəticə bağlılığını aydınlaşdırmaq üçün ADP sədri Sərdar Cəlaloğluna müraciət etdik. - Sərdar bəy, bugünlərdə bir neçə rayonun icra başçısı tutduğu vəzifədən azad edildi və yeni kadrlarla əvəzləndi. Dəyişikliklər hakimiyyətyönlü KİV tərəfindən müsbət nəticələrə səbəb olacaq ciddi addım kimi dəyərləndirilsə də, demokratik fikirli insanların məsələyə münasibəti fərqli oldu. Bu gün də bəzi siyasilər hesab edir ki, toplananların yeri dəyişilsə də cəm dəyişmir və bu mənada yeni icra başçılarının kimliyindən asılı olmayaraq ölkənin sosial-siyasi mənzərəsi dəyişilməmiş qalacaq. Siz necə düşünürsünz, problem harınlamış məmurlardadır, yoxsa onları bu həddə gətirib çıxardan idarəetmə sistemində? - Məsələyə iki cürə yanaşmaq olar. Vaxtilə kommunistlər deyirdilər ki, hər şeyi kadrlar həll edir. Buna görə də Stalin deyirdi ki, seçkilərdə kimin səs verməsi deyil, kimin səs sayması vacibdir. Kadrlar yüksək əxlaqa malikdirsə və qanunvericiliyə bağlıdır, məsələni onlar həll edəcək. Marks isə deyirdi ki, əgər bir maşın zay məhsul istesah edirsə, maşının özü dəyişilməlidir. Azərbaycanda qüsurlar azdırsa, bunu subyektiv faktorlarla əlaqələndirmək olar. Lakin əgər sosial neqativlər kütləvi xarakter daşıyırsa, bu o deməkdir ki, problem maşının özü ilə bağlıdır. Beynəlxalq hesabatlara nəzər salsaq görərik ki, söhbət total problemlərdən, kütləvi qanunsuzlqulardan gedir. Məhkəmə, icra hakimiyyətləri, qanunverici orqan və s. ilə bağlı məlum beynəlxalq hesabatlar göstərir ki, problem kadrlardan deyil, idarəetmə sistemindən qaynaqlanır. Bu gün sistem, idarəetmə maşının məqsədi pis istehsaldır və buna görə də o, ortaya pis məhsul qoyur. Bu baxımdan dəyişikliklər müsbət sonuclara gəıtirib çıxartmayacaq. - Problemin kadrlardan deyil, maşından qaynaqlandığını vurğulayırsınız. Əgər belədirsə, o zaman demək olarmı ki, əslində ölkə başçısının son çıxışı – birinci şəxsin maşını əvəzləmək cəhdi kimi qiymətləndirilməlidir. Çünki məlum çıxışda prezident polis, məhkəmə və s. orqanların səlahiyyətinə də iddia etdi və əslində bu ölkədə qanun və idarəetmə sistemi adına sadəcə onun iradəsinin mövcud olduğunu təsdiqlədi. - İ.Əliyevin çıxışı göstərdi ki, o, dövlət başçısı kimi konstitusiyada nəzərdə tutulan səlahiyyətlərdən çıxış etmir, ikincisi, öz səlahiyyətlərini dolğun şəkildə yerinə yetirmir. Prezident iddia edir ki, adamları cəzalandıracam. Ölkə konstitusiyasında prezidentin cəza vermək hüququ yoxdur. Bu hüquq cəza orqanlarına məxsusdur. Eyni zamanda qeyd edir ki, övladları qanunları pozan məmurları işdən çıxardacam. Bu isə prezidentin səlahiyyətlərini aşmasıdır. Prezidentin vəzifəsi hüquq qarşısında bərabərliyi qorumaq, hər bir vətəndaşın hüququnu qorumaqdır. Tutaq ki, mənim övladım xuliqandır. Bunun mənə nə aidiyyatı var ki? Vaxtilə Stalin deyirdi ki, oğul ataya cavabdeh deyil. Bu söz, dünyanın ən totalitar rejiminin başında dayanan şəxsə məxsusdur. İ.Əliyevin dedikləri isə o deməkdir ki, biz Stalin dövründən də totalitar bir rejimdə yaşayırıq. Bu məntiqlə yanaşsaq, əgər hansısa bir şəxs adam öldürübsə, o zaman onun bütün ailə üzvləri – valideynləri cəzalandırılmalıdır. Bu, nə hüquqi, nə də siyasi yanaşmadır. Halbuki prezidentin bütün yanaşmaları öncə hüquqi olmalıdır, çünki o, konstitusiyanın təminatçısıdır. İkincisi, siyasi olmalıdır, çünki o siyasi aparatın təmsilçisidir. Lakin prezidentin bütün çıxışlarında subyektiv fikir hüquq və siyasətin önündə olur. Prezident qanun pozuntularına görə buna məsul olan əlaqədar qurumları ittiham edə bilərdi. Onlardan soruşa bilərdi ki, niyə məmur övladları ilə bağlı məlum qanunsuzlqular araşdırılmır, tədbir görülmür? Lakin prezident deyir ki, “mən cəzalandıracağam”. Bununla da hüquq-mühafizə orqanlarının səlahiyyətini üzərinə götürür, habelə öz səlahiyyətlərini də aşır. - Uzun gözləntilərdən sonra Gülər Əhmədovanınm həbsi reallaşdı və prokurorluq sabiq millət vəkili ilə bağlı iki aylıq həbs qəti-imkan tədbiri seçdi. Sizcə G.Əhmədovanın bunca zamandan sonra həbsinə nə səbəb oldu? - Əgər Gülər Əhmədovanın həbsi doğrudan da E.Abdullayevin yaydığı videolara görədirsə, onu ilk gündən həbs etməli idilər. Amma G.Əhmədovanın bir neçə ay sonra həbs edilməsi bir çox suallar yaradır. Bu məsələdə G.Əhmədovanın şəxsiyyətini nəzərə almaq lazmdır. O, istintaqa necə təsir edə bilərdi? G.Əhmədova deputat olub, YAP Ali Şurasının üzvü olub və s. “Bu şəxslə bağlı həbs qəti-imkan tədbirinin seçilməsi nə ilə bağlıdır” sualına prokurorluq cavab verə bilməz. Əgər buna əsas var idisə, niyə G.Əhmədova 9 ay – bir il bundan qabaq həbs edilmirdi? Yox əgər bu əsas indi yaranıbsa, nədir o əsas? Məncə, G.Əhmədovanın həbsi onun bəzi dairələri ifşa edə biləcəyi ehtimalı ilə bağlıdır. Ola bilsin ki, bəzi dairələr G.Əhmədovanın şantajından ehtiyat edib və düşünüb ki, onun azadlıqda qalması sabiq millət vəkilinin əlindəki faktların ictimaiyyiləşməsinə səbəb ola bilər. Buna görə də onu cəmiyyətdən təcrid etməyə qərar veriblər. Mənə elə gəlir ki, G.Əhmədovanı ev dustağı da etmək olardı. Onun qadınlığını, deputatlığını və s. nəzərə alıb başqa tədbir seçilməliydi. Onun azadlıqda qalması istintaqın işinə mane olmur, əksinə yeni şəxslərin ifşasına, dövlət hakimiyyətinin qeyri-qanuni yolla əldə edilməsinin mexanizminə aydınlıq gətirə bilərdi. Elşad Abdullayev və Gülər Əhmədova olayı rüşvətxorluq deyil, hakimiyyətin qanunsuz ələ keçirilməsidir. Bu isə konstitusiyada ən ağır dövləti cinayətdir. - Əkrəm Əylislinin “Daş yuxular” romanına okeanın o tayından belə reaksiyalar verilsə də yazıçının üzv olduğu Ziyalılar Forumu hələ də bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoymayıb. Halbuki, ən azından Ə. Ziyalılar Forumun üzvü olması həqiqəti hər kəsdən öncə məhz bu qurumun baş verənlərə reaksiya verməsini zəruri edirdi. Necə hesab edirsiniz, Ziyalılar Forumunun hələ də susması bu qurumun Ə.Əylisli ilə yanaşı, həm də özünə xəyanət deyilmi? - Bu, bütün azərbaycanlılar üçün xarakterikdir. Bizimlə bir yerdə olan şəxslərin qüsurlarını deməyi dostluğa, yoldaşlığa xəyanət kimi başa düşürük ki, bu da tamamilə yanlışdır. Müxalifətin mənə tutduğu ən böyük nöqsan mənim müxalifəti tənqid etməyimdir. Digər müxalifətçilər bir-birlərini tənqid etmədiyi üçün mən tənqid səsləndirən yeganə şəxs kimi diqqət mərkəzində oluram. Bizdə belə bir fikir formalaşıb ki, əgər biri bizim dostumuzdursa, onun heç bir nöqsanını deməməliyik. Biri bizə qarşıdırsa, o zaman onda necə olursa-olsun ona bir nöqsan yapışdırmalıyıq. Bu, ədalətsizliyin təntənəsidir. R.İbrahimbəyov Ziyalılar Birliyinin üzvüdür. Eyni zamanda Rusiyadakı “Milyarderlər İtifaqı”nın da üzvüdür. “Milyarderlər ittifaqı”nın bir üzvü bəyan edir ki, Azərbaycanda hakimiyyət dəyişəcək və Azərbaycan Gömrük İttifaqına girəcək. Hər kəs bilir ki, Gömrük İttifaqına daxil olmaq yenidən Rusiyanın nəzarətinə keçməyimiz deməkdir. Bu addım bizim suverenliyimiz üçün təhlükədir. R.İbrahimbəyov bununla bağlı öz mövqeyini bildirmir. Çünki “Milyarderlər İttifaqı”nın üzvüdür. Ə.Əylislinin yazdığı əsər cəmiyyətin indiki psixologiyasına adekvat bir əsər deyil. Əgər Ziyalılar Formu Ə.Əylislinin bu romanı ilə bağlı öz iradını rəsmi şəkildə bildirsəydi, o zaman cəmiyyət bu gün Ə.Əylisliyə qarşı olanları repressiya kimi qiymətləndirəcəkdi. Ziyalılar Forumunun susqunluğu bu repressiyaya haqq qazandırdı. Dövlət maşını Ə.Əylislini insan kimi əzməyə başladı. Biz Ə.Əylislinin əsərini tənqid edə bilərik, amma şəxsiyyətinə toxuna bilmərik. Lakin bu gün biri Ə.Əylislinin qulağını kəsənə pul verəcəyini bildirir, bir başqası onu şərəfsiz adlandırır və s. Televiziyada hər kəs Ə.Əylislinin ləyaqətinə sataşır. Əgər bunu öncə Ziyalılar Forumu tənqid etsəydi, bu, peşəkar, professional tənqid olacaqdı və Ə.Əylisliyə olan basqını da azaldacaqdı. - Əsərin özünü necə qiymətləndirirsiniz? - Əsər həqiqətən də bəzi nüanslar nəzərə alınmadan yazılıb. Əsər etnik zəmində baş verən hadisələri şərh etmir. Əgər Ə.Əylisli öz əsərində göstərsəydi ki, ermənilər öz kəndlərində azərbaycanlıları belə öldürdü, daha sonra Əylisdə azərbaycanlılar erməniləri hansısa formada qətlə yetirdi, o zaman qınağa məruz qalmazdı. Və ya qeyd etsəydi ki, çar Rusiyası dövründə Əylisdə varlı ermənilər Əylis sakinləri ilə necə kobud, amansız rəftar edib, yenə də bu reaksiya olmazdı. Lakin o, əsərində hadisələri birtərəfli şəkildə qeyd edib. - Eyni zamanda bildirir ki, bu əsərlə xalqlar dostluğunu təbliğ edib. - Xalqlar dostluğunu təbliğ etməyin iki variantı var. Birincisi xalqların etnik münaqişə zəminində onların dostluğuna xidmət edən hərəkətlər yazılmalıdır. Erməni-müsəlman davasında çoxlu erməni qızları bizimkilər tərəfindən əsir alınıb və onların əksəriyyəti arvad edilib. Bu gün onların uşaqları, nəvə və nəticələri var. Onlar adlarını dəyişib, islamı da qəbul ediblər. Münaqişə zəminində yaralı erməniyə yardım edən, onları linçdən qurtaran azərbaycanlılar olub. Ə.Əylisli bunları yazsaydı, o zaman bu, xalqlar dostluğuna xidmət edəcəkdi. Bizim böyük yazarların o münaqişələrə münasibətini versəydi, bu da onun xalqlar dostluğuna xidməti sayılardı. Yaxud hər iki tərəfdən baş verən vəhşilikləri göstərsəydi, bu, yenə də xalqlar dostluğuna xidmət idi. Lakin hadisələri birtərəfli qaydada təqdim etmək dünya xalqları və ermənilərin azərbaycanlılara nifrət və kinini bir qədər də qızışdıracaq. - “El” hərəkatından sonra daha bir neçə hərəkatın elan ediləcəyi ilə bağlı açıqlamalar səsləndirildi. Sizcə seçkiöncəsi hərəkatların sayının artması Azərbaycan müxalifətinin gücünün, yoxsa zəifliyinin göstəricisidir? - Azərbaycanda heç bir hərəkat yoxdur. Beş nəfərin bir yerə yığılıb adını hərəkat qoyması gülünc bir şeydir. Hərəkat xalqın kütləvi şəkildə iştirak etdiyi prosesə deyilir. Kimlərsə bir qurum yaradıb onu hərəkat adlandırırsa, bu o demək deyil ki, ortada həqiqətən də hərəkat var. Bu gün elan edilən hərəkatlar seçkidə iştiraka yönələn cəhdlərdir. - Sizcə hərəkatların hətta formal mövcudluğu belə müxalifətin seçkilərdəki iştirakına necə təsir göstərəcək? - Müxalifət dağınıq şəkildə, ayrı-ayrı namizədlər şəklində seçkiyə gedirsə, o zaman narazı elektoratın səsi bu qüvvələr arasında bölünür. Narazı elektoratı müxalifət elektoratı etmək üçün bir namizədin seçkiyə qatılmasına ehtiyac var. Belə olanda, xalq da bir nəfəri müdafiə edir. Təəssüf ki, bu baş tutmadı. Seçkiyə ayrı-ayrılıqda getməyə çalışanların tutduğu yol onların məğlubiyyətinə hesablanıb. Müxalifət liderləri iki səbəbə görə bir araya gəlmək istəmir. Onları narahat edən birinci məsələ, seçkiyə qatılacaq birinci şəxsin kimliyidir. Yəni o şəxs kim olacaq? Ikincisi, vahid namizdə çox ciddi məsuliyyət daşıyan adamdır. Yəni xalq ona dəstək verirsə, o bu mübarizəni hətta öz həyatı bahasına belə davam etdirməlidir. 1998-ci ildə Etibar Əliyev, 2003-cü ildə isə İsa Qəmbərin namizədliyi göstərdi ki, xalqın etimad göstərdiyi insanlar nəticələrin qorunması üçün məqsədyönlü addımılar atmadı. 2003-cü ilin 17 oktyabr tarixindən sonra prezidentliyə namizəd İ.Qəmbərin hər hansı bri bəyanatı, hərəkəti, sözü olmayıb. Buna görə də bu gün nəticələr uğrunda sona qədər mübarizə aparmaq iradəsi olmadığı üçün onlar məsuliyyəti öz üzərlərinə götürməkdən qorxurlar. Onlar öz fərdi maraqlarını təmin etməyə çalışırlar. Bunun başqa izahı yoxdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?