Arzu Abdullayeva: “Çalışırıq ki, İlqar Məmmədov, Tofiq Yaqublu və Hilal Məmmədov vicdan məhbusu kimi tanınsın”
“Gündəm xəbər” in suallarına Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Bürosunun rəhbəri, hüquq müdafiəçisi Arzu Abdullayeva cavab verib. Hüquq müdafiəçisi siyasi və vicdan məhbuslarından, insan haqlarından, siyasi motivlə həbs edilən şəxslərin durumundan və müstəqil mətbuata basqılardan danışıb. -Arzu xanım, hazırda siz daha çox həbs edilən Hilal Məmmədovun hüquqlarının müdafiəsi ilə məşğul olursunuz. Bu istiqamətdə hansı addımlar atırsınız? -Hazırda məhkəmə prosesi davam edir. Ola bilsin ki, gələn həftədən məhkəmə prosesi qismən açıq keçirilsin. Çünki narkotikməsələsi araşdırılacaq. Hazırda isə məhkəmə daha çox Hilal Məmmədovun İranla bağlı əlaqələri, habelə millətlərarasıixtisasın törədilməsi ilə bağlı irəli sürülən ittihamları araşdırılır. Lakin məhkəmənin qapalı keçirilməsinə baxmayaraq biz Müdafiə Komitəsi olaraq məhkəmə binası qarşısına toplaşırıq, bir neçə dəfə aksiya keçirmişik. Bu aksiyaların məqsədi odur ki, geniş ictimaiyyətin Hilal Məmmədova dəstək verməsinə nail olaq, həmdə bu məsələyə diqqəti cəlb edək. Çün ki, Hilal Məmmədov hüquq müdafiəçisidir, vətəndaş cəmiyyətinin tədbirlərində daima aktiv iştirak edib, üstəlik qəzet redaktoru və alimdir. Odur ki, biz ona qarşı irəli sürülən ittihamları uydurma və qondarma hesab edirik. Vətəndaş cəmiyyəti bütövlükdə bizə dəstək ifadə edir. Bizdə bu ittihamlara və məhkəmə prosesinin qapalı keçirilməsinə etirazımızı ifadə edirik. Qeyd edim ki, bu gün Beynəlxalq İnsan Haqları Federasiyasından nümayəndələr bizim ofisə gəliblər. Onlar Hilal Məmmədovun işini vacib hesab edir və bununla maraqlanırlar. Mən düşünürəm ki, federasiya ilə Helsinki Vətəndaş Assambleyası birlikdə Beynəlxalq Amnistiya Təşkilatına müraciət edəcək. Artıq məndə hüquq müdafiəçisi olaraq Hilal Məmmədovun vicdan məhbusu kimi tanınması üçün müraciət etmişəm. -Hilal Məmmədovun saxlanma şəraiti, habelə səhhəti necədir, siz onun indiki durumundan razısınızmı? -Hazırda vəziyyəti normaldır. Buna qədər kamerada Hilal Məmmədovun yanına bir ruhi xəstə yerləşdirilmişdi. Hilal Məmmədovda gecələr yatmırdı, çünki ruhi xəstədən hər şey gözləmək olardı. Bu qorxulu hadisə idi. Ancaq sonradan Pentensiar Xidmət onların yerini dəyişdi və hazırda belə bir problem yoxdur. Ola bilsin ki, Beynəlxalq İnsan Haqları Federasiyasından nümayəndələr yaxın günlərdə Hilal Məmmədova baş çəksin. Bildiyim qədər onlar Kürdəxanı İstintaq Təcridxanasına girmək üçün icazə alıblar.Qeyd edim ki, Hilal Məmmədov 8 aydır həbsdədir və bu müddətdə həyat yoldaşı onunla cəmi bir dəfə görüşə bilib. Qardaşı da, onunla cəmi bir dəfə görüşüb. Bir həftə öncə qardaşına bir dəfə də görüşmək üçün icazə verilib. -Azərbaycanda siyasi məhbusların olub-olmadığı, ümumiyətlə siyasi məhbus anlayışı ilə bağlı müxtəlif ziddiyyətli fikirlər səslənir. Bu haqda sizin rəyiniz necədir? - Məncə, burada anlaşılmazlıq terminlə bağlıdır. Yəni siyasi məhbus kim hesab olunur, bu hansı meyarlar və prinsiplərlə müəyyən olunur məsələsinə fərqli baxışlar var. İndiyə qədər şəxsin siyasi məhbus elan olunması ilə bağlı əsaslandığımız amillərlə bağlı bəzi dəyişikliklər baş verib. Amma Azərbaycanda siyasi məhbuslar var. Hakimiyyətdə buna etiraz etmir, sadəcə onları siyasi məhbus ifadəsini siyasi motivlərə görə həbs olunan şəxslər kimi qeyd edir. Əlbəttə, bizdə potensial siyasi məhbuslarda var. Bu o şəxslərdir ki, barələrində iş aparılır, amma məhkəmə qərarı hələlik yoxdur. Biz hazırda istintaqı gedən məhbusları siyasi məhbus adlandırmırıq. İlkin məhkəmə qərarından sonra isə siyasi motivlə həbs edilən şəxsləri siyasi məhbus hesab və elan edirik. Ancaq nəzərə alın ki, Azərbaycanda həm siyasi, həm də vicdan məhbusu var. Vicdan məhbusu isə heç bir çağırış etmir, hərəkətdə bulunmur, amma buna baxmayaraq həbs olunur. Siyasi məhbusların fəaliyyətində çağırışlar, istefalar səsləndirilə bilər. Onların işinin tərkibində siyasi motiv olduğundan siyasi məhbus kimi qəbul olunurlar. Yalnız ideya və yazılarına görə həbs edilən şəxs vicdan məhbusu hesab olunur. -İki il əvvəl Azərbaycanda həbs edilən şəxsləri Beynəlxalq Amnistiya Təşkilatı dərhal vicdan məhbusu elan edirdi. Amma indi repressiyalar və həbslər davam etsə də, belə şəxslər vicdan məhbusu kimi tanınmırlar. Siz Beynəlxalq Amnistiya Təşkilatı ilə əlaqəli şəxsiniz. Niyə indi Azərbaycana diqqət yoxdur və günahsız həbs edilən şəxslər vicdan məhbusu kimi tanınmırlar? - Əvvəla, Azərbaycana diqqət var. Sadəcə olaraq həbslər çoxdur.Yəni təşkilatın işi çoxalıb. Götürək elə Azərbaycanın özünü və ya Rusiyanı. Həbslər çoxdur və Beynəlxalq Amnistiya Təşkilatı işi çatdıra bilmir. Orada növbə var və bu məsələyə növbə ilə baxılır. Onlar həmdə məsələyə ehtiyatla yanaşırlar. Onlar istərdilər ki, müdafiə etdikləri və vicdan məhbusu kimi tanıdığı şəxslər saf və bu ada layiqli olsunlar. Axır zamanlar onların da bizimlə birlikdə səhvlər olub. Odur ki, bir qədər ehtiyatlı və diqqətlidirlər. Onlar Hilal Məmmədov məsələsinə meyl edirlər və onun vicdan məhbusu olduğunu tanıya bilərlər. Xatırladım ki, “Azadlıq” qəzeti dərc etdirdiyi siyahıda olan məhbusları vicdan məhbusu elan edib. Amma Beynəlxalq Amnistiya Təşkilatı bu məhbusların çoxunu tanımır və onları araşdırıb, öyrənir. İndi mən həmdə Azərbaycanın hüquq müdafiəçisi kimi deyil, Beynəlxalq Helsinki Vətəndaş Assambleyasının həmsədri olaraq beynəlxalq təşkilatlara müraciət edəcəyəm ki, onlarla birlikdə Hilal Məmmədov, İlqar Məmmədov və Tofiq Yaqublunun vicdan məhbusu elan olunması işinə dəstək versinlər. Biz bu səyi göstərməkdə davam edəcəyik. -İndi Avropa Şurasında siyasi məhbuslarla KristoferŞtrasser deyil, Monitorinq Komitəsi məşğul olacaq. Bizdə siyasi məhbusların sayının azalmaq əvəzinə artdığını nəzərə alaraq Avropa Şurası yenidən siyasi məhbuslar üzrə məruzəçi təyin edə bilərmi? -Bu prinsipcə mümkündür. Amma siyasi məhbuslar ancaq Azərbaycanda mövcud deyil. Biz bir qədər həqiqəti deməliyik. Gürcüstanda çoxlu siyasi məhbuslar var idi. Amma prezident Saakaşvili demokrat adını qazandığı üçün hüquq müdafiəçilərinə inanmırdılar. Lakin indi Gürcüstanda siyasi məhbuslara yanaşma başqa cürdür. Ermənistanda da, siyasi məhbuslar var. Hazırda Cənubi Qafqazda və Rusiyada siyasi şəxsləri həbs edib növbə ilə buraxmaq adi hal alıb. Bu halda Avropa Şurası ümumilikdə siyasi məhbuslar üzrə məruzəçisini region üzrə deyil, yalnız Azərbaycanla bağlı təyin etməsi doğru hal deyildi. İkincisi də, cənab AndreasHerkel bu işlə ciddi işləyirdi və biz ondan razı idik. Ancaq KristoferŞtrasser xüsusi məruzəçi təyin edildikdən sonra Herkelin səlahiyyətləri bir qədər məhdudlaşmış oldu.Herkel siyasi məhbus problemi ilə maraqlansa və bunu hesabatlarında qeyd etsə də, bu problemlə daha çox KritoferŞtrasser maraqlanırdı. Bu bir tərəfdən yaxşı hal idi, çünki bizim hakimiyyətə göstərilirdi ki, siyasi məhbus məsələsində vəziyyət mürəkkəbdir və antidemokratik durum var, bu şəxsləri azad eləmək vacibdir. Amma ikinci tərəfdən Herkelin siyasi məhbuslarla bağlı işinin məhdudlaşdırılması pis hal idi. Məhz bundan sonra Azərbaycanda siyasi və vicdan məhbuslarının sayının çoxalması müşahidə olunurdu. Həmdə Ştrasseri ölkəmizə buraxmadılar. Məsələn, cənab Ştrasserin hesabatı Avropa Şurasında qəbul edilmədikdən sonra bəzi insanlar bəyan etdilər ki, kürü diplomatiyası qalib gəldi. Ancaq bu yeganə səbəb deyildi. Ştrasser çox yaxşı insan idi və həqiqətən də Azərbaycanda siyasi məhbuslar probleminin həll olunmasınıistəyirdi. Amma onun Azərbaycana gələ bilməməsi, bu mühiti yaxından görməməsi səbəbindən bir çox məqamlar onun gözündən yayınmışdı. Bütün bunların səbəbindən onun hazırladığı siyahı məhbus siyahısı tam deyildi. Ola bilsin ki, Ştrasserin hesabatının qəbul edilməməsindəkürü siyasəti rol oynayıb, ancaq həmdə siyahının sona qədər işlənilməməsinin də müəyyən qədər rolu olub. Həmdə siz qeyd etdiniz ki, hüquq müdafiəçilərinin siyasi məhbusların olub-olmaması haqqında müxtəlif rəylər var. Əslində isə müxtəlif rəylər yoxdur. Əksinə, hamı deyir ki, Azərbaycanda siyasi məhbuslar var. Sadəcə olaraq siyasi məhbusların sayı məsələsində fərqli münasibət var. Bəzi qrup hüquq müdafiəçiləri kimisə siyasi məhbus kimi tanıyır, amma sübutlar məsələsində yekun ümumi rəy yoxdur. Əlbəttə yaxşı olardı ki, yığışıb bütün arqumentlərə baxılsın və ümumi siyasi məhbus siyahısı elan olunsun. Amma görünür buna vaxt və ya maraq yoxdur. O səbəbdən də, məsələ bir qədər açıq qalır. -Son zamanlar mətbuatda basqılara intensiv xarakter alıb. Artıq Əvəz Zeynallıya 9 il həbs cəzası verilib, Qənimət Zahid haqqında cinayət işi açılıb, “Gündəm xəbər” qəzeti ilə bağlı əsassız sənədlər məhkəməyə göndərilib. Siz bir zamanlar Söz Azadlığı Müdafiə Komitəsinin sədri idiniz və əsasən qəzetləri, həbsdə olan jurnalistləri müdafiə edirdiniz. Son basqılara münasibətiniz necədir? -Bu həmişə olub, sadəcə arada səngimişdi, amma son aylar yenidən qızışıb. Çünki mətbuat dördüncü hakimiyyətdir. Bu hakimiyyət kiminsə obrazına qara yaxa, kiminsə mənfi tərəfini göstərə, kimi isə ucalda bilər. Buna görə mediaya diqqət çoxdur. İndiki hakimiyyət isə bütün media orqanlarının ona tabe olmasını istəyir. Onun fikrincə, ölkədə çıxan bütün qəzetlər, saytlar ancaq yuxarıdan gələn göstərişə əməl etməlidir. Azad və müstəqil medianın vəziyyəti siz dediyiniz qədər də ürək açan deyil. Məsələn, Əvəz Zeynalının 9 il həbs olunması absurddur. Təsəvvür edin ki, Gülər Əhmədovanın sözlərinə əsaslanaraq Əvəz Zeynalı həbs edilib. Amma böyük miqdarda pul alan şəxslərə belə böyük məbləğdə cərimə tətbiq etməyiblər. Əlbəttə biz buna etiraz edirik və Zeynallı ilə bağlı işimizi davam etdirəcəyik. Qəzetlərə basqıları da pisləyirik. Çünki azad cəmiyyətin göstəricisi azad mediadır. -Artıq “Azadlıq” qəzeti məcbur edildi ki, güc nazirlərindən üzr istəsin. Bu yolla mətbuatı sındırıb sıradan çıxarmaq nə dərəcədə mümkündür? -Əfsuslar olsun ki, mən başqa fikirdəyəm. Qarşıdan seçkilər gəlir və mən istəməzdim ki, jurnalistlər yazılarına görə həbs edilsin. Mən bir zamanlar Söz və İfadə azadlığı Komitəsinin sədri idim. Mən bildiyim qədər indi belə bir komitə yoxdur. Ayrıca komitələr var. Biz hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti fəalları öz işimizi uzlaşdırmaq haqqında qərar vermişik. Yəni vətəndaş cəmiyyətinin müdafiəsi üçün fəaliyyət koordinasiya edilməlidir. Vətəndaş cəmiyyəti hərəkatına isə media azadlığı məsələsi də daxildir. İndi bizə basqılar çoxdur və sanki eyni adamlar Tofiq Yaqublunu, Əvəz Zeynallını, İlqar Məmmədovu, Nemət Pənahlını, Hilal Məmmədovu müdafiə edirlər. Biz düşünürük ki, əhatəni genişləndirmək və müdafiə işinə hamını qoşmaq lazımdır. Qarşıdan isə prezident seçkiləri gəlir və təəssüflə deməliyəm ki, həbslər gözləniləndir. Düşünürük ki, bu həbslərin qarşısını almaq üçün metodoloji yanaşma lazımdır. Biz bu haqda fikirləşməli və çalışıb vətəndaş cəmiyyəti nümayəndələrini müdafiə etməliyik. Vətəndaş cəmiyyətinə isə jurnalistlər də daxildir.
Sorğu
Yeni dizaynımız necədir?