Teleqraf.com mərhum Əbülfəz Elçibəyin prezidentliyi dövründə onun şəxsi mühafizə xidmətinin rəisi vəzifəsində işləyən Oqtay Məmmədovun müsahibəsini təqdim edir: - Oqtay müəllim, son günlər Əbülfəz Elçibəy haqqında müəyyən tənqidi fikirlər səslənir. Hətta Nemət Pənahlı Əbülfəz bəyi təhqir etməkdən çəkinməyib. Bu səhnəni necə qiymətləndirirsiniz? - Əbülfəz Elçibəy həyatdan köçüb. Ömrünün son gününə qədər bu millətə xidmət edən və hazırda həyatda olmayan bir kişi haqqında təhqirlə danışmaq insanlığa sığmayan hərəkətdir. Açığı, bir müddətdir mətbuata baxa bilmirəm. Konkret olaraq Nemət Pənahlının bir insan kimi Əbülfəz Elçibəy haqqında danışmağa ixtiyarı yoxdur. Nemət burdan ora gedib, ordan bura gəlib, müxtəlif oyunlarda vasitə kimi iştirak edib, səngərini dəfələrlə dəyişib və nəhayət, Gəncə qiyamında iştirak edib. Bu adamın ümumiyyətlə nə haqqı var ki, Elçibəy haqqında danışa? Onun belə bir haqqı ola bilməz. Nemət Pənahlı Elçibəyin nə yaxşılığına, nə də pisliyinə danışmamalıdır. Ümumiyyətlə, susmalıdır. Əbülfəz Elçibəy hər gün Nemət Pənahlı ilə məşğul olur, ona saatlarla dərs keçirdi. Başa salırdı ki, mitinqdə nəyi necə demək, nələri etmək lazımdır. İndi bilmirəm niyə ortaya çıxıb. - Ancaq Nemət Pənahlı 1990-cı ildən Elçibəyə qarşı kəskin mövqedə durur və indi də bu xəttini davam etdirir... - Mən bilmirəm buna səbəb nədir. Nemət Pənahlını o zaman çox şişirtdilər. Bundan sonra onda böyük iddialar yaranmağa başladı. Əlbəttə, bilmirəm Nemət Pənahlı hansı xəttə bağlı idi. Ancaq hansısa cərəyanlara bağlı idi və ola bilsin ki, indi də bağlıdır. - Ancaq bu xətti Rəhim Qazıyev də aparır... - Rəhim də, Nemət də xəyanət etmiş adamlardır. Onlar bu millətə və dövlətə xəyanət ediblər. Başqa nə deməlidirlər ki? Mən bilmirəm Rəhim Qazıyev niyə belə mövqedə durur. Ancaq Əbülfəz Elçibəyin Rəhim Qazıyevə etdiyi son yaxşılığı açıqlaya bilərəm. Rəhim Qazıyevin məhkəməsi gedirdi, vəziyyəti çox ağır idi. Onun Həqiqət xanım adlı vəkili var idi. Kələkiyə gəldi və Əbülfəz Elçibəydən məhkəmə prosesinə görə ifadə aldı. Həmin vaxt Rəhimin məhkəməsində maliyyə yeyintisi məsələsi vardı. Elçibəy də Rəhim Qazıyevin xeyrinə ifadə verdi, dedi ki, bu proseslərdən informasiyam olub. Yəni Rəhimi müdafiə edən ifadə verdi. İndi bunların necə insan olduğunu şəxsən mən başa düşə bilmirəm. - Bəlkə, Rəhim Qazıyevi müdafiə naziri postundan çıxardığı üçün Elçibəyə qənim kəsilib? - Bəli, onu postundan Əbülfəz Elçibəy çıxardı. Səhv etmirəmsə, fevral ayında baş verdi. O zaman mən müzakirələrdə iştirak etmədim, qardaşım vəfat etdiyi üçün rayona getməli oldum. Ancaq həmin Ali Sovetin sessiyasında ciddi müzakirələr aparıldı. Bu məsələləri Sülhəddin Əkbər daha konkret bilir, çünki sessiyada çıxışı bilavasitə o etmişdi. - Sülhəddin Əkbər müsahibələrinin birində qeyd edib ki, həmin vaxt müdafiə naziri Rəhim Qazıyevlə Rusiyanın Hərbi Kəşfiyyat İdarəsinin rəsmiləri ilə danışıqlarını tutublar... - Bəli, təxminən belə bir fakt ortaya çıxmışdı və Sülhəddin Əkbər də məsələni Ali Sovetdə müzakirəyə çıxarmışdı. Sonda da Rəhim Qazıyev istefaya göndərildi. - Niyə iyun qiyamı yaxınlaşan ərəfədə bəlli şəxslər Əbülfəz Elçibəyi təhqir və tənqid edirlər. Prinsipcə, onlar qiyam üçün çalışırdılar və bu da baş tutdu? - Vallah mən bu işləri anlaya bilmirəm. Məqsədlərinin nə olduğunu deyə bilmərəm. Məsələn, Rəhim Qazıyevin kimlərsə tərəfindən danışdırılması ehtimalına zərrə qədər də inanmaram. Ancaq Nemət Pənahlını kimlərsə danışdıra bilər. Həm də söhbət ondan gedir ki, Nemət vəfat edən bir şəxs haqqında danışır. Özü də namaz qılan biridir. Bu həm müsəlmanlıq, həm də insanlıq baxımından çox pisdir. Xalq üçün bu cür xidmətləri olan şəxs barəsində belə danışmaq əxlaqa sığmayan bir hərəkətdir. İnsan kimi hər birimizin səhvi olub. Lakin millətinə bu qədər xidmət edən insan haqqında belə danışmaq dəhşətdir. Baxın, sizə bir fakt deyim. Həmin dövrdə Nemət Pənahlını həbs etmişdilər, ancaq Əbülfəz Elçibəy buraxdırdı. Qoymadı tutulsun. Rəhim Qazıyev əslində vəzifədən çıxarıldıqdan sonra həbsə getməli idi. Ancaq Əbülfəz bəy buna razılıq vermədi. Ancaq bu adamlar illərdir ki, onun əleyhinə danışırlar. - Bəyəm, Rəhim Qazıyevin həbs edilməsi imkanı var idimi? - O dövrdə elə şərait yaranmışdı ki, əgər istəsəydilər, Rəhim Qazıyevi həbs edə bilərdilər. Mümkün idi. Hətta o dövrdə istintaq da başlamışdı, sadəcə mən istintaqın necə getdiyi haqda məlumata malik deyiləm. Bir daha qeyd edim ki, bu məsələləri Sülhdəddin Əkbər daha dəqiq bilir. - Oqtay müəllim, Əbülfəz Elçibəyin ən kritik dönəmlərində siz harada olmusunuz? - Bakını tərk edib Kələkiyə gedərkən mən Əbülfəz Elçibəyin yanında olmuşam. Sonra Kələkidən ayrıldım. Ancaq buna baxmayaraq tez-tez Kələkiyə yanına gedirdim. Sonradan Əbülfəz bəyin səhhətində problem yarandı və onu Ankaraya gətirdilər. Xəstəxanada həmişə yanında idim. Yəni kritik dövrlərdə yanında olmuşam. Sizə tam səmimi deyim ki, mən Elçibəy qədər mükəmməl adamın olduğunu təsəvvür edə bilmirəm. Çox ləyaqətli, mehriban, xalqını sevən, taleyini xalqına fəda edən siyasətçi idi. Bir məqamı deyim. Əbülfəz Elçibəy artıq 20-25 gün əvvəl bilirdi ki, vəfat edəcək. Bunu bilməsinə rəğmən ancaq milləti, dövləti, Savalan haqqında danışırdı. Bu təsəvvür ediləsi bir şey deyildi. Təsəvvür edin ki, vəfatına bir aya yaxın vaxt qalmasına rəğmən Savalanın türkçülüyün simvoluna çevrilməsi haqda danışırdı. Mən həmin vaxt onun yanında idim. Biləndə ki, Əbülfəz bəyin özü vəfat edəcəyindən məlumatlıdır və ancaq bu mövzularda danışır, mat qalırdım. Yalnız bu fakt Elçibəyin necə insan olduğu haqda fikir formalaşdırmaq gücünə malikdir. Mən Əbülfəz Elçibəy böyüklükdə insan tanımıram. Əlbəttə, orta məktəbdə, universitetdə təhsil alarkən həyatda görmədiyimiz dahi insanlar barəsində oxuyurduq, müxtəlif fikirlər yazırdılar. Ancaq Əbülfəz Elçibəyi mən öz gözlərimlə görmüşəm. Zənn eləmirəm ki, ikinci belə bir insan var. - Məni bir şey hər zaman təəccübləndirib. Siz 1980-ci illərin sonunda SSRİ milisində çalışırdınız. Əbülfəz Elçibəy isə SSRİ-ni yıxmaq, Azərbaycanı müstəqil dövlət etmək uğrunda mübarizə aparırdı. Necə oldu ki, siz onun mühafizə xidmətinin rəisi kimi mühüm vəzifəyə gətirildiniz? - Nəzərə alın ki, mən Əbülfəz Elçibəylə tələbəlik dövründən tanış idim, bir-birimizi yaxşı tanıyırdıq. Odur ki, bu məqam sizi təəccübləndirməməlidir. Bu məsələlər mənim Türkiyədə çapdan çıxan kitabımda ətraflı yazılıb.
Sorğu
Yeni dizaynımız necədir?