Fərda Əsədov: “Bu, proseslər burulğan şəklində baş verir”
Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (SOROS) sabiq icraçı direktoru, politoloq Fərda Əsədova ilə müsahibəni təqdim edirik. - Fərda müəllim, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd və bunun baş tutmaması hələdə əsas müzakirə mövzusudur. Sizcə, Türkiyədə son aylar nə baş verir?
- Hamımız onunla razılaşmalıyıq ki, dövlət quruculuğu, Türkiyə dövlətçiliyinə aid ideoloji və siyasi məsələləri həlledici mərhələyə çatıb. Müasirləşmə, qloballaşma, islamla qarşıdurma məsələsi var ki, hazırda qlobal siyasətin önəmli prosesləridir. Bütün bunların hamısının Türkiyənin daxili və xarici siyasətində böyük təsiri var. Türkiyənin daxili durumu da, bu çağırışları cavablandırır. Yəqin ki, Türkiyə funksional dəyişikliklərə, dövlətin təkmilləşməsinə, ordunun konkret vəzifə daşıması kimi məsələlərdə yeniləşmə mərhələsinə gəlib çatıb. Bunun demokratilləşmə, insan haqlarının təmin edilməsi, qanunçuluq institutlarının vasitəsilə mühafizəsi nəticəsində həll etmək lazım gəlir. Bu, proseslər təəssüf ki, Türkiyədə burulğan şəklində baş verir. - Şərqşünas kimi necə düşünürsünüz 15 iyulda Türkiyədə baş verən çevriliş hadisəsi Misirdə, Suriyada, Liviyada baş verən məlum proseslərin məntiqi davamı idimi?
- Qeyd etdiyim kimi xarici amillərin təsiri şübhəsiz ki, daxili amilləri kəskinləşdirir. Hansısa mərhələ-mərhələ sakit proseslər bu təsirlər nəticəsində daha tez və bəlkə də daha radikal formada inkişaf etməyə başlayır. Şübhə yoxdur ki, bu proseslərin nəticəsində müəyyən hərbi hazırlıq, ordunun rolu, orduya nəzarət etmə mexanizmləri kimi məsələlər böyük əhəmiyyət kəsb edir. Mən istisna etmirəm ki, xarici təsir nəticəsində orduda müəyyən mövqedə olan qüvvələr tələskənlik və radikal addımlar atmaq qərarına gəldilər. Fikrimcə, bütün bunların hamısı xarici təsirlərin də nəticəsi ola bilər. - 15 iyulda dövlət çevrilişi baş tutsaydı Türkiyə üçün hansı ssenarilər işə düşə bilərdi?
- Doğrusu sizə deyim ki, bunun baş tutması daha çətin olardı, nəinki baş tutmaması. Əslində biz gördük ki, ordu artıq əvvəlki Türkiyə ordusu deyil. Ordunun siyasi roluna aid kifayət qədər fikir müxtəlifliyi var idi. O cümlədən hakim olan baş komandanlıq səviyyəsində. Ordunun əvvəlki kimi həlledici rol oynaması üçün o qədər də zəmin yox idi. Biz bunu açıq görə bilirik. Fərz edək ki, 15 iyul cəhdi baş tutardı. Açığı, mən bu məqamda nəyin olub-olmayacağını deməkdə çətinlik çəkirəm. Ancaq düşünmürəm ki, əvvəlki cəhdlərdə olduğu kimi ordu addım ataraq məsələləri həll edə, Türkiyənin siyasətini formalaşdırıb yenidən geri çəkiləcəkdi. Məncə, bu daha çətin və mürəkkəb proses olacaqdı.
-15 iyul cəhdindən bir neçə gün əvvəl Ankara Rusiya ilə mövcud olan münasibətlərini yoluna qoymaq xəttini seçdi. Başqa sözlə, Türkiyə-Rusiya münasibətləri istiləşməyə başladı və sonra Putinlə Prdoğan Sankt-Peterburqda bir araya gəldilər...
- Biz məsələlərə yuxarıdan baxsaq belə nəticə çıxara bilərik ki, doğurdan da Türkiyə-Rusiya yaxınlaşdıqca bunun əleyhinə olanlar radikal addımlar atmaq məcburiyyətində qala bilərdilər. Və belə bir cəhddə buluna bilərdilər. Lakin bu çox sadə bir məntiqdir. Mən düşünmürəm ki, məhz bu münasibətlərin qarşısını almaq məqsədilə ordu tərəfindən belə bir addım atıldı. Lakin istisna etmək də olmaz ki, Türkiyə-Rusiya yaxınlaşmasının əleyhinə qüvvələrin olması mümkündür və bu qüvvələrin bu proseslərdə iştirakını da istisna etmək olmaz. Ancaq bir daha vurğulayım ki, hadisələri bu məntiqlə izah etmək məsələni bir qədər sadələşdirmək olardı. Lakin hələlik hadisələrin gedişi onu göstərir ki, Türkiyə-Rusiya yaxınlaşması çevriliş cəhdindən sonra bir qədər implus aldı.
- Türkiyə-Rusiya münasibətlərinin yoluna qoyulması bu dövlətlərin maraqlarından doğur, yoxsa liderlərin siyasi istəklərinin təminatından?
- Türkiyə və Rusiya qonşu ölkələrdir. Türkiyə ilə Rusiya bir çox maraq dairələrində birgə iştirak edir və siyasət aparırlar. Və hər bir ölkənin digər ölkənin addımlarından müəyyən qədər asılılığı və ya əlaqəliliyi var. Mən düşünürəm ki, bu əlaqələr nə qədər yaxın olsa, regiondakı problemlərin həlli daha tez və sülh vasitəsilə həllini tapa bilər. - Ankara-Moskva yaxınlaşması konteksində Türkiyə-Qərb münasibətlərini necə analiz etmək olar?
- Bilirsinizmi, Türkiyə nəhəng bir ölkə olmaqla bərabər siyasi və hərbi faktordur. Nə qədər ki, Türkiyədə radikal addım əvəzinə, sülhsevər siyasət aparmaq və eyni zamanda bəlkə də dövlətin təkmilləşdirilməsi yolu ilə demokratik institutların sayında artım müşahidə olunarsa, Türkiyənin Avropa və digər ölkələrlə münasibətləri də bir o qədər yaxşılaşacaq. Və hər zaman bu münasibətlər qarşılıqlı maraqlar üzərində qurulacaq. Mən arzu edərdim ki, münasibətlər bu xətt üzrə inkişaf etsin. Nə qədər ki, Türkiyə nüfuz qazanacaq, bir o qədər də Ankara ilə hesablaşmalı olacaqlar.
- Sizcə, Moskva-Ankara yaxınlaşması qərb dairələrini narahat edirmi?
- Heç şübhəsiz ki, narahatçılıq üçün əsas ola bilər. Burada əsas məqam odur ki, iki hakim lider tərəfindən idarə olunan ölkələr səylərini birləşdirərək başqa ölkələrin maraqlarına toxunan məqsədləri qarşısına qoyaraq bunun üçün çalışsalar, şübhəsiz ki, buna qarşı narahatçılıqlar da artacaq. Amma mən ümid edirəm ki, Türkiyə dövlətçiliyin inkişafı baxımından uzun yol keçən bir ölkədir. Baxmayaraq ki, indi strateji bir mərhələyə çatıb. Amma yenə də Türkiyədə siyasəti nizamlayan və balanslaşdıran siyasi və ictimai faktorlar mövcuddur. Bütün bunların hamısı Türkiyənin radikallaşma və siyasi səhnədə diktə etmək, güc siyasəti nümayiş etdirmək yolunu seçmə ehtimalını azaldır. Əslində isə mən düşünürəm ki, Rusiya-Türkiyə münasibətləri Rusiyanın siyasətində müəyyən balanslaşdırma yolunda gedə bilər. Başqa sözlə, Rusiya ilə Türkiyənin yaxınlaşması Avropa və Amerika üçün ümid etmək olar ki, Rusiya siyasətinin radikallaşmasının yumşalması yolu ilə inkişaf edər.
- Bu həftə Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü oldu. Demək olar ki, son 100 ildə bu ölkələrin rəhbərləri ilk dəfə bir araya gəldilər, müzakirələr apardılar. Bu formatda aparılan müzakirələrlə bağlı fikirləriniz nədən ibarətdir?
- Hesab edirəm ki, mühüm görüşdür. Təəssüflə deyim ki, bizdə belə fikir formalaşa bilər ki, biz iki ölkə tərəfindən sıxılmış vəziyyətdəyik. Yəni şimalda Rusiya və cənubda İran. Nə qədər ki, bu ölkələr bir-birilə dil tapırlar, deməli bunların hamısı bizim milli marağımızın hesabına ola bilər. Həm də tariximizə baxdıqda belə nəticəyə gəlmək olar. O zaman azərbaycanlıların yaşadığı əraziləri bu iki ölkə böldü, beləliklə də bizim milli konsolidasiya prosesimiz baş tutmadı və s. Yəni məsələlərə tarixi nöqteyi-nəzərdən yanaşdıqda bütün bunların hamısı bizi narahat etməyə bilməz. Lakin məsələyə digər tərəfdən baxanda yaxşı anlamalıyıq ki, müasir dövrdə artıq dövlət sərhədləri müəyyən olunub. Qloballaşma prosesində ölkələrin hər biri iqtisadi maraq, münasibətlərin qanun və ictimai təcrübə baxımından təmin olunması mədəniyyəti ortaya çıxıb.
Bu şəraitdə ölkələrin bir-birilə sülh və iqtisadi əməkdaşlıq təmasında olarlarsa, bu balaca ölkələr üçün də münasib imkanlar aça bilər.
- Həm Türkiyə-Rusiya yaxınlaşması, həm də Azərbaycan, İran və Rusiya arasında pozitiv müzakirələrin başlaması kimi hallar Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı müsbət təsirlər göstərə bilər?
- Bu bir qədər çətin məsələdir. Nəzərə alın ki, burada təkcə hər şey Azərbaycandan asılı deyil. Ortada həm də Ermənistanın məsələsi var. Son aylar görürük ki, Ermənistanda hansı hadisələr müşahidə olunur. Fikrimcə, Ermənistanda yaşananlar ümumi vəziyyətə, eləcədə Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri olacaq. Ümid edək ki, Ermənistanın daxili durumu elə həddə gəlsin ki, artıq başqa ölkələrin təsiri nəticəsində deyil, erməni xalqının özünün marağı əsasında qərar qəbul etmək imkanı yaransın. Belə olacağı təqdirdə Türkiyə-Rusiya və Azərbaycan-Rusiya-İran münasibətlərinin inkişaf etdirilməsi Qarabağ münaqişəsinin sülh formasında həllində müsbət faktora çevrilə bilər.
- Prezident Ərdoğan bəyan etdi ki, Azərbaycan-Rusiya-Türkiyədən ibarət yeni format yarana bilər. Sizcə, bu nə dərəcədə effektiv və maraqlarımıza uyğun ola bilər?
- Hesab edirəm ki, bunun ilk növbədə iqtisadi tərəfi vacib və əhəmiyyətlidir. Mən doğrusu bu format haqda geniş bilgiyə malik deyiləm, odur ki, bəhs edilən formatla bağlı daha geniş danışmaq imkanım yoxdur. Amma iqtisadi maraqlar gözə dəyir. Burada həm neft və qaz nəqliyyatı məsələləri, eyni zamanda təhlükəsizlik məsələləri var. Şübhəsiz ki, Azərbaycan Cənubi Qafqazda iqtisadi və hərbi baxımdan ən qüdrətli və təsiri ölkədir. Və yaxın qonşuları ilə hərbi və iqtisadi əməkdaşlığı mövcuddur. Şübhəsiz ki, regionun problemlərinin həlli üçün bu formatın müsbət təsiri ola bilər. Əslində isə yaxşı hal ondan ibarətdir ki, Qafqazda tarixən Türkiyə və Rusiya, müəyyən tarixi mərhələlərdə isə İran təsirli dövlətlər olublar. Bu dövlətlərin arasında Azərbaycanın da portniyor kimi olması, bu üçlükdə təmsilçiliyi bizə kifayət qədər nüfuz gətirən hadisədir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?