Əli Əlirzayev: “Kənd təsərrüfatına kapital qoyulsa 5-6 ildən sonra nəticəsi olacaq”
İqtisadçı professor, sabiq deputat, YAP-ın 91-lərindən olan Əli Əlirzayevlə müsahibəni təqdim edirik.
- Əli müəllim, artıq neçə müddətdir ki, dünyada iqtisadi böhran yaşanır və bunun bütün ölkələrə təsiri müşahidə edilir. Sizcə, yaxın dövr üçün böhranın aradan qalxma ehtimalı nə dərəcədədir?
- Dünyada gedən iqtisadi böhran hər bir ölkəyə təsir edir. O cümlədən də, Azərbaycana. Biz dünyaya inteqrasiya olunuruq, dünya ilə əlaqədəyik, iqtisadi əlaqələrimiz genişlənir, ticarət əlaqələri var və s. Əslində belə də olmalıdır, çünki bu inkişaf yoludur. Bunun nəticəsində də, dünyada gedən iqtisadi proseslər bizə təsir edir. Dünyada gedən qloballaşma, idarəetmə, müəyyən proseslər var. Bu proseslərdən həm yaxşı istifadə etmək olar, həm də bunun mənfi nəticələri ola bilər. Dünya təcrübəsində istifadə edərək iqtisadiyyatı yenidən transformasiya edirik, onu təzələyirik, strukturunu dəyişərək inkişaf etdiririk. Bunu etməyəndə isə həmin prosesin axını ilə gedirik, yəni itiririk. Bu mənada böhranın özünün dərəcələri var. Başqa sözlə, böhran müəyyən ölkələrə çox, müəyyən ölkələrə isə az təsir edir. Hansı ölkə ki, dünya iqtisadiyyatdan çox asılı deyilsə, öz əhalisini, daxili bazarını təmin edə bilirdisə, həmin ölkələr nisbətən təsirdən çıxa bilir. Xarici təsirlərdən asılı olan ölkələr isə nisbətən ağır vəziyyətlə qarşılaşır.
- Azərbaycanın bu sahədəki vəziyyətini necə qiymətləndirirsiniz?
- Biz neft ölkəsiyik. Ölkəmizə dollar gətirən ən böyük sahə neft ixracatıdır. Dünya bazarında neftlə bağlı proses necə gedirsə, ölkəmizə də o cür təsir edir. İdxal olunan məhsulların miqdarı bizə təsir edir. Normalda idxal da, ixrac da olmalıdır. Bu təbiidir. Əlbəttə, bunun xüsusi çəkisi olmalıdır. Elə məhsullar var ki, onu gətirmək daha yaxşıdır, sərfəlidir. Elə məhsullar da var ki, onu gətirməyə ehtiyac yoxdur və biz özümüz özümüzü belə məhsullarla təmin edə bilərik. Dünyada gedən iqtisadi prosesləri tənzimləmək, öz iqtisadiyyatımızı ondan asılı etməmək üçün bəzi addımlar atmalıyıq.
- Son zamanlar ölkədə müəyyən aktivləşmə hiss edilir, xüsusi pambıqçılıq, barama, tütünçülük, çayçılığın inkişafına dair tədbirləri qeyd etmək olar. Bu sahələrin perspektivini necə görürsünüz?
- Ümumiyyətlə ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün həmin ölkənin potensialı olmalıdır. Potensialı qiymətləndirmə və imkanlar, ehtiyatlar, keçmişdən qalanlar, yeniləri, maliyyə-bütün bunlar imkanlardır. İndi bunlardan istifadə etmək məsələsi var. Bu potensialdan istifadə etmənin müxtəlif dövrlərdə müxtəlif mərhələləri və ya yolları olub. Təbii ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və öz daxili bazarımızı təmin etmək, xarici bazara çıxmaq istəyirik. Xarici bazara çıxmaq, ölkəyə xarici valyuta gətirmək üçün struktur dəyişikliklər olmalıdır. Nəzərə almalıyıq ki, Azərbaycan iqtisadiyyatı qapalı yox açıq iqtisadiyyatdır. Başqa ölkələrlə sıx əlaqələrimiz var, tranzit ölkəyik, hər tərəfdən xarici ölkələrlə əhatə olunmuşuq və s. İqtisadi əlaqələrin olması milli iqtisadiyyatımızın yenilənməsi, yeni strukturda qurulmasına səbəb ola bilər. İndi artıq gələcəkdən danışırıq. Ancaq böhrana qədər biz daha çox cari məsələləri nəzərə alırdıq. Çox müsbət haldır ki, artıq gələcəkdən, 2025-ci ilə qədər olan dövrdən, inkişaf etməkdən danışırıq. Təbii ki, iqtisadiyyatımızın müəyyən hədəfləri olmalıdır. Bu hədəflərə uyğun olaraq iqtisadiyyatımızı transformasiya etməliyik. Beləcə potensialımızı qiymətləndirməli və hansı yolla gedəcəyimizi müəyyən etməliyik. Bu yol da neftdir, qazdır. Əlbəttə, ehtiyatımız var. Ancaq zamanla bu ehtiyatlar tükənəcək, dünyada neftlə bağlı müsbət və mənfi də fikirlər var. Neft ölkələrinə üstəlik təsirlər də var. Hazırda neft dünya bazarında dinamika ilə hərəkət edir, qiymət qalxıb-düşür. Bu da, bizə müəyyən qədər təsirlər göstərir. İndi bu tendensiyanı aradan qaldırmaq üçün iqtisadiyyatda yeni istiqamətlər haqda danışılır. Bu haqda prezident də, əksər mütəxəssislər də müəyyən fikirlər söyləyir. İqtisadiyyat isə təkamül nəticəsində dəyişən prosesdir. Başqa sözlə, iqtisadiyyatı inqilabi yolla da, təkamül yolu ilə də dəyişmək olar. Biz təkamül yolunu nəzərə alaraq reformalar keçirməliyik. Yəni önümüzü görməklə addımlar atmalıyıq. Odur ki, biz elə struktur qurmalıyıq ki, sonradan bəhrəsini versin. İqtisadiyyatda son hədd deyilən bir anlayış var. Biz elə etməliyik ki, son həddən aşağı düşməyək.
- İndiki halda perspektiv sahə kimi kənd təsərrüfatı sahəsi əsas kimi qeyd edilir. Sizcə, bu sahədə bizim imkanlarımız hansı həddədir?
- Əslində tarixən Azərbaycan kənd təsərrüfatı ölkəsi olub. Təcrübədə aqrar ölkə anlayışı var. Lakin sənaye olmasa aqrar ölkə kimi imkanlar geniş olmaz. İlk olaraq sənaye də inkişaf etməli və nəticədə aqrar proses getməlidir. Kənd təsərrüfatını inkişaf etdirmək imkanları genişdir. Ancaq bunun üçün şoran torpaqları normal hala gətirmək lazımdır. Bunu elmi texniki tərəqqi ilə həll etmək olar. Kənd təsərrüfatı həm də kompleks baxış tələb edir. Biz bu sahəni inkişaf etdirmək üçün ilk olaraq müəyyən kapital qoymalıyıq. Bu da, gəliri artırmalıdır. Biz stimul yaratmaqla buna nail ola bilərik. Ancaq kənd təsərrüfatının bir sahəsini inkişaf etdirirksə, məsələn heyvandarlığı. Burada son məhsul anlayışına diqqət etməliyik. Heyvandarlığını inkişaf etdirsək, amma onun dərisindən və ya südündən istifadə etməsək, bu uğurlu olmaz. Biz resurs satan ölkədən məhsul satan ölkəyə keçməliyik. Yəni istənilən sahənin son həddinə qədər getməliyik. Hazırda bizdə gön dəri zavodu yoxdur. Eləcədə süd emalı zavodları yoxdur, bəzi iş adamlarının süd emalı müəssisələri var. Demək istəyirəm ki, biz son həddə qədər getməliyik. Eləcədə ət fabrikləri qurmalıyıq.
- Pambıqçılıq imkanlarımız nə səviyyədə ola bilər?
- Azərbaycanda uzun illər pambıqçılıq olub. Bu gəlir gətirən sahələrdən biridir. Sözsüz ki, bu sahəni inkişaf etdirmək müsbət tendensiya demək olar. Ancaq mənim qənaətimə görə, burada söhbət ancaq pambıq əkməkdən getməməlidir. Biz eyni zamanda pambığı emal edən zavodlar qurmalıyıq. Sabah pambığı sata bilməsək onu emal etməliyik. Vaxtı ilə biz pambığı emal üçün Rusiyaya göndərirdik. Daha çox gəlir isə son məhsul istehsal edilən ünvanda əldə olunurdu. Əlbəttə, son illər kənd təsərrüfatı sahəsində iş yerləri açılmışdı, müəyyən addımlar var idi, insanlar burada işləyib əmək haqqı alırdı və bunun özü böyük əhəmiyyət kəsb edirdi. Üstəlik kənddə əhalinin problemlərini, məşğulluğu həll etmək üçün də pambıqçılıq, baramaçılıq yaxşı addımdır. Əlbəttə, torpaqdan istifadə olunmursa, bunun səbəbləri müəyyən edilməlidir. Bəzən su problemi olur, bəzən kəndli məhsulunu sata bilmir. Bütün bunlar kompleks və iqtisadi yollarla həllini tapmalıdır.
- SSRİ dönəmində iqtisadiyyatla məşğul olmuşunuz, kənd təsərrüfatı sahəsində ölkənin imkan və perspektivlərini bilirsiniz. Bu sahəyə diqqət edilərsə, nə zaman bəhrəsini görə bilərik?
- Aqrar sektor elə sahədir ki, burada işləri tez görmək olar. İki il müddətinə bu işləri həyata keçirmək olar. Sadəcə burada aqrar sahədə əldə olunacaq məhsula uyğun zavodlar, emal müəssisələri tikilməlidir. Kənd təsərrüfatı ancaq əkmək və biçməklə bitmir. Burada gübrə zavodu, emal müəssisələri olmalıdır. Təsəvvür edin ki, bu sahəyə dövlətin diqqəti artarsa, ölkədə gübrə zavodu, emal müəssisələri, traktor istehsal edən müəssisə, pambıq kombinatları olacaq. İndiyə qədər bunları etmək lazım idi, ancaq bu işlər görülməyib. İndi unları etmək üçün kapital lazımdır. Ancaq nəticədə böyük bir sistem yaranacaq, iş yerləri olacaq. Məncə, bu müəssisələri tikmək üçün ehtiyat maliyyəmizdən istifadə edilə və ya başqa mənbələr tapıla bilər. Biz pulu elə sahələrə qoymalıyıq ki, bir müddətdən sonra bu sahələr real gəlir gətirsin və ölkənin imkanlarını genişləndirməyə dəstək olsun. Əlbəttə, 5-6 il ərzində görülən bu işlərin nəticələrini daha geniş şəkildə görə bilərik.
- Əli müəllim, çoxları sizin son qələmə aldığınız kitab haqqında danışır, qeyd edirlər ki, çox maraqlı bir nəşr ortaya qoymuşunuz. Bu haqda qısaca məlumat verə bilərsinizmi?
- Yəqin siz “Əlvida Nehrəm” adlı kitabımı nəzərdə tutursunuz. Burada mən özümün həyatı, cəmiyyətdə tutduğum mövqe, apardığım mübarizə, ətrafın münasibətini, bunun öz-özlüyündə bir proses olduğunu ifadə etmişəm. Bu kitabı oxuyan bir çox şəxslər sonradan mənə zəng vuraraq təşəkkür edib və deyib ki, özünü də kitabda görüb, belə həyat keçirib və s. Mən düşündüm ki, Nehrəm kəndi böyük kənddir, burada olan dinamika və dəyişiklik əslində bütün Azərbaycan xalqında olan dəyişiklikdir. Kənddə doğulma, tələbə həyatı, iş prosesi, yaşayış tərzi, ənənələr, bunun bir insana təsiri maraqlıdır. Mən bunları düşünərək “Əlvida Nehrəm” kitabını yadım. Ancaq bu o demək deyil ki, mən Nehrəmlə vidalaşıram. Həm də indiki Nehrəmlə keçmiş Nehrəm arasında müəyyən təzadlar var. Keçmişdə olan adət-ənənə tədricən unudulur, yeni ənənələr əmələ gəlir. Əslində ölkə boyu belə proses yaşanır. Köhnə ənənələrin nə kimi müsbət tərəfləri var, bunun müxtəlif münasibətlərə təsiri necə olur, eləcədə indiki ənənələr necə yaranır, problemlərin səbəblər nədir və s məsələlərə qiymət verilib. Bir kəndin misalında iki fərqli obrazın müxtəlif aspektlərin meydana gəlməsi məsələsi var. Bu isə məntiqi baxımdan fəlsəfə, psixologiyadır. Buradan hara getdiyimiz haqda nəticələr də çıxarmaq mümkündür. Bir sözlə, psixoloji, fəlsəfə və ümumiləşmiş inkişaf meylidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?