Krımın Rusiyaya birləşdirilməsi 179 milyard dollara başa gəlib. Belə bir kapital itkisi ilə üzləşən Rusiya iqtisadiyyatı ağır böhran içərisinə düşə bilər. Rus iqtisadçıların hesablamasına görə, mart ayında 33,5 milyard dollar ölkədən xaricə axıb, 82,7 milyard dollar Rusiya şirkətlərinin aktivlərinin enməsi, 62, 8 milyard dollar isə daxili və London birjalarında aktivlərin enməsi hesabına olub. Əgər Rusiya Ukraynanın şərq hissəsini də ələ keçirmək niyyətinə düşərsə, bu həcm artacaq və ciddi maliyyə problemi yaşanacaq. Hələ 2008-ci ildə Abxaziya və Cənubi Osetiyaya rus qoşunlarını soxduğuna görə Qərbin böhran tələsinə düşən Kreml indi də Krım məsələsində oxşar taleni yaşayır. Həmin dövrdə Rusiyanı vuran maliyyə böhranı Azərbaycana da təsirsiz ötüşmədi. Rusiyada işləyən azərbaycanlıların biznesi zərbə altında qaldı, gəlirlərdə azalma müşahidə olundu. Bəs indi necə, Rusiya iqtisadiyyatının çöküşü Azərbaycana nə vəd edir? İqtisadçı-ekspert Qadir İbrahimli hesab edir ki, Rusiyadakı iqtisadi vəziyyətin Azərbaycana birbaşa təsiri yoxdur: “Çünki rus kapitalı Azərbaycan iqtisadiyyatında önəmli rol oynamır. Rusiya Azərbaycana investisiya qoymur. Amma iki ölkə arasında xarici ticarət dövriyyəsi var. Bu da çəkisinə görə əhəmiyyətli deyil. Sadəcə, Rusiyada soydaşlarımızın, bizneslə məşğul olan azərbaycanlıların imkanlarına təsir edəcək. Onların vətənə, ailələrinə göndərdiyi ödənişlərdə azalma müşahidə oluna bilər. Bu da Azərbaycanda sosial mühiti pisləşdirməyə gətirib çıxaracaq”. İqtisadçı-ekspert Samir Əliyev isə hesab edir ki, Rusiya Azərbaycanın iqtisadi tərəfdaşlarından biridir: “İqtisadi tərəfdaşlıq enerjidaşıyıcıları üzrə üstünlük təşkil edir. İkincisi, Rusiya bazarı Azərbaycan üçün məşğulluq yeridir. Orada 2 milyondan çox azərbaycanlı işləyir. Əgər rus iqtisadiyyatı böhrana girsə, azərbaycanlıların ailələrinə göndərdiyi pullarda azalma müşahidə olunacaq. Çünki rubl dəyərdən düşür, Azərbaycan manatına çevirəndə daha da qəpik-quruş olacaq”. S.Əliyev Azərbaycan iqtisadiyyatına digər təsirlərin də olmasını sadaladı: “İkincisi, iş yerlərinin itirilməsi təhlükəsi yaranır. Rusiyada investisiyalar ölkədən axır, biznes mühiti pisdir, sahibkar üçün ticarət fəaliyyəti qurmaq çətindir. Ona görə də iş yerini itirmək təhlükəsi yaranır. Nəticə də ondan ibarətdir ki, gəlirlər azalacaq, əsasən də Azərbaycanın regionlarında yaşayan insanların maddi vəziyyəti pisləşəcək”. Ekspert daşınmaz əmlak bazarında bahalaşmanın da olacağını güman edir: “Rusiyada iqtisadi böhran Bakıda daşınmaz əmlakın bahalaşması ilə nəticələnəcək. Çünki bizimkilər pulu Azərbaycanda biznesə yönəldə bilmirlər, bu, onlar üçün risklidir. Əvəzində daşınmaz əmlak alır, kirayə verib pul qazanır. Beləcə ev bazarı bahalaşır. Ümumiyyətlə, Rusiyada iqtisadi problemlər Azərbaycana mənfi təsir göstərəcək”. Musavat.com
Sorğu
Yeni dizaynımız necədir?