Nemət Orucov: “Əks halda korrupsiya xəstəliyi cəmiyyətimizi qanqrena nekrozu kimi cürüdəcək və məhv edəcək” İctimai Maraqların Müdafiəsi Mərkəzinin sədri, jurnalist Nemət Orucovla müsahibəni təqdim edirik. Hüquq müdafiəçisi əsasən ictimai-siyasi durum, insan haqları, söz və ifadə azadlığı haqda suallara cavab verib.
- 2016-cı ildə ölkədə insan haqlarının durumunu necə qiymətləndirirsiniz?
- 2016-cı ildə 2015-ci illə müqayisədə irəliləyiş müşahidə edilməyib. İnsan haqları ən vacib haqlar kateqoriyasına daxildir. Hər bir dövlətin vətəndaş qarşısında öhdəliyi var. Bu öhdəliyə insan haqlarının qorunması, bunun üçün hər cür şəraitin yaradılması kimi məsələlər daxildir. Azərbaycanda insan haqları ilə bağlı çoxlu sayda hüquq müdafiəçiləri, jurnalistlər işləyir, yazır və informasiya verirlər. Biz ancaq mətbuatdan və real həyatda gördüklərimiz haqda danışa bilərik. Hesab edirəm ki, insan hüquqlarının bir tərkib hissəsi də siyasi və sosial hüquqlardır. 2016-cı ildə mətbuatın yazdığına görə, çoxlu sayda insan təəssüflər olsun ki, intihara əl atıb. Bu daha çox sosial bəladır və onun araşdırılması olduqca vacibdir. Ancaq bununla bağlı statistik rəqəmlər belə açıqlanmayıb. Həmçinin sosial tələblərlə aksiya keçirən, ən minimum tələblər səsləndirən, hansı ki, bura mavi yanacaq və elektrik enerjisinin verilməsi də daxildir, hallar olub. Hesab edirəm ki, belə hallarda aksiya iştirakçılarının saxlanılması, onlara qarşı cinayət işlərinin açılması doğru deyil. Sadəcə olaraq insanların problemlərini həll etmək lazımdır, elektrik enerjisi və mavi yanacaq tələb edənləri cəzalandırmaq lazım deyil.
Siyasi hüquqlar məsələsinə gəldikdə deyim ki, bura ilk olaraq siyasi məhbus hesab edilən şəxslər daxildir. Hesab edirəm ki, onlar azadlığa buraxılmalıdır. Siyasi partiyalara, siyasətçilərin fikrini ifadə etmək üçün atmosfer olmalıdır. Həmçinin 2016-cı ildə bəlli oldu ki, Milli Təhlükəsizlik Nazirliyində yuva salan bir qrup cinayətkar şəbəkə formalaşdıraraq yüzlərlə biznesmen və iş adamına təzyiqlər edərək onlardan şantaj yolu ilə böyük miqdarda maliyyə alıblar. Bu cür hallar arzu edilən deyil və ən əsası ağır cinayətdir. Belə şəxslər cəzalandırılmalıdır.
- İnsanların yaşayış durumu, ictimai fəallığı, öz hüquqlarını qorumaq imkanları nə dərəcədədir?
- Əvvəla təəssüflə deyim ki, bizdə insanlar öz hüquqlarını qorumaq haqqında düşünmürlər. Ümumiyyətlə bu anlayış sanki cəmiyyət üçün yaddır. Bu bir növ biganə cəmiyyətlərə xas haldır. İkincisi, bizim vətəndaşlar sanki rüşvət vermək və ya almağa adi həyat norması kimi baxırlar. İnsan vəfat edir, borca girib rüşvətlə məzar yeri alırlar. Yeni körpə doğulur, bunun üçün rüşvət verirlər. Həmçinin dövlət idarələrindən hansısa arayışı almaq üçün pul vermək lazım gəlir. Hesab edirəm ki, bütün bu kimi hallar korrupsiya və rüşvətin mövcudluğu göstəricisidir. Həmçinin müvafiq qurumlar da bu halların qarşısını almaq əvəzinə sanki onu stimullaşdırmağı daha faydalı hesab edirlər. Zənnimcə, belə halların qarşısını almaq üçün ictimai fəallıq, şəffaflıq olmalıdır. İnsanlar ictimai baxımdan fəal olmalı, fərd olaraq öz haqlarını qorumağı bacarmalıdır. Görünür bunun üçün həm də cəmiyyətdə güclü təbliğat aparılmalıdır. Ümumiyyətlə rüşvət və korrupsiyaya qarşı anti təbliğat işi qurulmalıdır. Əks halda korrupsiya xəstəliyi cəmiyyətimizi qanqrena nekrozu kimi cürüdəcək və məhv edəcək.
- İnsanların yaşayış durumu...
- İnsanların yaşayış durumu olduqca ağırdır. Buna çoxlu sayda misallar göstərmək olar. Məsələn, artıq bəzi deputatlar da açıq deyirlər ki, kəndlərdə mağazalarda borc dəftəri yaranıb. Bəzən isə eşidirik ki, rayonlarda təqaüdçülərin bank kartı mağaza sahiblərində qalır. Başqa sözlə, insanlar bu aydan digər aya borclu qalaraq keçirlər. Söhbət aztəminatlı kateqoriyaya aid insanlardan, təqaüdçülərdən gedir. Təqaüdçülərin təqaüdləri onların yaşamaq üçün ərzağını və dərmanını heç bir halda görmür. Son qiymət artımı, inflyasiya da bir yandan insanları sıxır. Bu baxımdan durum ürəkaçan deyil. Üstəlik işsizlik problemi var. Bütün bunların üzərinə ədalətsizlik və korrupsiyanı əlavə edəndə reallıq eybəcər olur.
- Söz və ifadə azadlığı, media özgürlüyünün durumunu necə qiymətləndirirsiniz?
- Azərbaycanda medianın durumu ağır olaraq qalır. Çap mediası faktiki olaraq özü-özünü maliyyələşdirə bilmir. Bu səbəbdən də qəzetlər tədricən bağlanır. Qəzet köşkləri də artıq şirələr, siqaretlər, uşaq oyuncaqları ə digər xarakterli mallar satan köşklər statusunu alır. Əl yayımı isə artıq çoxdan mövcud deyil. Eyni zamanda internet mediasının da özü-özünü maliyyələşdirmək imkanına malik deyil, reklamlar azdır və ya sifarişlə verilir. Eyni zamanda jurnalistlərin işləmək, öz fikrini azad formada ifadə etmək problemi də var. Jurnalist azad olmaq üçün həm də maliyyə baxımından dayanıqlı olmalıdır. Azad, özünü ifadə edə bilən, maliyyə baxımından müstəqil olan media təəssüflər olsun ki, bizə nağıl kimi görünür. Xüsusilə qeyd edim ki, qəzetlərlə bağlı bir problem də var. “Gündəm Xəbər” qəzetinə qarşı maliyyə sanksiyası tətbiq edilib. Guya qəzet vergidən qaçıb. Ancaq bu ağ yalandır. Sözsüz ki, məqsəd başqadır. Buna baxmayaraq qəzet çapını davam etdirir, ən ağır şərtlər altında fəaliyyət göstərir. Həmçinin ötən il “Azadlıq” qəzeti də çapını dayandırıb.
- Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
- Bunlar ayrı-ayrı məsələlərdir və onlara yanaşma da problemin fəlsəfəsindən asılı olaraq ayrı-ayrı olmalıdır. Ancaq ümumilikdə ciddi islahatlar aparılmalıdır. Söhbət bütün istiqamətlərdə islahatlardan gedir. Avropa təhsili alan gənclər irəli çəkilməlidir. Eyni zaman qanunlarda liberallaşma olmalıdır. Sosial dövlət anlayışı irəli çıxmalıdır. Korrupsiya, rüşvət kimi hallar dayandırılmalıdır, bununla bağlı ciddi ölçülər götürülməlidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?