Novella Cəfəroğlu: ““Freedom House” qələt eləyib” “Azərbaycanda insan haqları çox yaxşı pozulur. Siyasi məhbuslarımız var, NİDA-çılar, İlqar Məmmədov, Qurban Məmmədov, jurnalistlər, dindarlar həbsdədir. Amma Azərbaycan dövləti haqqında bu fikirləri demək mənə çox pis təsir edir”. Bu fikirləri “Freedom House” təşkilatının “Keçid dövrü ölkələri-2013” hesabatını virtualaz.org-a açıqlamasında dəyərləndirən hüquq müdafiəçisi Novella Cəfəroğlu dedi. O bildirdi ki, Ermənistanda, Gürcüstanda, Rusiyada, Ukraynada vəziyyət Azərbaycandan daha acınacaqlıdır: “Ermənistanda 500 min insan qaçır, prezident seçkilərində namizədi güllələyirlər. Gürcüstanda son zamanlarda baş verənlər göz qabağındadır. Ukranyada baş nazir Yuliya Timoşenko, jurnalistlər həbs olunur. Bu ölkələr həmin siyahıda yer almır. Amma Azərbaycanı son beş ölkə sırasına salırlar. Mən hakimiyyətdən razı deyiləm. Amma dövlətimiz haqqında bu fikirlərin səsləndirilməsi və haqsız araşdırmalar aparılaraq belə hesabatların ictimaiyyətə təqdim olunması mənə pis təsir edir. Keçmiş sovet ölkələri arasında ən yaxşı durumda olan Azərbaycandır. Keçmiş sovet ölkələri bir kənara qalsın. Araşdırma aparılarkən ölkələrdə olan vəziyyətlər düzgün qiymətləndirilməlidir. Necə olur ki, Azərbaycanda, Türkmənistanda, Özbəkistanda, Tacikistanda insan haqları pozulur, digər ölkələrdə pozulmur? Belə hesabat olmaz. “Freedom House” təşkilatı qələt eləyib. Monitorinqlər düzgün aparılarsa, biz də bu nəticələrlə razılaşarıq”.
Qeyd edək ki, hesabatda Azərbaycan da daxil olmaqla Avrasiya regionunun keçmiş sovet ölkələrindəki vəziyyət təhlil olunur. Hesabatda bildirilir ki, 2012-ci ildə bu ölkələrdə rejimlər demokratik dəyişikliklərə qarşı fəal mübarizə aparıb: “Öz repressiyaları ilə məşhur olan rejimlər yadfikirliliyi daha da məhdudlaşdırmaq üçün “yaradıcı” metodlar tətbiq ediblər. Bəzən zorakılığa əl atıblar. Rusiya bu proseslərdə öndə gedib. Azərbaycan isə Tacikistan, Belarus kimi rejimlərlə eyni sırada dayanaraq ehtimal olunan düşmənlərin təqib olunmasını sərtləşdirib, bu məqsədlə hüquqi və qeyri-hüquqi mexanizmlərdən istifadə edib”.
Hesabata deyilir ki, regionun 12 ölkəsindən 5-də insan haqları və vətəndaş cəmiyyəti üçün həyəcanlı vəziyyət hökm sürür. Bura Azərbaycan da daxildir. Azərbaycan, Belarus, Türkmənistan, Özbəkistan və Tacikistan “Vətəndaş cəmiyyəti” göstəricisinə görə ən aşağı reytinq alıblar.
Sorğu
Yeni dizaynımız necədir?