Adil Qeybulla: “Psixoterapiya və digər üsullardan istifadə olunaraq ondan müəyyən ifadələr alınacaq”
Azərbaycanda Demokratiya və Rifah Hərəkatının sədr müavini, professor Adil Qeybulla ilə müsahibəni təqdim edir.
- Adil bəy, Türkiyədə 39 nəfərin ölümünə səbəb olan İŞİD terrorçusu həbs edilib. Sizcə, bu ümumilikdə gələcəkdə terror olaylarının qarşısını ala bilərmi?
- Əslində terror hadisələri istənilən bir ölkədə, hətta kəşfiyyat və təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə olduğu ölkələrdə baş verə bilər. Türkiyədə də təhlükəsizlik məsələlərinə ciddi yanaşıldığına rəğmən burada da asanlıqla terror hadisələri baş verir. Çünki terror aktları qəfildən baş vermir. Buna zəmin yaradılır və xeyli müddət bu akt hazırlanır. Təsəvvür edin ki, bu qədər silah, sursat, terroru edəcək şəxsin müəyyənləşdirilməsi öncədən nəzərə alınır, bunlar bir yerə gətirilir, plan qurulur və s.
O ki, qaldı həbs edilən həmin terrorçuya, nəzərə alın ki, onlar zombiləşmiş insanlardır. Onları yetişdirir, proqramlaşdırırlar və konkret olaraq bu işə təhrik edirlər. İlkin məlumata görə, həbs edilən kasıb adamdır, müəyyən dairələr tərəfindən ələ alınıb, maliyyələşdirilib və bu işə sövq edilib. Ancaq Türkiyə kəşfiyyatı onun izinə xeyli əvvəl düşüb, izləmə aparıb, əlaqələrini müəyyən etməyə çalışıblar. Yəni onu vaxtında həbs edə bilərdirlər. Sadəcə olaraq bu müşahidə bəzi məqamların ortaya çıxması üçün lazımdır. Ola bilsin ki, terrorçu ifadə verməsin, bəzi düyünlərin açılmasına kömək etməsin. Amma mümkündür ki, hər şeyi açıb ortaya qoysun. Hesab edirəm ki, psixoterapiya və digər üsullardan istifadə olunaraq ondan müəyyən ifadələr alınacaq və müəyyən məsələlər bəlli olacaq. Ancaq bu gün Türkiyə terrorun hədəfindədir və bu, bizi ciddi narahat edir. Türkiyədə stabilliyin pozulması, qarışıq, terror heç arzu edilən deyil. Türkiyə Azərbaycanın dayağıdır, müstəqilliyimizi tanıyan qardaş ölkədir. Orada baş verən hadisələrə biganə qala bilmərik. Türkiyənin xüsusi xidmət orqanları terrorun qarşısını almaq üçün hər şeyi edirlər. Son hadisələr, isti-isti terrorun izinə düşərək onu müəyyən etmələri bunu göstərir. Hər halda gözləmək lazımdır, istintaqın gedişindən sonra hər şey bəlli olacaq.
Sizə deyim ki, vaxtı ilə Abdulla Öcalanın ifadələrinə görə Türkiyə PKK-nın gizli yuvalarına xeyli zərbələr endirə və bu terror şəbəkəsini sarsıda bilmişdi. Bu istintaqda da çox şey ortaya çıxa bilər. Marksın məşhur ifadəsi var: cərəyanlar haradan gəlir. Yəni terror üçün lazım olan dəstəyin hardan gəldiyi müəyyən ediləcək. Məncə, bunun müəyyən edilməsi həmin mənbələrin əl-qolunun bağlanması üçün yardımçı ola bilər.
- Türkiyədə yeni terror aktları nə dərəcədə gözləniləndir?
- Türkiyə terrorun hədəfidir. Bir tərəfdən PKK, bir tərəfdən İŞİD. Üstəlik Türkiyə daxilində stabilliyi pozmaqda maraqlı olan beynəlxalq güclər. Onlar bu işdə maraqlıdır. Hazırda PKK, İŞİD və beynəlxalq güclərin Türkiyədə stabilliyi pozmaq məsələsində maraqları üst-üstə düşür. Problem və məsələnin təhlükəli tərəfi bundan ibarətdir. Odur ki, terror xeyli çoxalıb. Həmin mərkəzlərin özlərində də bu hallar baş verə bilər, terrorun hədəfinə çevrilə bilərlər. Odur ki, belə hallarda sağlam məntiq onu deyir ki, bəşəriyyət terrora qarşı birgə mübarizə aparsan. Təəssüflər olsun ki, bəzən terror kifayət qədər maliyyəsi, dünyada nüfuz dairəsi geniş olan dövlətlər tərəfindən dəstəklənir, müəyyən yerlərdə yaradılır və ondan müəyyən məqsədlər üçün istifadə edilir. Məsələn, bu gün İŞİD terror təşkilatı olaraq yaradılıb. Ondan Afrika ölkələrində uğurla istifadə edilir.
- Ötən ilin yayından başlayaraq İŞİD-in kökünü kəsmək, bu qurumu məhv etmək üçün addımlar atılır. Sizcə, bu qurumu tamamilə sıradan çıxarmaq, məhv etmək mümükndürmü?
- Əslində İŞİD-in tam olaraq kökünü kəsməyə maraqlı deyillər. Bunun üçün siyasi iradə olmalıdır. İŞİD-lə mübarizəyə qalxan ölkələrin, güclərin, rəsmi strukturların ortaya qoyduğu münasibət səmimi deyil. Məsələnin mahiyyətində bu durur. Əlbəttə, səmimi olanlar var, ancaq çoxu səmimi deyil. Odur ki, İŞİD-in kökünü kəsmək mümkün deyil. Fikrimcə, İŞİD-in kökünü kəsmək üçün onun maliyyə mənbəyi kəsilməlidir. Bütün terror qruplarının maliyyə mənbələri var. Bu maliyyə mənbələri kəsildikdən sonra terror təşkilatları daxilində problemlər yaranır, parçalanma baş verir və s. Bununla paralel onunla ciddi mübarizə də aparılır. Yəni terror şəbəkələrinin kökünü kəsmək hər zaman mümkündür, yetər ki, bunu səmimi istəsinlər.
- Səmimi deyillər?
- Yuxarıda qeyd etdiyim kimi çoxu səmimi deyil. Mən hesab edirəm ki, Afrikanın şimalında ortaya qoyulan hədəflərə çatılana qədər stabillik gözləmək ağılsızlıq olardı.
- Yəni Suriya böhranı hələ davam edəcək?
- Görünən odur ki, Suriya ərazisindən istifadə etməklə dövlət qurmaq istəyirlər. Təbii ki, orada plan başqadır və Türkiyənin özünə qarşı da məkrli planlar var. Şimali Afrikada Fələstinə və kürdlərə dövlət qurmaq bir hədəfdir. Bununla bağlı işlər gedir. Guya müəyyən məqamlarda göstərməyə çalışırlar ki, belə niyyətləri yoxdur, lakin konturlardan hər şey görünür. İraqda siyasi mərkəz yaradıldı, indi də bu prosesi həyata keçirirlər. Əslində Suriyanın bir dövlət olaraq süqutunun bir niyyəti də bununla əlaqəlidir.
- Azərbaycanda son dövrlər intiharların sayı artıb və bu daha çox mediada yer alan informasiyalar da özünü büruzə verir. Siz intiharları daha çox hansı səbəblərə bağlayırsınız?
- İntiharların konkret səbəbləri var. Bu insanların çıxış yolu tapmaması və son nəticədə özünə qəsd etməsi halıdır. Əslində özünə qəsd sözü ciddi affekt vəziyyət, ağır psixoloji durumdur. Həmin şəxs yaranan vəziyyətdən çıxış yolu tapmır. Əslində intiharlar bütün dünyada var, hətta inkişaf etmiş ölkələrdə də belə faktlara rast gəlinir. Amma belə kütləvi intiharlar adətən sosial faktorlarla daha çox bağlıdır. Bu gün insanlar az sosialdır. Yəni bir-birilə az ünsiyyətə girirlər. SSRİ dönəmində yaxın qohumlar bir-birinə tez-tez gedir, dərdləşir, fikirlərini bölüşürdü, insanlar dialoq içində idi. Amma indi belə şeylər yoxdur, sanki hər kəsin başı öz problemlərinə qatılıb. Yəni insanlar özlərinə qapanıb. Bir sözlə, cəmiyyətdə sosial tərəzi itib, əvəzində bir autizm yaranıb. Yaranan durumda çətin vəziyyətə düşən şəxslər, sinir sistemi zəif olan insanlar bəzən intiharlara əl atırlar. Səbəb daha çox bununla bağlıdır. Amma digər səbəblər də mövcuddur. Hər halda bu gün insanların bir-birinə münasibətinin bu cür dəyişməsi, insanlar arasında aqressiyanın artması, cəmiyyətdə sosial müdafiənin sıfıra enməsi durumunda bəzən ciddi problemlər yaranır və bu da intiharla nəticələnir. Azərbaycanda intiharlar təhlil edilərsə səbəblərin bu məqamlar olduğu bəlli olar.
- Ancaq deputat Musa Quliyev deyir ki, intiharların kasıbçılıqla əlaqəsi yoxdur...
- Yox. Məncə, yanlış yanaşmadır. Təbii ki, həm də hakimiyyətin xoşuna gəlmək üçün deyilən fikirlərdir. Mən hesab edirəm ki, obyektiv olmaq lazımdır. Daha çox malalamaq deyil, vəziyyətdən çıxış yolunu aramalıyıq. Əgər bu yol tutulmasa biz bataqlığa doğru gedəcəyik.
- Son illər insanlar arasında ciddi aqressiya hiss edilir. Məsələn, ictimai nəqliyyatda insanlardan biri digərinin ayağını tapdalayanda və ya ona bilməyərəkdən toxunanda səs-küy qalxır. Sizcə, insanlar arasında bu gərginlik daha çox nə ilə bağlıdır?
- Hesab edirəm ki, bunun da səbəbi sosial faktorlardır. Sosial müdafiə yox, hamı panika içindədir. Diqqət edin, normal şüuru olan insan fikirləşir ki, övladı ağır xəstə olsa neyləyəcək. Və ya hansısa ciddi problemlə üz-üzə gələndə addımları nədən ibarət olacaq. Normal insanlar bunu düşünür, daima analiz edirlər. Xüsusilə, bu adamlar həm də cəmiyyətin problemləri ilə yüklənib. Bəzilərinin kredit borcu var, bəziləri digər problemlərlə üz-üzədir. Odur ki, insanlar arasında belə tendensiya mövcuddur. Üstəlik insanların rahatlığı yoxdur. Bütün bu məqamlar insanlarda toplanıb və son nəticədə onların bir-birinə qarşı qəzəbi formalaşdırır. Ən mühümü cəmiyyətdə mülkiyyətin, məhsulların, gəlirlərin ədalətsiz bölüşdürülməsinə qarşı insanlarda qəzəb var. Bu da sosial faktor kimi ifadə olunur. Son nəticədə münasibətlərdə aqressiya ortaya çıxır. Fikir verin, bıçaqlanmalar, döyülmələr, qətllər də haradasa bununla bağlıdır.
- Yəni indiki münasibətlər sistemi, proses dərinləşdikcə bu hallarda artacaq?
- Təbii. Nə qədər ki, cəmiyyətdə sosial müdafiə elementləri aşağıdırsa, o qədər dələduzluq elementləri, sosial mənşəli cinayətlərin sayı artıq. Bu sosial qanunauyğunluqdur.
- Bəzi mütəxəssislər deyir ki, cəmiyyətdə depressiya var, müəyyən mütəxəssislər isə hesab edir ki, depressiya mövcud deyil, sadəcə biganə bir cəmiyyət formalaşıb və proseslərə laqeyd yanaşır. Siz bu haqda nə düşünürsünüz?
- Sözsüz ki, depressiya var və bunun da səbəbi yuxarıda sadaladığımız sosial problemlərdir. Optimizm üçün də əsas yoxdur. İnsan necə süni optimist ola bilər? Depressiya bayaq sadaladığımız faktorlardan şərtlənən əhval-ruhiyyədir. Bizim sinir sistemimizdə stimullaşdırıcı faktorlarının azalması depressiyanın əsasında dayanır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?