Mirmahmud Mirəlioğlu: “20 yanvar həm də 1918-ci il mart qırğınlarının davamı, türkə qarşı qısasçılıq idi”
Bu gün Sovet İttifaqı imperiyasının 1990-cı ilin 20 yanvarında Bakıda qətliam törətməsinin 27 ili tamam olur. Bu mövzuda Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə müsahibəni təqdim edirik.
- Mirmahmud Ağa, siz 20 yanvar 1990-cı ildə harada idiniz?
- Mən artıq 3 gün idi ki, evdə deyildim. 21 yanvara keçəm gecə artıq yataqxanaya qayıtmışdım. 19-dan 20-nə keçən gecə biz Bakı-Sumqayıt yolu ilə hərəkət edib nəhayətdə Bakıya çatmaq istəyirdik. Xırdalan dairəsinə qədər gələ bildik, lakin burada yollar bağlı idi. Sözümün canı odur ki, biz xalqın yanında idik, əgər demək mümkünsə olacağımız yerdə idik. Bizi də xəstəxanalarda axtarmışdılar. Artıq 20 yanvarın səhəri Sumqayıtda idik və əlimiz çatan işləri görürdük. Yeri gəlmişkən, Əbülfəz Elçibəyin özü də 20 yanvar, özünün bu olaylar zamanı harada olması və digər məsələlərə dair fikirlərini deyib. Məncə, həmin vaxt AXC İdarə Heyəti harada olmalı idisə, orada da idi.
- Siz AXCP funksionerləri və rəhbərləri 20 yanvar gecəsi ordunun şəhərə daxil olacağını gözləyirdiniz?
- Artıq yanvarın 19-u, günün sonuna yaxın belə işarələr var idi. Axı bir neçə gün idi ki, Mərkəzi Komitənin qarşısında mitinqlər keçirilirdi. İnformasiyalar var idi, amma belə qırğın törədiləcəyini biz gözləmirdik. 20 yanvarda, günün ikinci yarısında qırğınla bağlı məşhur fotolar artıq bizim əlimizdə idi. Biz bu şəkilləri Sumqayıt vasitəsilə çoxaldaraq SSRİ-nin 70 şəhərinə göndərə bildik. Bəzən bunu qatarlar vasitəsilə göndərirdik.
- Maraqlıdır, Mərkəzi Komitənin qarşısında davam edən mitinqdə Primakov çıxış edərək insanları dağılmağa səsləmişdi və bəyan etmişdi ki, ordu Bakıya daxil olacaq. Sizcə, bu siqnal deyildimi?
- Ordunun Bakıya girəcəyi haqda məlumatlar var idi. Bizim o zaman müəyyən təxminlərimiz var idi, amma bir sutkadan sonra hər şey ortada oldu. Yəni Macarıstanda, Çexslovakiyada sovet ordusunun törətdiyi hadisələr bəlli idi. Amma Bakı ilə bağlı durum bir qədər fərqli idi. Ordu Bakıya 3 istiqamətdə hərəkət edirdi. Yanvarın 10-dan etibarən ordunun dislokasiya prosesi gedirdi. Təyyarələrlə Nasosnuda (Tağıyev qəsəbəsi) hərbi aerodroma gəlmişdilər və bu haqda xəbər var idi. Bakı hər tərəfdən mühasirədə idi və hərbi gəmilərdə Xəzərdən sahilə yön almışdı. Bütün bunlar var idi, amma belə dəhşətli qətliam gözlənilmirdi.
- Niyə?
- Çünki bu həm də ilk idi axı. Sovetin öz vətəndaşına qarşı geniş planlı hərəkət edəcəyini çoxları gözləmirdi. Moskva da düşünürdü ki, Bakıya bu cür dərs verməklə bütövlükdə prosesin qarşısını alacaq. Bu həm də bir qisasçılıq idi. 20 yanvarı nə ilə müqayisə etmək olar? Hesab edirəm ki, bunu ancaq 1918-ci ilin martında Bakıda baş verən məşhur türk-müsəlman soyqrımı ilə müqayisə edə bilərik. Həmin vaxt bu prosesi Şamuyan və Lolayanın rəhbərliyi ilə etmişdilər. Başqa sözlə, 20 yanvar həm də 1918-ci il mart qırğınlarının davamı idi. Üstəlik də 20 yanvarda SSRİ ordusuna daxili qoşunları adı altında erməni millətinə məxsus şəxslərdə cəlb edilmişdi. Biz bunun şahidiyik. Məsələn, yanvarın 22-də şəhidlərin dəfnindən qayıdarkən saat 17:30-dan sonra avtomobilimiz atəşə tutuldu. Biz bunları görmüşük. Həmin vaxt Sumqayıtın girişində və Boru Yayma zavodunun ərazisindən keçən dəmiryol xəttinin qarşısında da barrikadalar qurulmuşdu. İstəsəydilər bunları da dağıdıb keçərdilər.
- Ayaz Mütəllibov bəyan edib ki, Əbdülrəhman Vəzirov Bakıya ordu girəcəyini ehtimal edirdi, amma bunu təsəvvürünə gətirmirdi. Bu nə dərəcədə səmimi yanaşmadır?
- Mütəllibovla bağlı fikrimiz odur ki, bu şəxs özünə hörmət edirsə bu mövzularda danışmamalıdır. Ağsaqqallıq etməyi bacarmasa da, ağsaqqal kişidir, oturub eks-prezident statusundan istifadə etməli, pulunu alıb xımır-xımır yaşamalıdır.
İkincisi, Mütəllibov Əbdülrəhman Vəzirovun təsəvvürləri haqda necə düşünə bilər? Bu xəstəlikdir. Heç həkim düşünə bilməz ki, xəstə nələri təsəvvür edir. Bunun üçün pasiyenti müalicə etmək, beynini yoxlamaq və sonra qənaətə gələ bilərlər.
Üçüncüsü, Vəzirovun özü bu məsələlərlə bağlı açıqlama verib. Amma Mütəllibovun 20 yanvar mövzusunda danışmağa mənəvi haqqı olmayanlardan biridir.
- Niyə?
- Mütəllibov 20 yanvar qırğınından sonra, şəhid qanı üzərindən hakimiyyətə gəlmiş bir şəxsdir. Azadlıq radiosunun arxivində bir material qalır. Mirzə Xəzər mərhum şarimiz Bəxtiyar Vahabzadədən müsahibə alır. Bəxtiyar müəllim həmin müsahibəsində deyir ki, xalq Həsən Həsənovu, Moskva isə Ayaz Mütəllibovu istəyir. Əslində Bəxtiyar müəllim reallığı deyir. Mütəllibov danışıqlar aparırdı, hakimiyyətə gəlmək istəyirdi, onu da hakimiyyətə gətirdilər. O cümlədən də Bakıda da bu qırğını törətmək istəyirdilər. Marşal Yazov Bakı ilə bağlı müsahibəsində açıq dedi ki, biz Bakıya Azərbaycan Xalq Cəbhəsinin strukturlarını dağıtmaq üçün gəlmişik. Və buna da nail ola bilmədilər. Çünki AXC-nin strukturu bütövlükdə xalqın özü idi. Xalq ayağa qalxmışdı və müstəqilliyini istəyirdi və buna da nail oldu.
- Mütəllibov bəyan edib ki, yanvarın 15-dən sonra faktiki olaraq Vəzirov ölkəni idarə etmirdi. Ölkəni daha çox Moskvadan gələn Primakovun qrupu və AXC-nin müəyyən liderləri ölkəni idarə edirdi, onlar arasında mütəmadi görüşlər keçirirdi. Bu doğrudurmu?
- Mütəllibov ənənəsinə sadiq qalaraq yenə yalan danışır. Ola bilsin ki, belə arzulayır və buna görə belə danışır. Onun həmin dövrlərlə bağlı tutuquşu kimi əzbərlədiyi bir şeylər var və ondan kənara da əsla çıxmır. Ancaq xeyli şeyləri də unudub, artıq yaşlı adamdır. Amma bildiyi şeylər var ki, bunu biz yox, o bilir.
Bəli, ayın 10-dan etibarən Primakov, Girenka və başqaları Bakıda idi və bu işləri görürdü. Vəzirovun rəhbərlikdən uzaqlaşdırılması, ölkəni idarə edib-etməməsi ayrı bir məsələdir. Yanvarın 12-dən sonra Azərbaycanda bir idarəsizlik mövcud idi. Yanvarın 13-15 hadisəsi var. Söhbət ermənilərin köçürülməsindən gedir. AXC bu məsələlərin qansız həlli üçün əlindən gələni edib. Əlbəttə, ayrı-ayrı adamlar olub, başqa işlərlə məşğul olub və a. Bu da onların tərcümeyi-halına yazılıb. Ancaq sənədlər, qərarlar və faktlar, videolar, fotolar var. Ermənilərin köçürülməsi prosesi o zaman foto, video, audio lentə alınıb, protokollaşdırılıb. AXC bu proses zamanı təxribatın baş verməməsi üçün, qanın düşməməsi üçün əlindən gələni edib.
Görüşlər məsələsinə gəldikdə deyim ki, Vəzirovda açıq şəkildə görüşlər keçirirdi. Vəzirov nisbətən demokratik adam idi. Əbülfəz Elçibəydə onunla bağlı deyirdi ki, demokratik adamdır, onunla söhbət etmək, məsələləri müzakirə etmək olur və s. Həm də görüşlər AXC İdarə Heyətinin qərarları, razılaşmaları ilə olurdu. Bu görüşlərin nəticəsi də İdarə Heyətində müzakirə olunurdu. Əlbəttə, görüşlərin keçirilməsi təşəbbüsü hakimiyyətdən gəlirdi və onlar bunda maraqlı olurdu. Bunun da canlı şahidləri var və onların bu mövzuda danışması daha yaxşı olardı. Mən danışsam hansısa detalda yanlışlığa yol verə bilərəm.
İdarəetmə məsələsinə gəldikdə deyim ki, məhz bu görüşlərin nəticəsi idi ki, Azərbaycan televiziyasının enerji bloku partladıldı. Yəni görüşlər buna birbaşa təsir eləmədi. Sadəcə olaraq görüşlərdə müzakirələr olmuşdu, müəyyən razılaşmalar var idi. Başqa sözlə, bir tədbir olacaqdı və Azərbaycan insanına xəbərdarlıq ediləcəkdi. Moskva və Bakıdakılar bu razılaşmanı pozdular. Bu haqda prosesin iştirakçıları danışıb. Bəzən onlara biz də sizin kimi suallar vermişik. Odur ki, belə məsələlər var ki, onun haqqında danışanda maksimum ehtiyatlı olmaq və həm də insaflı, ədalətli olmaq lazımdır. Ayaz Mütəllibovda isə bunlar yoxdur.
- Mütəllibov elan edib ki, həmin dövrdə ancaq ölkə iqtisadiyyatı ilə məşğul olub. Dövləti isə Primakov və AXC-nin bəzi liderləri idarə edib. Odur ki, onun bu hadisələrdə hansısa formada əli yoxdur...
- O çox söz deyə bilər. Ümumiyyətlə onun mənəvi və hüquqi haqqı yoxdur ki, bu mövzularda danışsın. Mən ümumiyyətlə fikirlərimi onun dediklərinin üzərində qurmağı arzu etmirəm.
- Nəzərə alın ki, 20 yanvarda həm də siyasi oyunlar gedib, nəticədə Mütəllibov ölkənin birinci şəxsinə çevrilə bilib...
- Böyük oyunlar gedib. Mərkəzi Komitədə səsvermələrin nəticəsini bilirik. Mütəllibovun da səsi var idi. Biz bilirik ki, kimin əleyhinə və lehinə nə qədər səs verən olub. Əlbəttə, əslində Kremli təyin edirdi. Deməli 20 yanvarın məsuliyyəti üzərinə düşən şəxslərdən biri də Mütəllibovdur. Digəri Artur Rəsizadədir. Çünki ordunun Bakıya dəvət edilməsində imzası var. Başqası vaxtı ilə DİN-də çalışıb. Belə adamlar var. Məcburən və ya könüllü olaraq onların SSRİ ordusunun Bakıya dəvət edilməsi məktubunda imzaları var. Moskva dəli və xəstə deyildi. Öz əlimizlə bu işləri görürdü. Baxın, işi elə görüblər ki, biz 27 ildən sonra da bir-birimizi qınayırıq. Axı Mütəllibovun ağlı olsa deyər ki, bu işləri Moskva edib, Qarbaçov ümumi rəhbərlik edib, Yazov həyata keçirib, Bakatin, Primakov burada olub və s. İndiki vəziyyətdə Mütəllibov bunları deyə bilmir. O qədər qorxaq, o qədər Rusiyapərəstdir. Bir dəfə də türk oğlu türk olduğunu desin, Azərbaycanpərəst olsun.
- 27 il keçəndən sonra nəhayətdə günahkarlar kimdir və onları cəzalandırmaq nə dərəcədə mümkündür?
- Əslində Azərbaycan bu məsələdə istək və arzularına çatdı, müstəqilliyini əldə etdi. Bu müstəqilliyin əldə edilməsi SSRİ məkanında yaşamış bütün respublikalara təsir etdi. Fikrimcə, Azərbaycan öz məqsədinə çatdı, müstəqilliyinə qovuşdu. Bu birinci qazancımızdır. Qalır bu məsələlərə hüquqi və siyasi qiymət vermək. Ali Sovetdə, sonrakı dönəmdə Milli Məclisdə bu məsələlər araşdırılıb, Baş Prokurorluqda araşdırdığı məqamlar olub. Müəyyən nəticələrə gəlinib, müəyyən adlar sadalanıb. 1994-cü ildə parlamentdə bu məsələyə dair 3 ay müzakirələr gedib və həmin zaman Primakovun adını bu siyahıdan çıxarıblar.
Məncə, biz bütün istək və arzularımıza çatdığımıza, müstəqilliyimizi əldə etdiyimizə görə, kimisə cəza vermək, cəzalandırmaq imkanımız yoxdur. Bəlkə də, bu işlə bağlı beynəlxalq məhkəməyə müraciət etməyimiz, Qarbaçovu ittiham etməyimiz mümkün olardı. Ancaq gördünüz ki, sonradan Qarbaçova hətta Nobel mükafatı verdilər və s. Əsas odur ki, Azərbaycan müstəqilliyinə çatdı, 20 yanvarda şəhid olan bacı və qardaşlarımız öz şəhidliyi ilə bunu qazandırdı. Allah onlara rəhmət eləsin, mən şəhidlərimizin qarşısında baş əyirəm.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?