“Yeni Azərbaycan Partiyası sədrinin keçmiş birinci müavini, Azərbaycanın sabiq əmək naziri və Belarusdakı keçmiş səfiri Əli Nağıyev hakim partiyanın sıralarından çıxarılıb”.
Bunu virtualaz.org saytının açıqlamasında YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib.
H.Paşayevin sözlərinə görə, Ə.Nağıyev diplomatik xidmətə getdiyi üçün qanuna görə, heç bir siyasi təşkilatın üzvü ola bilməzdi. Bu səbəbdən də sabiq nazirin partiyadan çıxarılmasına qərar verilib.
Bununla belə H.Paşayev “Əli Nağıyev səfir postundan geri çağırılandan sonra yenidən partiya üzvlüyünə qayıtmaq üçün müraciət edibmi” sualına cavab verməkdə çətinlik çəkib.
“Partiyamızın qapıları bizim ideya və dəyərləri qəbul edən və bölüşən hər kəsin üzünə açıqdır” - deyə YAP rəsmisi bildirdi.
H.Paşayev keçmiş YAP-çı deputatlar Maksim Musayevlə Əli Əlirzayevin “biz partiyanın əsasını qoyan insanlarıq, amma YAP bizi unudub” sözlərinə də münasibət bildirdi. YAP mətbuat xidmətinin rəhbərinin cavabı belə oldu: “Onların dedikləri yalandır. Maksim Musayevin Yeni Azərbaycan Partiyasının yaradılmasına heç bir aidiyyəti olmayıb. Onun özünü YAP-ın az qala atası, banisi kimi təqdim etməsi uydurma və yalandır. Əli Əlirzayevə gəlincə isə o, doğrudan da bizim partiyanın ən qocaman üzvlərindən biridir. Amma Əlirzayev partiya işindən özü könüllü şəkildə uzaqlaşıb. Partiyanın yaranmasından keçən bu 22 ildə Əli Əlirzayev şərəfli yol keçib. Biz partiyanın təməlini qoyan insanlara həmişə ehtiramla yanaşmışıq. Onlar bizim fəxrimizdir”.
Qeyd edək ki, Əli Nağıyev özünün son müsahibəsində nə YAP-da, nə də hökumətdə ona ehtiyac görmədiklərini deyib. O bildirib ki, sakit təqaüdçü həyatı yaşayır, kitab oxuyur, yazır, nələrisə xatırlayır, düşünür. Sabiq nazir onu da etiraf edib ki, belə həyat tərzi darıxdırıcıdır və bu cür yaşamaqdan bezib.
Onu da yada salaq ki, sabah YAP partiyanın 22 illik yubileyi ilə bağlı təntənəli qəbul təşkil edəcək. Tədbir “For seasons” otelində keçiriləcək.
Sorğu
Yeni dizaynımız necədir?