“Psixogigiyena və Tibbi Psixoloji Diaqnostika” Laboratoriyasının müdiri, “YAY-OSİDO” İnnovasiya İnkişaf Mərkəzinin təsisçisi, professor və “Alternativ Psixologiya” elminin müəllifi Yaşar İbadov Publika.az-a gördüyü işlər haqqında danışıb. Öz elmini Amerika Birləşmiş Ştatlarında, İngiltərədə, Rusiyada və dünyanın digər aparıcı ölkələrində uğurla təqdim edən görkəmli alim neqativ enerji və informasiyadan azad olmaqla, insanda pozitiv enerji balansının tənzimlənməsinə - harmoniyanın bərpası və normada saxlanması haqqında ətraflı məlumat verib.
Dosye: “Psixogigiyena və Tibbi Psixoloji Diaqnostika” laboratoriyasının müdiri, “YAY-OSİDO” İnnovasiya İnkişaf Mərkəzinin təsisçisi, professor Yaşar İbadov rusiyalı həmkarları ilə ABŞ-ın Nyu York şəhərində keçirilən VII Beynəlxalq Ekspressiv Terapiya üzrə Sammitdə iştirak edib. İştirakçılar tərəfindən “Alternativ Psixologiya” elminin metodologiyası əsasında sağlamlığı məhdud uşaqların uğurlu müalicəsi və əldə olunan müsbət nəticələr haqqında təqdimat maraqla qarşılanmış və birgə əməkdaşlığın davamlı olması qərara alınıb.
Y.İbadov dünyanın təhsil incisi olan Böyük Britaniyanın Oksford Universitetində keçən il keçirilən “Dünya üzrə Biznes Liderlərinin Beynəlxalq Sammiti”ndə iştirak edib. Özünün yeni elmi və innovativ metodları ilə bəşərin, insanlığın xidmətində dayanan, professor Yaşar İbadov müəllifi olduğu “Alternativ Psixologiya” elminin metodologiyası əsasında etdiyi elmi ixtiraları və nanotexnologiya ilə hazırlanmış olan harmanizatorları Avropa keyfiyyət lisenziyasına və nişanına layiq görülüb. Beynəlxalq səviyyədə qorunması yolunda dünya təbabətinə öz töhfələrini verən professor Y.S.İbadovun Beynəlxalq Sammitdə iştirakı və elmi nəticələri yüksək qiymətləndirilib və ona Oksford Universitetinin fəxri akademiki adı verilib. “İki il ərzində heç bir ölüm hadisəsi qeydə alınmamışdı”
- Yaşar bəy, ixtisasca pediatrsınız, amma hazırda alternativ psixologiya elmi ilə məşğul olursunuz. Necə oldu ki, özünüzü bu sahəyə həsr etməyə qərar verdiniz?
- Ağdam rayonunda sadə kəndçi ailəsində dünyaya gəlmişəm. Orta təhsilimi doğulub boya-başa çatdığım Ağdam rayonunun Qaradağlı kəndində, Qasımlı sovetliyində almışam. Həmişə vətənimdən danışanda kövrəlirəm. Çox heyf ki, Ağdam rayonunun bir hissəsi işğal altndadır, amma inanıram ki, yaxın vaxtlarda torpaqlarımız azad olunacaq və öz elimizə-obamıza qayıda biləcəyik. Orta təhsilimi başa vurduqdan sonra Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsinə daxil olmuşam. Uşaqları çox sevdiyim üçün onlara həmişə yardım göstərmək istəmişəm. Bu niyyətlə pediatriya fakütləsinə qəbul oldum. Oranı bitirdikdən sonra təyinatla Qarabağda, Əsgəran rayonun kəndində fəaliyyətə başladım. Bir il işlədikdən sonra xəstəxananın baş həkimi təyin olundum. İşə başladığım ilk günlərdən bir həkim kimi fəaliyyətim həm ətrafdakıları, həm qəbuluma gələn adamları, həm də özümü qane edirdi. Maraqlıdır ki, baş həkim işlədiyim dövrdə xəstəxanada heç bir ölüm hadisəsi qeydə alınmamışdı. Sonrakı dövrdə Qarabağ hadisələriylə əlaqədar olaraq ordakı təyinatımı başa vurmalı oldum. Əvvəlcə Bərdədə, sonra isə Ağdam rayonunda xəstəxana və ambulatoriyalarda həkim işlədim. Həkimlik fəaliyyətimi davam etdirməklə yanaşı elmi axtarışlarımı daim davam etdirirdim. Çünki bəzi məsələlər məni çox düşündürürdü.
- Hansı məsələlər?
- Bir dəfə vəziyyəti çox ağır olan uşağı sağalda bilmişdim, lakin çətinliklə sağalan uşaq yol qəzası nəticəsində dünyasını dəyişdi. Onda o uşağın taleyi məni çox narahat etməyə başladı. Həkim kimi onu sağaltmışdım, amma öncədən görən bir insan kimi uşağı bu təhlükədən xilas edə bilməmişdim. Onda “Niyə onu yol qəzasından qurtara bilmədim?” sualı məni çox düşündürürdü və daha dərin axtarışlara başlamağa qərar verdim. Xüsusilə fəlsəfə və psixologiya elmlərinə aid kitablar oxuyurdum. Çünki tibbi psixologiya sirli bir aləmdir və universitetdə bizə tədris olunmayan sahələri də var idi. Eyni zamanda müxtəlif dillərdə olan ədəbiyyatları araşdırırdım. Ancaq sualıma cavab tapa bilmirdim. Bütün axtarışlardan sonra belə nəticəyə gəldim ki, suallarıma cavab axtardığım elm hələ heç kimə agah deyil, yəni hələ yazılmayıb. Bu zaman maraqlı proseslər başladı. Xəstə qəbula gələndə kağız üzərində əlimlə cızma-qaralar çəkirdim, otağa daxil olanda əlim avtomatik olaraq hansısa şəkillər çəkirdi. Müşahidə etdim ki, mənim çəkdiyim şəkillərlə laborator müayinələrin nəticələri, müxtəlif analizlər və son diaqnoz üst-üstə düşür.
- Yəni sizə anadangəlmə vergi verilməyib. Sadəcə özünüz uzun elmi axtarışlardan sonra xəstə ilə bir neçə dəqiqə ünsiyyətdə olmaqla onun xəstəyilini müəyyən etmək kimi nadir qabiliyyətə yiyələnmisiniz...
- Bəli, bu qabiliyyəti sonradan qazanmışam. Ancaq yuxarıda dediyim kimi hesab edirəm ki, bu, insanlara daha çox yardım etmək istəyindən doğub. Heç bir ədəbiyyatda da bu qabiliyyət haqqında hər hansı məlumata rast gəlməmişdim. Heç təssəvvür edə bilməzdim ki, kağızda çəkdiyim xətlərə əsasən diaqnoz vermək olar. Bu məsələdə Qarabağ hadisələrinin də təsiri var. Torpaqlarımızın işğalı, minlərlə şəhidlərin olması, çətin şərait və s. bu kimi hallar məni gərginləşdirmişdi. Təbii ki, tək mən yox, həm də mənəvi cəhətdən bütün xalqımız böyük zərbə almışdı. O dövrdə xidmətim bir az da çətinləşmişdi. Onda ordu hələ yaranmamışdı. Yaşadığımız ərazidə ermənilərlə sərhəddə hər gecə kəndin qarovulunu təşkil edirdim, sonra evə gəlib ağır xəstələr qəbul edirdim. Sanki çətin şərait bu qabiliyyəti bir az da yetişdirdi. Çəkdiyim qəribə şəkillərin dizaynı həm məni, həm də əttrafdakıları maraqlandırmağa başladı. Qarabağı itirdikdən sonra bir köçkün kimi Bakı şəhərində məskunlaşdıq. O dövrdə işlərimin gedişatı əsasında çəkdiyim şəkillərin toplsunu yaratdım və testlər hazırladım. Bu testləri ilk dəfə 1999-cu ildə Azərbaycanda nəşr etdirdim. Sonralar Təhsil Nazirliyinin izni ilə bu testlər pilot məktəblərində tətbiq olundu. Testlər ölkəmizdən kənarda daha çox marağa səbəb olub. Testlər, bir çox yeniliklərimiz, elmi broşüralarımız və ixtiralarımız 21-ci əsrin dərs vəsaiti adını alıb.
- Kağız üzərində nə şəkilləri çəkirdiniz?
- Qəribə informasiyalar var idi, sanki əvvəlcə arzuladığım elmin şəkillərini çəkmişdim. Şəkillərdəki məna və informasiyalar açıldıqca gördüm ki, yeni bir elmin nadir metodu yaranır. Bu metodun adını psixoqrafiya qoydum. Psixoqrafiya insanın malik olduğu enerjinin yazısının alınması prosesidir. Bildiyimiz kimi, insan məhfum olaraq mürəkkəb canlı sistemdir və həmişə bütün elmlərin maraq çərçivəsində olub. Daha bir vacib cəhət ondan ibarətdir ki, vibrassion təbabət, informasiya təbabəti, valeologiya, insanın enerji bədəninin anatomiyası və s. bu kimi elmlər də 20-ci əsrin sonu 21-ci əsrin əvvəlində yaranıb. Həmin dövrdə Amerika və Rusiya kimi böyük dövlətlərdə, o cümlədən Avropa ölkələrində insan bədənini energetik varlıq kimi öyrənməyə başladılar. Mənim də genişmiqyaslı axtarışlarımın əsasında insan energetikasının öyrənilməsi prosesi dayanırdı. İlk kitabımı da Məhəmməd (s.ə.v.) peyğəmbərin bu kəlamı ilə başlamışam: “Əgər kainatı öyrənmək istəyirsinizsə, ən mükəmməl yol elə insanı öyrənməkdir”. Buradan belə qənaətə gəlmək olar ki, insan yeganə varlıqdır ki, kainat haqqında bütün informasiyaları özündə birləşdirir. İnsanın daşıdığı enerji və informasiyanın dilini psixoqramma adlandırdım və məhz insan bədənindəki informasiyanı öyrənməyə başladım. Bu, bir metod çərçivəsində qalmadı, eyni vaxtda bir neçə metod yarandı: psixokorreksiya, psixoreabilitasiya senasları, faza portret və s. Bu elm ilk dəfə Azərbaycanda yarandı və onun müəllifi mən oldum. Müəlliflik şəhadətnaməsini 2003-cü ildə Moskva şəhərində almışam. Daha sonra Azərbaycanda da təqdimat keçirildi və elmi-icmaiyyət tərəfindən yekdilliklə qəbul olundu. Bu nəticələri əsas tutaraq Azərbaycan Təhsil Probelmlər İnstitutunun bazasında psixogigiyena və tibbi psixoloji diaqnostika labaratosiyası açdırdıq. Tədqiqatlarımızı həm orada sürdürdük, həm də əldə etdiyimiz nəticələri xüsusilə pedaqoji kollektivə və gənc nəslə metodlarımız əsasında xidmət təşkil etdik.
- Nə kimi xidmətlər idi?
- 2000-ci ildə Azərbaycanda ard-arda müxtəlif zəlzələ təkanları baş vermişdi. Biz zəlzələdən stress keçirmiş uşaqları və müəllim kollektivini reabilitasiya etməkdən ötrü bu elmdən geniş istifadə etdik. Bunda hazırladığım testlərin bizə köməyi çox oldu.
- Ənənəvi psixologiyaya aid olan testlərlə sizin hazırladığınız testlərin fərqi nədir?
- Ənənəvi psixoloji testlər təyinedicidir, qarşı tərəfin psixoloji diaqnostikasını və intellektual potensialını təyin etmək üçün tətbiq edilir. Bizim testləri eyni vaxtda bir neçə məqsədlər üçün istifadə etmək olar. Testlər sayəsində həm diaqnoz qoyulur, həm də qarşı tərəfi rənglərin dili ilə müşahidə edə bilirik. Xəstə ağ-qara olan şəkillərdə simvolları, elementləri, obrazları təyin edir və onları öz istədiyi rənglərlə boyayır. Boyama prosesi bitdikdən sonra onları sözlə ifadə edir. Rəsmi nəğmə, şeir, hekayə ilə ifadə edənlər də olur. Müşahidələrim göstərdi ki, testlər psixoloji və pedaqoji fəaliyyəti bir-birinə birləşdirir, eyni zamanda tibbi tərəfi aşkar etdim. Ona görə testləri - tibbi, psixoloji və pedaqoji testlər adlandırdım. Bunlar bizə həm təyin etmədə kömək edir, həm pedaqoji fəaliyyəti yaxşlaşdırır, həm də psixoloji cəhətdən insanı formalaşdırır, çətin tərbiyə olunan uşaqlara müsbət təsir edir. Rənglərin dili ilə müalicəyə korreksiya, gözdə olan yorğunluğun çıxarılması, sinir sistemində gedən psixoreabilitasiya prosesləri və s. daxildir. Testlər həm uşaqlarda, həm də böyüklərdə çox gözəl nəticələr verir. Əgər irsiyyətdə hər hansı yaradıcılıq potensialı və qabiliyyəti varsa, onu üzə çıxara bilməyən insanlar bizim testləri rənglədikdən sonra o istedadları açılır və inkişaf edir.
- Bu işlərin ölkəmizdən kənarda tanınması üçün nə kimi işlər görmüsünüz?
- Tədqiqat sahəsində gördüyümüz işlər laboratoriyada davam etdirilirdi. Həm də əldə etdiyimiz nəticələrin təsdiqini almaq üçün xarici ölkələrdə müxtəlif institut, akademiya və laboratoriyalarda tədqiqata verdik. 2005-ci ildə yaratdığım elmin bütün yeniliklərini kompleks şəkildə Avropa ölkələri səviyyəsində patentini aldım. Dolayısı ilə alternativ psixologiya elmini beynəlxalq miqyasda təqdim edə bildim.
- Alternativ psixologiya nədən bəhs edir?
- Elmin obyekti, məqsədi, tətbiqi sahələri və elmin özünün metodları olmalıdır. Alternativ psixologiya bütün bunlara cavab verir. Altenativ psixologiya elmi canlı sistemdə məkan və zaman kateqoriyaları içərisində cərayan edən faza çevrilmələrini öyrənir. Yəni, bütün həyati proseslər faza çevrilmələrdən, həyatı keçidlərdən, faza sərhədlərdə olan dəyişikliklərdən asılı olaraq inkişafdadır. Bizim elm də həmin faza çevrilmələrdə olan incəlikliləri daha dərindən öyrənir və bu istiqamətdə də öz metodlarından istifadə edir. Psixoqrafiya metodunda yoxlanılan obeykti onun öz enerjisinin və enerjisinin içərisində olan informasiyasının yazısının alnması yolu ilə tədqiq edirik. Əldə olunan yazını araşdırırıq, yazı kodlu şəkildə oxunur. Şəkillər içərisində simvollar və işarələr çoxluq təşkil edir. Ümumiyyətlə, canlı aləmin hamısına şamil edilən konkret simvollar var. Həmin simvollar ayrı-ayrı adamlarda müxtəlif cür görünür. Müxtəliflik faza çevrilmələrdən məlumat verir. Faza çevrilmələrdə olan incəliklər bizə imkan verir ki, qarşı tərəfi heç danışmadan, yəni anamnez toplamadan müayinə edək. Müayinə qarşı tərəfin enerjisinin informasiyasının yazı yolu ilə alınması hesabına baş verir. Mənim metodumu ürəyin kardioqrammasını çəkən elektrokardioqrafiya metodu və elektrokardioqramma cihazı ilə müqayisə etmək olar. Bu cihaz ürəyin enerjisinin yazısını alır. Bizdə isə metod psixoqrafiya, əldə olunan yazı isə psixoqramma adlanır. Lakin elektrokardioqrammadan fərqli olaraq biz insanın bütün enerjisinin yazısını ala bilirik. Psixoqramma ilə tək ürəyin deyil, beynin, qaraciyərin, mədəaltı vəzin, əzələlərin, oynaqların, sinir sisteminin, hətta psixikanın enerjisi haqqında məlumat söyləmək mümkündür.
- Bu proses necə baş verir?
- Bunun üçün qarşı tərəflə efir bədəni səviyyəsində kontaktda olaraq psixi enerjisinin kiçik bir hissəsini əlimizdə hiss edirik. Daha sonra psixi enerjinin mexaniki enerjiyə çevirməsi prosesində əlimizdəki qələm kağız üzərində pero kimi hərəkət edir. Və o enerjinin informasiya keyfiyyətinə uyğun olaraq əmələ gələn simvollar kağız üzərində proyeksiya olunur. Nəticədə psixi enerjinin, yəni psixikanın yazısı-psixoqramma alınır.
- Müayinə müddəti nə qədər çəkir?
- Çox vaxt sərf olunmur, bir-neçə saniyə ərzində xəstənin diaqnozunu öyrənmək mümkündür. Bunu sizin əlinizdə də əyani şəkildə göstərmək olar.
“Yazını gözüyumulu çəkirəm”
- Buyurun.
- Psixo enerjinin yazı yolu ilə alınması prosesi 3 dəfə baş verir. Əvvəlcə pasiyent sol əlini, sonra sağ əlini, sonda hər iki əlini uzadır. Öz əlimi 3-4 sm məsafə aralı saxlayıram. Beləliklə də psixi enerjini mexaniki enerjiyə çevirəndə əlim hərəkətə gəlir. Sonda isə yazıda olan elementlər araşdırılır, suallarla təsdiqləndirilir və diaqnoz qoyulur. Qarşı tərəfi əmin etmək üçün yazını gözüyumulu çəkirəm. Şəkillərin danışa-danışa çəkilməsi onu göstərir ki, biz yazı məhsulunu şüurlu şəkildə, hipnoz olmayan bir vəziyyətdə əldə edirik. Yəni nəzarət özümüzdə olur. “Ailə həyatında problemli informasiyaları da görə bilirik”
- Şəkillər vasitəsilə yalnız sağlamlıq haqqında məlumat verirsiniz, yoxsa insanın şəxsi həyatı barədə də fikir deyə bilirsiniz?
- Bəli, bu da mümkündür. Yazılardakı bəzi nöqtələr və elə simvollar üzə çıxır ki, onlara baxaraq ailə həyatında problemli informasiyaları da görə bilirik. Növbəti mərhələdə həmin problemli yerləri korreksiya edirik. Ailə qurmaqda çətinliyi olan, karyerasında uğur əldə etmək istəyən, hansısa mərtəbəyə yüksəlmək istəyən, iş qurmaq istəyən insanlar korreksiya yolu ilə onlara mane olan problemli nöqtələrdən azad olur. Problem adətən insanın öz içində olur, insanların enerjisinin yazısını alanda əldə etdiyimiz neqativ informasiyaları korreksiya edirik. Beləliklə neqativ informasiyalar silinir, insanların işləri alınır və arzularını reallaşdırmaqdan çətinliklərlə üzləşmirlər.
- Müalicə effekti nə qədər davam edir?
- Bu yaxınlarda hepatit C virus xəstəliyindən əziyyət çəkən tələbə bir oğlan bizə müraciət etmişdi. Məlum olduğu kimi hepatit C dərmanla müalicəsi çətin olmayan xəstəlikdir. 10 seans müalicədən sonra validenyləri onu aparıb İranda yoxlatdı. Məlum oldu ki, xəstə heç bir dərman istifadə etmədən tamamilə sağalıb. Seanslarda virusun məhv olması mənim üçün də maraqlıdır. Dərmanlarla müalicəyə tabe olmayan xəstəlik 10 günlük seansda sağaldı.
- Seanslarda xəstəyə sadəcə enerji ötürülür?
- Müəyyən nöqtələrdə neqativ informasiyaları taparaq, korreksiya edirik və kağızın üzərində o problemli nöqtələrə pozitiv enerji göndəririk. Nəticədə xəstəyə toxunmadan informasiya yolu ilə xəstəlik orqanizmdə sağalır.
- Seanslar nə qədər davam edir?
- İlk seanslar 30-40 dəqiqə çəkə bilər, lakin xəstədən asılı olaraq müddət getdikcə azalır.
- Xəstənin fikirləri manipulyasiya olunur?
- Qətiyyən. Heç bir dərman və iynə istifadə edilmir. Biz sadəcə psixo reabilitasiya metodlarla korreksiya edirik, xəstənin şüuru özündə olur. Daha sağlam və intellektual potensialı yüksək olan gənclərimizi yetişdirmək üçün bu metodlara həqiqətən çox ehtiyac var. Çünki altevnativ psixologiya metodlarının vasitəsilə gənclərimizin zehni fəaliyyətinə, psixoloji inkişafına, abstrakt təfəkkürünün daha yaxşı formalaşmasına mane olan səbəbləri korreksiya edib aradan qaldırırıq.
- Xətlər vasitəsilə keçmiş, yoxsa gələcək haqqında daha çox məlumat əldə etmək müyəssər olur?
- Xətlər zaman və məkan kateqoriyası içərisində əldə olunur. Burada həm keçmiş, həm gələcək, həm də hazırkı dövrlə bağlı məlumat almaq mümkündür. İnsanın keçirdiyi xəstəlikləri, hazırkı halı və onu gözləyən xəstəliklərinin məlumatları var. Psixoqramma vasitəsilə biz gələcəkdə baş verəcək xəstəliklərin qarşısını öncədən almış oluruq. Bu da çox gözəl profilaktik yoldur. Ümumiyyətlə, psixoterapiya elmi göstərir ki, bütün xəstəliklərin kökündə psixoloji problemlər durur. Yəni psixikanın bu və ya digər şəkildə pozulması nəticəsində konkret daxili orqan xəstəlikləri yaranır. Və bunlar hamısı birlikdə psixosomatik xəstəliklər adlanır. Bu cəhətdən senslarda bədəndəki neqativ enerjini təmizlədikcə insan pozitivləşir, başqalarına yaxşılıq etməkdən böyük zövq alır və pis enerjidən uzaq olurlar. “Pasiyentin içərisindəki neqativi çıxartmaq ilk növbədə özümə təsir göstərir”
- Daim neqativ enerji ilə mübarizədə olmaq sizin üçün çətinlik yaratmır ki?
- Əlbəttə ki, pasiyentin içərisindəki neqativi çıxartmaq ilk növbədə özümə təsir göstərir. Təvazökarlıqdan kənar olsa da, qeyd etməliyəm ki, metod o qədər mükəmməldir ki, onunla özümüzə də kömək edə bilirik. İşin axırında pasiyentlərdən sonra özümə də senas edirəm.
- Siz öz metodunuzla insanın qəlbindəki qara enerjini silib, onu xeyirhah birinə çevirirsiniz?
- Bəli. Zərdüştün dili ilə desək, bu dünya iki enerjinin bir-biri ilə qarşılıqlı təsiri ilə cərayan edir. Bu enerjinin biri xeyir, digəri isə şərdir. Xeyir enerjisinin Allahı Hörmüz, şərin isə Əhrimandır. Onlar arasında daim döyüş var. Neqativ auralı insanlar artdıqca xalqın içərisində də pis düşüncəli fərdlərin sayı çoxalır. Bizim əsas məqsədimiz də neqativ insanların sayını azaltmaq, ölkəmizin pozitiv şəxsiyyət potensialını yüksəltməkdir. Bu zaman cəmiyyətdə insanlar arasındakı münasibətlər də yaxşılaşır.
- Alternativ psixologiya ilə sizdən başqa da məşğul olan var?
- Bəli, öz elmimi həm də tədris edirəm və bir çox kadrlar yetişdirmişəm. Onlar müxtəlif ölkə və şəhərlərdə xalqa xidmət edirlər.
- Korreksiya qiymətini necə təyin edirsiniz və neçəyə başa gəlir?
- Bahalı prosedur deyil, xidmətimizin məbləği qarşı tərəfin imkanına əsasən müqaviləylə müəyyən edilir. Məsələn, parkinsionizm xəstəliyindən əziyyət çəkən bir xanım müraciət etmişdi. Əlləri titrədiyi üçün hərəkət qabiliyyətini itirmişdi, hərəkətlərin kordinasiyası pozulmuşdu, görmə qabiliyyəti çox zəifləmişdi, təfəkkürdə dayazlaşma başlamışdı, yeriyə bilmirdi. O xanım qiymətə görə birinci tərəddüd edirdi. Bir neçə gün ərzində onda əldə olunan nəticələr onu o qədər qane etdi ki, qiyməti haqqında qəti danışmadı. Bu xəstəliyin də təbabətdə müalicəsi yoxdur. Bir neçə seansdan sonra xanımın əli açılmışdı, normal qaydada yazı yaza bilirdi, hərəkətləri artmışdı, hətta gözünün nuru qayıtmışdı. “Kosmosdan Yerin üzərinə daha yüksək tezlikli daxil olan enerjilər yaradıcı enerjilər insnlara da öz təsirini göstərir”
- Son vaxtlarda Azərbaycanda intihar halları artıb. Çoxları bunu maddi durumun pis olması ilə izah edir. Halbuki 90-cı illərdə insanlar çörək növbələrinə düzülürdü, aclıq var idi, amma heç kim intihar etmirdi. Olsa da, çox az idi. Sizcə, insanların dözümsüzlüyü və ölümü bu qədər arzulamasının səbəbi nədir? Niyə xoşbəxt ola bilmirik?
- Bu məsələnin çox dərin kökləri var. Hazırda biz keçid dövrdə yaşayırıq. Belə ki, Kosmosdan Yerin üzərinə daha yüksək tezlikli enerjilər daxil olmaqdadır. Bu yaradıcı enerjilər insnlara da öz təsirini göstərməkdədir. İnsanlar əsasən də gənc nəsil daxilən, bu yeni enerjiləri asanlıqla qəbul etsə də, həmin vibrasiyalara adaptasiya ola bilmirlər və bu da insan orqanizmi ilə Kainat enerjisi arasında ziddiyyət yaradır. Həmin ziddiyyət bəzi psixoloji immuniteti zəif olan insanları intihara sövq edir. Eyni zamanda bu məsələyə uzun illərdir müharibə şəraitində yaşamağımız da təsir göstərir. Düşmənlərimizlə mübarizəmiz təkcə silahlarla, sərhəd zonalarında olan döyüşlərlə aparılmır. Burada həm söz, həm də enerji- informasiya döyüşü mövcuddur. Bu növ təsirlər birinci növbədə həssas və iradəsi zəifləmiş insanların beyninə təsir göstərir. O adamlar neqativ enerji və informasiyaların təsiri altında müəyyən səhvlər buraxa bilərlər. Səhv danışa, səhv addım ata, hətta öz həyatına qəsd edə bilərlər. İnsanlığın qorunması yolunda psixoqrafiya metodu mövcud problemin həllində ən mükəmməl vasitələrdən biridir. Biz öz metodumuzla kainatla insan arasında olan disonansı, yəni enerjilər arasındakı disharmoniyanın aradan qaldırılmasına çalışmalıyıq. Bununla da cəmiyyətdə intihar halları müəyyən qədər azala bilər. “Qara dənizdə baş verən bu problemə öz metodumuzla korreksiya yolu ilə kömək etməyə çalışmışıq”
- Alternativ psixologiya elminin metodları daha hansı imkanlar açır?
- Hələ Nastradamus öz dövründə verdiyi proqnozlarda 3 nöqtə göstərib onları qara, qara və qara adlandırmışdı. O qaraların biri atom elektrik stansiyasının partlaması nəticəsində baş verən Çernobl hadisəsi, ikincisi Qarabağ (Çyornaya xolma), üçüncüsünü isə ola bilsin ki, biz öz metodumuzla aşkar etdiyimiz Qara dənizlə (Çyornoe more ilə) bağlı problem nöqtəsidir. Bunların hər üçü qlobal problemlərdən biri idi. Qara dənizdə elə bir proses gedirdi ki, alimlərin təyin etdiyi kimi həyat üçün təhlükəli qazlar dənizin üzərinə qalxır və oksigenlə dəniz suyunun arasındakı oksigen mübadiləsinin qarşısını alırdı, dəniz suyu oksigensiz qalırdı. Bu zaman bütün dəniz canlıları məhv ola bilərdi. Yuxarıda dediklərim elmimizin cüzi bir hissəsidir. Məsələ burasındadır ki, Qara dənizdə baş verən bu problemə öz metodumuzla korreksiya yolu ilə kömək etməyə çalışmışıq. Həmin korreksiya prosesi indi də davam etdirilir. “Qarabağ probleminin həllində Sülh yolunun daha düzgün olduğunu düşünürəm”
- Qarabağ məsələsi yaxın illərdə öz həllini tapa biləcəkmi? Və bu, sülhlə, yoxsa müharibə şəraitində baş verəcək?
- Qarabağ probleminin həllində sülh yolunun daha düzgün olduğunu düşünürəm. İnşallah yaxın vaxtlarda biz öz torpaqlarımızı qaytaracağıq, sülh bərqərar olacaq. Gün gələcək ki, biz öz vətənimizdə ilk növbədə müharibəsiz şəraitdə, sağlam, xoşbəxt və firavan yaşaya biləcəyik. Bu istiqamətdə mərhum prezidentimiz Heydər Əlyevin qoyduğu ideyalar, qoyduğu yol cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu istiqamətdə görülən işlərin nəticələrinin yaxın vaxtlarda reallaşacağına inamım böyükdür. Böyük ümidlə gözləyirəm ki, münaqişə bu sülh yolu ilə həll olunacaq. Amma qarşı tərəf silaha əl atsa, biz həmişə döyüşə hazır olmalıyıq.
- Heç kömək edə bilmədiyiniz xəstələr olub?
- Olub. Öz istəyi ilə deyil, valideynlərinin istəyi ilə mərkəzimizə məcbur gətirilən xəstələrə yardım göstərmək olmur. Seans edə bilmirəmsə, ona necə kömək edə bilərəm? Seansları sona qədər etməliyəm. Təbii ki, yarımçıq qalan müalicədən effekt əldə etmək də mümkün deyil.
- Qadınların 6-cı hissi daha güclü olur. Bunun enerji ilə bir əlaqəsi var?
- Çin fəlsəfəsində qadın enerjisi İn, yəni ana enerjisi, ata enerjisi isə Yan enerji adlanır. İn Yerdən, Yan isə Göydən gələn enerjidir. Yəni, ata öz düşüncəsinə görə, fərqlənir. Ata övladın yerdə birinci Allahı sayılır. Hər bir atanın başlıca funksiyası övladına köməyidir. Çünki atanın içində Allahın göndərdiyi enerji var. Analar isə İn enerjisindən qidalanır və onların aldığı məlumat daha çox göydən deyil, yerdən gəlir. Ona görə də insanlara aid olan yazının İn tərəfinin informasiyasını verə bilirlər. Əlin işıqlı və qaranlıq yazısı ola bilər. Anaların intuisiyasından gələn informasiya əllərin ağ və qara yollarının yazısıdır. Bu barədə bizim folklorumuzda da belə bir fikrə rast gəlmişəm: “Qadının sözünü eşit, amma onun əksini et”. Bu atalar sözünün mahiyyəti ondan ibarətdir ki, qadın informasiyanı yerdən alır, sanki baş verəcək neqativ hadisəni hiss edir. Qadınlar qara xətdə olan informasiyanı düz alır, onu inkar etmirik. Lakin atalar həyat yolundakı ağ zolaqdan ağa keçid edir, qara zolağa toxunmur. Ona görə də qadınların dediyini eşitmək lazımdır, lakin həmin informasiyanı alıb onu təhlil edib qərar qəbul etmək yenə də kişilərə məxsusdur. Bununla da baş verəcək təhlükənin qarşısı alınmış olur.
- Ənənəvi psixoloqlar arasında ən çox populyar olan mövzulardan biri də qadın və kişi münasibətləridir. Sizə də ailələrdə bu problemlərin həlliyilə bağlı müraciət olurmu? Onlara kömək edə bilirsinizmi?
- Qadın və kişi həyatın iki tərəfidir. Hər birinin enerjisinin öz informasiyası var. Bəzi informasiyalar ailədə insanlar arasında diskusiyalara və problemlərə gətirib çıxara bilər. Bu zaman hər iki tərəf bir-birini başa düşməyə çalışmalıdır. Biri digərinə güzəştə getməlidir. Psixoqrafiya metoduyla ailə içində problemli nöqtələri təyin edib korreksiya işləri aparırıq, neqativ informasiyalardan təmizləyirik. Beləliklə də ailədə birlik yaranır. Amma ailəni gələcəkdə daha böyük faciələr gözləyirsə, o insanların bir-birinə aid olmadığı məlum olursa, onda qadınla kişi ayrıla bilər. Hər biri öz xoşbəxtliyini ayrı-ayrılıqda tapmağa çalışar.
- Sizin dini etiqadınız nədir?
- Müsəlmanam, həm də Həcc ziyarətində olmuşam.
- Yuxarıda yazılar vasitəsilə gələcəyi gördüyünüzü dediniz, amma dində gələcəyi görmək müsbət qarşılanmır.
- Biz insanın yaxın gələcəyindəki xəstəlikləri öz metodumuzla aşkar edə bilirik. Psixoqrammada gələcək haqqında olan məlumat o adama lazımdırsa, sırf sağlamlığını qorumaq məqsədilə onu açıb deyirik. Əgər müraciət edən hər hansı şəxsin psixoqrammasında mümkün təhlükə informasiyası simvollarla üzə çıxırsa və qarşısını ala bilmək mümkündürsə, sizcə, bunu deməməliyəm? Bir dəfə uzaq rayondan gələn xəstənin yazısında başına qəza gələ biləcəyini psixoqrafiya metodu ilə aşkar etdim və ona maşını yolda yavaş sürməyi xahiş etdim. Bir neçə saatdan sonra o şəxs mənə zəng edib təşəkkür etdi. Çünki maşını yavaş sürməklə dəhşətli bir qəzadan xilas olmuşdular. Yaxud da daxili orqanlarında yarana biləcək xəstəliklərin qarşısını almaq üçün profilaktik tədbirlər görürük. Orqanimzdə sağlamlıqla bağlı olan məsələlərdə korreksiya edirik. Psixoqrammada üzə çıxan problemli nöqtələr qarşı tərəfin enerjisinin kömək istəyən yalvarışlarıdır. Həkimlər də xəstəni müayinə etdikdən sonra “Əməliyyat olmasan, həyatın təhlükədədir” deyirsə, bu, öncəgörücülük deyil axı.
- Bu ixtiranın əvəzində Nobel mükafatına layiq görülməyi arzulayardınız?
- Həyatımda elə hadisələr baş verib ki, həmişə çox gözütox hərəkət etmişəm. Kim istəməz ki, Nobel mükafatına layiq görülməsin? Əgər mənə ikinci dəfə həyat verilsəydi, yenə də bu çətin yolu seçərdim. Öz işimi sevirəm və var gücümlə xalqıma lazımi səviyyədə xidmət göstərməyə çalışıram. Bu elmə görə, heç vaxt peşmançılıq çəkməmişəm, inanıram ki, gələcəkdə də heç vaxt peşman olmayacam. Xalqımızın yolunda da bütün əziyyətlərə qatlaşmağa hazıram. Bütün bunları hansısa mükafat xətrinə eləmirəm! Əsas məqsədim xalqıma, elimə kömək etmək, bu elmi yaymaq, onun sayəsində gələcəkdə də insanlara töhfə verə bilməsi üçün yeni kadrlar yetişdirməkdir. Xarici ölkələrdən dəfələrlə ailəlikcə köçməyi və orada fəaliyyət göstərməyi təklif ediblər. Amma heç birini qəbul etməmişəm. İstərdim ki, xidmət sferamızı ilk növbədə ölkəmizdə genişləndirək və tədqiqatlarımızı davam edək. “Şər dünyası ondan 27 ili almaq istəyirdi”
- Karma problemi olan insanlara kömək edə bilirsiniz?
- Ruslar bu problemi taleyin qanunu adlandırır və onun öz qanunları var. Biz ora müdaxilə eləmirik, ancaq şansları olan adamların yazısında olan müəyyən simvolların köməyi ilə korreksiya işlərini aparıb-aparmamaq barədə məlumat əldə edə bilirik. Və icazəni gördükdən sonra o adama kömək edə bilərik. Elə adamlar da var ki, bizim elmlə ona müalicə etmək doğru deyil. Geri qaytardığımız xəstələr də olub. Məşhur alim, akademik Vasili Pavloviç Qoç ilk dəfə mənim yanıma gələndə “Öz metodum var, ancaq özümə kömək edə bilmədim. Çünki bu, karma məsələsidir. Kosmosdan məlumat almışam ki, siz mənə kömək edə bilərsiniz”, - deyə bildirdi. Etiraf etdi ki, Allahın ona verdiyi ömürdən 27 il əvvəl dünyadan köçmək təhlükəsi var. Bu da ona karmanın verdiyi yazı idi. Şər dünyası ondan 27 ili almaq istəyirdi. Çünki o alim yer kürəsində öz elmi ilə nə qədər yaxşılıqlar edirdi, insanlara bilik və savad verirdi. Şər qüvvələrsə bunu istəmirdi. Həmin alimi Pirquluya aparıb təbiət qoynunda korreksiya xidməti göstərdim. Nəticədə akademik özünün elmi əməkdaşlığını bizə təqdim etdi. Faza prtret səviyyəsində göstərilən xidmətdən sonra problemin aradan qalxdığını və elmi əməkdaşlığımızın müsbət nəticələrini, Təhsil Problemləri İnstitutunda keçirillən elmi-praktik konfransda hamıya elan etdi. Bir çox konsepsiya və nəzəriyyələri birlikdə müəllif olaraq yaratmışıq. “Şükür etmək karma qanunlarından çıxış edərək xoşbəxtliyi tapmaq yoludur”
- İnsanların xoşbəxt və harmoniyada yaşaması üçün nə məsləhət görərdiniz?
- Bunun cavabı hər bir insanın öz içindədir. Əgər öz günümüzə şükür etsək, Allaha da xoş gələr. Onda Allah bizə daha gözəl günlər qismət edər. Naşükürlük edən, xüsusilə intihar edən insanlar Allahın qəzəbinə tuş gəlir. Həyatından narazı olanlar başa düşməlidir ki, onlardan da daha çətin və pis vəziyyətdə olan insanlar var. Onda naşükürlük edən insanların vəziyyəti bir az da çətinləşir. Yeri gəlmişkən onu da qeyd edim ki, şükür etmək karma qanunlarından çıxış edərək xoşbəxtliyi tapmaq yoludur.
- Masanızdakı cihaz diqqətimi çəkdi. Sizin ixtiranızdır?
- Bəli. “Evlərdə neqativ enerjidən mənsiz də xilas olmağa kömək edir”
- Nə üçündür?
- Bir çox ixtiralarımız var, onlardan biri də harmonizator adlanır. Bu cihaz vasitəsilə evlərdə neqativ enerjidən mənsiz də xilas olmaq mümkündür. Şüşənin üzərindəki simvol həyat güzgüsü adlanır. Bu, simvol insanlara müsbət enerji ötürür. Şüşə harmonizatorun üzərində fırlanan zaman pozitiv enerji yaradır və otağın içində olan neqativi qovur. Bu halda evdə olan balaca uşaq da, yaşlı da, gənc də özünü çox yaxşı hiss edir, yorğunluq çıxır, əhval-ruhiyyə yaxşılaşır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?