Toğrul İsmayıl: “Rusiyanın mesajının ardınca hərbi hərəkətlənmə ola bilər”
Türkiyədə yaşayan politoloq Toğrul İsmayılla Suriyada ABŞ-Rusiya qarşıdurması, İranın dəstək verdiyi qüvvələrə amerikalı hərbçiləri tərəfindən zərbələr endirilməsi, Ankaranın kritik mərhələdə hansı mövqedən çıxış etməsi və digər mövzularda müsahibəsini təqdim edir.
- Rusiya və ABŞ Suriyada bu dəfə açıq qarşı-qarşıya gəlib. ABŞ-ın dünən Əsəd rejiminə məxsus SU-22 təyyarəsini vurduqdan sonra Moskva Suriyada ABŞ-la mövcud olan hava əlaqələrini təxirə saldığını elan edib. Vaşinqton isə bəyan edib ki, koalisiyanın özünün müdafiə haqqının olduğunu ruslar anlamalıdır. Son durumu necə şərh edirsiniz?
- Əslində əvvəllər də Suriyada Rusiya-Amerika qarşıdurması mövcud idi. Lakin bu qarşıdurma açıq müstəvidə deyildi. Rusiya ilk dövrdə Suriyada anti İŞİD koalisiyası içərisində yer almağa çalışsa da, buna müvəffəq ola bilmədi. Amerika Rusiyanın bu təklifini heç bir halda qəbul etmədi.
İkincisi, tərəflərin Suriyada var olan bu qarşıdurması indi açıq müstəvi halına gəldi. İki ölkə arasında onsuz da Suriya mövzusunda görüşmələr, müzakirələr və informasiya mübadiləsi məsələsi yox idi. Sadəcə olaraq hər iki tərəf İŞİD-ə qarşı mübarizə aparır. Ancaq göründüyü kimi İŞİD-lə mübarizə bəhanəsi altında ruslar Bəşər Əsəd rejiminin gücləndirilməsi, bu rejimin özünü ayaq üstə durmasına dəstək verməkdir. Vaşinqton isə sözsüz ki, İŞİD-lə mübarizə çərçivəsində həm də bu regionda öz maraqlarını qorumaqla məşğuldur. Son nəticədə İŞİD-ə qarşı ciddi fəaliyyət yoxdur. Təbii ki, müəyyən əməliyyatlar var və bunu demək olar. Lakin proseslərə diqqətlə yanaşanda bəlli olur ki, tərəflərin mübarizəsinin ana xəttini iki məqam təşkil edir: Suriyada mövcud olan Əsəd rejiminin varlığı və onun dəstəklənməsi, eləcədə bu rejimin yıxılması ilə bağlıdır. Başqa sözlə, Yaxın Şərq problemi ABŞ və Rusiyanı açıq müstəvidə qarşı-qarşıya sürükləyir.
- Ruslan elan edib ki, Fərat çayının qərb hissəsində uçan təyyarələr yerə salına bilər. Bu mesajı necə qiymətləndirmək olar?
- Əlbəttə, əgər bütün təmaslar kəsilibsə, üstəlik Amerika tərəfindən Rusiya təyyarəsi vurulub yerə salınırsa, məncə, bu açıq mesajdır. Xüsusilə, burada İran məsələsi və fəaliyyəti də nəzərə alınmalıdır. Hesab edirəm ki, Rusiya tərəfindən verilən son mesajı da ciddi qəbul etmək lazımdır. Yəni bütün bunlar, məlum bəyanatlar təsadüfi deyil. Belə mövqelər kefdən ortaya qoyulmur. Əksinə, belə mesajların arxasında müəyyən hərəkətlər ola bilər. Odur ki, Rusiyanın mesajını da ciddi qəbul etmək lazımdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Amerika tərəfindən verilən bəyanatlar da çox yumşaq deyil. Düzdür, orada göstərməyə çalışır ki, dialoq bitmiş deyil, buna cəhd edilir və s. Amma reallıq odur ki, Suriyada ilk gündən var olan fərqli mövqelər bu gün açıq qopmuş oldu.
- Amerika və Rusiyanın Suriyada hərbi personalı mövcuddur. Sizcə, bu siyasi qarşıdurmadan sonra tərəflər Suriyada hərbi baxımdan üz-üzə gələ bilərmi?
- Açığını deyim ki, mən bunu real hesab etmirəm. Düşünmürəm ki, tərəflər Suriyada birbaşa özlərinin iştirakı ilə qarşı-qarşıya gəlməyi riskə ala bilərlər. Yəni mövcud olan vəziyyəti bir-birinə qarşı mübarizə və savaş halına gətirməzlər. Amma onsuz da “Soyuq Müharibə” dövründə də qarşıdurma mövcud idi. Yəni dövlətlərin özləri deyil, asimmetrik savaşlar aparırdı. Özləri birbaşa müharibə aparmasa da, başqa qrupların, hərbçilərin iştirakı ilə savaşlar gedirdi. Buna misal olaraq Koreya, Vyetnam, Tibet, Yaxın Şərqdə olan mübarizələri göstərmək olar. Bu regionlarda Soyuq Müharibənin tərəfləri birbaşa vuruşmasa da, onların kənardan dəstək verdiyi qruplar arasında savaş gedirdi. İndi də Suriyada eyni bu ssenari gedir. Yaxın Şərqdə açıq savaş getməsə də, onların dəstəklədiyi qüvvələr faktiki bir-birinə qarşı müharibə aparır.
- Suriyada ABŞ və Rusiya münasibətləri konteksində Türkiyənin addımları, fəaliyyəti və mövqeyi nədən ibarətdir?
- Türkiyənin fəaliyyəti açıqdır. Ankara əsas etibarı ilə ətrafında süni bir dövlətin qurulmasını istəmir və buna qarşıdır. Bu məsələyə dair Türkiyənin mövqeyində dəyişiklik yoxdur. Amerika uzun dövr bu məsələdə Türkiyə ilə anlaşmağa çalışdı. Vaşinqton öz maraqları baxımdan müttəfiqi olan Türkiyəni qeyri ciddi qəbul etdi, əsasən Suriyada PYD və Ankaranın terrorçu təşkilat hesab etdiyi kürd ünsürlərlə iş birliyinə getdi. Beləcə Amerika orada bir dövlət qurmağa çalışdığını ortaya qoydu. Təbii ki, ruslar da bu regionda kürdlərə dəstək vermək məsələsində müəyyən fəaliyyət içində olublar. Ancaq biz öncədən qeyd etmişdik ki, əvvəl-axır Rusiya və Amerika üz-üzə gələcək, bu zaman arada istifadə edilən kürdlərin vəziyyətinin necə olacağı maraqlı olacaq. İndi qarşıdurma açıq müstəvidə inkişaf edir. Məncə, bu mərhələdə kürdlərin vəziyyətinin necə olacağı baxımdan maraqlıdır. Rusiya Bəşər Əsəd rejiminin yanındadır və tədricən müttəfiq kimi gördüyü kürdlərə də zərbələr endirə bilər. Digər yandan Amerika bu fəaliyyətini davam etdirəcəksə, bu zaman Türkiyə və İran da ona qarşı olacaq. Başqa sözlə, bu problem getdikcə dərinləşəcək. Bir daha qeyd edirəm ki, Türkiyə torpaq bütünlüyünün müdafiəsi, öz sərhədləri yaxınlığında istənilən quruluşun yaradılmasına qarşıdır. Türkiyə deyir ki, İŞİD-ə qarşı mübarizə aparırsınız, çox gözəl. Amma PKK-da terror təşkilatıdır və ona qarşı da mübarizə olmalıdır. Amerika ya da bildirilir ki, siz bir terroristə qarşı mübarizədə digər terroristlərlə əməkdaşlıq edirsinizsə, bu yaxşı bir hal deyil. Bu baxımdan Türkiyənin vəziyyəti həssasdır və bu həssaslığını daima ifadə edir. Təbi ki, bu məsələlərdə Ankara-Vaşinqton mövqeləri üst-üstə düşmür. Lakin unutmayaq ki, Türkiyə NATO üzvüdür və ABŞ-la müttəfiq hesab olunur. Lakin Suriya mövzusunda maraqlar fərqlidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Suriya mövzusunda Ankara ilə Moskvanın da maraqları üst-üstə düşmür. Amma ən azından Rusiya ilə bəlli məsələdə kompromis var. Bu kompromisin nə qədər davam edəcəyi isə başqa bir məsələdir.
- Gələn həftə ABŞ və Türkiyə müdafiə nazirləri bir araya gələcək. ABŞ Baş Qərargah rəisi, general Durford bildirib ki, görüşdə Suriya məsələsi müzakirə ediləcək. Rusiya ilə gərgin münasibətlər fonunda Vaşinqton Türkiyəni yanına çəkmək istəyir? - Bu görüşlər mütəmadi olur, fərqli formatlarda davam etdirilir. Bu yeni məsələ deyil. Lakin mənim Amerikanın mövqeyində ciddi bir dəyişiklik olacağına ümidim azdır. Burada hər halda Amerika Türkiyəni inandırmağa çalışır ki, kürd qruplara verdiyi silahlar Türkiyəyə qarşı istifadə edilməyəcək və s. Ancaq gördüyümü odur ki, Amerika bu bölgədə kürd qruplardan ordu yarıtmağa çalışır. Sözsüz ki, bu da Türkiyənin təhlükəsizliyi baxımdan ciddi təhdiddir. Bu narahatlığı Vaşinqtonun necə həll edəcəyi başqa bir məsələdir. Suriyada krizin artdığı bir dönəmdə Amerika Türkiyəni inandırmaq, Ankaranı tamamilə öz tərəfinə çəkmək üçün ciddi addımlar atır və buna mövqeyini dəyişmədən çatmaq istəyir. Mənə görə, bu görüş ola bilsin ki, birgə koordinasiyanı xətti və tamamilə qarşıdurmanı önləmək məqsədi daşıya bilər. Mən hesab edirəm ki, Amerikanın mövqeyində dəyişiklik edəcəyinə dair işartı yoxdur və buna ümid də yoxdur.
- Suriya prosesində daha bir maraqlı məqam ABŞ hərbçilərinin Suriyada İrana bağlı qüvvələrə hərbi zərbələr endirməsi faktıdır. “The Guardian” qəzeti yazır ki, Suriya, İraq və İordaniya sərhədlərinin birləşdiyi əl-Tənf məntəqəsi yaxınlığında ABŞ qüvvələri İran tərəfindən dəstəklənən qüvvələrə üç dəfə zərbə endirib. Bu Suriyadan sonra növbəti qarşıdurma məkanının İran olacağına işarə deyilmi?
- Nəzərə alın ki, Donadl Tramp hakimiyyətə gəldikdən sonra sələfi Barak Obamadan fərqli olaraq İranla bağlı siyasətində fərqli yanaşma sərgiləyir və bunu açıq şəkildə elan edir. Trampın İranla bağlı mövqe və yanaşması gizli də deyil. Bu baxımdan Suriyada ABŞ qüvvələrinin İrana yaxın qüvvələrə zərbələr endirməsi açıq davam edir. Bu gün Tehranla Vaşinqton arasında hər hansı bir əməkdaşlığı söhbət mövzusu belə deyil. Amerikanın təbii ki, bu fəaliyyəti həm də anti İran fəaliyyətidir. Nəzərə alın ki, bölgə o qədər qarışıqdır, daxildəki qüvvələr içdən və xaricdən o qədər asılıdır ki, biz Suriyada uzunmüddətli bir koalisiya və ya ittifaqın olacağını belə deyə bilmərik.
-Toğrul bəy, Türkiyə Rusiyadan S-400 raket əleyhinə müdafiə qurğusu almaq üçün danışıqlar aparır. Bir NATO ölkəsinin Rusiyadan silah alması sizcə, müttəfiqləri ilə problem yaratmaz ki? -Əvvəla hər bir ölkə istədiyi silahı almaq hüququna malikdir. Buna heç kimin etiraz etmək haqqı yoxdur. Bildiyiniz kimi Rusiya tərəfi açıqlama verdi, qeyd etdi ki, S-400 kompleksinin Türkiyəyə satılmasına dair razılaşma əldə edilib, sadəcə olaraq kredit məsələsində dair anlaşma əldə edilməyib. Mənim fikrimcə, əgər anlaşma tam olaraq əldə edilərsə, bu zaman Türkiyə Rusiyanın S-400 raket əleyhinə kompleks sistemini istifadə edəcək ilk NATO ölkəsi olacaq. Məlumat üçün onu da deyim ki, hazırda Ruminiya, Bolqarıstan, Yunanıstan və Almaniya başqa olmaqla bir sıra ölkələr Rusiya istehsalı olan S-200 və S-300 raket əleyhinə müdafiə kompleksindən istifadə edirlər. Hesab edirəm ki, Türkiyənin hansı ölkədən silah alması başqa ölkələri maraqlandırmamalıdır.
Sorğu
Yeni dizaynımız necədir?