İctimai fəal Abdulhüseyn Ələkbərov gənclərin zərərli vərdişlərə meyllənməsi, onun səbəbləri və fəsadları haqqında “Gündəm Xəbər”ə danışdı:
...dəfələrlə şahidi olmuşuq ki, narkotik maddə satan şəxs həbs edilir, istifadəçi kimi cəzalandırılır, iki-üç ildən sonra həbsxanadan çıxır və yenidən əvvəlki fəaliyyətə başlayır.
- Abdulhüseyn bəy, gənclərin məşğulluğunun aşağı olmasıyla bağlı sosial şəbəkələrdə və mətbuatda müxtəlif fikirlər səsləndirirsiniz. Bir az aydınlıq gətirmək olarmı?
– Bu gün Azərbaycan cəmiyyətində məşğulluq problemi olan ən böyük sosial qrup gənclərdir. Bunun obyektiv səbəbi odur ki, gənclər iş və fəaliyyət təcrübəsi az olan, lakn potensiallı, yeni ideyalar həyata keçirmək istəyən və hər an dəyişiklik istəyən cəmiyyətin hərəkətverici qüvvəsidir. Cəmiyyətdə normal münasibətlər olduqca gənclər əmək fəaliyyətində adaptasiya prosesini daha rahat keçirlər. Azərbaycanda isə işsizlik bir problem olduğundan, bir çox iş yerlərində yaşlı nəslin nümayəndələri çalışdığından gənclərin işə başlaması çətin olur. Mənim əslində demək istədiyim məsələ isə təkcə bununla bitmir. Çünki, gənclər işsiz və məşğuliyyətsiz olduqları zaman sadəcə gün keçirmək istəmirlər. Potensiallı və hərəkətli olan yeni nəslin nümayəndələri öz enerjilərin nəyəsə təbii olaraq sərf etmək istəyirlər. Bu zaman isə işsiz gənclər ya oğurluğa, ya dini qruplara, ya alkoqolizmə, ya da ki narkomaniyaya meyllənirlər. Bunların isə bütövlükdə cəmiyyət üçün zərərli olması hamıya məlumdur. Azərbaycanda isə bu deyilənlərin qarşısını almaq üçün hər hansı sistemli, strateji addımlar atılmır, bir çox hallarda isə addımlar atmaq istəyənlərin qarşısı alınır. Çünki, elə qruplar var ki, onlar bu zərərli vərdişlərin genişlənməsindən faydalanırlar.
- Dediklərinizdən belə başa düşdük ki, bəzi məmurlar oğurluğun və yaxud narkomaniyanın genişlənməsində maraqlıdırlar...
– Birbaşa demək olmaz ki, məmurlar oğurluğun artmasından xoşlanırlar, lakin bəzi məqamlara ətraflı aydınlıq gətirildikdə məlum olur ki, bəzi zərərverici işlərə məmurlar dolayısı yolla dəstək verirlər. Məsələn Narkomaniyayla aparılan mübarizənin yetərincə effekt verməməsi sərhəd-keçid mənqtəqələrinin qeyri qənaətbəxş fəaliyyəti və ya bəzi polis əməkdaşlarının prosesə göz yummasıyla bağlıdır. Çünki, narotika satan şəxsin ərazi üzrə polis əməkdaşlarından gizlənməsi faktiki olaraq mümkün deyil. Biz dəfələrlə şahidi olmuşuq ki, narkotik maddə satan şəxs həbs edilir, istifadəçi kimi cəzalandırılır, iki-üç ildən sonra həbsxanadan çıxır və yenidən əvvəlki fəaliyyətə başlayır. Burada təbii ki, rüşvət hallarıyla cinayətkarın cəmiyyətdə “öz isi” ilə məşğul olmasına şərait yaradılır. Zəncirvari olaraq fikir formalaşır ki, bu işə polis inspektoru göz yumursa, yəqin bölmə rəisi, cinayət-axtarış şöbəsinin rəisi, bu işə baxan istintaq orqanları və ya məhkəmələr də göz yumurlar. Yəni mən proses olaraq nəticə çıxarmağa çalışıram. Amma birbaşa demək olmaz ki, filan rəis narkotik satan adamı müdafiə edir. Həm də Hacı Məmmədov həbs edilən zaman onun avtomobilindən də narkotika çıxmışdı, halbuki həmin şəxs Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı idi.
- Narkomaniyadan söz salmışkən, narkomaniyayla mübarizəni ancaq polis aparmalıdırmı?
– Təbii ki, bu işlə təkcə polis məşğul olmamalıdır və bu mümkün də deyil. Çünki, polis və ya ümumilikdə hüquq-mühafizə orqanları yalnız baş verən hadisəni dəyərləndirir və cəzalandırır. Narkomaniya ilə mübarizə aparmaq üçün onun fəsadları barəsində insanları, xüsusilə gəncləri məlumatlandırmaq lazımdır. Bu məlumatlandırma böyük auditoriyalar – Tv verilişlər, seminarlar, info-sessiyalar, təlimlər və tədris şəklində həyata keçirilməlidir. Maraqlı bir haldır ki, 2012-ci ildə Azərbaycanda qeydiyyata düşmüş HİV-ə (SPİD) yoluxanların sayı 2000-dən ir az artıq idisə, bu ilin əvvəlinə bu rəqəm 5000-i keçib. Bu Respublika QİÇS (SPİD)-lə Mübarizə Mərkəzinin rəsmi statistikasıdır. Biz qeydiyyata düşməyənlərin 4-5 dəfə bundan çox olmasını nəzərə alsaq vəziyyətin acınacaqlı olmasını görərik. Nəzərə alın ki, Azərbaycanda SPİD-ə yoluxanların 70 faizi narkotik istifadəçisidir. Qeyd edim ki, bu da rəsmi statistikadır. Bu gün ictimai təşkilatların da fəaliyyət məhdudluğu prosesə qarşı mübarizəyə mane olan əsas səbəblərdəndir. Çünki, bayaq qeyd etdiyim maarifləndirmə tədbirləri daha çox ictimai təşkilatlar tərəfindən həyata keçirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?