Korrupsiyaya və İnhisarçılığa Qarşı Mübarizə İctimai Birliyinin sədr müavini Allahverdiyev Şahin korrupsiya və rüşvətin cəmiyyətə vurduğu ziyanlardan danışdı.
-Şahin müəllim, Sizcə korrupsiya qeyri-qanuni olmağıyla paralel əsas ziyanlı tərəfləri hansı sahələrdə daha çox təzahür edir?
- Cəmiyyətimizdə dərin kök atmış bir sıra neqativlər var ki, bunlardan da ən təhlükəlisi korrupsiya və rüşvətxorluq bəlasıdır. İdarəetmə mexanizminin əsasları korrupsiya və rüşvət üzərində qurulubsa, Azərbaycanda reallaşan beynəlxalq iqtisadi layihələrdən tutmuş kadr təyinatlarına qədər bütün fəaliyyət sahələrində bu neqativlərin elementləri özünə münbit yer tapıbsa, onda asanlıqla korrupsiya və rüşvətxorluğun aradan qalxmasına ümid bəsləyənlərin işi daha da çətinləşir. Axı, canı, qanı rüşvət və korrupsiyadan yoğurulan məmur bir gecənin içində dönüb mələk olmasına və bütün istəklərindən, bir imza atmaqla, bir dövləti icazə sənədi verməklə ona milyonlar gətirən gəlir mənbəyindən asanlıqla imtina etməsinə necə inanmaq olar? Əgər doğrudan da korrupsiyaya qarşı mübarizə prioritetlərə daxil edilibsə, onda qanunun aliliyi prinsipinin qorunmasına təminat yaradılmalı, dövlət məmurlarının fəaliyyəti üzərində ictimai nəzarəti gücləndirilməli, xalq etimadına layiq parlament formalaşdırılmalı, respublika quruluşunun mahiyyətini özündə ifadə edən hakimiyyət bölgüsünə riayət edilməlidir. Korrupsiyaya və rüşvətə qarşı mübarizə elan etməklə iş bitmir. Rüşvət və korrupsiyanı yaradan zəmin aradan qaldırılmalıdır. Korrupsiyanın başında duranlar yüksək rütbəli vəzifə daşıyanlar və vəzifə səlahiyyətlərindən sui-istifadə edib, dövlətin marağını öz xeyrinə satanlardır. Təbii ki, küllü miqdarda rüşvət verib hər hansı bir yüksək vəzifəyə təyin olunmuş istənilən şəxs bu itkinin yerini aldığı əmək haqqı ilə kompensasiya edə bilməyəcəyini anlayır və vəzifəyə təyin olunduğu gündən korrupsiya və rüşvət yollarına baş vurur.
-Əgər insan rüşvət almaq və ya vermək istəməzsə, ondan necə bunu tələb etmək olar?
-Sovet dövrünün psixologiyasıyla qabiliyyət göstəricisinə qiymət verilən şəxslərin əyri yollarla və arxalandığı “yuxarıların” gücü ilə nazir və ya icra başçısı postuna əyləşdirilir və ondan nümunəvi fəaliyyətin deyil, yuxarılara “nümunəvi” rüşvət çatdırmağın hesabı sorulmağa başlayır. Məmur korpusundan başlayan bu neqativlər sonradan cəmiyyətin bütün təbəqələrinə sirayət edir. Bizneslə məşğul olmaq istəyən istənilən şəxs hər hansı iqtisadi layihəni həyata keçirmək üçün mütləq bürokratın doğanağından keçməli və bu layihəni həyata keçirmək üçün ona küllü miqdarda rüşvət verməlidir. Məktəb direktorunun, səhiyyə müdirinin ondan tələb olunan rüşvəti öz nazirliyinə və ərazisində yerləşdiyi rayonun icra başçısına çatdırmadan fəaliyyətə başlamasını təsəvvür etmək belə çətindir. Məzunun ilkin işə başlaması üçün tələb edilən rüşvətin həcmi on min manatla ölçülür. Tenderlərdə iştirak etmək və müsabiqənin həqiqi qalibi olmaq onların bu sahəyə peşə hazırlığı ilə deyil yuxarılara çatdıracağı rüşvətin həcmi ilə dəyərləndirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?