Mixail Zabeln: “Abbas Abbasov mənə deyib ki, siyasətlə məşğul olmaq, oyunlara qatılmaq niyyətində deyil” Suallara Milli Məclisin üzvü, Azərbaycanda fəaliyyət göstərən rus icmasının rəhbəri Mixail Zabeln cavab verib. Deputat Azərbaycan-Rusiya münasibətləri, Azərbaycanda yaşayan rusların problemləri və istəkləri, habelə Kremlin adamı kimi təqdim edilən Abbas Abbasov və Rüstəm İbrahimbəyov haqqında danışıb. - Azərbaycanda yaşayan rusların hansı problemləri var? - Mən birmənalı deyirəm ki, Azərbaycanda yaşayan digər millətlərin hansı problemi varsa, rusların da problemi odur. Daha dəqiq ifadə etsək azərbaycanlıların, cuhudların, ləzgilərin qarşılaşdığı problemlə ruslarda qarşılaşa bilər. Ayrıca rusların fərqli problemləri yoxdur. Əlbəttə ki, hər kəs yaxşı işdə işləmək, yüksək maaş almaq və sonrada yaxşı təqaüd almaq istəyir. Rusların Azərbaycanın digər vətəndaşlarından ayrıca problemləri mövcud deyil. Ən vacib problem odur ki, bizdə rusların çoxu Azərbaycan dövlət dilini bilmir. Bu məqam xüsusilə, iş tapmaqda ciddi problemlər yarada bilir. Çünki dövlət dilini bilməsən asanlıqla iş tapa bilməyəcəksən. Ancaq sizə onu da deyim ki, bu gün yeniyetmələrimiz və gənclərimiz Azərbaycan dilini çox gözəl bilirlər. Mən bir neçə dəfə bizim gənclərlə görüşmüşəm. Onlar həm dövlət dilində danışır, həmdə yazmağı bacarırlar. Təəssüflər olsun ki, idarəçiliyin müxtəlif sahələrində ruslar çox az sayda işləyir. Buna da səbəb onların Azərbaycan dilini bilməməsidir. Düşünürəm ki, gənclərimiz və yeniyetmələrimiz bir müddətdən sonra dövlət işlərində işləyə biləcəklər və bununla da problem olmayacaq. Bizi narahat edən budur. Ayrıca narahatlığımız yoxdur. Sizdə bilirsiniz ki, çoxlu sayda ruslar burada anadan olub, böyüyüb, təhsil alıb, Azərbaycan xalqı ilə birgə yaşayıb. Onlar Azərbaycanda qalmaqda davam edirlər, buranı sevirlər. Həmdə Rusiyada mövcud olan narkomaniya və sərxoşluq burada yoxdur. Odur ki, yeniyetmələr heç Rusiyaya getmək istəmirlər. - Azərbaycanda yaşayan rusların dəqiq sayı bizə məlumdurmu? - Bu haqda mən konkret rəqəm deyə bilmərəm. Amma Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev öz çıxışlarının birində qeyd etmişdi ki, hazırda Azərbaycanda 130 minə qədər rus yaşayır. Əlbəttə, bir zamanlar 160 min civarında idi. Nəzər alın ki, insanlar vəfat edirlər, bəzən ailədə çox uşaq böyütməyə meyl etmirlər və s. Hazırda Azərbaycanda 130 min rus yaşayır və bu kifayət qədər yüksək rəqəmdir. Əgər biz bu rəqəmi Ermənistan və Gürcüstanda yaşayan ruslarla müqayisə etsək fərqli mənzərə yarana bilər. Məsələn, Ermənistanda təxminən 2 min rus yaşayır. Gürcüstanda yaşayan rusların sayı isə 3-4 mindən çox deyil. Demək istəyirəm ki, fərq çoxdur. - Hazırda Rusiya-Azərbaycan münasibətləri hansı səviyyədədir və siz bu münasibətlərdə problemlərin olduğunu müşahidə edirsinizmi? - Əlbəttə bir problem var və biz bunu daima qeyd edirik. İş ondadır ki, əsrlər boyu ruslarla azərbaycanlılar çox mehriban şəkildə yaşayıblar, yüksək qonşuluq münasibətimiz olub. Biz daima Rusiyanın Dağlıq Qarabağ münaqişəsində bizə dəstək verməsini istəmişik. Bizi narahat edən budur ki, Rusiya bu münaqişənin həlli üçün ciddi mövqe nümayiş etdirmir. Düzdür, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, torpaqlarımızın işğal edildiyini qeyd edir. Amma problemin həlli üçün ciddi mövqe nümayiş etdirmir. Bu da bizi narahat edir. Çünki Rusiyanın özü elan edib ki, Azərbaycan tərəfi haqlıdır. Biz hesab edirik ki, Rusiya bu məsələdə obyektiv və qəti mövqe tutmalı, Ermənistanı məcbur etməlidir ki, Azərbaycanın əzəli və tarixi torpaqlarından çıxsın. Yalnız bu məqamla bağlı Rusiya ilə Azərbaycan arasında problem var və biz Rusiyadan obyektiv mövqe gözləyirik. - Başqa problemlərin olduğu haqqında iddialar da səsləndirilir... - Digər məsələlərə gəldikdə deyim ki, bizim Rusiyanın müxtəlif regionları ilə yaxşı əlaqələrimiz mövcuddur. Məsələn, Həştərxanda daima forum olur, əlaqələrimiz yüksək səviyyədədir. Orada Heydər Əliyevin adına park açılıb, abidəsi ucaldılıb. Eləcədə orta məktəbi təmir ediblər, Nəriman Nərimanovun abidəsini qoyublar. Hazırda bizim Volqoqrad vilayəti ilə yaxın münasibətlərimiz var. Bu yaxınlarda orada humanitar forum keçiriləcək, Bakıdan ora böyük bir nümayəndə heyəti gedəcək. Həmçinin mənim deputat seçildiyim Qaradağ rayonu ilə Volqoqrad şəhəri arasında yaxşı əlaqələr yaratmışıq. Orda da Heydər Əliyevin abidəsi qoyulacaq. Bir sözlə, bizim ticarət və iqtisadi əlaqələrimizlə yanaşı humanitar münasibətlərimiz də mövcuddur. Bu proses artan xətt üzrə davam edir. Məsələn, mətbuat daima problemlərdən yazır və daha çox Novorosisski boru kəmərinin fəaliyyətinin dayandırılmasını qabardır. Əslində bu ticarət və iqtisadi məsələdir, həmdə müqavilənin vaxtı bitmişdi. Hazırda yenidən müqavilə üzərindən işləyəcəklər. Mən bilmirəm ki, yeni müqavilədə tərəflər hansı şərtləri irəli sürəcəklər və necə razılaşacaq. Amma yeni müqavilənin imzalanması üçün danışıqlar aparılacaq. Bəzən RLS məsələsini də siyasiləşdirirlər. Hesab edirəm ki, bu da doğru hal deyil. Əksinə, bu dəqiq iqtisadi məsələdir və Azərbaycan haqlı olaraq daha çox gəlir əldə etmək istəyir. Həmdə bu məsələlər həll edilə və yoluna qoyula bilər. Münasibətlər davam edir. Ancaq bəzən elə mövzular olur ki, burada tərəflər razılığa çətin gəlirlər. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqil dövlətdir və bütün ölkələrlə münasibətlər saxlayırıq, bəzən onlarla da hansısa anlaşılmazlıq və ya problemlər ortaya çıxır. Məsələn, Ukrayna ilə bağlı həll olunmayan məsələ ortaya çıxmışdı. Mən xüsusilə, hərbi texnika ilə bağlı problemdən bəhs edirəm. Ancaq bu o demək deyil ki, münasibətləri kəsmək lazımdır. Bu mənada hesab edirəm ki, münasibətlər daima normal olacaq və inkişaf edəcək. Bu gün Rusiyada çoxlu sayda azərbaycanlı, Azərbaycanda isə çoxlu sayda rus yaşayır. Fikrimcə, heç bir hakimiyyət münasibətlərin pozulmasında maraqlı ola bilməz. - Sizin Abbas Abbasovla hər hansı bir kontaktınız varmı? - Bəli, olub. - Nə zaman olub? - Biz bir neçə dəfə söhbət etmişik, mən ona mövqeyi ilə bağlı suallar vermişəm, yaratdıqları təşkilatla maraqlanmışam. Mən haradasa Abbas Abbasovu başa düşürəm. Rusiyada çoxlu sayda azərbaycanlılar yaşayırlar və onların çoxlu təşkilatları var. Bu təşkilatlar hər zaman dinamik olmurlar, lazım gələndə tədbirlər keçirib Azərbaycanı müdafiə etmirlər. Abbas Abbasov isə həm Azərbaycanda, həm də Rusiyada böyük nüfuza malikdir. O çalışır ki, təşkilatları birləşdirsin. Açığı, mən bilmirəm ki, bizim azərbaycanlılar orada niyə bir araya gəlmək istəmirlər. Mən ümid edirəm ki, Abbas Abbasov başladığı işin öhdəsindən gələcək. Mən onu yaxşı tanıyıram və bu adam heç vaxt oyunlarda olmayacaq. Onunla müzakirəm olub. Bu adam oyunlardan və siyasətdən çox uzaqdır. Hazırda o ancaq ictimai fəaliyyətlə məşğuldur. Hazırda biz xüsusi bir aksiya keçiririk. Məsələn, Novqoroddan bura təxminən 30 uşaq gələcək. Üstəlik burada körpələr evindən onlara təxminən 30-a yaxın uşaq qoşulacaq. Bu uşaqlar Rusiyada yaşayan və işləyən azərbaycanlıların hesabına Nabranda istirahət edəcəklər. Biz Nabranda dostluq lageri açacağıq. Məqsədimiz odur ki, uşaqlar bir-birini tanısınlar. Odur ki, mən hesab edirəm ki, Rusiyada azərbaycanlı təşkilatlar bir arada olmalıdır. Bu mənada Abbas Abbasovun həm maliyyə imkanları, həm də nüfuzu bu prosesi həyata keçirə bilər. Bu da Azərbaycana ancaq xeyr gətirər. - Abbas Abbasovun və Rüstəm İbrahimbəyovun Kremli tərəfindən ortaya atılması haqqında iddialar nə dərəcədə doğrudur? - Əvvəla, məncə, Abbas Abbasovla Rüstəm İbrahimbəyovu eyniləşdirmək olmaz. Abbas Abbasov prezidentə, elə mənə də bildirib ki, siyasətlə məşğul olmayacaq. Rüstəm İbrahimbəyovin isə başqa düşüncəsi var. Bu mənada onları müqayisə eləmək doğru olmazdı. Abbasov Abbasovun bir məqsədi var: Rusiyada olan Azərbaycan diasporasını birləşdirmək. Eləcədə o Azərbaycanda sabitliyin olmasını istəyir, azərbaycanlıların Rusiyada yaxşı və təhlükəsiz yaşaması üçün çalışır. - Rüstəm İbrahimbəyov haqqında nə deyə bilərsiniz? - Onun barəsində mən danışmaqda çətinlik çəkirəm. Çünki onunla təmasda olmamışam. Mən hesab edirəm ki, İbrahimbəyov bir qədər ayrı yol gedir. Ola bilsin ki, o hakimiyyətdən qəzəblidir. Mən bu adamla danışmamışam və bilmirəm məqsədi nədir. Hər halda onun siyasətlə məşğul olmasını doğru hal hesab eləmirəm. - Rüstəm İbrahimbəyov Kremlə nə dərəcədə yaxın şəxsdir? - İbrahimbəyov Kremlə yaxın adam deyil. Rüstəm İbrahimbəyovu təkcə Kremlidə deyil, Rusiyada arzu etməyən şəxslər var. Mən eşitdiyimə görə, Rusiya Kino Evinin kim tərəfindən idarə olunması məsələsində mübahisələr olub. Hətta onun Mixalkovla gərgin münasibətləri olub və mən bildiyim qədər indi də münasibətlər yaxşı deyil. Mixalkov isə Kremlə yaxın adamdır. Odur ki, İbrahimbəyovun Kremlə yaxın olması haqqında iddialar doğru deyil və əsassızdır. HÜSEYN ABBASOĞLU
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?