“Söz haqqı” Demokratiya Mərkəzi İctimai Birliyinin sədri İlham Həsənov təşkilatın məqsədləri barəsində “Gündəm Xəbər”in suallarını cavablandırıb
İlham bəy, təşkilatınızın əsas məqsədləri nədən ibarətdir? – Təşkilatımız əslində 2014-cü ildən bir qrup mütəxəssislər vasitəsilə yaradılıb. Təşkilatımızın əsas məqsədi Azərbaycanda insanların fikir və söz haqqı olmasına inamı yaratmaqla ölkədə demokratiyanın bərqərar olmasına yardım etməkdən ibarətdir. Çünki, demokratiyanın əsas məsələlərindən biri söz azadlığının olması bütün dünyada qəbul edilmişdir. Əslində isə biz bunu söz haqqı kimi dəyərləndiririk. Yəni, hər bir insanın söz haqqı var və bu haqqa görə o, istənilən ictimai, iqtisadi, sosial, mənəvi, maddi və s. taleyüklü məsələlərə münasibət bildirməkdə sərbəstdir. Artıq söz haqqından istifadə etməklə tənqid də ola bilər, tərif də ola bilər, loyal və ya radikal münasibət də ola bilər. Əsas odur ki, insanların söz haqqı tanınsın. İnsanlar söz deməsinə görə hər hansı qorxu, təlaş, təzyiq, təhdid altında olmasınlar. Bütün bu deyilənlərdən o nəticə çıxır ki, təşkilatımızın məqsədi ölkədə hamının bildiyi söz azadlığının tam mənada həyata keçməsinə nail olmağı planlaşdırırıq və bu yöndə fəaliyyət göstərmək istəyirik. İlham bəy, təşkilatınız hansı formada fəaliyyət göstərir, yəni statusunuz nədir? – Biz Qeyri-Hökumət Təşkilatı (QHT) yaratmışıq. Məqsəd heç bir siyasi prosesə qarışmadan qanunauyğun şəkildə öz məqsədlərimiz uğrunda mübarizə aparmaqdı. Təşkilatımızın rəsmi satatus alması üçün növbəti həftə bir daha Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsinə müraciət göndərəcəyik. Çünki, təşkilatın qeydiyyatı həm fəaliyyətimizi tənzimləyəcək, həm də bu qanunun bizə verdiyi haqqdır. Azərbaycanda minlərlə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatı var və biz də onların sırasına qoşulmaqla öz sözümüzü demək istəyirik. Bizim fəaliyyətimizdən isə həm gənclər, həm təqaüdçülər, həm haqqı tapdalananlar, bir sözlə bütün sosial qruplar faydalana bilərlər. Azərbaycanda bir çox QHT-lər qeydiyyata alınmamasından narahatçılıqlarını bildirirlər, bu problemlə qarşılaşacağınız təqdirdə nə edəcəksiniz? - Əslində qeydiyyata alınmaq bizim konstitusion hüququmuzdur. Qeydiyyata alınmaqla bağlı hər hansı çatışmazlığı aradan qaldırmaq isə Ədliyyə Nazirliyinə məxsusdur. Lakin biz görsək ki, bu süründürməçilik və ya qəsdən mane olmaqdır, o zaman qanuna uyğun olaraq məhkəməyə müraciət edəcəyik. Hesab edirəm ki, qanun və qaydalarla fəaliyyət göstərəcəyimizə görə bu cür problemlərlə qarşılaşmayacağıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?