Sərdar Cəlaloğlu: “Şeyxülislam heç bir iş görə bilmir, qaldı ki, oğlu ola...”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu gündəmdə olan məsələlərlə bağlı sualları cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
- Sərdar bəy, neçə vaxtdır Azərbaycanda deyildiniz. Hara getmişdiniz?
- Avropaya getmişdim. Bu il mənim 2 nəvəm məktəbə gedəcəkdi. Bilirsiniz ki, övladlarımdan bəziləri xaricdə yaşayır. Biri Norveçdə, biri də İngiltərədə. Mən və həyat yoldaşım nəvələrimin məktəbə getmə prosesində iştirak etmək üçün Avropaya getdik. Norveçdə, İngiltərədə olduq. Adətən uşaqlar birinci dəfə məktəbə gedəndə, atası, anası, babası bu prosesdə iştirak edir. Biz də gedib onların məktəbləri ilə tanış olduq, onları dərsə yola saldıq.
- Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası Qalib Salahzadə bu yaxınlarda açıqlamasında şeyxin varisinin adını açıqladı. Dedi ki, şeyxin varisi onun oğlu Məhəmməddir. Eyni zamanda qeyd edib ki, şeyxülislam bundan hələ 30 il sonra da hazırki postunda qala bilər. Ruhanilər idarəsi varislik prinsipi ilə idarə oluna bilərmi? [/b] - Əvvəla onu deyək ki, Qafqaz Müsəlmanları İdarəsi qeyri-dövlət təşkilatdır. Bu cür təşkilatlar Azərbaycan qanunları ilə tənzimlənir. İctimai təşkilatın varislik prinsipi ilə bir adamdan başqa birinə ötürülməsi düzgün deyil. İdarə seçkili orqandır, nizamnaməsi var. Bu baxımdan şeyxin səlahiyyətlərinin oğluna ötürülməsi faktiki olaraq yanlışdır, bu, bütün məsələlərin bir ailənin əlində cəmləşməsi deməkdir. Baxın, nazirlər də öz övladlarını yerlərinə hazırlayırlar. Şeyxin bu addımı Qurani-Kərimə ziddir. İkincisi, şeyxülislam Allahşükür Paşazadə özü Azərbaycanda vicdan azadlığının qorunması ilə bağlı heç bir rola malik deyil. Şeyxülislam bu sahədə heç bir iş görə bilmir, qaldı ki, oğlu ola... Üçüncüsü, Azərbaycan müsəlmanlarının hamısı Allahşükür Paşazadəni şeyx, dini rəhbər kimi qəbul etmir. O, bir qrup adamın qəbul etdiyi şəxsdir. Bu da Azərbaycan əhalisinin çox cüzi bir hissəsini təşkil edir. Sadəcə olaraq, Qafqaz Müsəlmanları İdarəsi özünü Azərbaycanın dini nazirliyi kimi aparır. Bu, yanlışdır. Qafqaz müsəlmanlarının hamısının şeyxülislam Allahşükür Paşazadəyə tabe olması kimi bir öhdəliyi yoxdur, bu, islam dininin prinsiplərinə də ziddir.
[b]- Müxalifətin, o cümlədən sizin partiyanızın fəaliyyətində durğunluq, passivlik var. Bu nə ilə əlaqədardır?
- Bəli, düz deyirsiniz, Azərbaycanda müxalifət çox passivdir. Müxalifətin passivliyi bütövlükdə Azərbaycanda yaranan siyasi mühitlə bağlıdır. Müxalifət buna görə də bir araya gəlmir, lazım olan aktivliyi nümayiş etdirmir.
- Son günlər ölkə gündəmini zəbt edən mövzulardan biri də Yazıçılar Birliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında yaranmış qalmaqaldır. Bilirsiniz ki, Bakı Şəhər İcra Hakimiyyəti Yazıçılar Birliyinin icarəyə verdiyi obyekti - “26” kafesini bağlamağa nail oldu, oranın əmlakı müsadirə edildi. Sizcə ada görə bu qədər rezonans yaratmaq nəyə və kimə lazım idi?
- Bakı Şəhər İcra Hakimiyyəti nəhəng problemləri görmür. Bu problemlərin içərisindəki cüzi bir məsələni tapıb deyir. Azərbaycan qanunvericiliyinə görə, reklamlar, müəssisələrin adları hamısı Azərbaycan dilində olmalıdır. Baxın görün Azərbaycanda nələr var: “Mafia” adında kafe ya da klub, “Kral”, “İmperator” adında şadlıq sarayları var. Biz necə cəmiyyətdə yaşayırıq ki, orta əsərlərin anlayışları bu gün Bakı şəhərində reklamları bəzəyir?! O cümlədən də bütün reklamlar ingilis dilindədir. O qapadılan kafenin də adı ingiliscə “Twenty six”dir. Bakı Şəhər İcra Hakimiyyəti başqa işlərlə məşğul olmalıdır. Nəyə görə, Bakıda Azərbaycan dilində reklamlar azdır? Niyə müəssisələrin adları xarici tarixi adlarla qeydiyyatdan keçir? Azərbaycan tarixində çox görkəmli şəxsiyyətlər olub. Niyə onların adları qoyulmur? Niyə Bakının mərkəzində “Şah İsmayıl”, “Nadir Şah” adlı şadlıq sarayları deyil, Avropa tarixi ilə bağlı adlar qoyulur. Götürüb Şekspirin qəhrəmanlarının adlarını, orta əsr Avropa tarixi şəxslərinin adlarını müəssisələrə qoyurlar. Xarici gələndə, Azərbaycan xalqı, dövləti haqqında nə düşünəcək?
- Hacıbala Abutalıbovun “26” kafesinin bağlanmasında və əmlakının müasidirə olunmasında şəxsən iştirakı nə ilə bağlı ola bilərdi? Bir də, bundan əvvəl verdiyimiz suala da tam cavab ala bilmədik.
- Hacıbala Abutalıbovun orada iştirakı sadəcə demaqoqluq idi. Bu dava “26” adı ilə bağlı deyil. Hacıbala Abutalıbov o qədər patriot, dövlətçi deyil ki, “26” adı onu qıcıqlandırsın. Bakı meriyasından 20 metr aralıda, Elmlər Akademiyasının Rəyasət Heyətinin binasının üzərində SSRİ-nin gerbi durur. Hacıbala Abutalıbov bu qədər diqqətli və vətənpərvərdirsə, birinci gedib o gerbi söksün. Bundan başqa da digər dövlət müəssisələrinin üzərində də sovetdən, çar dövründən qalma nişanlar var. Bunlar təmizlənməlidir. Hacıbala Abutalıbov gözünü qabağındakı o gerblərlə bağlı tədbir görmürsə, aydın olur ki, o kafe ilə bağlı da məsələ heç də “26” adına görə deyil. Sadəcə o yerdə cənab Abutalıbovun gözü var, hücum edib oranı dağıdıb. Azərbaycanda qanunlara görə, mülkiyyət toxunulmazdır. Heç kim heç kimin mülkiyyətinə toxuna bilməz. İstəyir lap ora erməni “Andranik”, “Şaumyan” adları qoyulsun, bu, yenə də düzgün deyil. Ada görə, camaatın mülkünü ələ keçirməyə, onun iqtisadi fəaliyyətinə qadağa qoymağa ixtiyarı yoxdur. Sahibkarların fəaliyyəti qanunla tənzimlənir, onların mülkiyyəti Konstitusiya ilə qorunur. Bəs Hacıbala Abutalıbov, sən kimsən ki, məhkəmənin qərarı olmadan xalqın mülkiyyətini dağıdırsan, fəaliyyətinə qadağa qoyursan?! Bakı Şəhər İcra Hakimiyyətinin məgər belə səlahiyyəti var?! Kafenin adına gəlincə, əgər oranı işlədən həqiqətən də “26” adını 26 Bakı komissarının şərəfinə qoyubsa, onlar da mənəviyyatsız adamlardır. Bir daha vurğulayıram. Əgər həqiqətən də belədirsə. Azərbaycan xalqının düşmənlərinin adlarını əbədiləşdirənlər bizim düşmənlərdir. Bunlar məsələnin mənəvi tərəfləridir. Amma biznes, iqtisadi və biznes tərəfdən yanaşanda, deyə bilərik ki, mülkiyyət toxunulmazlığı dövlət tərəfindən mühafizə olunur. Ad məsələdirsə, o zaman Hacıbala Abutalıbov hücum etsin “Kral Lir”, “Monte Karlo”, “Mafia” klubunu da dağıtsın da! Bu gün Fəxri Xiyabanda Azərbaycanın düşmənləri olmuş bəzi kommunistlərin qəbirləri var. Hacıbala Abutalıbov istiqlal davası aparırsa, getsin, Fəxri Xiyabandakı Azərbaycan xalqının düşmənlərinin qəbrini söksün!/muxalifet.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?