Füzuli Tanirverdiyevin məsuliyyətə cəlb edilməsi ilə bağlı hələ rəsmi qurumlardan heç bir cavab almamışıq.
Bu sözləri açıqlamasında millət vəkili Vahid Əhmədov sosial şəbəkələrdə İraq Kürd Muxtariyyətinin “müstəqilliyinə” dəstək verən Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyevlə bağlı danışarkən deyib.
“Bu məmur Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən mövqe sərgiləyib. Ona görə də o, birmənalı şəkildə cəzalanadırılmalıdır. Bildiyiniz kimi, bir müddət öncə həmkarlarımla birlikdə məsələ ilə bağlı rəsmi qurumlara müraciətimizi ünvanlamışıq. Gözləyirik, hələ müraciətimizə cavab verilməyib”, - V.Əhmədov bildirib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev də həmkarının fikirlərinə qatılaraq, bu məsələdə onu dəstəkləyib: “Həmin şəxs açıq şəkildə İraq Kürd Muxtariyyətində keçirilən “müstəqillik” referendumuna dəstək nümayiş etdirib. Bu kimi hərəkətlər ölkəmizin siyasi mövqeyinə bə beynəlxalq hüquq normalarına ziddir. Azərbaycanın rəsmi mövqeyinə qarşı çıxan adam necə rəsmi görəv daşıya bilər? Biz qəti şəkildə bunu pisləyirik və zəruri tədbirlərin görüləcəyinə də ümid edirik”.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, xocalılı millət vəkili Elman Məmmədov da bir daha Laçın Rayon İcra Hakimiyyətini Azərbaycan dövlətçiliynə ziyan vuran Füzuli Tanirverdiyevlə bağlı tədbir görməyə çağırıb:
“Ümumiyyətlə, bir millət vəkili olaraq separtizmə dəstək verənlərin, ona şərait yaradanların və bu təhlükəyə laqeyd olanların hamısına qarşıyam. Bu qəbulolunmazdır. 30 ilə yaxındır ki, Azərbaycan separtizmdən əziyyət çəkir. Ona görə də də Azərbaycanda dövlət məmuru bu cür mövqedə ola bilməz”.
Qeyd edək ki, Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyev özünün Feysbuk səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib.
Azərbaycan rəsmi olaraq İraqın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib və dünyada baş verən bütün separatizmlərə qarşı olduğunu bildirib. Dövlətin bu siyasi mövqeyindən sonra bir məmurun separatizmə açıq dəstəyi cəmiyyətdə narahatlıq yaradıb.
Baş Prokurorluq olayı nəzarətə götürdüyünü və araşdırma aparıldığını, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli isə sözügedən məmurla bağlı ölçü götürüləcəyini bildirsə də, aradan bir ay ötməsinə baxmayaraq, nə Baş Prokurorluğun araşdırması başa çatıb, nə də Laçın RİH hər hansı ölçü götürüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?