Vidadi Mirkamal: “Vahid namizəd olmaq istəyən şəxs həyatını riskə qoymalı, kəfən geyməlidir”
Müxalifət cəbhəsində yaşanan proseslərlə bağlı suallarımıza İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Milli Şuranın təsisçilərindən biri, ədliyyə generalı Vidadi Mirkamal cavab verib.
- Vidadi müəllim, Milli Şuranın iclaslarında iştirak edirsinizmi?
- Mən yalnız Milli Şuranın təsis sessiyasında iştirak etmişəm. Onların iclası daha çox üçlər formatında aparılır. Adətən İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov müzakirələr təşkil edir. Başqa sözlə, təkcə mənim deyil, Milli Şuranın yüzlərlə üzvünün bu iclaslara qatılmaq imkanı yoxdur.
- İki gün əvvəl adını çəkdiyiniz şəxslər görüşüb. Onların apardığı müzakirələrdən xəbəriniz varmı?
- Məndə olan informasiyaya görə, toplantıda Milli Şuranın komitə və komissiyalarının yaradılması ilə bağlı müzakirələr olub. Yəqin ki, qarşıdan gələn sessiyada komitə və komissiyaların yaradılması məsələsi müzakirə edildikdən sonra bu məsələlər yoluna qoyulacaq.
- Nəyə görə əsasən üç siyasətçi görüşüb müzakirə aparır, amma yüzlərlə insan bu prosesdən kənarda saxlanılır?
- Bilirsinizmi, sessiya başqadır, bu görüş başqa. Nəzərə alın ki, hələlik Milli Şura təsis edilib və bununla bağlı yalnız bircə dəfə toplantı təşkil olunub. Milli Şuranın 128 üzvü bəllidir, amma bu üzvlər müxtəlif komissiya və komitələrdə təmsil olunmalıdır. Odur ki, bu təmsilçiliyə qədər vəziyyət belə olacaq. Şəxsən mən güman edirəm ki, bu həftənin sonunda toplanacaq sessiyada vəziyyət düzəlməyə doğru gedəcək.
- Milli Şuranın idarəçilik strukturu hansı formatda qurulacaq?
- Sizə deyim ki, İctimai Palatanın Azərbaycana verdiyi töhvələrdən biri də o odur ki, həm siyasi partiyalar, həm də ictimaiyyət nümayəndələri və siyasi baxımdan fəal olmayan insanlar bu qurumda bir araya gəldi. Həmin qurumun bütün strukturları isə demokratik formada olub. Yəni İctimai Palatanın Koordinasiya Şurası olub, burada da hər bir şəxs bir ay müddətində dönəm sədri vəzifəsini icra edib. İkinci növbədə İctimai Palatada çoxlu sayda komitə və komissiyalar fəaliyyət göstərib. Mən güman edirəm ki,Milli Şurada Regional Təşkilatlanma Komitəsi, İqtisadiyyat Komitəsi və digər komissiyalar olmayacaq. Fikrimcə, İctimai Palatanın bu komitələri həm də Milli Şuranın komitələri kimi fəaliyyət göstərəcək.
- Demək İctimai Palatanı bundan sonra Milli Şura əvəz edəcək...
- Bunu demək olmaz. Çünki Milli Şura yeni yaradılıb, onun tərkibində yeni qüvvələr təmsil olunur. İctimai Palata isə iki ildən çoxdur ki, fəaliyyət göstərir və tərkibində 65 rayon şöbəsi, 40-dan çox vicdan məhbusu olan qurumdur. Başqa sözlə İctimai Palata işlək bir mexanizmdir. Milli Şura İctimai Palatanı əvəz etmir, sadəcə olaraq İctimai Palatanın buraxılmasına dair təkliflər var idi, amma bu əsaslı olmadı. Həm də İctimai Palata Milli Şuraya ancaq kömək edə bilər. İctimai Palatanın yerlərdə strutukturları var. Milli Şuranın isə bundan sonra yerlərdə strukturları yaradılmalıdır. Qısa müddəy ərzində bunu yaratmaq mümkün deyil. Bu mənada İctimai Palatanın yerli strukturları Milli Şura üçün önəmli rol oynaya bilər. Sadəcə olaraq Milli Şuranın tərkibinə daxil olan yeni qüvvələrin rayon şöbələri İctimai Palatanın regional şöbələrinə daxil ola və beləliklə strukturlar genişlənə bilər.
- İctimai Palatada əsas problemlərdən biri də vahid namizəd məsələsi idi. Həm İsa Qəmbər, həm də Əli Kərimli prezidentliyə namizədliyə iddialı idilər. Sadəcə olaraq Əli Kərimli hələlik namizədliyin elan olunmamasını, İsa Qəmbər isə elan olunmasının vacibliyini qeyd edirdi. Amma Milli Şurada vəziyyət fərqlidir və AXCP ilə Müsavat İbrahimbəyovun vahid namizədliyinə etiraz etmirlər...
- Siz AXCP sədri və Müsavat başqanı haqqında sanki prezidentliyə namizədliyə iddialı sözünü keçmiş zaman formasında işlətdiniz. Qeyd edim ki, həm İsa Qəmbər, həm də Əli Kərimli bu gün də namizədliyə iddialıdırlar. Sadəcə olaraq Milli Şura yeni formatdır. Əslinə qalsa Milli Şura ideyası siyasətdə yeni sima olan Rüstəm İbrahimbəyov tərəfindən irəli sürülüb və onun şəxsiyyəti ətrafında qurulan konstruksiyadır. Həm də burada söhbət keçici namizəddən gedir. Milli Şuranın vahid namizədi keçici namizəd olacaq və onun səlahiyyət müddəti iki il müddətində olacaq. Bu şəxs Azərbaycanın başına bəlalar gətirən prezidentlik üsul idarəsini qanunlar əsasənda tədricən parlament üsul idarəsinə keçirəcək, demokratik seçkiləri hazırlayacaq. Əslinə qalsa keçid dövrü üçün böyük işləri həyata keçirmək üçün qara fəhlə lazımdır. Bu mənada Milli Şuranın namizədi xeyli işləməli və ölkəni demokratik seçkilərə daşımalıdır. İndi görünən budur ki, Milli Şuranıb bu namizədi Rüstəm İbrahimbəyov ola bilər. Amma İbrahimbəyovla bağlı da problemlər var. Çünki hörmətli İbrahimbəyov Azərbaycana gəlməli, buradakı siysi qüvvələrlə oturub müzakirələr aparmalıdır. Əlbəttə ki, hakimiyyət çalışacaq ki, İbrahimbəyovun Azərbaycana gəlişinə mane olsun. Güman edirəm ki, Əli Kərimli və yaxud İsa Qəmbər kimi dəstəkləsə vahid namizəd də həmin şəxs olacaq. Yeri gəlmişkən qeyd edim ki, İctimai Palatanın son sessiyasında AXCP sədri bəyan etdi ki, əgər İsa Qəmbər keçid dövrü üçün vahid namizəd olmaqda iddialıdırsa və Milli Şurada onu digər qüvvələr dəstəkləyəcəksə, bu halda AXCP-də onu dəstəkləyə bilər.
- Amma bir şərtlə ki, İsa Qəmbər sonra heç kimi aldatmasın və iki ildən sonra demokratik seçki təşkil etsin, özü isə namizədliyini irəli sürməsin...
- Əslində bu çox gözəl ideyadır. Hesab edirəm ki, iki il müddətində prezident hakimiyyətinin səlahiyyətləri zəiflədiləcəksə, qanunverici və məhkəmə hakimiyyəti güclənəcəksə, bu zaman iki ildən sonra prezident xüsusi geniş səlahiyyətlərə malik olmayacaq. Bu mənada hesab edirəm ki, istənilən praqmatik siyasi lider keçid dövründə bu işləri həyata keçirməyi qəbul edə bilər. Çünki bu iki il müddətində həmin praqmatik lider demokratik təsisatları yaratmalıdır, ölkə tarixində demokratik və azad seçkilər keçirməlidir, prezidentlik hakimiyyətinin səlahiyyətlərinin bir qismini Milli Məclisə və məhkəmə hakimiyyətinə verməlidir və s. Həm də iki ildən sonra həmin lider parlament seçkilərini udaraq baş nazir vəzifəsini əldə edə bilər.
- Rüstəm İbrahimbəyovun Azərbaycana qayıdıb gəlməsində doğurdanmı ciddi maneələr var, yoxsa bu siyasi texnologiyadır...
- Rüstəm İbrahimbəyov kifayət qədər təcrübəli və həmdə ciddi adamdır. Əgər onun özü etiraf edirsə ki, həbs edilmə və ya öldürülməyi ilə bağlı problem var, deməli hansısa informasiyaya malikdir. Həmdə biz bu iqtidarın son 20 ildə göstərdiyi fəaliyyəti göz önünə gətirsək görərik ki, belə şeylər təşkil oluna bilər. Yəni İbrahimbəyovun bu bəyanatının ciddi və əsaslı olduğunu düşünürəm. Amma buna baxmayaraq onu da, deyim ki, müxalifətin lideri olmağa iddialı şəxs bütün bunlara hazır olmalıdır.
- Öz həyatını təhlükəyə atmaqdan qorxan lider Azərbaycanda çətin və ağrılı olacaq keçid dövrünü necə həyata keçirə bilər?
- Mən sizə başqa bir söz deyim. Mən düşünürəm ki, Azərbaycanda müxalifət də, hakimiyyətdə müəyyən mənada rolunu oynayıb. Azərbaycanda kifayət qədər narazı elektorat, habelə xalqa qarşı olan iqtidar var. Azərbaycanda hətta xalqla işləməyi bacaran müxalifətdə var, sadəcə olaraq bir şey çatmır.
- Nə çatmır?
- Azərbaycanın Nelson Mondelası yoxdur. Məhz buna görə də proseslər uzanır, insanlarda inamsızlıq yaranır. Azərbaycanda Nelson Mandela kimi kəfən geyinən, gələcəyə köklənən, mübarizə apara biləcək şəxsiyyət olsa, bu millət onun arxasınca gedəcək. Bu dəqiqdir.
- Amma belə bir şəxs yoxdur...
-Mən hələki belə bir şəxsi görmürəm. Kəfəni əyninə keçirən mübarizə və fədakar lider yoxdur.
- Siyasətdə şəxsiyyət amilinin ciddi rol olduğunu nəzərə alsaq və bu gün müxalifət düşərgəsində xarizmatik liderin olmadığını qeyd etsək, bu zaman ölkəni nə gözləyir....
- Son 20 il ərzndə ortaya çıxan iki lider var. Bunlar AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər. Ortada olan şəxslər bunlardır. Amma bu fədakarlıq və mübarizə kifayət etmir ki, onlar Azərbaycanda vahid lider kimi qalsınlar. Görünür vahid lider olmaq üçün özünü qurban vermək lazımdır və buna Azərbaycanın böyük ehtiyacı var.
- Rüstəm müəllim, Bakıya gəlib çıxmadan vahid namizəd ola bilərmi?
- Vahid namizəd yalnız Bakıda olan, bütün siyasi qüvvələri öz ətrafında birləşdirməyi bacaran lider ola bilər. Azərbaycandan kənarda oturmaqla yalnız bu prosesə kömək etmək olar. Rüstəm müəllim Bakıya gəlməyəcəyi təqdirdə onun liderlik mövqeyi artıq proseslərə köməkçi olan mövqeyə çevriləcək.
- Rüstəm İbraimbəyov gəlməsə vahid namizəd kimi başqa iddialı şəxslərdən kimlər irəli sürülə bilər?
- Əvvəla Rüstəm İbrahimbəyovun özünün də namizədi var və bu haqda mətbuata danışıb. İkincisi də, mətbuatda bəzi şəxslərin adı da vahid namizəd kimi hallanır. Həmdə elə adamların adı hallanır ki, onlar müxalifət və cəmiyyət üçün qəbul edilməyən şəxslərdir.
- Kimi nəzərdə tutursunuz?
- Abbas Abbasovun adı vahid namizəd kimi hallandırılır. Amma bu qəbul edilməzdir. İkincisi, Eldar Namazovun adı çəkilir. Fikrimcə, indiki situasiyada Namazovun namizədliyi qəbul edilən deyil.
- Mətbuat Lalə Şövkətin də adını Milli Şuranın potensial vahid namizədi qismində hallandırır...
- Lalə Şövkət neçə illərdir ki, siyasətdən kənardadır, Azərbaycanın rayonlarında oturuşmuş təşkilatları yoxdur. Bu mənada hər bir halda vahid namizədliyə iddialı olan şəxs müxalifət cəbhəsində olan liderlərin və qrupların razılığını almalıdır. Daha doğrusu İbrahimbəyovdan kənarda vahid namizədin müəyyən olunmasında AXCP və Müsavat Partiyasının razılığı olmalıdır. Əks təqdirdə vahid namizəd baş tutmaya bilər. Odur ki,Əli Kərimli İctimai Palatanın sessiyasında bəyan etdi ki, əgər İsa Qəmbər keçid dövrü üçün prezidentliyə vahid namizəd olmaq istəsə onu dəstəkləyə bilər. Güman edirəm ki, İbrahimbəyovun vahid namizədliyi baş tutmasa İsa Qəmbərin vahid namizəd olması məsələsi rol oynaya bilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?