"Hər bir millətin özünəməxsus milli xüsusiyyətləri, milli geyimləri var. Əgər "Made in Azerbaijan” brendindən danışırıqsa, milli xüsusiyyətlər bu brend altında istehsal olunan məhsullarda əks olunmalıdır. Amma nədənsə "Azərsun” şirkətinin istehsal etdiyi "Azərçay”ın üzərində Azərbaycan yox, Türkiyə milli geyimləri nəzərə çarır”.
"Azərçay”la bağlı bu iradı ötən gün "Made in Azerbaijan" brendinə həsr edilən "Marketinq 2017” Sammitində "La Cravatte Italiana” şirkətinin icraçı direktoru Yavər Məmmədov səsləndirib.
O bildirib ki, "Made in Azerbaijan”la bağlı mədəniyyətlərarası inteqrasiya, hədəf kütlənin doğru seçilməsində, istehsal edilən məhsullarla doğru mesajların verilməsindən danışılır. Amma Azərbaycan istehsalı olan çaylar xarici bazara üzərində digər ölkəyə aid milli geyimlərlə təqdim edilir: "Düzdür, bizim dilimiz, dinimiz birdir. Türk iş adamları Azərbaycana kifayət qədər investisiya yatırır. Elə "Azərsun Holdinq” də milli brendlərin tanıdılmasında rol oynayır. Amma hesab edirəm ki, yerli məhsullarımızın bu şəkildə xarici bazara çıxarılması doğru deyil”.
Sammitin təşkilat komitəsi və "Azpromo” şirkətinin rəhbərliyi Y.Məmmədovun səsləndirdiyi iradla bağlı "Azersun Holdinq”ə müraciət ediləcəyini bildirib.
Sorğu
Yeni dizaynımız necədir?