Fərda Əsədov: “Türkiyə qəti mövqeyi ilə böyük oyunçu olduğunu isbat etməyə çalışır”
Ərəbşünas alim Fərda Əsədovla Yaxın Şərqdə baş verən prosesləri qiymətləndirib. Əsasən Suriyada ABŞ-Türkiyə münasibətləri, İrana qarşı hərəkətlər, Rusiyanın son addımları və mövzularda “Gündəm Xəbər”in suallarına cavab verib.
-Rəsmi Moskva elan edir edir ki, Suriyada İŞİD məhv edilib və terrorizmə ölümcül zərbə vurulub. ABŞ isə qeyd edir ki, Suriyada terrorizmə qarşı mübarizə olduğu kimi davam edəcək. Bu iki super dövlətin Suriyada real duruma fərqli münasibəti nədən qaynaqlanır?
- İlk öncə deyim ki, Rusiya tərəfindən belə bir mövqe sərgilənib, hətta Suriyadakı hərbçilərinin müəyyən hissəsinin geri döndüyü qeyd edilib. Ancaq bu, heç bir halda o demək deyil ki, Rusiya Suriyadam tam əlini çəkir və hesab edir ki, səhnədə qalan qüvvələr indiyə qədər onun apardığı rolu bundan sonra ifadə etməyə hazırdırlar. Və bunun üçün kifayət qədər təcrübə yığıblar, güc sahibidirlər. Söhbət sözsüz ki, Rusiya ilə yaxınlıq edən Suriyadakı siyasi qüvvələrdən, ilk növbədə Bəşər Əsəd rejimindən gedir. Digər tərəfdən düşünmək olar ki, ruslar kifayət qədər maliyyə, güc və enerji tələb edən işlərdən uzaqlaşmaq meylli göstərirlər. Eləcədə amerikalılardan və ya başqa qüvvələrdən ümumi razılığa gəlmək üçün addım atırlar. Xüsusilə nəzərə alsaq ki, qarşıda Rusiyada prezident seçkiləri gəlir, bu seçkilərin nəticələri Rusiyanın qərblə münasibətlərinə təsir edəcək məsələ olacaq. Bu məqamlar ola bilsin ki, rusları yuxarıda qeyd etdiyim addımları atmağa vadar edir. Eyni zamanda biz gördük ki, sanki İranın da üzərinə müəyyən qədər məsuliyyət düşür. Suriya prosesində Rusiya və İran birlikdə Bəşər Əsəd rejiminə dəstək verərək onu hakimiyyətdə saxlamağa nail oldular. İndi isə gördüyünüz kimi Rusiya mesajlar göndərir və səhnədə tam əvvəlki səviyyədə təmsil olunan İran qalır. Bu da İran daxilində iqtisadiyyatdan qaynaqlanan bəzi narazılıqlara səbəb oldu. Fikrimcə, bunların hamısı Rusiyanın daha ehtiyatlı siyasət aparmaq və eyni zamanda öz mövqelərindən geri çəkilməməsindən xəbər verir. İndi görək rusların bu addımları Suriya daxil olmaqla dünyanın digər qaynaq nöqtələrində yeni razılaşmalar, kompramistlərin tapılması üçün nə dərəcədə əsaslı olacaq.
- İndiki məqamda Türkiyə baxımından Suriyada kritik proseslər yaşanır. Ankara məcburiyyət qarşısında Afrin əməliyyatına start verib və bu sözsüz ki, Vaşinqtonla münasibətlərin pozulması fonunda baş verir. Bu prosesin sonunu necə görürsünüz?
- Görünən odur ki, Türkiyə tədricən Yaxın Şərq səhnəsində ön plana çəkilən siyasi qüvvəyə, habelə bəzi qüvvələri təmsil etmək roluna gəlib çıxır. Şübhəsiz ki, Türkiyə böyük siyasi qüvvələr arasında coğrafi baxımdan Suriyaya ən yaxın olan və daxili siyasətinə bilavasitə aidiyyəti olan məsələlərlə üzləşir. Bu baxımdan Türkiyə daha çox qətiyyət göstərən və eyni zamanda özünün həyati üçün vacib olan məsələləri həll etməyə çalışır. Qeyd edim ki, Amerika ilə münasibətlərdə Türkiyənin hər zaman qətiyyətli mövqedə olması, bununla paralel olaraq böyük oyunçu olması münasibətlərin ikitərəfli maraqlara söykənmiş qaydada qurulmasına əsas verir. Görünür bundan sonra Amerikanın da münasibətləri bu səviyyəyə qaldırmaq ehtiyacı var. Eləcədə Türkiyənin Amerika siyasətinə təsir etmək ehtiyacı da var. İndi biz görürük ki, Türkiyə-Amerika münasibətlərində xeyli anlaşılmazlıqlar var. Bu anlaşılmazlıqlar əslində böyük problemlərlə müqayisədə Ankara-Vaşinqton münasibətlərinə daha az təsiri olmalıdır. Lakin bu baş vermir. Beləliklə də Türkiyə qəti mövqe nümayiş etdirməklə özünün böyük oyunçu olduğunu isbat etməyə çalışır.
- ABŞ-ın Suriyada yenidən 30 minlik heyəti olan hərbi birləşmə yaratması və bu birləşmənin tərkibinin 70 faizinin etnik kürdlərdən ibarət olması hansı zərurətdən doğur?
- Bu yəqin ki, Trampın praktik, qətiyyətli siyasət aparmasına uyğun addımdır. Bilirsinizmi, başqa qüvvələr arasında kifayət qədər qarşılıqlı anlaşma yoxdur. Yəni Avropa- Rusiya, Türkiyə-Avropa, İran münasibətləri, nüvə məsələsi kimi məqamlarla bağlı qarşılıqlı anlaşma olmadığı halda qəti və sərt addımlar atmaqla Tramp yeni vəziyyət yaradır. Üstəlik hərbi baxımdan mütəşəkkil qüvvə olmaqla hadisələri öz arxasınca aparmağa təşəbbüs göstərir. Yəni liderlik göstərmək üçün iddialarını ortaya qoyur. Amma bunun nə dərəcədə real qüvvələr tarazlığına söykənməsi sual altındadır. Digər tərəfdən, bu, ABŞ-ın özündə də çox sual doğuran məsələyə çevrilir. ABŞ-da ekspert icması bütün bunları səhv addım, tələsgən qərar kimi qiymətləndirir. Mən düşünürəm ki, bir çox oyunçular məsələyə çox ehtiyatla yanaşacaq. Hesab edirəm ki, bu hələ tam qərarlaşmış bir məsələ də deyil. Başqa qüvvə və oyunçular ABŞ-ın İraqdakı kampaniyasında olduğu kimi bu addımına dəstək verəcək, ya yox, bunlar hələ anlaşılmaz məsələlərdir.
- Vaşinqton Suriyada açıq formada faktiki olaraq Türkiyənin maraqlarına zərbələr endirir, terrorçulardan ibarət dəstələr formalaşdıraraq Türkiyə ilə sərhəd boyu yerləşdirməyə çalışır, bu dəstələrə amerikalı mütəxəssislər təlim keçir və s. Bu mənada Suriyada ABŞ-Türkiyə qarşıdurmasını gözləyirsinizmi?
- Mən düşünmürəm ki, Suriyada ABŞ-Türkiyə qarşıdurması baş versin. İndi orada elə vəziyyət yaranıb ki, hər kəs gücünü göstərir və yeni anlaşma formaları axtarır. Ola bilsin ki, ikitərəfli münasibətlər də nələrsə dəyişməlidir. Amma qarşıdurmaya çevriləcək nələrinsə gözlənilməsi çətindir. Türkiyə ordusu güclü ordudur. Digər tərəfdən inanmıram ki, bu qarşıdurmaya rəvac verən beynəlxalq dəstək olsun. Həm də Ərdoğan özünü təcrübəli, qətiyyətli və gözlənilməz addımlar atan, eyni zamanda dəyişən vəziyyətə uyğun olaraq öz mövqeyini dəyişən çevik siyasətçi kimi göstərib. O təcrübəli siyasətçi olaraq təhlükələrin hamısını nəzərə alaraq tələsik addımlar atmayacaq.
- İndi Yaxın Şərqdə gərgin vəziyyət olsa da, önə daha çox İran məsələsi çıxır, sanki bu ölkəyə qarşı ABŞ və müttəfiqləri tərəfindən ekspansiya olacaq. Sizin İran məsələsindən hansı gözləntiləriniz var?
- İran daxilində böyük qarşıdurma gözə dəyməsə də, siyasi elita içərisində fikir ayrılığı çoxdur. İslahatçı qüvvələr deyilən və prezidentin timsalında özünü göstərən qvvələr əslində real siyasi mühiti formalaşdırmaq üçün məhdudiyyətlərlə rastlaşır. Digər tərəfdən, İranda ictimai fəallıq, institutlar var. Ona görə də, burada ola bilsin ki, daxili siyasi anlaşılmazlığın təzahürü olan etirazlar kəskinləşsin. Əlbəttə, bunda maraqlı olan xarici qüvvələr də var. Son hadisələr göstərdi ki, bunda maraqlı olan xarici qüvvələr arasında ABŞ və İsrail birinci oldu. Onu da qeyd edim ki, İranda islahatlara tələb olduğu və müəyyən qədər siyasi iradənin də olduğu halda qərblə oyuna girib daxili çaxnaşma yaratmaq mümkünlüyü gözə dəymir. Mən İranşünas olmasam da, düşünürəm ki, şərh verən bəzi mütəxəssislər deyirdilər ki, bu prosesdə dünyəviliyə, qərbləşməyə meyl aksiyalarda gözə çarpır. Mən buna ciddi üstünlük vermirəm. Biz dəfələrlə görmüşük ki, qərbdən İrana basqılar olanda, İran cəmiyyəti mütəşəggil olur və bu təpkilərin qarşısını ala bilir. Mən düşünürəm ki, bu məsələdə də belə addım atan siyasi qüvvələr yəqin ki, yeni avanturanın əsasını qoymuş olarlar.
- Trampın Qüdslə bağlı qərarını Avropa Birliyi, Rusiya, Türkiyə və digər siyasi güclər müdafiə etmədi. BMT-də belə Amerika təkləndi. Sizcə, Trampın məlum qərarının ləğvi və ya dondurulması nə qədər realdır?
- İş ondadır ki, BMT Təhlükəsizlik Şurasında qərar yekdil olmalıdır. Ancaq qərarın yekdil olması üçün bəzən hər şey bir ölkədən asılı olur. Belə baxanda mexanizm çox zəifdir. Ancaq mən onu deyə bilərəm ki, ABŞ növbəti dəfə beynəlxalq icma ilə izolyasiya və ya qarşıdurma vəziyyətində qalsa, inanmıram ki, bu, onun üçün yaxşı variant olacaq. Bu halda Trampa həm xaricdən, həm də daxildən təsir edənlər olacaq. BMT Təhlükəsizlik Şurasında ABŞ mövqeyinin təklənməsi yaxşı əlamət olmayacaq. Bu, ABŞ siyasətində Trampa qarşı tənqidlərin artmasını şərtləndirə bilər.
- Yəni Trampın impiçmenti haqda iddialar bir qədər də reallğa yaxınlaşar?
- Biz hər zaman bu məsələnin üzərinə gəlirik. Bu məsələ Trampın üzərində Demokıl qılıncı kimi qalır və ona təsir etmək məqsədi daşıyır. Biz əvvəllər qeyd edirdik ki, ABŞ elitasının ekspert icmasının mövqeyi ilə Trampın səriştəsiz, amma son dərəcə qətiyyətli biznes yaxınlaşması arxasında ziddiyyətli dinamika var. Bu dinamika ya son nəticədə optimal siyasətin formalaşmasına gətirəcək, ya da məsələ kəskinləşəcək. Ancaq bütün hallarda bu, ABŞ-ın siyasi mədəniyyətinin və siyasi sisteminin dinamikasının təkmilləşdirilməsi prosesidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?