Deputat Qüdrət Həsənquliyev bu gün Milli Məclisin iclasında AXCP-nin martın 10-na təyin edilmiş mitinqini sanksiyalaşdırdığına görə Bakı şəhər İcra Hakimiyyətini qınayıb.
Həsənquliyev bu mitinqin seçki qanunvericiliyinə zidd olduğunu deyib. Çünki seçkiqabağı təbliğat-təşviqat kampaniyası rəsmən martın 19-dan başlayır.
“Qanunun aliliyini istəyən qrup qanunun tələblərini pozmamalıdır. Kimsə düşünməsin ki, mən bundan narahatam. Sadəcə olaraq qanunların aliliyinin tərəfdarı kimi narazılığımı ifadə edirəm. Mən heç də Əli Kərimlinin mitinqindən narahat deyiləm. Əminəm ki, onun aksiyasına heç kim qoşulmayacaq. Oqtay müəllim, Milli Məclis bu mitinqə icazə verilməsinə görə Bakı meriyasından izahat tələb etməlidir”-deputat deyib.
Q.Həsənquliyev ölkədə sərbəst toplaşmaq azadlığının işləməsinin tərəfdarı olduğunu deyib: “Sadəcə olaraq martın 19-dan sonra aksiyalar keçirilə bilər. Hər gün keçirsinlər. Amma bu qanunla martın 19-dan sonra həyata keçirilməlidir. Çünki namizədlərin lehinə və ya əleyhinə təbliğat kampaniyasının başlama müddəti qanunda nəzərdə tutulub”.
Qüdrət Həsənquliyevin sözlərinə görə, əslində həmin mitinqin kütləviliyinə inanmır. Çünki düşünür ki, xalq hərəkatına və demokratiyaya sarsıdıcı zərbə vurmuş Əli Kərimlinin iki gün bundan qabaq Milli Şura adından etdiyi senzuradan kənar ifadələrdən də istifadə etdiyi müraciətə ciddi yanaşan olmayacaq./virtualaz
Sorğu
Yeni dizaynımız necədir?