Ərəstun Oruclu: “Hakimiyyət böhran vəziyyətindədir, onun zəif yerini tapıb mübarizə aparmaq asandır” Suallara “A13 Hərəkatı”-nın prezidentliyə namizədi qismində irəli sürdüyü Ərəstun Oruclu cavab verib. Əsasən prezident seçkilərini və namizədin seçki taktikasını əhatə edən suallara cavabları təqdim edirik. - Ərəstun bəy, artıq rəsmi şəkildə prezident seçkilərində iştirak edəcəyinizi bəyan etmisiniz və son qərarınızı açıqlamısınız. Əvvəllər yekun qərar vermədiyinizi qeyd edirdini. Namizədliyinizi irəli sürməyə səbəb nə oldu? - Bəli, biz bir xeyi gözlədik, səbrlə baş verənləri müşahidə etdik. Gördük ki, faktiki olaraq hakimiyyətə alternativ olan siyasi düşərgədən səs-soraq çıxmır və prosesdə uzana-uzana gedir. Bizdə düşündük ki, nəhayət qərarımızı verməliyik və sonsuzluğa qədər gözləmək düzgün deyil. Bu istiqamətdə təşkilatımızda bir xeyli müzakirələr getdi. Qənaətimiz belə idi ki, proses uzana bilər. Və ümumiyyətlə 2008-ci il prezident seçkilərində baş verən situasiya yenidən təkirarlana bilər. Ona görə də, sonda qərara gəldik ki, artıq gözləmək üçün heç bir əsas yoxdur. Üstəlik də, biz buna hazır idik. Öncədən belə bir situasiyanın yarana biləcəyini, başqalarının qərarını gözləmədən özümüzün qərarımızı verə biləcəyimiz durumda olacağımızı proqnozlaşdırırdıq. Nəhayətdə qərar vermək üçün kimisə gözləmək üçün xüsusi öhdəliyimiz yox idi. Odur ki, qərarımızı verdik. - Deyirsiniz ki, hakimiyyətə alternativ olan düşərgədən səs-soraq çıxmadığı üçün namizədliyinizi irəli sürmüsünüz. Belə çıxır ki, müxalifət namizədi ortaya çıxmadığı üçün siz ortaya çıxmaq, mövqe qoymaq və dəstək almaq istəmisiniz? - Yox. Zaman baxımından və yekun qərarın verilməsi mənasında ola bilsin ki, sizin dediklərinizdə bir qədər real yanaşma mövcuddur. Şübhəsiz ki, bu məsələyə diqqət ayrıldı, ancaq bu həlledici amil deyildi. Əksinə, bu qərarı vermək məsələsi müzakirə edilərkən müxtəlif amillər əsas götürüldü. Yəni yalnız bu amilə görə namizədliyi irəli sürmək qeyri ciddi olardı. - Sizin namizədi olduğunuz hərəkatın potensialı imkan verirmi ki, 2013-cü il prezident seçkilərində rəqabətli yarış qura biləsiniz? - Potensial məsələsinə bir qədər fərqli baxırıq. Biz hesab edirik ki, bu gün potensial hamıda bərabərdir. - Nə mənada bərabərdir? - O baxımdan ki, Azərbaycanda etirazçı və protest elektoratının xüsusi çəkisi böyükdür. Ancaq bu gün söhbətini etdiyimiz bu protest elektorat demək olar ki, heç kəsin tərəfində deyil. Yəni hər bir siyasi qüvvənin az və ya çox sosial dayağı var, lakin bu həlledici məna daşımır. Fikrimcə, həlledici sosial dayaq bu gün heç kəsdə yoxdur. Şübhəsiz ki, bu halda və şəraitdə aparılan mübarizə, onun metodları, cəmiyyətə verilən mesajlar, ünsiyyət həlledici amilə çevrilir. Bu mənada kimin potensialının az, kimin isə çox olması şərti məsələdir. Çünki biz gördük ki, bir sıra hallarda potensialın yüksək olması iddiası da, son nəticədə heç nəyə təsir etmədi. Deməli burada ən önəmli məsələ cəmiyyətlə ünsiyyətdir. Başqa sözlə, siyasi kommunikasiya vacib şərtdir. Yəni cəmiyyətlə siyasi kommunikasiyanın düzgün qurulması protest elektoratı potensialının mövqeyini dəqiqləşdirəcək. Qalan bütün hallarda potensial və imkanlar məsələsi son dərəcə şərtidir. - Ərəstun bəy, namizəd olaraq qeydiyyata alınmaq üçün azı 30 min imza toplamaq lazım gəlir. Yalnız bunu həyata keçirmək üçün bir xeyli qüvvəni səfərbər etmək lazım gəlir... - Mən sizə bir məqamı xatırladım. 2010-cu il parlament seçkilərində namizədliyimi irəli sürmüşdüm. Mən bir dairə ərazisində siz dediyiniz işi 3 nəfərlə həyata keçirdim. Başqa sözlə, 500 imzanı iki gün ərzində topladım. Bu mənada bu gün üçün bizim potensialımız yetərincədir ki, tələb olunan imzanı toplayaq. Əlbəttə ki, hər şey həmdə hakimiyyət orqanlarının bu prosesə nə dərəcədə mane olmasından da asılı olacaq. Əgər mane olacaqlarsa, təbii ki, çətin olacaq. Yox əgər ciddi şəkildə mane olsalar, demək vəziyyət lap dəhşətli olacaq. Başqa sözlə, hər şey vəziyyətdən asılıdır. Məncə, kiminsə 30-40 min imzanı toplamaq imkanında olduğunu və ya olmadığını iddia etmək mümkündür, lakin bu həlledici amil deyil. Burada həlledici amillər- səmərəlilik, hakimiyyətin özünü necə aparması, imza toplayan insanların özlərinin işgüzarlığıdır. - Siz elə gəlmirmi ki, bu imzanı toplamaq üçün həmdə namizədi müdafiə edən siyasi təşkilatın yerlərdə təşkilatları olmalıdır? - Tamamilə haqlısınız. Bu məsələdə bizdə sizin kimi düşünürük. Onu da qeyd edim ki, hazırda bizim hərəkatın regionlarda yerli təşkilatları yaradılmaqdadır. Biz sadəcə olaraq təşkilatın bu və ya digər bölgələrdə dayaqlarının yaradılmasını texniki iş hesab edirik. Hesab etmirik ki, yaratdığımız rayon şöbələri və ya dayaq dəstələri haqqında cəmiyyətə informasiya vermək lazımdır. Çünki bu formada piar qurmağın təşkilata xeyr deyil, ziyan vurdugunun fərqindəyik. Odur ki, bu məsələlər haqqında danışmağa deyil, iş görməyə üstünlük veririk. - Normal seçki kampaniyası aparmaq üçün yaxşı maliyyə tələb olunur. Bəs siz seçki kampaniyasının lazımi şəkldə aparılması üçün maliyyə əldə edə biləcəksinizmi? - Biz bunun üçün çalışırıq. Onu deyə bilərəm ki, biz maliyyə mənbəsi əldə etmək üçün iş adamları ilə işləyirik. Əlbəttə, bizə təklif verənlər də var və hazırda belə təşəbbüsləri də nəzərdən keçiririk. Eləcədə özümüzün müraciət edə biləcəyimiz və etdiyimiz yerlər var. Maliyyə məsələsi ən həssas məsələdir. Həmdə ona görə həssasdır ki, Azərbaycan reallığında namizədə maliyyə dəstəyi göstərən şəxslər ciddi riskə atılmış olurlar. Digər tərəfdən, biz şəffaflığın tərəfdarıyıq. Çalışırıq ki, bizim nə qədər maliyyəmizin olduğunu göstərək və onun mənbəyinin nədən ibarət olması, necə əldə etdiyimizi açıqlamaq imkanımız olsun. Daha sabah bununla bağlı müxtəlif fikirlər ortaya qoyulmasın. Ancaq problem ondadır ki, bizim kimi namizədlərə maliyyə dəstəyi göstərən şəxslər ciddi riskə atılmış olurlar. Hakimiyyət də belə şeyləri iş adamlların keçmir. Bu mənada çətinliklər gözləniləndir, lakin biz çalışacağıq ki, fəaliyyətimizdə problem yaranmasın. - Sizin prezidentliyə namizəd qismində irəli sürülməyiniz ənənəvi müxalifət tərəfindən mənfi qarşılanmayacaqmı? - Biz belə düşünmürük. Hesab edirik ki, hər şey müxalif düşərgədəki siyasi durumdan asılıdır. Bugün ki, durum çox mürəkkəbir, ortada aydınlıq yoxdur.Bir xeyli suallara aydınlıq gətirilməyib. İndiyə qədər şəxsi təşəbbüslər səviyyəsində və əsasən də sosial şəbəkələrdə piar aparılması halları olub. Biz bunu son zamanlar daha çox müşahidə etmişik. Lakin bunun sistemli xarakter aldığını görməmişik. Ona görə də, mənfi fikir demək istəmirəm. Düşünmürəm ki, kimsə bu cür kampaniya aparmaq istəsin. Çünki bundan xeyr deyil, ziyan əldə ediləcək. Hər halda, belə bir fəaliyyətə cəhd edilsə belə, biz onu ciddi qəbul etməyəcəyik. - Etiraf edirsiniz ki, sizin vaxtı ilə yaxın olduğunuz Müsavat Partiyası tərəfindən sizə qarşı ciddi ittihamlar irəli sürülüb... - Bu fərdi təşəbbüslərlə olub. Əlbəttə sosial şəbəkələrdə yazılan və bizi hədəf alan fikirlərə də müvafiq cavablar verilib. Ona görə də, biz fəaliyyətimizi bu istiqamətdə qurmaq niyyətindən çox uzağıq. Başqalarına da məsləhət görürük ki, belə ucuz fəaliyyətlə məşğul olmasınlar. - Sizə elə gəmirmi ki, ciddi ittihamlarla qarşılaşmalı olacaqsınız. Xüsusilə, ənənəvi müxalifətin ortaya vahid namizəd çıxarmağa son dərəcədə yaxın olduğu məqamda namizədliyinizi irəli sürürsünüz. Bu sizin haqqınızda “Ərəstun Oruclu birliyi pozur, namizədliyini irəli sürdü, bu hakimiyyətin ssenarisidir” kimi fikirlərin səsləndirilməsinə səbəb olmayacaqmı? - Bu bizi narahat etmir. Əgər belə bir söhbətlər olacaqsa, şəxsən bizim üçün çox əhəmiyyətsiz olacaq. Biz belə iddiaları rədd edirik. Ancaq bizə münasibətdə belə fikirlər səsləndirilə bilməz. Ən azı ona görə ki, siz bəhs etdiyiniz birliyə mən dəvət olunmamaışam. - Milli Şurayamı? - Bəli. Məni ora dəvət etməyiblər. Mən dəvət olunmadığım birlik qarşısında siyasi, mənəvi və ya hüquqi öhdəlik daşımıram. Mən belə ittihamlarla qarşılaşa biləcəyimizi ehtimal edirəm, amma buna xüsusi önəm də vermirəm. Azərbaycan kiçik ölkədir və burada hamı bir-birini yaxşı tanıyır. Üstəlik bizim də deməyə sözlərimiz var. Bu mənada çəkinəcəyimiz bir şeylər yoxdur. - Burada həm də mətbuata çıxış məsələsi var. Sizə elə gəlmirmi ki, ənənəvi müxalifət mətbuatı və internet saytları cəmiyyətlə ünsiyyətinizi əngəlləyə, üstəlik sizin hansısa ssenarini həyata keçirməkdə ittiham edə bilər... - Məncə, siz səhv düşünürsünüz. Bu gün mən media ilə yüksək səviyyədə işləyən az sayda şəxslərdən biriyəm. İkincisi də, düşünmürəm ki, müxalifət mətbuatı mənə qarşı kampaniya aparsın. Nəhayətdə zənn etmirəm ki, media ancaq iki müxalifət qəzetindən ibarətdir. Əksinə, media rəngbərəngdir və burada bizim də müəyyən mənada imkanlarımız mövcuddur. Artıq Azərbaycanda hansısa siyasətçinin mediaya çıxışının qarşısını almaq mümkün deyil. - Seçkilərə hansı şüarla gedirsiniz? - Bunu seçki qərargahımız müəyyən edəcək. Bu həftə seçki qərargahımız formalaşacaq və şüarları da qərargah müəyyən edəcək. - Seçki qərargahınızın rəhbəri artıq müəyyən edilibmi? - Xeyr. Bunu İdarə Heyəti müəyyən edəcək. Yəni belə məsələlər kollegial qərarlarla həyata keçiriləcək. - Sizi tanınmış ictimai-siyasi xadimlərdən kimlər müdafiə edəcək? - Məncə, indidən belə suallara cavab vermək səhv olardı. Bunu zaman göstərəcək. Həmdə nəzərə alın ki, bunlar texniki suallardır. Gəlin hadisələri qabaqlamayaq. Seçki qərargahı yarandıqdan sonra bunların hamısı tədricən bilinəcək. - Bəy, hakimiyyəti məğlub etmək nə dərəcədə realdır? - Hər şey situasiyadan asılı olacaq. Situasiyanı da yaratmaq lazımdır. Nəzərə alın ki, situasiya öz-özünə yaranmır. - Bəs hakimiyyətin dayaqları hansı səviyyədədir? - Hesab edirəm ki, hakimiyyət böhran vəziyyətindədir. Həm beynəlxalq, həm də daxili vəziyyət baxımından. Belə hakimiyyətin zəif yerini tapıb onunla mübarizə aparmaq asandır. - Siz artıq zəif tərəflərini bilirsinizmi? - Axtarırıq. - Sizcə, bu seçkilərdə rəqibiniz İlham Əliyev olacaq, yoxsa Mehriban Əliyeva? - Böyük ehtimalla ikinci şəxs. Proseslərə baxanda belə görünür. Amma birinci adını çəkdiyiniz şəxsi də istisna etmək olmaz. HÜSEYN ABBASOĞLU
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?