Sərdar Cəlaloğlu: “Biz bu iqtidara qarşı mübarizə aparanda Cəmil Həsənli bu iqtidarın mandatı ilə parlamentdə oturmuşdu”
“Cəmil Həsənli Azərbaycan müxalifətinin belini sındıran adamlardan biridir”
Milli Şuranın sədri Cəmil Həsənli “Hürriyyət”ə müsahibəsində prezidentliyə namizəd, ADP sədri Sərdar Cəlaloğlu haqqında xoş olmayan fikirlər bildirib. Belə ki, o, 11 aprel prezident seçkilərinin alternativsiz olduğunu və S.Cəlaloğlunun müxalif namizəd olmadığını iddia edib. Odur ki, Cəmil Həsənlinin bu və digər ittihamlarına prezidentliyə namizədin öz mövqeyini öyrənməyə çalışdıq.
“Mən bu seçkilərdə təşkil olunmamış müxalifətin təmsilçisi kimi çıxış edirəm”
Sərdar Cəlaloğlu dedi ki, ümumiyyətlə Cəmil Həsənli müxalifətçiliyin nə olduğundan xəbərsizdir: “Əvvəla, “müxalifət” anlayışının özünü düzgün təyin etmək lazımdır. Müxalifət kimdir? Müxalifət iqtidarda təmsil olunmayan, iqtidarın həyata keçirilməsində məsuliyyəti olmayan, iqtidarın siyasəti ilə barışmayan və bu iqtidarın siyasətinə alternativ siyasət qoyan bir adam, bir qüvvə deməkdir. Azərbaycan Demokrat Partiyası hakimiyyətdə təmsil olunmur, bu hakimiyyətin siyasətini müdafiə etmir. ADP bu hakimiyyətin siyasətinə alternativ qoyan bir qüvvədir.
İkincisi, müxalifətin özünün həddən artıq geniş bir anlayışı var. Biri var təşkil olunmuş müxalifət - siyasi partiyalar, biri də var cəmiyyətdə təşkil olunmamış müxalifət – narazı elektorat. Təşkil olunmuş müxalifətlə təşkil olunmamış müxalifətin arasında çox böyük fərq var. Yəni faktiki olaraq ölkədə əhalinin 2-3 faizi təşkil olunmuş, 90 faizi təşkil olunmamış müxalifətdir. Mən bu seçkilərdə təşkil olunmamış müxalifətin təmsilçisi kimi çıxış edirəm.
Azərbaycan müxalifətini iki qrupa bölmək lazımdır. Birincisi, Əbülfəz Elçibəy iqtidarında olub, sonradan indiki iqtidar tərəfindən devrilərək, zorən müxalifət mövqeyinə keçən qüvvələr. Bura AXCP və Müsavat aiddir. İkincisi, Əbülfəz Elçibəy iqtidarında olmayan, bu iqtidar tərəfindən ələ alınmayan, amma həm Elçibəy, həm də bu iqtidarın siyasətinə alternativ qoyan müxalifət. ADP həm Əbülfəz Elçibəy iqtidarına, həm də Heydər Əliyev və İlham Əliyev hakimiyyətinə müxalifətdə olub. Bu baxımdan, bizim müxalifətçiliyimiz AXCP-Müsavat müxalifətçiliyindən fərqlidir”.
“Mənim məqsədim müxalifət olmaq deyil...”
Prezidentliyə namizəd vurğuladı ki, hakimiyyətdən devrilmiş qüvvələrdə revanşist əhval-ruhiyyə, intiqamçılıq hissinin yüksək olduğu elmi şəkildə sübut edilib: “Onlar heç vaxt barışdırıcı, loyal mövqedə olmur, lazım gələndə konstruktiv mövqe nümayiş etdirə bilmirlər. Ancaq intiqam almaq, itirilmiş hakimiyyətlərini bərpa etmək istəyirlər. Ona görə də həmişə radikal mövqedə olurlar. AXCP və Müsavat da hakimiyyətdən devrildiklərinə görə, reavanşist siyasət aparır. ADP hakimiyyətdə olmayıb, əlindən də hakimiyyət alınmadığına görə, o hisslər bizə yaddır. Ona görə də Cəmil Həsənlinin mənsub olduğu qrupun bizi, bizim də onları anlamağımız mümkün deyil. Yəni nə biz onlar kimi, nə də onlar bizim kimi düşünə bilər. Məsələn, onlar bizim iqtidara yumşaq münasibətimizi və yaxud da iqtidarın hər hansı bir yaxşı hərəkətinə dəstək verməyimizi xəyanət kimi hesab edirlər, biz də onların bu iqtidarın ölkənin xeyrinə atdığı addımlara müxalifətçiliyinə xəyanət kimi baxırıq. Yəni hərənin öz mövqeyi var. Ona görə də mən “kim müxalifətdir” məsələsində rəqabət aparmıram. Kim istəyir, özünü müxalifət hesab etsin, kim istəyir, məni müxalifət hesab etməsin. Mənim məqsədim müxalifət olmaq deyil. Mənim məqsədim dövlətimin, xalqımın xoşbəxtliyinə xidmət etməkdir. Mən bunu müxalifətçi kimi də edə bilərəm, hakimiyyətdə olan qüvvə kimi də. Amma Cəmil Həsənlinin dediyindən belə başa düşmək olur ki, bunlar müxalifət adı uğrunda mübarizə aparırlar. Bu zaman da çox böyük qısqanclıq edirlər ki, bizdən başqa heç kəs müxalifət deyil. Əslində, bunlar müxalifətçi olmasalar da, bu adın uğrunda mübarizə aparırlar ki, başqa heç kəs bu ada iddia etməsin.
Əvvəla, hər bir adam özünün siyasi mövqeyini ifadə etməkdə azaddır. Hər bir adam özü bilər müxalifətdir, ya iqtidardır. Biz bu iqtidara qarşı mübarizə aparanda Cəmil Həsənli bu iqtidarın mandatı ilə parlamentdə oturmuşdu. Biz deyəndə ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyini yanlış bir istiqamətdə aparır, Cəmil Həsənli kitabında Heydər Əliyevi “Azərbaycan dövlətçiliyinin banisi” kimi təbliğ edirdi. Biz İlham Əliyevə qarşı küçə mübarizəsi aparanda Cəmil Həsənli İlham Əliyevin komandasının içindəydi. İndi nə olub ki, alveri yaxşı getməyib, mandat verməyiblər deyə, müxalifət olub?!
Mən ona bir alim kimi hörmət edirəm. Amma belə bir fikir var ki, siyasiləşməmiş ziyalılar siyasətdə təlxək roluna düşür. Cəmil Həsənli də kifayət qədər siyasiləşmiş bir adam deyil, siyasətin nə olduğunu da bilmir. Elə bilir ki, alim kimi danışmaqla, bir az kəskin sözlər deməklə adam müxalifət olur. Ona görə də özünü müxalifət kimi hiss edir. Yadınıza gəlir, 2005-ci ildə biz seçkiyə getmişdik, bizə mandat vermədilər, AXCP-yə mandat verdilər. Bu zaman AXCP rəsmən imtina etdi. Əli Kərimlinin müavini olan Cəmil Həsənli isə AXCP-dən imtina edib, gedib parlamentdə oturdu. Baxın, indi bu adam mənə qarşı ittiham irəli sürür ki, guya mən müxalifət deyiləm. O adam ki, bir mandata görə mənsub olduğu təşkilatdan, ideyasından, yolundan imtina etdi. Və o adam mənim müxalifətçiliyimi şübhə altına alır ki, özü bu iqtidarı müdafiə edən kitablar yazıb, bu iqtidarın təmsilçisi olub, açıq və gizli şəkildə bu iqtidarın yanında olub. O, elə bilir ki, bizim yadımızdan çıxıb. Alimdir deyə çox da əhəmiyyət vermirik...
Ümumiyyətlə, mən alimlərin siyasətə gəlməsinə o qədər də pis baxmıram. Amma siyasətə gəlib, siyasətlə alimliyi qarışdıranda həmişə bu cür yanlış düşüncə formalaşır. Cəmil Həsənlinin siyasətin, müxalifətçiliyin nə olduğundan xəbəri yoxdur. O, elə bilir ki, kiminsə adını çəkmək müxalifətçilik deməkdir. Mən İlham Əliyevin adını çəkmirəmsə, müxalifət deyiləm, adını çəksəm müxalifətəm? Birincisi, Cəmil Həsənliyə kim haqq verib ki, kimin müxalifət, kimin müxalifət olmadığını müəyyən etsin?! Onun özü Yusif Sərrac kimi təsadüfən Milli Şuranın namizədi oldu. Bilirsiniz ki, Rüstəm İbrahimbəyov gələ bilmədi, pis bir vəziyyətə düşdülər, məcbur olub onu gətirdilər. Belə bir atalar sözü var ki, “keçi olmayan yerdə, qoyun da Əbdülkərim ağadır”. Bu prinsiplə dedilər ki, o olmasın, bu olsun və gətirib bunu sədr etdilər. Axı, ora toplaşan insanlar əvvəlcədən onu nə lider, nə prezidentliyə namizəd kimi görmürdülər. Onların hamısını ora yığan qüvvə Rüstəm İbrahimbəyovun üzərində oyun quran qüvvələr idi. O, orda 3-cü, 4-cü dərəcəli epizodda olan bir adam idi. Sadəcə olaraq Rüstəm İbrahimbəyov gəlmədi, onu gətirdilər və bu təsadüfi o, artıq özü üçün zərurətə çevirdi”.
“Cəmil Həsənli bu gün Milli Şuranın rəhbəri yox, Əli Kərimlinin bir vasitəsidir”
ADP sədri hesab edir ki, əslində, bu gün Milli Şuranın rəhbəri Cəmil Həsənli yox, Əli Kərimlidir: “Əli Kərimli çox ağıllı oğlandır. Bilir ki, indiki vaxtda Milli Şuranın sədri aparıcı bir fiqur ola bilməz. Çünki orda bəzi qüvvələr var ki, Əli Kərimlinin şəxsiyyətini qəbul etmir. Ona görə də Cəmil Həsənlini Milli Şuraya sədr gətirməklə, ora toplaşan adamları bəlli bir müddətə qədər bir yerdə saxlamağa cəhd edir. Yəni Cəmil Həsənli bu gün Milli Şuranın rəhbəri yox, Əli Kərimlinin bir vasitəsidir. O, bunu dərk edə bilmir. Elə bilir ki, guya o, siyasət müəyyən edir, siyasətçidir. Halbuki, hamı bilir ki, Milli Şuranın təmsilçisi də, faktiki rəhbəri də Əli Kərimlidir və Cəmil Həsənli sadəcə bir şirma rolu oynayır, lazım gələndə də bir tərəfə atılacaq. Onun orda nə elektoratı, nə də tərəfdarı var. İndi onun çıxıb bizim bu gün böyük fədakarlıqla seçkidə iştirak etməyimizə bu cür münasibət bildirmək haqqı yoxdur. Onun özünün keçdiyi yola baxanda da buna mənəvi haqqı olmayan bir adam təssüratı bağışlayır. Yəni bu adam elə bir yol keçib ki, gərək bu haqda heç ağzını açıb danışmasın”.
“Mən ondan fərqli olaraq, çalıquşu kimi bu koldan o kola tullanan adam deyiləm”
Milli Şura sədrinin “Sərdar Cəlaloğlunun keçmişi çox şərəflidir, amma günü haqda eyni fikirdə deyiləm” açıqlamasına Sərdar bəyin münasibəti kəskin oldu: “Cəmil Həsənlinin nə keçmişi, nə də bu gün şərəfli deyil. Mənim keçmişim də şərəflidir, bu günüm də. Mən ondan fərqli olaraq, çalıquşu kimi bu koldan o kola tullanan adam deyiləm. Mən Azərbaycanda hansı yolu seçmişəm, o yolu da gedirəm. Yazdığım kitablarla... O, Heydər Əliyevi müdafiə edəndə, mən onun əleyhinə kitab yazmışam. Əgər bu seçkidə iştirak etməyim yanlış idisə, Cəmil Həsənli bundan qabaqkı seçkilərdə niyə iştirak edirdi?! Özü də etiraf edir ki, “biz bu seçkidə iştirak etməkdə maraqlıydıq, amma növbədənkənar seçki qərarı verildiyi üçün boykot etdik”. Onlar növbədənkənar seçkiyə hazır deyildi, mən hazır idim, ona görə də seçkidə iştirak etdim. Sən də seçkidə iştirak etməyi düşünürdün, mən də, sonradan sən imtina etdin deyə, indi nəyə görə bizi ittiham edirsən? Mən bunlara təklif etdim ki, gəlin vahid mövqedən çıxış edək, əgər seçkiyə girmək lazım deyilsə, girməyək, əksi lazımdırsa girək. İndi Sərdar Cəlaloğlu seçkidə iştirak edəndən sonra ayıldılar ki, ölkədə tamamilə fərqli situasiya var?! Bunlar elə bilirdi ki, böyük gücdürlər, nə desələr o olacaq, cəmiyyət onların dediklərini edəcək. Mən bu seçkidə iştirak etdim, bunların boykot siyasəti kölgədə qaldı. Cəmiyyətdə bunların boykotuna demək olar ki, maraq yoxdur. Bu, tək mənim özümün nüfuzumu, bunlardan nə qədər güclü olduğumu, apardığım işin də nə qədər effektli olduğunu göstərir. Bunu görürlər deyə, indi başqa bir şey tapa bilmirlər, necə ki, iqtidar nümayəndələri mənə hücum edir, indi başlayıblar bunlar da mənə hücum etməyə. Birincisi, sən müxalifətdəsənsə, sözünü iqtidar haqqında de. Sən niyə gecə-gündüz mənim üstümə düşmüsən?! Mitinqdə yaşına yaraşmayan bir şəkildə deyir ki, ordakı namizədlərin hamısı şərəfsizdir. Mən heç vaxt özümə sığışdırıb Cəmil müəllimə demərəm ki, şərəfsizsən. Amma şərəfi o, müəyyən edir? Başqasını təhqir etmək özünü ucaltmaq yoludur? O alimdir, cəmiyyətə nümunə göstərməlidir. Prezident olmaq xülyası var, tutaq ki, prezident olardı, insanlara belə münasibət bəsləyəcəkdi? O bilir ki, şərəf və ləyaqətin qorunması konstitusion hüquqdur. O, bu hüququ necə poza bilər? Çıxıb 2-3 min nəfərin qarşısında deyir ki, prezidentliyə namizədlərin hamısı şərəfsizdir. Şərəfin nədən əldə olunmasından onun xəbəri var? O, heç bilir ki, şərəf nə deməkdir”?...
“Görürlər ki, prezident seçkilərində alver edə bilmirlər, bazar yoxdur, bura girmirlər...”
Cəmil Həsənlinin boykot qərarının növbəti parlament seçkiləri üçün keçərli olmadığı haqda fikrinə münasibət bildirən S.Cəlaloğlu hesab edir ki, məqsəd alver etməkdir: “Prezident seçkilərində iqtidarla alver etmək imkanı yoxdur. İlham Əliyevə deyə bilməzlər ki, prezident kürsüsünün bir hissəsini mənə ver. Amma parlament seçkiləri fərqlidir. Bilirsiz ki, Cəmil Həsənlinin alver məsələsində böyük təcrübəsi var. O, Əli Kərimli ilə iqtidar arasındakı 3 vasitəçidən biridir. Biri Qüdrət Həsənquliyev olub, Biri Cəmil Həsənli, birinin də adını demirəm. Hər 3 şəxs Əli Kərimli ilə iqtidar arasında vasitəçi olub. O bilir ki, bir vasitəçi kimi parlament seçkilərində nə isə əldə etmək olar. Yəni mandat ala bilər. Görürlər ki, prezident seçkilərində alver edə bilmirlər, bazar yoxdur, bura girmirlər, amma parlament seçkiləri növbədənkənar da olsa, burda alver predmeti var, gedib kiminləsə pıçıldaşıb 2-3 mandat əldə edə bilərlər. Ən azı Cəmilə mandat verə bilərlər deyə, parlament seçkilərinə gedə biləcəklərini bildirir. Əgər onun üçün seçkilərin növbədənkənar keçirilməsinin əhəmiyyəti varsa, necə olur ki, növbədənkənar parlament seçkilərində iştirak edə bilir? Əhəmiyyəti yoxdursa, niyə növbədənkənar prezident seçkilərində iştirak etmədi? Deməli, Cəmil Həsənli ümid edir ki, əvvəlki illərdə olduğu kimi özünə, Əli Kərimlliyə mandat ala bilər.
Cəmil Həsənli elə bilir ki, bunun hansı oyunlar oynadığından, necə “yengəlik” etməyindən xəbərimiz yoxdur. Kiminlə kimin arasında və hansı əlaqələr qurdu, sonra özü necə deputat oldu, bunlardan bizim xəbərimiz var. Belə bir söz var, “kəklik başını soxur qara, elə bilir ki, onu görən yoxdur”. Ola bilər ki, sadə vətəndaşlar onun çıxışından ruhlansın... Amma biz bilirik ki, o kimdir, hansı rolda oynayıb, onu Əli kimin üstünə göndərib, kim onu Əlinin üstünə göndərib, nə aparıb, nə gətirib, bunun hamısını biz bilirik. İndi o alimdir deyə susuruq, bu da havaya girib, elə bilir ki, doğrudan da hamı onu təmiz, pak, ideal bir insan kimi qəbul edir. O hava ilə də oynayır”.
“90-cı illərdə Elçibəyə qarşı da Əli Kərimlini qızışdıran bunlar oldu”
ADP sədrinə görə, Cəmil Həsənli vaxtilə müxalifətin parçalanmasında böyük rol oynayıb: “Cəmil Həsənli Azərbaycan müxalifətinin belini sındıran adamlardan biridir. Əli Kərimlini yoldan çıxaranlardan biri odur. Əli Kərimlini Azərbaycan müxalifətindən ayıran odur. O, indi özünü nə hesab edir? Əgər o, əlaqə yaratmasaydı, Əli Kərimliyə kimdənsə gətirib pul verməsəydi, vasitəçilik etməsəydi, bəlkə də Əli Kərimli düz yolla gedə bilərdi. Amma Əli Kərimlinin özü də mənə dedi ki, Azərbaycanda hamı onu xain kimi tanıyır. Elə Əli Kərimlini bu cür xain mövqeyinə gətirən də onun kimi vasitəçilər oldu. O bilmir ki, özü kimdir? Deyir Azərbaycanda seçkilər saxtalaşdırılıb, ancaq mən deputat seçilmişəm. Adama deyərlər ki, hökumətin sənin seçkilərini saxtalaşdırmağa gücü çatmadı? Onu niyə deputat etdilər? Hansı xidmətlərinə görə? Yazdığı kitab masamızın üstündədir. Kitabı Hafiz Paşayev maliyyələşdirib, birinci 25 səhifəsində də öz ağlına uyğun olaraq sübut edib ki, “Heydər Əliyev Azərbaycanda dövlət yaradıb”. Yaxşı daha nə istəyir? O budur da. Mənim onun kitabında yazdığına yaxın məna verən bir cümləmi, bir sözümü gətirsin, siyasətdən getməsəm nakişiyəm. Amma baxıb görsün, o, nə oyunlardan, nə fırıldaqlardan çıxıb, Azərbaycan müxalifətinə qarşı hansı rolu oynayıb. Apardığı bu oyunlar nəticəsində müxalifət dağılıb, tükənib, indi gəlib Sərdar Cəlaloğlunun müxalifətçiliyinə şübhə ilə yanaşır. Sərdar Cəlaloğlu onunla bir yerdə deyilsə, ona dəxli var, mən seçkiyə gedirəm, ya getmirəm?! Sərdar Cəlaloğlu gəldi dedi ki, gəlin bir yerdə qərar qəbul edək, razı olmadılar. İndi ona nə dəxli var ki, mən hansı addımı atıram?! Məni heç maraqlandırır ki, sən boykot edirsən? Məcbur edir ki, bütün bunları danışaq. Əli Kərimlini xain mövqeyinə, satqınçılığa gətirən bunlar olub da. Bunlar olmasaydı, Əli Kərimli iqtidarla necə təmasa girər və o yanlış yolu gedə bilərdi?!
90-cı illərdə Elçibəyə qarşı da Əli Kərimlini qızışdıran bunlar oldu. İndi bu adam gəlib məni məcbur edir ki, bütün bunları deyək. Bir adamın ki, Azərbaycan müxalifətinin zəiflədilməsində ximdəti olub, bir partiyanı qoparıb aparıb höklumətin yanına, uzun müddət müxalifətin içərisində pozuculuq işi aparıb, indi o, gəlib Sərdar Cəlaloğlu haqqında söz deyir... Mənə xalq qiymət versin. Mən Azərbaycan xalqının qarşısına çıxmışam. Bu xalq məni görür. Fikrim də, ideyam da, davranışım da, hər şey xalqın qabağında açıqdır. Onun pərdə arxasında oynadığı oyunları isə biz bilirik. Barı, danışmasın. Danışıb, məcbur edir ki, onun haqqında bildiklərimi deyəm”.
“...o, təkcə xain deyil, həm də başqa şeydir”
ADP sədri onu da dedi ki, prezidentliyə namizəd Hafiz Hacıyev Milli Şura sədrini təhqir etdiyi üçün onunla aralarında mübahisə yaranıb: “O gün Cəmil Həsənlinin üstündə Hafiz Hacıyevlə üz-üzə gəldik. Dedim ki, niyə televiziyada bu adamı təhqir edirsən? Mənə dedi, sənin xəbərin yoxdur, mitinqdə çıxıb deyib ki, bunlar şərəfsizdir.
Mən ona cavab verə bilmədim. Yaşlı bir alimin çıxıb mitinqdə namizədləri şərəfsiz adlandırması nə dərəcədə əxlaqa uyğundur?! Tutaq ki, mən iqtidar nümayəndəsiyəm, getmişəm seçkiyə, mənə niyə “şərəfsiz” deməlidir? O necə kişidir ki, başqası haqqında ağzına gələni danışır?! Əgər mənim siyasətim yanlışdırsa, desin ki, Sərdar Cəlaloğlunun bu proqramı, bu təklifi, bu ideyası yanlışdır. Mənim nə proqramım, nə çıxışım haqqında bir söz demir, elə deyir ki, Sərdar Cəaloğlu seçkiyə gedibsə, xaindir. On dəfə də o gedib, mandatı o alıb, onda o, təkcə xain deyil, həm də başqa şeydir”.
“Cəmilin, Əli Kərimlinin minnəti olsun ki, mən bu seçkilərdə deyəm ki, bu adamların təmsilçisiyəm”
Sonada ADP sədri onu da vurğuladı ki, müxalifətin vahid namizədi olmaq fikrindən uzaqdır: “Mən Azərbaycan müxalifətinin vahid namizədi deyiləm. O qüvvələrin də vahid namizədi olmağı özümə sığışdırmaram. Bir tək Müsavatdan xahiş etdim ki, mənə dəstək versin, vermədi. Mən heç Əli Kərimliyə müraciət də etməmişəm. Bu gün də onların minnəti olsun ki, Sərdar Cəlaloğlu onların təmsilçisi olsun. Cəmilin, Əli Kərimlinin minnəti olsun ki, mən bu seçkilərdə deyəm ki, bu adamların təmsilçisiyəm. Onların təmsilçiliyi mənə başucalığı gətirməyəcək ki. Mən öz partiyamın təmsilçisiyəm. Mənim kimi düşünən insanların təmsilçisiyəm.
Bu adamın siyasi savadı yoxdur deyə, özünün nadanlığı və cəhalətinə düşüb, o cəhalətdə də baş verən hadisələrə özünə görə qiymət verir. Cəmil Həsənlinin siyasət haqqnda düşüncələri orta məktəb uşağının kosmos haqqında düşüncələri kimi bir şeydir. Yəni o qədər savadsız bir adamdır. Ola bilər ki, öz sahəsində nəyisə araşdırıb, ortalığa qoyub, buna görə də xalq ona minnətdardır. Və mən də ona Azərbaycanın yaxın tarixini araşdıran adamlardan biri kimi minnətdaram. Amma bu adamın siyasi savadı yoxdur, gedib bir kitab oxusun, özün üçün politoloji anlayışlar öyrənsin, siyasi texnologiyalarla tanış olsun, hüç olmasa müxalifət, iqtidar, seçki, legitimlik sözünün mənasını bilsin. Bu savadla gəlib Milli Şuranı təmsil edir.
Mən onun dalınca gələn adamların əvəzinə utanıram. Mən bilirəm ki, orda xeyli savadlı adamlar var. Cəmil Həsənli onları necə təmsil edir ki, siyasətin əlifbasını bilmir?!”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?