Mirmahmud Mirəlioğlu: “Rüstəm müəllim birləşdirici fiqur deyil, sadəcə olaraq əlacsızlıqdan gəlinən ümumi qənaətdir” “Gündəm xəbər”in suallarına KXCP sədri, Milli Şuranın üzvü və prezidentliyə namizədliyini irəli sürəcəyi haqda niyyətini açıqlayan Mirmahmud Mirəlioğlu cavab verib. Müsahibimiz əsasən Mili Şuradan, onun perspektivindən, özünün namizədlik niyyətinin taleyindən, Rusiyanın Azərbaycana münasibətindən danışıb, xüsusi diqqət çəkən fikirlər işlədib. - Siz prezidentliyə namizədliyinizi irəli sürəcəyinizi bəyan etmişdiniz. Hətta bildirmişdiniz ki, KXCP namizədliyinizi irəli sürməsə belə, fərdi şəkildə namizəd olacaqsınız. Ancaq siz Milli Şurada Rüstəm İbrahimbəyovun namizədliyini müdafiə etdiniz. KXCP vahid namizədi dəstəkləməklə yanaşı öz namizədindən imtina edir? - Məsələ ondadır ki, bizim apardığımız mübarizə öz nəticəsini verib. Nəhayət ki, müxalifət bir aradadır, seçkiyə vahid namizədlə getmək haqda qərar verib, Milli Şura formalaşıb və bu məsələlər artıq həll edilib. İki illik keçid dövrü üçün müəyyənləşdirilən vahid namizəd hamımızın qərarıdır. Keçən dövrdə deyilənlər və edilənlər keçən dövrün tələbi idi. Bu gün reallıq budur. Əgər sabah reallıq dəyişəcəksə, ona uyğunda qərarlarımız olacaq. - Müsavat Partiyasıda İbrahimbəyovu müdafiə etdi, amma İsa Qəmbərin də namizədliyindən imtina etmir. KXCP-dəmi vahid namizədi dəstəkləməklə yanaşı sizin namizədliyinidən imtina etmir? - Bu məsələ başqa cürdür. O mənadakı namizədlər proses başlayana, vahid namizədin öhdəlikləri yerinə yetirənə, qeydə alınana qədər öz qərarlarını qüvvədə saxlayıblar. Bu da bir qərardır. Bizim də, buna bənzər qərarımız var. Mən Ali Məclisin qərarını nəzərdə tuturam. Bu qərar yalnız Ali Məclisdə də müzakirə edilə bilər. Müsavat isə bunu fərqli edib, bir qədər ayrı taktika seçib. Bunu da təbii qəbul etmək lazımdır. - KXCP Ali Məclisinin hansı qərarı var və bu qərarı nədən məhz Ali Məclis müzakirə edə bilər? - Bu qərar birinci sualda qoyduğunuz məsələ ilə bağlıdır. Həmin qərarda Ali Məclisin özünün qərarıdır. Bu qərarı Milli Şurada, sizinlə söhbətdə və ya ayrı ünvanda təftiş etmək, dəyişdirmək olmaz. Əlbəttə, Ali Məclisin özü verdiyi qərarına baxacaq və ona uyğunda addımlar atacaq. - Ali Məclis bu qərara nə zaman baxacaq? -Nə zaman lazım bilsə onda. - Yaxın dövr üçün bu məsələnin müzakirəsi planlaşdırılmır? - Yox. Bu növbəti Ali Məclisdə də, sonrada ola bilər. Bu sarıdan problem yoxdur. - Siz özünüz Rüstəm İbrahimbəyovun namizəd olaraq qeydə alınması məsələsinə necə baxırsınız, bu nə dərəcədə realdır? - Azərbaycansayağı qanunlara baxaraq hətta öümüzün namizədliyinin qeydə alınıb-alınmayacağına dair konkret fikir söyləmək sadəlöhvlük olardı. Bu ola da, olmaya da bilər. Mən hesab edirəm ki, biz bunu oldurmağa çalışmalıyıq. -İki il müddətinə keçid məsələsinin qoyulmasını nə dərəcədə ciddi hesab edirsiniz, sabiq səfir Hikmət Hacızadə bunu qeyri ciddi proses adlandırır? - Məncə, çox doğru məsələdir. Bu beynəlxalq praktikada var, Azərbaycanda da mümkündür. Hətta 1992-ci ilin martında Əbülfəz Elçibəyin Ali Sovetdə etdiyi çıxış zamanı Milli Etimad Hökumətinin yaradılmasını təklif etmişdi. Etimad hökumətinin yaradılması, habelə Azərbaycanda qanuni və demokratik islahatların aparılması üçün iki illik müddətin qoyulması ciddi məsələdir. - Niyə hesab edirsiniz ki, vahid namizəd məhz Rüstəm İbrahimbəyov olmalıdır və yalnız o bu kriteriyalara cavav verir, axı vahid namizəd kimi Mehman Əliyevin və Rafiq Əliyevin də adları çəkilirdi... - Mənə elə gəlir ki, bu məsələdə fərdləri qarşılaşdırmaq doğru deyil. Fikrimcə, fərdin özünün də məsələyə yanaşmasını mütləq nəzərə almaq lazımdır. Onu da qeyd edim ki, öhdəliyi götürən, düşünüb seçim edən və bu məsluliyyətin altına girən başqa şəxs olsaydı da, dəstək alacaqdı. Bu sarıdan heç bir problem yoxdur. - Rüstəm İbrahimbəyov hansı kriteriyalara görə, vahid namizəd olamğa layiqdir? - Əslində bu olub bitmiş məsələdir. Yenidən bu məsələyə qayıtmağı mən tərəfdən doğru saymıram. - Burada xüsusi nüans var. 1998-ci ildə Əbülfəz Elçibəyə güzəştə getməyənlər nədən indi başqa bir şəxsin vahid namizədliyində güzəştə getməli oldular? - Həmin siz dediyiniz dövrdən 15 il vaxt keçib. Bu ötən illərin mütləq təsiri oldu. O cümlədən də bu məsələləri qarşılaşdıranda təftişçilik məsələsi meydana çıxacaq. Ona görə də, bu mərhələdə qaldırdığınız məsələnin üzərinə getmək doğru olmayacaq. Hər halda peşmançılıq, duyğusallıq, buraxılan səhvin yenidən təkirarlanmaması məsələsi ola bilər. Amma Azərbaycanda etiraflar yoxdur deyə, bu məsələdən danışmaq hələ tezdir. Kimsə bu məsələdə Azərbaycan naminə istifadə edirsə, yanaşma taktikası ayrıdır. Kimsə bundan şəxsən öz partiyası naminə istifadə edəcəksə, bu artıq istifadə edilən taktikadır. - Əbülfəz Elçibəydən sonra birləşdirici fiqur kimi siyasət meydanına İbrahimbəyovmu çıxıb? - Rüstəm müəllim birləşdirici fiqur deyil. Rüstəm müəllim sadəcə olaraq əlacsızlıqdan bütün tərəflərin gəldiyi ümumi qənaətdir. Burada reallığın olduğunu da ifadə etməliyik. - Rüstəm müəllim heç də tam açıq olmayan siyasi fiqur hesab edilir. Xüsusilə, onun Rusiya ilə münasibətləri, bu ölkəyə bağlılığı, “Milyarderlər İttifaqı”nın üzvü olması və s məsələlər ciddi arqument kimi ortaya qoyulur. Siz Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmısınız, istiqlalçı deputat olmusunuz, müstəqillik məsələsində heç kimə güzəştə getməmisiniz, Rusiyanın Azərbaycana münasibətini bilirsiniz. Bəs bu halda yuxarıda səsləndirilən arqumentləri necə şərh edirsiniz? - Birincisi, bu gün Rüstəm İbrahimbəyovun namizədliyi və ya başqa bir X vahid namizəd olması sosial sifarişdir, xalqın içindən gəlir. O cümlədən də, Rüstəm İbrahimbəyovun adı altında olan məsələlər də sifarişlidir. Bu başqa yerdən və başqa məqsədlər üçün edilən sifarişdir. Dünənə qədər Rüstəm İbrahimbəyovu tərif edənlər, onun sözlərindən mövqe kimi istifadə edənlər bu gün onun əleyhdarlarına çevriliblər. Bu da göstərir ki, ortada sifariş var və bu sifariş hansı dairədən gəlir. Mən özüm şəxsən İbrahimbəyovla bir kəlmə də danışmamışam və görməmişəm. Onu uzaqdan-uzaga görmüşəm və fərdi söhbətimiz olmayıb. Lakin bu gün reallığın diktəsidir ki, vahid namizəd olsun. Əgər biz realist, idealistiksə və bu məsələlərə obyektiv prizmadan yanaşsaq görərik ki, burada İbrahimbəyovun adı keçir. Artıq İbrahimbəyov “Milyarderlər İttifaqı”-ından çıxıb. Onun adının Rusiyada hallandırılması da təbiidir. Çünki artıq müxalifət düşərgəsinin vahid namizədidir. Amma bir şeyi də dəqiq bilin. Rüstəm İbrahimbəyov deyil, kim olursan-olsun! Azərbaycanın istiqlalına, milli dəyərlərimizə, suverenliyə və dövlətçiliyə qarşı istənilən təhdid olacaqsa, həmin insanların qarşısında yenə də biz olacağıq. Ona görə ki, milli dəyərlərimizə sahib durmuşuq və bundan sonrada sahib duracağıq. Belə düşünən adamıar öz qarşılarında bizi görəcəklər. Bu məsələdə nə canımızı verməkdən, nə də qan almaqdan çəkinməyəcəyik. Bu birmənalı belə olacaq. İkincisi, Rüstəm İbrahimbəyovda, başqaları da, artıq o yaşda deyillər ki, özlərini kiminsə istifadəsinə versinlər, kimlərsə onlardan istifadə etsin, Azərbaycan əleyhinə işlərə cəlb edilsin və s. Buna heç kəs razı olmaz. O cümlədən də adına görə qazandığı nüfuz, şöhrəti və hörməti, habelə yaradılan ajotaj imkan verməz ki, belə addımlar atılsın. Əgər bu addım atılacaqsa, Rusiya olsa belə, biz öndə olacağıq. Hər halda biz həyatımızın sonuna qədər haqq yolumuzdan dönməyəcəyik. Bu bizə Rəsulzadə-Elçibəydən qalıb.Bunun adını da 13 il əvvəl biz demişik. Bizim bu ynaşmamıza dodaq büzənlər indi bu yanaşmanı başları üzərində gəzirirlər. Bizdə buna çox sevinirik ki, yolumuz Rəsulzadə-Elçibəy yoludur. Biz bundan daralmırıq və ümid edirik ki, millətimiz və dövlətimiz naminə atdığımız addımlar xeyrli, uğurlu olacaq. - Rusiyanın Azərbaycana qarşı hansı addımları ola bilər, hazırda Kremlin Azərbaycana münasibəti sizcə necədir, nələr gözlənilir? - Hər halda Rusiyanın yaxın zamanlarda öz vəziyyətini müzakirə edərək öz halına qalması gündəmə gələcək. İndiki halda da qonşu olaraq Azərbaycanda baş verənlərə təbii ki, biganə qalmayacaq. Hətta bizim hərbi paradımızda belə Rusiyanın nümayəndələri iştirak edib. Mənim özüm bunu görməmişəm, amma dəqiq mənbədən eşitmişəm ki, Rusiyanın nümayəndələri tribunada əyləşərək prosesi müşahidə ediblər. Amma Rusiyanın Azərbaycana qarşı yönəlik siyasəti təbii ki, Çar və Sovet Rusiyasının siyasətinin davamı olsa da, təkrarı ola bilməz. Bu mümkün olan şeydə deyil. Amma marağı olacaq, Moskvada bir qrup milli azlıqlarla işləyəcək, bir qrup Sadvalı gündəmi gətirə bilər, bəziləri burada yaşayan rusların məsələsini qaldıra bilər və s. Amma Rusiyanın Azərbaycan hakimiyyəti ilə Azərbaycan dövlətçiliyinə münasibəti fərqlidir. Azərbaycan hakimiyyətinin Rusiya ilə münasibətləri o qədər normal deyil və həmdə siz deyən tam qırılmayıb. Bu gün hökumətlə olan münasibətlərin gərginliyi və xoşagəlməz olması bəzilərində təsəvvür yaradır ki, bunu elə Azərbaycan dövlətçiliyinə aid etsinlər. Hökumətə münasibət başqa, dövlətə münasibət isə tam başqa şeydir. Fikrimcə, bunları qarışdırmaq da doğru deyil. İndiki hakimiyyət Azərbaycan dövlətinə, suverenliyinə münasibəti özlərinin şəxsi münasibəti, iqtisadi ilişgiləri, bank əməliyyatlar, ofşor zonalardakı hesabları, qohumluq əlaqələri ilə hesablayır. Bu isə doğru deyil və göstərir ki, dövlətçilik arxa planındadır, bəzi məmurlar dövlətçilik psixologiyasından çox uzaqdır. - Siz Milli Şuranın seçkilərdə perspektivinə nə qədər inanırsınız, hakimiyyətlə mübarizə aparmaq imkanı nə qədərdir? - Əgər Milli Şuranın öz daxilindən sarsıntı olmayacaqsa, Milli Şuranın vahid namizədi ilə kimsənin yarışmaq imkanı mümkün olmayacaq. Bu qüvvələr tam gücü ilə işlədiyi təqdirdə böyük gücdür, potensialdır və Azərbaycanda onun alternativi yoxdur. - 2003-cü ildə “Bizim Azərbaycan” Bloku var idi, KXCP-də bu blokda təmsil olunurdu və İsa Qəmbərin namizədliyi müdafiə edirdi. İsa Qəmbərdə həmin seçkilərdə kifayət qədər səs toplaya bildi. Sizcə, “Bizim Azərbaycan” Bloku güclü idi, yoxsa indiki Milli Şura? - Milli Şura güclüdür. “Bzim Azərbaycan” Blokunda təmsil olunmayanlar belə Milli Şurada təmsil olunurlar. Əgər “Bizim Azərbaycan” Blokunun seçkilərə son günlər qalmış əldə etdiyi nəaliyyətlət bir qədər əvvəl olsaydı başqa bir situasiya yaranardı. Təəssüvlər olsun ki, bütün güclər sonda bir arada oldu. Milli Şurada olan güclər isə başıanğıcdan bir aradadırlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?