Mehman Əliyev: “İntiharları önləmək üçün onu doğuran səbəblər aradan qaldırılmalıdır”
Son vaxtlar mediada yer alan bəzi intihar videoları cəmiyyətdə birmənalı qarşılanmış deyil. Bəzi şəxslər hesab edirlər ki, əslində media bu kimi videolara yer verməklə oxşar situasiyada olan şəxsləri də intihara təhrik edir.
Medianın intihar videoları yayması ilə intiharlar arasında bir əlaqə varmı? Həqiqətənmi mediada intihar videolarının yasaqlanması bu problemin müəyyən qədər önlənməsinə səbəb ola bilər?
Moderator.az-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bu məsələdə medianı ittiham etməyin yanlış olduğunu vurğuladı:
“Mediada intihar videolarının yer alması insanları intihara sövq edən səbəb deyil. Media sadəcə olaraq baş verən hadisə haqqında məlumat verir. Media bu vəziyyəti yaratmır. Hər bir intiharın öz səbəbi olur. Bu səbəblər sosial, şəxsi və s. amillərdən və s. qaynaqlana bilər. Hesab edirəm ki, ölkəmizdə baş verən intiharların kökü daha çox sosial amillərlə bağlıdır.
Əlaqədar qurumlar bu məsələləri araşdırmalı, baş verən intiharların sayı, səbəbləri və s. haqqında cəmiyyətə məlumat verməlidir. İntiharların qarşısını almaq üçün onun səbəbləri müəyyən edilməli, bu səbəblər ortadan qaldırılmalıdır. Yaponiya kimi ölkədə də intiharlar baş verir. Orada intiharların mühüm bir qismi stressdən qaynaqlanır. İnsanlar həddindən artıq çox işləyirlər. Hansı ki, onların bəzisinin əsəbləri, psixologiyası bu ağırlığa davam gətirmir. Bizdə isə hesab edirəm ki, intiharlar daha çox sosial amillərdən – işsizlikdən, dolanışıq çətinliyindən və bu kimi səbəblərdən baş verir. Odur ki, bu səbəblərin ətraflı şəkildə araşdırılması və aradan qaldırılması intiharların önlənməsi baxımından zəruridir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?