Aprelin 2-dən etibarən cəbhə xəttindəki ənənəvi toqquşmaların aktiv hərbi əməliyyatlarla əvəz edilməsi yeni situasiya və vəziyyətin formalaşmasına səbəb olub. Maraqlıdır, yeni formalaşan vəziyyət media qarşısında da yeni vəzifə və tələblər qoyurmu? Moderator.az-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib: “Söhbət medianın fəaliyyətindən gedirsə, media yeni yaranmış şəraitdə də öz fəaliyyətini əvvəlki kimi davam etdirməlidir. Yəni media bir şəraitdə bir cür, başqa şəraitdə başqa cür davranmamalıdır. Amma həssaslıq və informasiya dəqiqliyinin yoxlanılması məsələsində media “dördgöz” olmalıdır. Media nəzərə almalıdır ki, indiki şəraitdə hətta cəbhə xətti üçün də qeyri-tipik bir vəziyyət formalaşıb. Biz cəbhə xəttində vəziyyətin gərgin olmasına nə qədər öyrəşmiş olsaq da, unutmamalıyıq ki, hazırkı situasiya o qədər də tipik situasiya deyil. Bu, bir çox xarici oyunçuların maraq və iştirakı ilə baş verən bir prosesdir. Eyni zamanda böyük itkilərə, ailələr üçün də böyük faciələrə səbəb olan bir situasiyadır”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?