"Anamın ölümü məni sındırmayacaq. Həbsdən çıxdıqdan sonra korrupsiya ilə bağlı araşdırmaları davam etdirəcəm".
Bloger Mehman Hüseynov bu gün anasının dəfn mərasimində deyib. "Əgər həbsdən sağ çıxsam, ikiqat fəal olacağam. Biz öz yolumuzdan dönməyəcəyik",- o bildirib. Blogerin qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) icraçı direktoru, siyasi mühacirətdə olan Emin Hüseynov WhatsApp vasitəsilə dəfn mərasimi iştirakçılarına müraciət edib. "Ana, həyatının son saatlarında yanında olmadığımıza görə məni və qardaşımı bağışla. Vaxt gələcək, biz sənin də dəstəklədiyin azadlıq idealları uğrunda mübarizədə qalib gələcəyik",- E.Hüseynov qeyd edib. Dəfn mərasimində iştirak edən müxalifətçilər M.Hüseynovun ağır xəstə olan anası ilə görüşünə icazə vermədiyinə görə hakimiyyəti pisləyiblər. "Vaxt olacaq, hər kəs öz əməlinə görə cavab verəcək. Siyasi məhbusların ailələrindən intiqam almaq olmaz", - Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib. AXCP lideri Əli Kərimli M.Hüseynovun ölüm ayağında olan anası ilə görüşünə icazə verilməməsini siyasi qisas adlandırıb. "Mehman korrupsioner rejimin cinayətlərini ifşa etdiyinə görə ondan qisas alırlar", - Ə.Kərimli deyib. Hakimiyyətin bu cür hərəkəti nifrət doğurur. "Bu qədər çox sayda adamın burada iştirakı bu nifrətin artdığını göstərir", - Ə.Kərimli vurğulayıb.
Sorğu
Yeni dizaynımız necədir?