Köçəri Nağıbəyli: “Vahid namizəd və namizəd problemi yaxın günlərdə həllini tapacaq” “El” Hərəkatının sədri müavini, Milli Şuranın üzvü Köçəri Nağıbəyli ölkədəki mövcud ictimai-siyasi durum, Eldar Namazovun ABŞ səfəri, Milli Şuradakı vəziyyət, vahid namizədin Brüssel səfəri, Rüstəm İbrahimbəyovun qeydə alınması məsələsi haqqında danışıb. - Eldar Namazov artıq ABŞ-adır. Sizin əlaqəniz varmı və Namazov Vaşinqtonda hansı görüşlər keçirib? - Mən bir saat əvvəl Eldar Namazovla danışmışam. Onda ABŞ-da saat gecə dörd idi. Eldar müəllim dedi ki bir sıra görüşlər nəzərdə tutulur. Mən bildiyim qədər ABŞ Dövlət Departamentində görüşlər planlaşdırılıb. Təhlükəsizlik Şurasında da görüş ola bilər. Bundan əlavə, ABŞ Konqresində də müəyyən görüşlər keçiriləcək. Həmdə Namazov Konqresdə keçiriləcək dinləmələrdə iştirak edəcək. Bir sıra dövlət və qeyri dövlət nümayəndələri ilə də görüş olacaq. Bildiyim qədər səfər proqramı çox sıxdır. Ola bilsin ki, Namazov imkan tapıb eks-spiker Rəsul Quliyevlədə müzakirələr aparsın. Yəni əhatəli görüşlər nəzərdə tutulub və ola bilsin ki, artıq onların bir qismi həyata keçirilib. Onu da qeyd edim ki, artıq Azərbaycanla bağlı dinləmələrin videosu yayılıb və orada da görünür ki, Eldar Namazov Azərbaycan müxalifətini layiqli təmsil edib. - “El” Hərəkatı daxilində siz bu səfər zamanı Namazovun qaldıracağı məsələləri müzakirə etmisinizmi? - Öncə deyim ki, Eldar Namazov ABŞ-a iki qurum tərəfindən dəvət edilib. Bunlardan biri ABŞ Konqresində Azərbaycanla bağlı keçiriləcək dinləmələrlə əlaqəli idi. Namazov bu dinləmələrdə iştiraka dəvət olunub. İkinci dəvət isə ABŞ Dövlət Departamenti tərəfindən edilib. Dövlət Departamentində nəzərdə tutulan görüşlər təcili olduğundan biz “El” Hərəkatında bu məsələləri geniş şəkildə müzakirə edə bilmədik. Təxmini deyə bilərik ki, bütün görüşlərdə Azərbaycanda demokratiyanın vəziyyəti, qarşıdan gələn seçkilər, müxalifətin seçkilərdə iştirakı, seçkilərin azad və ədalətli keçirilməsi məsələləri qaldırılacaq. - Rüstəm İbrahimbəyov Avropada, Eldar Namazov isə ABŞ-dadır. Yaxın günlər ərzində bu iki nəfərin görüşü nəzərdə tutulurmu? - Mən bildiyim qədər belə bir görüş nəzərdə tutulmur. Həmdə Eldar Namazov təcili Bakıya qayıtmalıdır. Çünki Bakıda çoxlu iş var. Eldar müəllim də həm vahid namizədin seçki qərargahının rəhbəridir, həm də Milli Şura sədrinin aparatına rəhbərliyi həyata keçirir. Bundan başqa, Milli Şura sədri Bakıda olmadığı üçün Eldar Namazov həmdə sədrin səlahiyyətlərini icra edir. Ona görə də, ABŞ-da vacib görüşlər nəzərdə tutulmasaydı Eldar Namazov səfərə getməyəcəkdi. Amma çox vacib görüş olduğundan Namazov buradakı işlərin çoxluğuna rəğmən səfərə gedəsi oldu. Hər halda ehtiyac yaransa Eldar müəllimlə Rüstəm İbrahimbəyov əlaqəyə girə bilər. Yəqin ki, onların arasında telefon əlaqələri ola bilər. Amma mən düşünürəm ki, bu gün Eldar Namazov Bakıya dönəcək. Çünki burada görüləsi işlər Eldar Namazovun üzərindədir. Həmdə burada vaxt baxımı məsələsi var. Eldar müəllim səfərinin bir gününü ancaq yollara sərf edəcək. Qalan iki günü isə ancaq görüşlərə və dinləməyə ayıracaq. Dərhal da geriyə qayıdacaq. İndi əsas məsələ buradakı işləri həyata keçirməkdir. - ABŞ-a səfər edən ancaq Eldar Namazovdur, yoxsa başqa şəxslərdə var? - Mən səhv etmirəmsə Konqresdə keçiriləcək dinləmələrə REAL-ın Məclis sədri Erkin Qədirli də dəvətli idi. Mən bu haqda sosial şəbəkələrdə oxumuşam. Həmdə bildiyim qədər Emin Milli də bu müzakirələrə qatılacaq. Ancaq bu dəqiq deyil. Ancaq Eldar Namazov Dövlət Departamentinə və Təhlükəsizlik Şurasına tək dəvət edilib. Yəni ondan başqa ikinci şəxsin dəvət olunduğunu bilmirəm. - Ancaq iddia edilirdi ki, Milli Şuranın bir neçə üzvü ABŞ-a dəvət olunub... - Bəli, belə bir xəbər yayılmışdı. Mən həmin vaxt bəyan etdim ki, belə bir məsələ yoxdur, informasiya dəqiq deyil. Sonradan mənim fikirlərimi Eldar Namazov, Rüstəm İbrahimbəyov və Rəsul Quliyev təsdiqlədi. Nəzərə alın ki, Rüstəm İbrahimbəyov Milli Şuranın sədridir və bir müddət əvvəl ABŞ-da səfərdə olub. Bundan yüksək hansı səfər ola bilərki? İbrahimbəyov ABŞ-dan yenicə qayıdıb. Eldar Namazovun isə ABŞ-da yüksək əlaqələri var, eləcədə beynəlxalq aləmdə tanınan siyasətçidir. Üstəlik müxalifətin bir araya gəlməsində, Milli Şuranın yaradılmasında mühüm rolu olub. - Eldar Namazov Bakıda yoxdur. Bəs Milli Şuranın icra aparatına və “El” Hərəkatına kim rəhbərlik edir? - “El” Hərəkatında hər kəsin öz sahəsi var. Hər kəsdə cavabdeh olduğu sahə ilə məşğuldur. Üstəlik bizim Eldar Namazovla intensiv əlaqələrimiz var. İdarəetmədə heç bir problem yoxdur. Namazovda bu gün Bakıya dönür. - Milli Şuranın fəaliyyəti, durum, görülən işlər sizi qane edirmi? - Bu günə qədər Milli Şurada görülən işlər məni qane edir. Düzdür, müəyyən yubanmalar və gecikmələr var. Eləcədə vaxt məhdudiyyəti və görüləsi işlərin çoxluğu ortadadır. Biz çalışırıq ki, bu məsələlərdə geri qalmayaq. Həmdə bildiyiniz kimi Milli Şuranın qərargahı yoxdur. Başqa sözlə, Milli Şura Azərbaycan rejiminin bu qəddar şərtləri altında fəaliyyət göstərir. Ancaq daha mühüm məsələ odur ki, son 20 ildə ilk dəfə müxalifət bir araya gələrək vahid namizədi ortaya çıxarıb. Bu bütövlükdə çox əhəmiyyətli addımdır. Biz ümid edirik ki, nəticələr yaxşı olacaq. - Milli Şuranın qərargahı varmı? - Milli Şuranın qərargahı yoxdur. Belə təkliflər var ki, Milli Şuranın qərargahı Rüstəm İbrahimbəyovun evində yerləşsin. Hələlik qurumun mətbuat xidməti və bəzi qurumlar orada yerləşdiriləcək. Ancaq nəzərə almaq lazımdır ki, bizim müttəfiq partiyaların qərargahları var və Milli Şurada təmsil olunan İsa Qəmbər və Rəsul Quliyev işin irəli getməsində maraqlıdır və buna görə qərargahlarını verməkdən imtina etmirlər. Eldar Namazov səfərini başa çatdırıb geri dönəndən sonra bir çox məsələlər öz həllini tapacaq. - Sizcə, vahid namizədlə yanaşı ehtiyat namizədə ehtiyac varmı, Müsavat Partiyasının öz namizədindən imtina etməməsini necə qiymətləndirmək olar? - Mən bütün fikirlərə hörmətlə yanaşıram. Hər kəs düşündüyünü deyir və hesab edir ki, bu doğru yoldur. Məncə, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovdur və onu bütün siyasi qüvvələr dəstəkləyib. Ümid edirəm ki, Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi qeydə alınacaq və birləşmiş müxalifət də öz işini uğurla sona çatdıracaq. - İsa Qəmbərin namizədliyi buna problem yaratmayacaqmı? - Mən Müsavat Partiyasının yanaşmasına normal baxıram və bunları bir-birinə qarşı qoymağı da doğru hesab eləmirəm. Həmdə ümid edirəm ki, bu məsələlər yaxın günlərdə öz həllini tapacaq. Başqa sözlə, heç bir problem qalmayacaq. - İndi situasiyada iki namizədin olması Milli Şuranın fəaliyyətinə mənfi təsir göstərmirmi? - Mən hesab edirəm ki, bu məsələlər yaxın 10-15 gün müddətinə öz həllini tapacaq. Əlbəttə, mən bütün fikirlərə hörmətlə yanaşıram. Ancaq dediyim kimi Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovdur. O, yekdilliklə vahid namizəd elan olunub. Hakimiyyətin vahid namizədi qeydə alıb-almadığına gəldikdə bildirim ki, hakimiyyət onu qeydə almasa Milli Şura kütləvi aksiyalara başlamalı, etirazını ifadə etməlidir. Yəni müxalifət özünün vahid namizədini qeydiyyata aldırmalıdır. Əks təqdirdə beynəlxalq aləm Azərbaycan hakimiyyətinin legitimliyinə şübhə ilə yanaşacaq. Çünki son 20 ildə ilk dəfə Azərbaycanda birləşən müxalifətin liderinin qeydə alınmaması iqtidara baş ucalığı gətirməyəcək, onun nüfuzuna ciddi təsir göstərəcək. - Sabiq baş nazir Pənah Hüseyn bildirib ki, Milli Şuranın vahid namizədinin qeydə alınıb-alınmaması Rusiya prezidenti Vladimr Putindən asılıdır... - Mən nə Putindən, nə Obamadan, nə də Buşdan asılı olduğunu düşünmürəm. Hər şey Azərbaycan xalqının özündən asılıdır. Əgər xalq ayaqda olacaqsa, öz liderini qoruyacaqsa, bu zaman azad dünya buna adekvat münasibətini ifadə edəcək. Yox əgər xalq ayaqda olmayacaqsa beynəlxalq aləm buna necə dəstək verə bilər? Beynəlxalq aləm o zaman arxanda olur ki, xalq sənə açıq dəstək verir. Bu zaman vahid namizəd qeydə alınar, xalq hakimiyyətə imkan verməz ki, seçkilər saxtalaşdırılsın. - Prezidentin işlər idarəsinin sabiq müdiri Akif Muradverdiyevin ikinci dəfə həbs edilməsini necə qiymətləndirirsiniz? - Mən Akif Muradverdiyevlə oturub-duran şəxs olmamışam. Onu həyatımda cəmi iki dəfə görmüşəm. Bu da yas mərasimi zamanı olub. Onun nəyə görə həbs edildiyini də bilmirəm. Hər halda qızıl məsələsi də inandırıcı deyil. Muradverdiyev adi insan deyil ki, hava limanından qızıl keçirmək istəsin və s. Bir müddət əvvəl Muradvediyevi həbs etdilər, şərlədilər və 5-6 il həbsxanada saxladılar. İndi onun nəyə görə həbs edildiyindən bixəbərəm. Amma düşünürəm ki, Akim müəllim yaşında olan təcrübəli bir insan belə addım atsın və buna görə də həbs edilsin. Hər halda Muradverdiyevin vəkili Fuad Ağayev onun şərlənərək həbs edildiyini söyləyir və onun fikrində həqiqət var. - Əli İnsanov Milli Şuranı dəstəklədi və onun səhəri günü Muradverdiyev həbs edildi. Bu məsələlər bir-biri ilə nə dərəcədə bağlıdır? - Mən düşünmürəm ki, bağlı olsun. Əksinə, heç bir əlaqə yoxdur. Əli İnsanov Muradverdiyevlə əlaqəsi yoxdur. İnsanov düz 8 ildir ki, həbsxanadadır. Əslində heç bir ölkədə akademiki, ixtiraçı alimi şərləyib həbs etmirlər. Əli İnsanov hər zaman demokratik proseslərin tərəfdarı olub və ilk dəfə deyil ki, demokratik qüvvələri dəstəkləyir. O, hər zaman azad və ədalətli seçkiləri müdafiə edib. Düşünürəm ki, belə bir alimin həbsdə olması hakimiyyətin imicinə ciddi zərbə vurur. Çünki hər kəs bilir ki, bir türk kişisi, dünyada tanınan şöhrətli bir akademik əsassız olaraq həbsxanada yatır. HÜSEYN ABBASOĞLU
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?