Xəbər verdiyimiz kimi, Milli Şuranın İcra Aparatının rəhbəri, “El” hərəkatının sədri Eldar Namazov ötən gün ABŞ-a səfərə gedib Milli Şura üzvü səfər çərçivəsində iyulun 16-da ABŞ Konqresində keçiriləcək dinləmələrdə iştirak edəcək.
Səfərdən öncə E. Namazov mətbuata verdiyi açıqlamasında Konqresdə dinləmələrdə iştirak etdikdən sonra ABŞ-da bir sıra mühüm görüşlər keçirəcəyini bildirib. Milli Şuranın aparat rəhbəri Amerikada kimlərlə görüşəcəyi haqda isə məlumat vermək istəmədiyini deyib.
Milli Şuradan daxil olan məlumata görə, Eldar Namazov ABŞ səfəri çərçivəsində Milli Məclisin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə də görüşəcək.
Görüşdə Milli Şuranın fəaliyyəti və eləcə də son günlər ciddi narazılıqlara səbəb olan alternativ namizəd məsələsinin müzakirə olunacağı bildirilir.
Müxalifət liderlərinin görüşündə Milli Şuranın qarşıda duran planları, vahid namizəd Rüstəm İbrahimbəyovun seçki kampaniyasının təşkili, seçkiqabağı maliyyə məsələlərinin həlli ətrafında fikir mübadiləsinin aparılacağı gözlənilir.
Məlumatı Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev də təsdiqləyib. Politoloq modern.az-a açıqlamasında bildirib ki, bu görüşün olacağı əvvəlcədən bəlli idi.
“Bu tam mümkündür və Eldar bəy belə imkanı əvvəlcədən nəzərdə tuturdu”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?