Bloger 10 günlük cərimə kamerasına (karserə) salınıb
Yeni ittiham irəli sürülmüş bloger Mehman Hüseynov 10 günlük cərimə kamerasına (karserə) salınıb. Mehman Hüseynov etiraz əlaməti olaraq müddətsiz aclıq elan edib.
Mehman vəkilləri ilə görüş tələb edir. Amma onun yanına vəkil buraxılmır. Bu barədə Amerikanın Səsinə Repartyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) icraçı direktoru, Mehman Hüseynovun qardaşı Emin Hüseynov bildirib.
“Bu gün Mehman evə zəng edib və cərimə kamerasına (karserə) salındığını, təzyiqə məruz qaldığını deyib. Söhbət bir dəqiqədən az çəkib. O, Penitensiar Xidmətin onun cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməsi haqqında məlumatının yalan olduğunu deyib. Cinayət işi hələlik fakt üzrə açılıb - Mehmana ittiham irəli sürülməyib. Mehman vəkilləri ilə görüş tələb edir. Amma onun yanına vəkil buraxılmır. Mehman istintaq tədbirlərində iştirakdan və ifadə verməkdən imtina edib. Yeni saxta cinayət işinin qaldırılmasına, ona qarşı təzyiqlərə və yanına vəkil buraxılmamasına etiraz əlaməti olaraq müddtəsiz aclıq aksiyasına başlayıb," Emin Hüseynov bildirib.
Onun sözlərinə görə, vəkil Şəhla Hümbətovanın nə dekabrın 26-da, nə bu gün Mehman Əliyevlə əlaqə saxlamasına və görüşməsinə icazə verməyiblər.
Öz növbəsində vəkil Şəhla Hümbətova bildirib ki, dekabrın 27-də bir neçə saat 14 saylı cəzaçəkmə müəssisəsində gözləyib, amma ona müvəkkili ilə görüş verməyiblər.
“Gah dedilər ki, o, karserə salınıb, gah dedilər “yuxarıdan” xüsusi icazə olmalıdır, gah dedilər ki, müstəntiq gəlməlidir”, Hümbətova bildirib.
Məni Mehman Hüseynovun yanına buraxmadıqları halda, onu telefon danışığı üçün gətiriblər və o evə bildirib ki, vəkillə görüş tələb edir.
O qeyd edib ki, vəkil istənilən halda müvəkkilinə baş çəkmək hüququna malikdir.
“Məni Mehman Hüseynovun yanına buraxmadıqları halda, onu telefon danışığı üçün gətiriblər və o evə bildirib ki, vəkillə görüş tələb edir,” Hümbətova bildirib.
Penitensiar Xidmət hələ bu məlumatlara münasibət bildirməyib. Bununla yanaşı, xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi bir qayda olaraq məhbusların qanunvericiliyə uyğun olaraq daxili intizam qaydaları əsasında saxlanıldığını bildirir. Penitensiar Xidmət məhbuslara qarşı təzyiqlər, işgəncə, qeyri-insani davranışla bağlı tənqidləri qəbul etmir.
Mehman Hüseynov 2017-ci ilin martında həbs olunub və Bakının Nəsimi Rayon Polis İdarəsinin rəisinin qaldırdığı böhtan iddiası əsasında 2 il azadlıqdan məhrum edilib.
Ötən gün ona qarşı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməsi ilə bağlı yeni ittiham irəli sürülüb.
Mehman Hüseynov həbsindən iki ay öncə saxlanılarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.
O, həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.
Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.
Ancaq hakimiyyət rəsmiləri Azərbaycanda jurnalist və blogerlərin peşə fəaliyyəti ilə bağlı həbs edilmədiyini bildirir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?