Siyasi ekspert Amerikanın Səsinə müsahibəsində 2018-ci ilin yekunlarından danışıb
“Sivil Toplum” Platformasının siyasi eksperti Nəsimi Məmmədli Amerikanın Səsinə müsahibəsində 2018-ci ilin siyasi yekunlarından danışıb.
Amerikanın Səsi: 2018-ci ildə Azəbaycanda siyasi mühit necə olub? Radikal yoxsa liberal meyllər artıb? 2018-ci ildə siyasi partiyaların hökumətin siyasətinə təsiri barədə nə deyə bilərsiniz? Ölkədə siyasi partiyalar arasında dialoq mühiti olubmu?
Hakimiyyətin siyasətinə müxalifətin, yaxud da siyasi partiyaların təsir etmək imkanları Azərbaycan cəmiyyəti üçün xarakterik hal deyil Nəsimi Məmmədli: Siyasi partiyaların hakimiyyətin siyasətinə təsir etməsi üçün iki amil son dərəcə önəmlidir. Biri qanunvericilik məsələləridir, digəri ölkədəki ictimai-siyasi münasibətlərlə bağlıdır. Ölkədəki qanunvericilik faktiki olaraq siyasi partiyalara hakimiyyətin siyasətinə təsir etmək imkanı vermir. Çünki istər 2002-ci ildə keçirilən referendumla, istərsə də siyasi partiyalar haqqında qanunvericiliyə edilmiş onlarla dəyişikliklə faktiki olaraq hakimiyyətə gəlmək yolları, hakimiyyətə təsir etmək imkanları rəsmi şəkildə qapadılıb. Digər məsələyə gəldikdə, əgər ölkədə siyasi plüralizmi yoxdursa siyasi partiyaların üstün rolundan danışmağa dəyməz. Siaysi partiyalar və vətəndaş cəmiyyəti hüquqi dövlətin ən ciddi elementlərindən biri sayılır. Siaysi plüralizmi isə bütövlükdə cəmiyyətin içərisindən gələn bir məsələdir. Bu baxımdan hesab edirəm ki, hakimiyyətin siyasətinə müxalifətin, yaxud da siyasi partiyaların təsir etmək imkanları Azərbaycan cəmiyyəti üçün xarakterik hal deyil. Olduqca çətin məsələdir. Bütövlükdə cəmiyyətin özünü analiz etsək, bizim üçün aydın olar ki, bu cəmiyyət bizim dediyimiz standartlara cavab vermir.
Amerikanın Səsi: İqtidar və müxalifətyönümlü siyasi partiyalar arasında əməkdaşlıq və dialoq mühiti necə, olubmu?
Harada seçki yoxdursa, orada iqtidar müxalifətindən yox, rejim müxalifətindən danışmaq lazımdır Nəsimi Məmmədli: Burada da vəziyyət çox mürəkkəbdir. Demokratik olkələrdə iqtidar və müxalifəti əsasən seçici müəyyənləşdirir. Harada seçki yoxdursa, orada iqtidar müxalifətindən yox, daha doğrusu rejim müxalifətindən danışmaq lazımdır. Rejim müxalifəti isə heç bir halda iqtidarla dialoq aparacaq bir durumda olmur. Nə iqtidar bunda maraqlı olur, nə də müxalifətin özü buna meyl edir. Çünki, qeyd etdiyim kimi, o, münasibətlər sistemi nə qanunvericiliyə, nə də ölkədəki münasibətlər sisteminə əsaslanır. Faktiki olaraq, Azərbaycanda normal iqtidar-müxalifət münasibətlərindən danışmaq mümkün deyil. O baxımdan hansısa dialoq mühitindən, hansısa bir uzlaşmadan, müsbət tendensiyadan danışa bilmərik.
Amerikanın Səsi: 2019-cu ildə ölkədə siyasi mühitin necə olacağını proqnozlaşdırırsınız?
Qeyri-azad ölkələrin hamısının sonda aqibəti eyni olsa da oradakı siyasi proseslərin gələcəyi haqqında danışmaq çox çətindir Nəsimi Məmmədli: 2019-cu il ölkəmizdə çox güman ki, gərgin bir il kimi davam edəcək. Amma, bununla yanaşı, istərdim ki, bizi izləyən insanlar bilsinlər ki, qeyri-azad ölkələr üçüm konkret siyasi proseslərin proqnozunu vermək çox çətin məsələdir. Azad və qismən azad ölkələr üçün bu kifayət qədər aydındır. Amma qeyri-azad ölkələrin hamısının sonda aqibəti eyni olsa da oradakı siyasi proseslərin dinamikası haqqında , siyasi proseslərin gələcəyi haqqında danışmaq çox çətindir. Bütün bunlara baxmayaraq, biz, 2019-ci ildə ölkədə bələdiyyə seçkiləri ilə bağlı məsələləri qeyd edə bilərik. Eyni zamanda, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi hər zaman var. Həm seçki qanunvericiliyi, həm 2016-cı ildə konstitusiyaya dəyişikliklə bağlı keçirilən referendum Azərbaycan hakimiyyətinə imkian verir ki, növbədənkənar seçki keçirsin. Eyni zamanda ölkədəki siyasi mühitin özü belə, yeni parlament seçkilərinin keçirilməsini zəruri edir. Bundan başqa siyasi məhbsularla, ifadə, söz-mətbuat azadlığı ilə bağlı vəziyyət dəyişməyəcək. Hökumətin cəmiyyətə basqıları davam edəcək. Azərbaycanın Avropa institutları ilə əməkdaşlıq sahəsində hər hansısa bir müsbət addım atacağını gözləmirəm. Faktiki olaraq 2109-cu il itirilmiş illərdən biri kimi davam edəcək.
Sorğu
Yeni dizaynımız necədir?